Bağışla bizi, Əhməd abi

Bağışla bizi, Əhməd abi
6 sentyabr 2021
# 13:19

Böyük ürəkli müdrik adamın xatirəsinə...

“Sənin türkülərindən məhrum biz nə edəcəyik indi? Sənin bizi qarşıladığında gülümsəmən kimi bir bulaq tapa biləcəyikmi? Sənin qürurundan, sərt sevəcənliyindən məhrum biz indi nə edəcəyik?”
Pablo Neruda bu sözləri Nazim Hikmətə, onun ölümündən sonra yazmışdı.
Əhməd Oğuzun ölümündən sonra mən də eyni şeyi düşündüm...

Görəsən, biz onun olmadığı dünyada indi necə yaşayacağıq? Onun həssaslığının, həsrətinin, zarafatlarının, sevincinin, sevgisinin olmadığı dünyada. İndi anladım ki, dünyamızı rəngli edən insanlarmış - doğma insanlar. Doğma insan - səninlə təkcə qan bağı olan adam deyil, ruh yaxınlığı olan adamdı. Əhməd Oğuz məhz ruh adamıydı. Ona görə heç kimə bənzəmirdi. Sevgisini insanlara, ağrısını öz içinə ötürürdü. Davaları ancaq özüylə idi.

Radioya gələndə 17 yaşım vardı. Əhməd Oğuz otuz yaşlarında, artıq şair kimi tanınan, yaraşıqlı, istedadlı bir adam idi. Ətrafda hamı ona heyran idi. Qadınlar da, kişilər də onu öz çevrəsində görmək istəyirdilər. Əhməd Oğuz haqqında əfsanələr gəzirdi. Populyarlığı, deyəsən, bircə onun özünə əsər etmirdi. Mən onun qədər sevilən və bunun qarşılığında zərrə qədər eqosu olmayan adam görmədim. Bəlkə ona görə də hamı onu özünə dost bilirdi. Çünki dost olmağı bacaran, dost olmaq “sənətini” əxz etmiş bir adam idi.

Bir dəfə onun haqqında “müdrik” sözünü işlətdim. Güldü. Dedi, bu sözü mənim haqqımda bir dəfə də deyiblər. Mən onun sözünə davam edəcəyini gözlədim, amma bizim müdrik dostumuz başqa bir kəlmə demədi bu haqda. Müdrikcəsinə susdu.

İçində böyük dərdlər gəzdirirdi (bəlkə də dərd onu gəzdirirdi), amma bir dəfə də bəlli etməzdi. Bu uzun illər ərzində bircə dəfə də olsun onu öz dərdini danışan, gileylənən görmədim. Bu illər ərzində bir dəfə də olsun “xəstələnmədi”. Nəinki xəstələnmək, heç “burnu da axmadı”. Bir dəfə də olsun “borclanmadı”. “Qayğı çəkmədi”. Ölümcül xəstəliyini 6 il boyunca nəinki uzaqlardan, yaxınlardan belə gizlədi. Sevdiyi üçün sevgilisindən halallıq istəyən şair kimsənin dincliyini, hüzurunu pozmadı. Həmişə alçaqkönüllü, umacaqsız və təmənnasız oldu. Son günlərinə kimi.

Hamıya ancaq zahiri tərəfini göstərən Əhməd Oğuz mənəvi ağrılarını özünə saxlayırdı. Halbuki dərdləri onu şair etmişdi. Ailəsindəki sıxıntılar, atasının evi tərk etməsi, anasının tənhalığı və sonra ölümü onun qəlbində çox ağır iz buraxmışdı.

Karvanım yox, köçəm gedəm,
Aşam üfüqdən o yana.
Bu dünyaya nabələdəm-
Ruhun hardadı, ay ana.

Onun yurd həsrəti ana həsrətini öz bağrında saxlayırdı.

Axşamüstləri
Dağların ardından buludlar qalxar
Buludlar qalxar qərib könlüm toxdağı
Heç kəsin, heç kimin ağlına gəlməz
O qalxan buludlar
Anamın əlindən sıyrılıb çıxar,
Atamın üzündən burulub çıxar.
Heç kimsə bilməz

Axşamüstləri
Bizim ocağın tüstüləri
Uzaq dağlaracan ardınca gələr
Darıxma ana,
Evimizdən tüstü çıxsın,
Ocağımız isti olsun-
Qürbət də çəkilməz dərd deyil.

Şeirlərin birində “unudulası mümkün olmayan şeyləri unutmaq”dan bəhs edirdi. O da beləcə unudulması mümkün olmayan şeyləri “unutmuşdu”, “Əhmədi-biqəm” olmuşdu, şaqraq dost məclislərində aranan, dərdini meyə çevirən bir adam olmuşdu. Könül verdiyi şeiri “unutmuşdu”. Ancaq bu, Əhməd Oğuzun zahiri tərəfiydi.

Uzaq bir kədərnən dolu
Göydə buludlar daşlanır.
Ah, yenə də axşam olur,
Yenə zülmüm başlanır.
Görünmür bir işıq ucu
Qan damır qaranlığıma.
Hələ ölməmişəm, xoca,
Üstümdə Quran oxuma...

Onu mən ancaq genişürəkli, ulu dağlarla müqayisə edərdim. Bəlkə elə ona görə poetikası da dağ havasındaydı.

Gəldiyimiz yollar düşüb
Dağların belindən aşıb,
Yalından, bələnindən aşıb-
Dünyanın dörd yanı suymuş...

...Dağ kəndinin cocuqları
Qurar palçıq “öycükləri”.
Yenə ən çox sevdikləri
Dağların o üzündəymiş...

Vaxtilə aspiranturada təhsil almış Əhməd Oğuzun dissertasiya mövzusu dağ kultu idi. Ancaq özünə son dərəcə biganə olduğundan müdafiəni ləngitdi, ardınca getmədi. Bəlkə də “get- gəl”lərdən usandı. Sonra torpaqların yağmalanması, maddi çətinliklər, mənəvi sıxıntılar... Əhməd Oğuz bu vaxtın adamı deyildi, gərək başqa vaxt, bəlkə də başqa məkanda dünyaya gələrdi. Amma bir məsələ də var ki, bu qəbildən olan insanlar vaxtsız və məkansız olurlar. Nazim Hikmət kimi, Orhan Vəli kimi... Əhməd Oğuzun çox sevdiyi, böyük məhəbbətlə danışdığı, əsl “şair taleyi” yaşayan insanlar kmi...

Folkloru dərindən bilirdi, “Bulaq” verilişi həm də onun usta qələminin məhsuluydu. Verilişlərinin birində azman aşıq Əmrah Gülməmədov haqqında bir kəlməsini heç vaxt unutmaram:
“Qədim abidələrdə belə bir yazı var: “Göydə Günə, yerdə Elə doymadan ayrıldım. Sən bu doyulmazlığın havasısan, Əmrah əmi”.

Barış Mançonu çox sevirdi. “Gülpəmbə” mahnısının vurğunuydu. Artıq ölümsüz türküləri dinləyəndə səni də xatırlayacağıq, Əhməd abi...

Ölümsüz saz havalarının sehrinə dalanda, ulu dağları ananda, ilahi sevgilərdən danışanda, Nazim Hikməti, Orhan Vəlini oxuyanda... sən də anılacaqsan, Əhməd abi.

Bağışla bizi ki, səni vaxtında anlaya bilmədik, daha çox dəyər verə bilmədik, “nabələd dünyada” səni qoruya bilmədik.

Bağışla bizi, Əhməd abi, bağışla bizi, böyük ürəkli müdrik adam...

# 2677 dəfə oxunub

Oxşar xəbərlər

# # #