Avropanın bizə təqdim etdiyi ağ çadra

Avropanın bizə təqdim etdiyi ağ çadra
14 yanvar 2021
# 09:02

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarnı təqdim edir.

Növbəti yazı: Ədalətli, yoxsa güclü dövlət?

Platondan üzübəri tarixi və fəlsəfəni əsir-yesir edən bir sualdır bu.

Gəlin, əvvəlcə bu sualın modern dövrə qədərki cavablarına baxaq.

Dünyaya gəlişini qeyd etdiyimiz Nizami Gəncəvi, ən kamil əsəri olan “İsgəndərnamə”nin ikinci, “İqbalnamə” hissəsini bütünlüklə bu sualın cavabına həsr edib. “İqbalnamə”də Makedoniyalı İsgəndərin utopik şəhərlə qarşılaşması gücün ədalətlə qarşılaşmasıdır. Nizami birinci (“Şərəfnamə”) hissədə İsgəndəri (gücü) mədh etdiyi əsərinin ikinci hissəsində onu ədalətin güdazına verir.

Aristotel insanı “zoon politikon”, yəni “siyasi heyvan” adlandırırdı. Müəllimi Platondan fərqli olaraq Aristotel çinlilər kimi ailəni dövlətin özəyi hesab edirdi və bu özəkdən yaranan dövlətin böyüməsi, yaşaması üçün düzlük, doğruluq, ədalət kimi mənəvi dəyərlərin vacib olduğunu söyləyirdi.

Platon: “Ölkədə biri çıxıb… faydalı və gəlirli şeylərlə ədalətli şeylərin fərqli-fərqli şeylər olduğunu söyləyərsə, ona dərhal ən böyük cəzanı verərdim”, - yazırdı. Platona görə, ədalətdən kənarda fayda və qazanc yoxdur, varsa, deməli, orada günah və cinayət var.

Platonun müəllimi Sokrat da Afinanı güclü edən hər şeyi – ticarət limanlarını, nəhəng tərsanələri, silah sənayesini söyürdü, əsas məsələnin ədalət və düzlük olduğunu iddia edirdi.

Platondan ilhamlanan Fərabi də (IX-X əsrlər) “Əl-Mədinətül Fazıla” (“Fəzilətli Dövlət”) əsərində dövləti “ədalətin qulluqçusu” kimi təsvir edirdi.

Orta əsrlərdə xristian dünyasındakı “Tanrı dövləti” anlayışı Yunanıstandakı “Polis dövləti” deyilən idarəetmə formasının bir az fərqli formasıydı. Hər iki dövlət tipi dini təməli əsas götürürdü.

Roma filosofu Avqustin (V əsr) dövləti tanrının yerdə təmsilçisi hesab edirdi. “Dövlətin gücü ədalətdir” deyirdi.

İtalyan filosofu, teoloq Foma Aqvinski XIII əsrdə hakimiyyətin tanrı tərəfindən təyin olunduğunu söyləyirdi.

Orta əsrlərdə Avropada ədalətə söykənən “tanrı dövlət”in sütunlarının yerdə deyil, göydə olmasının əsas səbəbi latınca yazıb-oxumağı bacaranların hamısının kilsə məktəblərində yetişməsi idi. Hətta, bəzi xristian şahzadələr yazıb-oxumağı bacarmasalar da saraylarında dövlət işlərini yazılı aparmaq üçün kilsə məktəbi görmüş dövlət xadimləri saxlayırdılar. Dövlət kilsənin imkanlarından asılı idi.

Antik Çində də dövlət haqqında bu cür düşünürdülər. Çinlilər ailəni dövlətin özəyi kimi götürürdülər. Bir növ, dövlət məsuliyyətini izah edən “hsiao” anlayışı da ailə üzvlərinin bir-biriləri qarşısında daşıdığı məsuliyyəti ifadə edirdi ki, bu da gücü yox, düzlüyü, ədaləti ön plana daşımaq demək idi. Çində imperatora “Göyün oğlu” deyirdilər, yəni imperatoru tanrı təyin edirdi.

Ədalətə əsaslanan dini dövlət düşüncəsi XV-XVI əsrə möhürünü vuran Makiavelliyə qədər davam etdi. İlk dəfə Makiavelli “siyasətin əxlaqla heç bir bağlılığı yoxdur” deyərək dövləti mənəvi meyarlardan, o cümlədən, ədalət anlayışından uzaqlaşdırdı.

XVI əsrdə fransız filosof Jan Boden Makiavellinin səsinə səs verdi: “Anarxiya ilə üzləşmək istəməyən bir dövlət bütün hakimiyyəti tək bir krala verməyə məcburdur”.

XVII əsrdə Tomas Hobbs “Leviafan” əsəri ilə dövlət idarəetməsində gücü tamamilə ədalətin yerinə keçirdi. Russo kimi gücü liderin yox, xalqın təmsil etməsi fikrini irəli sürənlər də var idi. Amma biz bir azdan görəcəyik ki, almanlar heç də belə düşünmədilər.

Şərqdə daha əvvəl Platon, Fərabi, Nizami kimi “utopik şəhər”, “utopik dövlət” təklifləri olduğu kimi, Orta əsrlərdə Avropada da oxşar təkliflər oldu. Tomas Mor “Utopiya”, Fransis Bekon “Yeni Atlantik” kimi əsərləri ilə hakimiyyət gücünün əvəzinə utopik dövlət modelləri irəli sürdülər. Mor, məsələn, öz təklifinin bədəlini London körpüsündən sallanan kəsilmiş başı ilə ödədi.

Modern dövlət fəlsəfəsi ənənəvi dini dövlət düşüncəsini kökündən dəyişdi; modern dövlət və dövlət başçısı ədaləti yox, gücü təmsil etməliydi. Montesqyö də Makiavellinin, Hobbsun, yəni qılıncın tərəfini tutdu. Dövlət fəlsəfəsinin topunu italiyanlardan və fransızlardan alan alman filosoflar güc anlayışını ilahiləşdirdilər. Nitsşe adil olmağı arzulamağı alçaq ruhun istəyi adlandırdı, Hegel dedi ki, əxlaq praktik olandır, Lotse, Sorel, Şegel ədalət haqqında daha pis şeylər danışdılar. Almanlar gücü bir öydülər, bir öydülər ki, XX əsr bütünlüklə siyasi tarixə Hitler, Mussolini, Stalin, Atatürk, De Qoll kimi gücü təmsil edən liderlərin bioqrafiyası kimi yazıldı.

Dövlət fəlsəfəsində praktik olan mənəvi olanı üstələdi, hətta yox etdi.

Çox keçmədən güc və homofaber fəlsəfəsinin xarabaya çevirdiyi Avropa XX əsrin ortalarından etibarən BMT, Aİ, İMF, İnsan Haqları Məhkəməsi kimi dövlətüstü təşkilatlar yaradaraq, fikirləşdi ki, güc anlayışını fərdin, homofaberin üzərindən götürüb dövlət qurumlarının üzərinə qoymaq lazımdır, yəni güclü olan dövlət başçısı yox, dövlət özü olmalıdır. Yenə ədalət anlayışı getdi fışdırığını çalmağa. Ona görə də bu gün Qərb dövlətlərindən ədalət umanların hamısı siyasi cahillərdir və gec-tez gülməli (əslində, ağlamalı) vəziyyətə düşürlər. Qərbdə insana və onun azadlıqlarına aid nə varsa, hamısı dövləti gücləndirmək üçündür.

Hətta Qarabağda Vətən müharibəsi başlayanda bəzi fransız media mənsubları Fransanı ədalətsiz mövqe tutduğu üçün deyil, öz ədalətsiz mövqeyində gücsüzlük göstərdiyi üçün qınayırdı. Fransa fransız mediası tərəfindən “Yeni Osmanizm”lə təhdid edilirdi.

XXI əsrdə Türkiyə, Rusiya eynən Avropanın XX əsrin əvvəllərində getdiyi yolu seçdi - ədaləti deyil, gücü təmsil edən liderin ətrafında birləşmək! Çünki hər iki ölkədə başa düşdülər ki, neoliberalizm hər yerdə Qərbin ələ keçirmək istədiyi cəmiyyətlərin üzünə taxdığı, əslində, özünün dövlət maskasıdır.

Bu gün biz də eynən Türkiyə, Rusiya kimi haqlı olaraq ədaləti deyil, gücü təmsil edən lider və dövlət modelini seçmişik. Əksini etmək regionun indiki halında fəlakətimiz olardı. Bizim müxalif düşüncə - bilərəkdən düşərgə yazmadım - arxaikdir, folklorikdir. Ədalətli, adil şah arzusundadır. Gücün siyasi önəmindən xəbərsiz təəssüratı yaradır. Hətta öz içində belə gücü təmsil etmək istəyən duyğunu əzir. Lirik-romantik haqq, ədalət səfilidir.

Müxalifliyimizin kütləvi obrazına baxanda aydın olur ki, bu müxalifliyin səbəbi heç də imperializmdən, orientalizmdən arınmış demokratiya istəyi deyil, bizi müxalif edən düşüncə, sadəcə, anadangəlmə güc anlayışına olan nifrətimizdir. Biz lideri və dövləti özümüzdən zəif görmək istəyirik. İstəyirik ki, gücü təmsil edən tərəf biz olaq. Bu istək alt şüurdan ötürülən kortəbii bir instinktdir. Reallıq hissinə, rasional meyarlara söykənmədiyi, imkan-iddia məsələsindən yan keçdiyi üçün kinə çevrilməmək kimi bir şansı yoxdur bu ehtirasın.

Bu kin təkcə siyasi gücə qarşı yönəlsə, burada gözümün içinə qədər yalan danışdığım gendən məlum olar. Azərbaycanda istənilən sahədə güclü olana qarşı kütləvi bir nifrət var!

Bizdə güc anlayışı mədəniləşməyib, siyasiləşməyib, daha doğrusu, uzun illərin müstəmləkə diktəsi bizdə belə bir xof yaradıb ki, güc olan yad olandır, gəlmədir, barbardır. Ardıcıl tarixi məğlubiyyətlərimizin dayəliyində öyrəşmişik ki, biz “hökumətlə hökumətlik edə bilmədiyimiz kimi” dünya ilə münasibətlərdə də zəif tərəfi təmsil etməliyik. Ağlaşma boyumuza biçilib, sanki. Güc dedikdə bizi yeməyə hazır dayanmış bir xortdan gəlir təsəvvürümüzə.

Dünyəvi münasibətlərin də uşağı, qorxağı olmağa meylliyik. Gücün zühuru bizdə köləlik kompleksi yaradır. Gücə qarşı mübarizə bizdə mədəni, siyasi mübarizə deyil, kortəbiidir, irsidir, instinktivdir, hər nədirsə, indiki şəkli ilə xəstəlikdir. Sağlam düşüncənin və rəqabətin məhsulu deyil. Bizi çürüdən şeyin ətrafında daha tez birləşirik.

Vaxtilə bizə bəylərimizi (oxu: milli gücümüzü) söydürürdülər ki, Məhəmmədhəsənin olan-qalan bircə eşşəyini tutub əlindən alıb. Halbuki, Şərqdə Azərbaycan adlı ilk demokratik cümhuriyyəti quranların əksəriyyəti bəy nəslinin nümayəndələri idi. Elə o vaxt da dövləti qorumaq əvəzinə eşşək davası edirdik.

Eduard Səid “Orientalizm” kitabında ingilis orientalist siyasətçi Kromerdən gətirdiyi sitatla bizim də təmsil etdiyimiz şərqlini belə xarakterizə edir: “Sədaqətlə yaltaqlanmağa hazır, intriqa və hiyləgərlikdə usta, heyvanlara qarşı amansız insanlar…”

Kim bu cür tanıdığı və dünyaya tanıtdırdığı insana azadlıq vermək istəyər? Qərbin Şərqə təklif etdiyi azadlıq, sadəcə, ağ çadradır!

P.S. Mövzunun genişliyini anlayıram. Yəqin ki, bir gün bu mövzuya daha əhatəli bir şəkildə qayıdacağıq.

# 4383 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #