Akademiyada Naxçıvan davası

Akademiyada Naxçıvan davası
9 fevral 2021
# 11:36

Kulis.az Xalq yazıçısı Elçinin "Abbas Zamanovun amalı, əməli və əsərləri. Ədəbiyyat və cəsarət tərcümanı" yazısını təqdim edir.

1.

1960-cı ilin mart ayının sonunda yadıma gəlir, Novruzdan sonrakı günlərdən biri idi.

Elmlər Akademiyasının Kommunist (indiki İstiqlal) küçəsindəki binasında Səməd Vurğunun anadan olmasının ildönümü keçirilirdi.

O zaman mən orta məktəbin 10-cu sinfində oxuyurdum və bir gənclik həvəsi, marağı, hətta hərisliyi ilə Bakıdakı ədəbi məclisləri izləyirdim.

Həmin mart günü Səməd Vurğunun o xatirəsi gecəsində mən də Akademiyanın böyük iclas zalında arxa sıralardan birində oturmuşdum.

Rəyasət heyətində yazıçılarla bərabər, vəzifə sahiblərinin də əyləşdiyi xatirə gecəsini akademik Məmməd Arif açdı, sonra məruzə oxundu, əvvəldən hazırlanmış bir neçə çıxış oldu və gecənin sona yetəcəyi ərəfədə Abbas Zamanov parterdən əlini qaldırdı.

Arif müəllim təəccüblə:

- Danışmaq istəyirsən?- soruşdu.

Abbas müəllim ayağa qalxıb:

- Bəli! - dedi və sözün verilməsini gözləmədən qəti addımlarla gedib, səhnəyə qalxdı.

O vaxta qədər mən Abbas Zamanovu çox görmüşdüm və bu alçaq boylu, dolu bədənli, ağır, sanballı kişi səhnəyə qalxıb xitabət kürsüsünün arxasına keçəndə də, mənim heç vəchlə ağlıma gəlməzdi ki, indicə eşidəcəyim çıxış Sovet Azərbaycanının 70 illik tarixində ən cəsarətli çıxışlardan biri olacaq, illər, hətta onilliklər bir-birini əvəz edəcək, o çıxış isə yaddan çıxmayacaq.

“Qardaş olub Hayıstan – Azərbaycan!” kimi süni mahnıların sədaları altındakı yalançı (tarix bunu sübut etdi!) “xalqlar dostluğu” şüarçılığı mühitində Abbas Zamanovun o axşamkı çıxışı sosialist Bakısının XX partiya qurultayından bir neçə il keçdikdən sonra ətalət içində mürgüləyən ictimai həyatında günün günorta çağı çaxan qəfil ildırım kimi bir şey oldu. Sonralar bu da məlum oldu ki, o çıxış Azərbaycanın taleyində də mühüm rol oynayıb.

Abbas müəllim həmin odlu-alovlu çıxışında qədim Azərbaycan diyarı Naxçıvanın başının üstünə qara buludların yığışdığından, erməni millətçilərinin Naxçıvanı Azərbaycandan qoparmaq məqsədilə ciddi fəaliyyətə başlamalarından, Moskvada onların havadarlarının olmasından danışdı və rəyasət heyətində oturub özünü tamam itirmiş (əlbəttə, sabah ondan izahat tələb olunacaqdı!) bir vəzifəlinin (adı yadımdan çıxıb):

- Yoldaş Abbas Zamanov, biz bura Səməd Vurğunun xatirəsinə toplaşmışıq! – sözlərinə Abbas Zamanovun:

- Bəli, yoldaş filankəs, biz bura Səməd Vurğunun xatirəsinə toplaşmışıq və Səməd Vurğun da bu gün sağ olsaydı, bax, bu xitabət kürsüsündən deyərdi: “ - Naxçıvan qədim Azərbaycan torpağıdır! Qara niyyətlərinizdən əl çəkin, daşnaklar! Naxçıvan heç zaman ermənilərin olmayacaq!”

Və Abbas Zamanov xitabət kürsüsündən düşüb, eləcə qəti addımlarla addımlayaraq, parterdə öz yerində oturdu.

Elə bil ki, bütün zal hipnoz olmuşdu.

Və birdən o hipnoz keçdi, alqışın hərarəti bütün zalı, hətta bütün o daş binanı titrətdi.

İndi gözəl bir nostalji hissi ilə xatırlayıram ki, mən də çoxları kimi ayağa qalxıb, aşıb-daşan bir ehtirasla əl çalırdım.

Mülayim bir adam olan və başı daşdan-daşa dəymiş (vaxtı ilə Mir Cəfər Bağırov onu «türk şipyonu» adlandırmışdı) rəhmətlik Arif müəllim rəyasət heyətində ayaq üstə dayanıb, zalın sakitləşməyini gözləyirdi, zal isə sakitləşmək bilmirdi və nəhayət, Arif müəllimin səsi eşidildi:

- Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşman olacaq.

Bu zaman Abbas müəllim yerindən qışqırdı:

- Çətin!

Və bu bir kəlmə sözə görə yenidən qopan alqış yenə aləmi lərzəyə saldı.

O gecə həmin 10-cu sinif şagirdinin də ürəyini səbəbini hələ dəqiq izah edə bilmədiyi bir qürur, fəxarət, məğrurluq hissiyyatı bürümüşdü.

Və əlbəttə, o zaman mənim ağlıma gəlməzdi ki, illər keçəcək və aramızdakı otuz ildən artıq bir yaş fərqinə baxmayaraq, Abbas müəllimlə dost olacağıq.

2.

Bütün Azərbaycan o çıxışdan danışırdı.

Mənim yaxşı yadımdadır, həmin günlərdə bir axşam Mehdi Hüseyn bizə gəlmişdi, atamın otağında oturub həmişəki kimi söhbət edirdilər və ədəbiyyat söhbətlərinə çox maraqlı olduğum üçün (artıq hekayələrim mətbuatda çap olunurdu), mən də fürsət düşən kimi onların yanında oturub o söhbətlərə qulaq asırdım.

Mehdi Hüseyn dedi:

- Vəli deyir ki, Abbasın çıxışı gedib Xruşşova çatıb. Deyir Mikoyan başda olmaqla, Moskvada doğurdan da, Naxçıvan məsələsini qaldırıblarmış. Təklifləri hələ xeyli qabaqlar Tevosyan hazırlayıbmış. Abbasın çıxışından sonra, bu məsələni gündəlikdən çıxarıblar.

Mehdi Hüseyn, o zaman Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyən Vəli Axundovla dost idi və bu gizli söhbəti də Mehdi Hüseynə o danışmışdı.

Əslən şuşalı olan İvan Fyodoroviç Tevosyan isə Orcenikidzenin dostu, Stalinin silahdaşlarından biri idi, uzun müddət böyük vəzifələrdə, o cümlədən SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləmişdi və o zaman, səhv etmirəmsə, artıq vəfat etmişdi. Mən onun Bakıda yaşayan bacısını tanıyırdım – bizim tanınmış sənətçilərimizdən birinin qaynanası idi.

İlyas Əfəndiyev Abbas Zamanovun xətrini çox istəyirdi və çox da həyəcanla, daxili bir ağrı-acı ilə o çıxışdan sonra Abbas müəllimin aqibəti ilə maraqlanırdı və tez-tez telefonla ona zəng edib hal-əhval tuturdu.

Xeyli sonralar, 60-cı illərin axırlarında mən aspirant olduğum zamanlar Abbas müəllimlə aramızda səmimi bir münasibət yarananda, deyirdi:

- O vaxt yaxın dostlarımın, tanışlarımın çoxu küçədə məni görəndə qaçıb gizlənirdi. Ancaq İlyas tez-tez zəng eləyib kefimi soruşurdu. Rastlaşanda da mənimlə “demonstrativ” görüşürdü.

Bu “demonstrativ” sözünü Abbas müəllim necə demişdisə, elə də yazıram.

Düzdür, o çıxışdan sonra Abbas müəllim o zaman Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləyən Şıxəli Qurbanovun adına yazdığı «İzahat»da səhv etdiyini, «dəxli olmayan bir yığıncaqda» bu cür çıxışın yeri olmadığını deməyə məcbur olmuşdu, daha yuxarı instasiyalara müraciət etmişdi, ancaq bunlara, o cümlədən də Vəli Axundovun məsələni yumşaltmaq istəyinə baxmayaraq, «burjua millətçisi» damğası ilə onun başı çox bəlalar çəkdi, onu partiyadan da, işdən də çıxartdılar, Nizami ad. Ədəbiyyat İnstitutunda 83 manat maaşlı işə göndərdilər, kitablarının, məqalələrini çapı yasaq olundu, bir sözlə, Sistemin güclü təqib mexanizmi işə düşdü, Abbas müəllim üçün böyük maddi çətinliklər dövrü başladı, amma mənən ona heç cürə təsir edə bilmədilər.

Abbas müəllim özü mərd və dostluqda möhkəm adam idi. Bir faktı deyim: 1953-cü ildə işdən götürülmüş Mir Cəfər Bağırova hücum kompaniyası zamanı Cəfər Cəfərov da “kosmopolit” kimi «ifşa» edilib, təqibə məruz qalanda, o cümlədən Yazıçılar İttifaqından çıxarılanda, onun ən çox qayğısına qalan adam Abbas Zamanov olub və bunu mən bizim evdə İlyas Əfəndiyevlə söhbətləri zamanı Cəfər müəllimin özündən eşitmişəm.

Abbas müəllim də təqibə məruz qalanda, bir sıra dostları ona qahmar çıxmışdı, amma burası da var ki, əksəriyyət ondan gen gəzirdi...

Təxminən yeddi il beləcə davam etdi və Abbas müəllim bu yeddi il boyunca öz hüquqlarının bərpası uğrunda mübarizə aparmasaydı Abbas Zamanov olmazdı. O, Siyasi Büronun üzvü, SSRİ Partiya Nəzarəti Komitəsinin sədri Nikolay Şvernikin qəbulunacan gedib çıxdı və nəhayət Abbas müəllimin əzmi, iradəsi, zəhməti onu elə həmin sovet cəmiyyətində öz layiqli yerinə qaytardı.

3.

Mən hələ 1985-ci ildə Abbas müəllimin 75 illiyi münasibətilə bir esse yazmışdım (Həyat eşqi, «Bakı» qəzeti, 20 iyul 1985) və o yazını başlarkən istər-istəməz Türkiyəyə ilk səfərimi xatırlamışdım, həmin esseni elə o səfərin təəssüratı ilə başlamışdım.

1979-cu ilin yazında mən Əziz Nesinin dəvətilə ilk dəfə İstanbula getdim (Əziz bəy o zaman İstanbul Yazarlar Sentikatının başqanı idi) və o səfər zamanı ədəbi məclislərdə, görüşlərdə, yığıncaqlarda türk yazıçıları, alimləri, sənət adamları məndən, əsasən iki nəfəri xəbər alırdı və o iki nəfərə də salam göndərirdi: unudulmaz maestro Niyaziyə və professor Abbas Zamanova.

Maestro Niyazi neçə dəfə Türkiyəyə getmişdi, orada konsertlər vermişdi, opera quruluşlarına rəhbərlik etmişdi və nəinki o zaman, bu günün özündə də türk musiqi xadimləri türk simfonik musiqi ifaçılığının inkişafında Niyazinin xidmətlərindən ağızdolusu danışırlar.

Abbas Zamanov isə o vaxtacan Türkiyədə olmamışdı, amma onun sovet zamanı Azərbaycan ədəbiyyatının, mədəniyyətinin Türkiyədəki təbliği sahəsində göstərdiyi fəaliyyət böyük və çox səmərəli rol oynamışdı və bu barədə söz düşəndə biz həmişə sidq-ürəkdən etiraf edirdik: Abbas müəllim o işi görür, o zəhməti çəkir, o əzab-əziyyətə qatlaşır ki, onu bizim heç birimiz etmirik – Türkiyədəki elmi müəssisələrin, alimlərin ünvanını tapır, onlarla əlaqə yaradır, heç kimin köməyi olmadan o ünvanlara cild-cild kitablar, jurnallar göndərir, qorxunc və beton sərhədlərin üzərindən türk professorunu, türk tələbəsini və oxucusunu Azərbaycanın ədəbi, mədəni və elmi həyatına cəlb edə bilir.

Abbas Zamanov “Sabir və müasirləri” monoqrafiyasında böyük şairimizin “öz dövründə təqib və təhqirlərə məruz qalmasından” bəhs edərək yazırdı: “Lakin çox zaman bu məsələni yanlış izah edirlər: guya xalq Sabiri başa düşməmiş, millət Sabiri vərəmlədib öldürmüşdür. Əlbəttə, belə fikirdə olanlar kobud səhv edirlər. Onlar xalq ilə xalqın içərisində olan və azlığı təşkil edən mürtəce, istismarçı, tüfeyli təbəqələri ayırd edə bilmirlər”.

Olsun ki, bu deyilənlər məlum həqiqətdir, amma indiki halda mənim üçün ona görə əlamətdardır ki, Abbas müəllimin xislətindəki ədəbiyyat, sənət təəssübkeşliyinin əsasında da həmin xalq təəssübkeşliyi dayanırdı: kiçik detaldır, amma Abbas müəllimin xisləti barədə, onun cəsarəti, ötkəmliyi, məğrurluğu, eyni zamanda, xeyirxahlığı, həssaslığı barədə, elə bilirəm ki, az şey demir.

Ədəbiyyatı tədqiq edən hər bir qələm sahibi, aydın məsələdir ki, ədəbiyyatın təəssübkeşidir (hər halda, belə olmalıdır!), ədəbiyyatın təəssübü isə xalq təəssübünün fövqündə deyil, çünki həmin ədəbiyyat mücərrəd bir varlığın yox, xalqın özünüifadəsi, xalqın mənəvi sərvətidir.

Belə olmalıdır, ancaq burasını da yaxşı bilirik ki, həmişə belə olmur və buna görə də Abbas Zamanov kimi ədiblərimizin sovet ideologiyasının heç vəchlə bəyənmədiyi və təqdir etmədiyi, millətçilik ilə qarışıq saldığı, bir sıra hallarda isə cəzalandırdığı xalq təəssübkeşliyi, xalqın milli-mənəvi sərvətinin təbliği naminə gənclik ehtirası ilə fəaliyyət göstərməsi, elə bilirəm ki, bu gün də gənclərimiz üçün bir örnəkdir.

4.

1980-ci illərin ortaları idi, ədəbiyyatşünaslar, tənqidçilər seçilmiş məqalələrini toplayıb nəşr etdirirdi və bir gün Abbas müəllimdən soruşdum ki, niyə məqalələrini kitab kimi nəşr etdirmir?

Abbas müəllim həmişəki kimi, iti nəzərlərlə və diqqətlə mənə baxıb:

- Yaxşı – dedi - Məqalələri toplayaram, ancaq bir şərtlə ki, kitabın redaktoru sən olacaqsan.

Abbas müəllim məqalələrini seçib topladı və redaktor kimi birlikdə nəşrə hazırladıq kitabın da adı «Seçilmiş məqalələr» idi, ancaq bir gecə Abbas müəllim mənə zəng elədi və:

- Bilirsən, - dedi - İstəyirəm o kitabın üstündə Sabirin adı olsun.

Beləliklə, «Sabir bu gün» kitabı mənim ön sözümlə nəşr olundu (Bakı, Gənclik, 1985) və o nəşr prosesində belə bir hadisə də oldu: xəbər gəldi ki, Qlavlitin (bədnam sovet senzurasının) iki ciddi etirazlı var.

Birinci etiraz o idi ki, Abbas müəllim Cəfər Cabbarlının «1905-ci ildə» pyesindən bəhs edərək, yazır ki, «erməni qızı Sona və azərbaycanlı Baxşı, azərbaycanlı İmamverdi və erməni Allahverdi səhnənin xitabət kürsüsündən tamaşaçıları inandırırlar ki», xalqlar arasında ədavət salan «fitneyi-iblisi-məlundur». Yəqin ki, Cabbarlının pyesindəki məşhur «atan kazaklardır» atmacasına görə (Rusiyanın azərbaycanlı-erməni münasibətlərini daha da kəskinləşdirməsinə işarə vurulduğu üçün) Qlavlit belə hesab edirdi (əslində də doğru fikirləşirdi!) ki, həmin «iblisi-məlun» deyəndə müəllif Rusiyanı nəzərdə tutur.

İkinci etiraz da o idi ki, Abbas müəllim İlyas Əfəndiyevin «Xurşud Banu Natəvan» pyesinin tamaşasından bəhs edən məqaləsini Natəvanın səhnə önünə gəlib, söylədiyi bu sözlərlə başlayır: «Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram! İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır!»

Qlavlit belə hesab edirdi ki (əslində, bunu da doğru fikirləşirdi!), bu sözlər açıq-aşkar «qızım, sənə deyirəm, gəlinim, sən eşit» məsələsidir.

İlyas Əfəndiyev bu pyesi 1980-ci ildə yazmışdı və bu, o dövr idi ki, Sovet İttifaqında güclü dissident hərəkatı, vicdan azadlığı uğrunda mübarizə başlamışdı və İlyas Əfəndiyevin nüfuzu sayəsində «Natəvan» Akademik Dram Teatrında tamaşaya qoyuldu, 1981-ci il sentyabrın 11-də premyerası böyük uğurla baş tutdu. Bir müddətdən sonra o zaman Respublikaya rəhbərlik edən unudulmaz Heydər Əliyev gəlib əsərə baxdı və həmişəki kimi yaradıcı kollektivlə görüşüb, tamaşanı çox yüksək qiymətləndirdi.

Qlavlitdə İdris adlı (hayıf ki, famili yadımda deyil) mərifətli və xeyirxah bir nəfər işləyirdi, onunla görüşdüm, bütün bunları ona danışdım, uzun sözün qısası, xeyli «çək-çevir»dən sonra o:

- Heç olmasa, «həqiqi» sözünü ordan çıxardaq - dedi və axırda - Nə deyiləcək, mənə deyiləcək, bəlkə ondan artığı da olacaq. Olsun! - dedi və kitabı çap üçün imzaladı.

Orasını da deyim ki, «Xurşid Banu Natəvan» pyesi yazıldığı vaxtdan beş il sonra, elə həmin 85-ci ildə ilk dəfə çap olundu («Azərbaycan» jurnalı, 1985, №11).

«Sabir bu gün» kitabında Füzulidən tutmuş Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Hadiyə, Ömər Faiqə, Səhhətə, Firidun bəy Köçərliyə, Rəşid bəy Əfəndiyevə, Eynəli bəy Sultanova, Qurbanəli Şərifzadəyə qədər klassik ədəbiyyatımıza bəslənilən aşkar bir ehtiram və qayğı, əslində Abbas müəllimin öz xalqına bəslədiyi ehtiram və qayğının ifadəsi idi.

Abbas müəllim bir tədqiqatçı alim kimi klassik Azərbaycan ədəbiyyatını, xüsusən Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin adı ilə bağlı olan “Molla Nəsrəddin” və mollanəsrəddinçilər dövrünü araşdırırdı, öyrənir və öyrədirdi, mətnşünas bir alim kimi xalqın mənəvi sərvətini yenidən xalqın özünə təqdim edirdi, Cəlil Məmmədquluzadə ilə Sabirdən başqa M.P. Vaqifin, N.Nərimanovun, S.S.Axundovun, Ə.Haqverdiyevin, S.M.Qənizadənin, Hambalın, S.Hüseynin də, başqalarının da əsərlərinin nəşrində yaxından iştirak edir, böyük Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın çox qiymətli xatirələrini, müasirlərinin Sabir haqqındakı xatirə və məqalələrini nəşrə hazırlayır, tənqidçi və teatrşünas kimi müasir ədəbiyyatımızın və teatr sənətimizin problemlərindən, yaradıcılıq nailiyyətlərindən, çatışmazlıqlarından yazır, eyni zamanda həmin gənclik ehtirası ilə ədəbiyyatımızı, sənətimizi təbliğ edir, Q.Zakirin, S.Ə.Şirvaninin, Cəlil Məmmədquluzadənin kitablarını rusdilli oxuculara təqdim edir, klassik ədəbiyyatımızın nümunələrini ərəb əlifbası ilə nəşr etdirir (Abbas müəllim deyirdi: “ – Cənubda da oxuya bilsinlər!”), yalnız Türkiyədə yox, Yaxın Şərq ölkələrindən tutmuş İspaniya, o zamankı AFR, Fransa, İngiltərə də daxil olmaqla ABŞ-adək dünyanın bir çox ölkələrində yaşayan şərqşünas (konkret olaraq, türkşünas, daha konkret isə azərbaycanşünas) alimlərlə, nüfuzlu qələm sahiblərilə yaradıcılıq əlaqəsi saxlayır, yuxarıda yazdığım kimi, Azərbaycanla bağlı hər hansı məlumatı əldə etmək üçün müxtəlif ünvanlara məktub yazmaqdan, rabitə şöbəsinə gedib-gəlməkdən yorulmur, yeni çıxan bədii kitablarımızdan, eləcə də tariximizlə, dilimizlə bağlı nəşr olunan kitablardan ibarət bağlamaları xarici ölkələrə göndərirdi...

Unudulmaz akademik Həmid Araslı Abbas müəllimin “Sabir gülür” kitabının redaktoru idi və həmin kitabın kiçik müqəddiməsində yazırdı ki, “Abbas Zamanovun elmi maraq dairəsi son dərəcə genişdir”.

Abbas müəllim vətəndaşlığının da, Həmid müəllimin sözləri ilə desəm, maraq dairəsi son dərəcə geniş idi və bu maraq çox effektli bəhrəsini verirdi, bunun da əsasında onun az qala cismani surətdə daima hiss olunan vətəndaşlıq borcu dayanırdı. Məhz belə bir Abbas Zamanov vətəndaşlığı sayəsində hələ sovet dövründə (!) qarşısında “Abbas Zamanov bağış kitablığı” yazılmış kitabxana Ərzurum universitetində fəaliyyətə başlamışdı və aradan əlli ildən artıq bır vaxt keçib, Sovet İttifaqı dağılıb, o kitabxana isə bu gün də fəaliyyət göstərir. Üç otaqlı o kitabxanadakı bütün kitabları Abbas Zamanov öz şəxsi hesabına alıb, şəxsi hesabına da Türkiyəyə göndərmişdi.

Bunu da deyim ki, Təbrizdəki «Tərbiyə kitabxanası»nda Abbas müəllimin göndərdiyi mindən artıq kitab saxlanılır və istifadə olunur.

Və bütün bu işlərin hamısını Abbas müəllim, təkrar edirəm, Sovet İttifaqında, hakim ideologiyanın milli təəssübkeşliyi millətçilik hesab etdiyi bir mühitdə görmüşdü.

Eyni zamanda, Abbas müəllim Azərbaycanla bağlı bir çox kitabları, mətbu materialları, sənədləri xarici ölkələrdən Azərbaycana gətirə və gətirdə bilmişdi. “Əli və Nino” romanını mən ilk dəfə Abbas müəllimdən hələ 80-cı illərin əvvəllərində alıb oxumuşdum, sonralar da, əgər səhv etmirəmsə, ilk dəfəydi ki, bu roman və onun müəllifi barələ yazmışdım («Ədəbi proses: Olum, ya ölüm?», «Ədəbiyyat qəzeti», 4, 11, 18 oktyabr 1991), yaxud da indiyəcən kitabxanamda duran A.Vahap Yurtseverin 1952-ci ildə Ankarada nəşr olunmuş «Azerbaycan Edebiyyatında Vedadi ve Vakıfın yaradıcılığı», Mirza Bala Mehmetzadenin 1991-ci ildə Ankarada nəşr olunmuş «Milli Azerbaycan herekatı» kitablarını, Abay Dağlının 1968-ci ildə İstanbulda nəşr olunmuş “Füzuli” pyesini də mənə Abbas müəllim bağışlamışdı.

70-ci illərdə, Kommunist partiyasının və KQB-nin qılıncının dalı da, qabağı da kəsdiyi bir vaxtda, Abbas müəllim turist kimi Parisə gedəndə, orada yaşayan böyük bir azərbaycanlı rəssamı tapmışdı, onunla əlaqə yaratmışdı, onun bir neçə əsərinin orijinalını Fransadan Azərbaycana gətirmiş və Nizami adına Ədəbiyyat muzeyinə hədiyyə etmişdi.

Bu fakt, bəlkə, bir o qədər də heyrətamiz olmazdı, əgər həmin rəssam hakim sovet ideologiyasının «burjua ideoloqu» kimi düşmən elan etdiyi Əli bəy Hüseynzadənin doğmaca oğlu Səlim Turan olmasaydı!

1988-ci ilin bir payız gecəsi mən də Parisdə Səlim Turanın kiçik emalatxanasında oturub az qala səhərə kimi söhbətləşərkən, bu istedadlı rəssamın və yüksək mədəniyyətli bir insanın Abbas müəllimə necə hörmət və məhəbbət bəslədiyini onun öz dilindən eşitdim.

“ – Abbas bəyin sayəsində Azərbaycanı yenidən tanıdım.” Bu – rəhmətlik Səlim Turanın o zaman mənə dediyi sözlər idi.

Bu cümlələri yazıram və 70-80-ci illərdə Abbas müəllimgilin mənzilində - o zamankı Cənubi Sovet meydanı, 5 nömrəli binada – Abbas müəllimin qayğıkeş və mehriban xanımı Asya xalanın çayını içə-içə Abbas müəllimin Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyov, Nəsib bəy Yusifbəyov kimi milli siyasi xadimlərimiz haqqındakı söhbətləri yadıma düşür. Abbas müəllim bu adamlar haqqında elə təfərrüatla və elə bir səmimiyyət və həvəslə danışırdı ki, elə bil, onları görmüşdü, nəinki görmüşdü, hətta elə bil, onlarla uzun illərin dostu olmuşdu.

Və Abbas müəllim həqiqətən onlarla dost idi - əqidə, məslək, əməl dostu. Burasını da xüsusi qeyd etmək istəyirəm ki, Həsən bəy Zərdabinin itib-batmış məzarının tapılıb, 1-ci Fəxri Xiyabanda yenidən dəfn olunmasında Abbas müəllimin böyük zəhməti və xidməti var idi.

O, hələ müharibədən əvvəl Opera və Balet Teatrının, eləcə də Filarmoniyanın direktoru təyin edilmişdi və o zaman Mir Cəfər Bağırov onu qəbul etmişdi. Uzun illər keçsə də, Abbas müəllim o görüş və söhbət barədə də dəqiq təfərrüatı ilə danışırdı və çox maraqlı, dəqiq də müşahidələri varıdı.

Abbas Zamanov hələ 1967-ci ildə yazdığı bir məqaləsini “Əməl dostları” adlandırmışdı (məqalə mollanəsrəddinçilərdən bəhs edirdi.) Onun 1979-cu ildə nəşr olunmuş məqalələr toplusu da elə bu cür adlanırdı. Abbas müəllim həmin məqalədə Cəlil Məmmədquluzadənin həmişəki səmimiyyət və təvazökarlıqla yazdığı bu sözləri epiqraf seçmişdi: “Darülmüəllimi qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim”.

XIX əsrin ikinci yarısından etibarən XX əsrin əvvəllərinəcən Azərbaycan ədəbi-ictimai həyatındakı belə bir “huşyar dostluq” get-gedə böyüdü, mənəvi-məfkurəvi dostluğa – əməl dostluğuna çevrildi, o dostluğun coğrafi ərazisi bütün Azərbaycanı əhatə etdi, əməl dostluğu yaşından, xasiyyətindən, istedadından asılı olmayaraq bir çox qələm sahibini, ziyalıları birləşdirdi və indi mən bu qeydləri yazarkən həmin böyük əməl dostluğunu ona görə bir daha nəzərə çatdırıram ki, elə bil, “əməl dostları»ndan yazan və ömrünü bu dostluğun həm siyasi-ictimai, həm də bədii-estetik ifadəsinin tədqiqinə həsr etmiş Abbas Zamanov özü də o dostluq estafetini böyük sələflərindən alıb XX əsrin sonralarına gətirmişdi, elə bil, o özü də əsrin əvvəlindəki həmin əməl dostlarından biri idi.

Abbas müəllim zəmanəsinin vulqar sosiologizmindən uzaq olmağa çalışan bir tədqiqatçı və özünün mənəvi dünyası ilə dövrü konyunkturasından uzaq bir insan idi. Yəqin elə buna görə də, onun monoqrafiyaları, məqalələri xarici ölkələrdə - Türkiyədə, İranda, Avstriyada, Almaniyada - nəşr edilir, çap olunurdu. “Sabir və müasirləri” adlı monoqrafiyası 1979-cu ildə Təbrizdə fars dilində nəşr olunmuşdu və burası da, yəqin, oxucular üçün maraqlı olar ki, həmin əsəri fars dilinə Səməd Behrənginin qardaşı Əsəd Behrəngi çevirmişdi.

Abbas müəllim filologiyan elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) professoru, əməkdar elm xadimi, Elmlər Akademiyasının müxbir üzvü, o zaman mühüm informasiya imkanlarına malik “Xəbərlər” Mətbuat Agentliyi Azərbaycan şurasının sədri, xarici ölkələrdəki bir sıra nüfuzlu qurumların, o cümlədən Türk Dil Qurumunun üzvü idi, Səlcuq Universitetinin fəxri doktoru seçilmişdi.

Əlbəttə, bu adlar, vəzifələr hörmətli idi, Abbas müəllim onları istedadı və zəhməti ilə qazanmışdı və elə buna görə də mənim üçün Abbas müəllimin şəxsiyyəti ilə “zəhmətkeş” sözü arasında çox üzvi bir bağlılıq var. Abbas müəllim zəhmətkeş idi, ədəbiyyatımızın, mədəniyyətimizin təşəbbüskar, yorulmaq bilməyən fəhləsi (və fədaisi!) idi.

Bunu da qeyd edim ki, 2003-cü ildə Abbas Zamanovun yeni «Seçilmiş əsərlər» kitabı da mənim ön sözümlə nəşr edildi (tərtib edəni və sözardının müəllifi İsa Həbibbəyli idi; Bakı, «Çinar-Çap») və bu əsərlər artıq müstəqil Azərbaycanın – başqa bir epoxanın oxucularına təqdim olunurdu.

5.

Mən aspirant vaxtlarımda “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik dissertasiyasının müdafiəsinə hazırlaşarkən, Abbas müəllimlə də görüşürdüm, 30-40-50-ci illər ədəbi prosesinin fəal iştirakçısı kimi onunla məsləhətləşirdim. Nizami adına Ədəbiyyat İnstitutunda əvvəlcə kiçik, sonra baş elmi işçi işlədiyim vaxtlar isə - 70-ci illərin əvvəllərindən etibarən Abbas müəllimlə ünsiyyətimizdə xüsusi bir hərarət yarandı.

1969-cu ildə ildə namizədlik dissertasiyasını yazıb bitirdim, 1970-ci ilin fevral ayında müdafiə etdim və o müdafiə mərasimində elmi rəhbərim Mir Cəlal müəllim, rəsmi opponentlərim professor, o zaman Nizami adına Ədəbiyyat İnstitutun direktoru, rəhmətlik Mirzəağa Quluzadə və bizim böyük teatr xadimimiz, eyni zamanda sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovla birlikdə, Abbas müəllim də (Müdafiə Şurasının üzvü idi) çox aktiv iştirak etdi, çıxış etdi, xüsusi rəy yazdı və təklif etdi ki, bu dissertasiyaya görə namizədlik yox, birdən-birə doktorluq dərəcəsi verilsin (bu, yəqin ki, başqa bir yazının mövzusudur).

Elə bu pandemiya günlərində arxivimdəki kağız-kuğuza baxanda Abbas müəllimin həmin namizədlik dissertasiyası haqqında 50 il (!) bundan əvvəl yazdığı o rəyin əlyazmasını gördüm. Yalançı təvazökarlığa qapılmadan o əlyazmanın son cümlələrini olduğu kimi xatırlatmaq istəyirəm, çünki söhbət, təkrar edirəm, qeyri-təvazökarlıqdan yox, görkəmli və nüfuzlu professorun cavan bir aspirantın işinə diqqətindən gedir.

Abbas müəllim yazır: «Elçinin simasında Azəri ədəbiyyatşünaslarının və tənqidçilərinin sırasına elmi-nəzəri cəhətdən hazırlıqlı, çalışqan bir qələm sahibi daxil olmuşdur. Bu, əlbəttə, hamını, o cümlədən məni də sevindirir. Elçinin namizədlik dissertasiyasına mən müasir filologiya elmimizi zənginləşdirən bir əsər kimi baxıram.»

O zaman Abbas müəllimlə şəxsi münasibətlərimiz hələ yaranmamışdı və müdafiədən sonra mən rəyinə və təklifinə görə ona təşəkkürümü bildirəndə, mənim qoltuğumdakı 370 səhifəlik dissertasiyanı göstərərək:

- Mən sənə görə yox, bax, bu işə görə o təklifi verdim - dedi.

Bəlkə də, başqa bir nəfərin dilində bu sözlər təmtəraqlı, ya süni səslənə bilərdi, bəli, başqasının, amma Abbas müəllimin yox, çünki Abbas müəllim sözü şax üzə deyən az adamlardan, az ziyalılardan biri idi.

Abbas müəllim ilə mənim aramda, yuxarıda yazdığım kimi, otuz ildən artıq bir yaş fərqi var idi, amma bu gün mən daxili bir qürur hissi keçirirəm ki, biz dost idik.

Bizim münasibətimiz barədə təsəvvür yaratmaq üçün, Abbas müəllimin mənə bağışladığı kitablarındakı bir neçə avtoqrafı olduğu kimi, bu yazıya köçürürəm.

«Əziz Elçinə ən xoş diləklərlə. Abbas Zamanov. 12. 10. 1977.» ( Həmidə Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim, Bakı, Azərnəşr, 1967. Mətni nəşrə hazırlaya, müqəddimə və şərhlərin müəllifi Abbas Zamanov.)

«Doroqomu Glğçinu – v znak bolğşoy drujbı. Abbas Zamanov, 12.10.77.» (Qamida Mamedkulizade. Moi vospominaniə o Djalile Mamedkulizade. Baku, Glm, 1970. Podqotovka teksta, predislovie i kommentarii Abbasa Zamanova.)

«Əziz Elçin dostumun ömür-gün yoldaşı Nüşabə xanıma ən xoş diləklərlə. Abbas Zamanov. (Həmidə Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim, Bakı, Gənclik, 1981. Ruscadan tərcümə edən, müqəddimə və şərhlərin müəllifi Abbas Zamanov.)

Bu yerdə bir haşiyə çıxmaq istəyirəm ki, Abbas müəllim Həmidə xanımın xatirələrini rus dilindən tərcümə etdi, müqəddimə və geniş şərhlərini yazdı, ancaq yalnız böyük ixtisarlarla nəşrinə nail oldu və onun böyük arzusu idi ki, Həmidə xanımın xatirələri tam şəkildə, yazıldığı kimi nəşr olunsun və daxilən optimist (yenilməz!) bir adam olduğu üçün, ona xas olan bir əminliklə (hətta amirəliklə!):

- Haçansa olacaq!- deyirdi.

Əgər doğrudan da o biri dünya varsa və Abbas müəllim o dünyadan bizə baxırsa, ruhu şad olcaq, çünki Həmidə xanımıvn xatirələri nəhayət ki, müstəqil Azərbaycanda tam şəkildə nəşr olundu. (Həmidə xanım Cavanşir. Xatirələrim, İkinci nəşr, rus dilindən çevirən və hazırlayan Mehriban Vəzir, redaktoru və şərhlərin müəllifi Ədalət Tahirzadə, Bakı, Apostroff, 2012.)

«Nüşabə xanıma və Elçin bəyə ən xoş diləklərlə. Abbas Zamanov. 29.IX.82. (Sabir xatirələrdə, Bakı, Gənclik, 1982. Toplayıb nəşrə hazırlayanı, ön söz müəllifi və redaktoru Abbas Zamanov.)

«Ailəliklə xətrini çox istədiyimiz Nüşabə xanıma və bu kitabın redaktoru, müqəddimə müəllifi Elçin bəyə – hörmət, dostluq, minnətdarlıq rəmzi olaraq. Abbas Zamanov, 10.I.86.» (Abbas Zamanov. Sabir bu gün, Bakı, Gənclik, 1986.)

«Aysunun atası, dostum, qardaşım, xeypxahım Elçinə ən xoş diləklərimlə. Abbas Zamanov, 25. XII. 86.» (Mollanəsrəddinçi şairlər, Bakı, Yazıçı, 1986. Tərtib edənləri Abbas zamanov və Kamran Əliyev, redaktoru və ön söz müəllifi Abbas Zamanov.)

Hal-əhval tutmaq üçünhərdən axşamlar ona zəng edirdim:

- Necəsiniz, Abbas müəllim!

Bu sualın cavabı həmişə eyni olurdu:

- Şikayətim yoxdur.

Onun o cavabı mənim üçün rəmzi səslənirdi – uzun (və şərəfli!) bir həyat yolunda keşməkeşlər, çətinliklər, təqiblər çox olsa da, şəxsi həyatında kədərli problemlər yaransa da (xüsusən kiçik oğlu, çox ümidlər verən istedadlı şahmatçı Firuzun səhhəti ilə bağlı), öz səhhəti bəzən sözünə baxmasa da Abbas müəllimin heç kimdən və heç nədən şikayəti yox idi, çünki Abbas müəllim həyatı sevirdi, həyat isə onun üçün – ilk növbədə ədəbiyyat demək idi, xalqın mənəvi sərvətinin keşiyində dayanmaq və xalqa xidmət etmək, bu xidmətlə də xalqı müdafiə etmək demək idi.

Abbas müəllimin həyat eşqi - ədəbiyyat eşqi, xalq məhəbbəti idi.

Bir də ki, yaratmaq şövqü, fəaliyyət ehtirası...

Olsun ki, oxucu mənim bu sözlərimdə bir patetika hiss etsin, ancaq nə etmək olar, Abbas müəllim haqqında dediyim bu sözlər mənim xatirələrimin və düşüncələrimin ifadəsidir.

6.

Abbas müəllim nə qədər nikbin, dözümlü, əyilməz bir adam idisə, bir o qədər də kövrək, ürəyinazik idi.

Abbas müəllim: “Şikayətim yoxdur!” – deyirdi, heç bir sıxıntısını büruzə vermirdi, amma xüsusən 80-cı illərdə mən onun içində aşkar bir kədər, bir nostalgiya hiss edirdim.

Hərdən, axşam telefonla zəng edirdi:

- Yaxşı konyakım var. Dur, gəl bizə.

Və kiçik qədəhlərdə o “yaxşı konyak”dan içə-içə, Asya xalanın xüsusi bir səliqə-sahmanla mizin üstünə düzdüyü gözəl nemətlərdən dada-dada Abbas müəllimlə söhbət edirdik.

Abbas müəllim Mirzə Cəlildən, Sabirdən, Hadidən, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən, İsmayıl bəy Qasprinskidən, Üzeyir bəydən, Nəriman Nərimanovdan, Ceyhun bəydən, Həmidə xanımdan, Məmməd Tağı Sidqidən, Sultan Məcid Qənizadədən, Əzim Əzimzadədən, Səməd Mənsurdan, Müznibdən, Caviddən, Müşfiqdən, Cavaddan, Nəzmidən, Çəmənzəminlidən, Seyid Hüseyndən, başqa əhli-qələmlərdən, eləcə də Atatürkdən, Məmməd Əmindən, Yusif bəy Nəsibbəyodpan, Xan Xoyskidən, Əlimərdan bəydən, hətta Fətəli bəy Düdənginskidən (bir daha təkrar edirəm, sovet vaxtı!), başqalarından danışırdı və o anlarda mənə elə gəlirdi ki, Abbas müəllimin ürəyini çoxunu ömründə heç görmədiyi, bilavasitə ünsiyyətdə olmadığı o insanların xiffəti bürüyüb.

Mənə elə gəlirdi ki, Abbas müəllim onlar üçün darıxır...

Ancaq onu da deyim ki, Abbas müəllimdə yaxşı bir yumor hissi də var idi.

1960-cı illərdən başlayaraq 70-80-ci illərdə Bakıda gözəl bir ənənə yaranmışdı: ziyalılar (həm də nəinki yalnız ziyalılar) axşam vaxtı dənizkənarı bulvarda gəzməyə çıxırdı və buradakı «gəzmək» sözünü «söhbət»lə əvəz etsək, daha doğru olar – söhbətləşməyə çıxırdılar. Biz də axşamlar tez-tez dostlarla zəngləşib, bulvara çıxırdıq və 70-ci illərin axırları idi, bir gün mən də Anarla zəngləşib, «söhbətə» çıxdıq. Bulvarda gəzişə-gəzişə yazıdan-pozudan, İrandan-Turandan söhbət edə-edə fikirləşdik ki, İbad dayıya dəymək, yerinə düşər.

O zamanlar Bakının meri, rəhmətlik Əliş Ləmbəranski bulvarın aşağı başında (Azneft tərəfdə) gözəl kanallar çəkdirib, üstlərindən də kiçik körpülər saldırmışdı və camaat ora «Venesiya» deyirdi.Həmin «Venesiya»da modern bir çayxana var idi. Gecə saat 10-dan, 11-dən sonra çayxana bağlanırdı və o çayxananın gecə gözətçisi İbad dayı – sısqa cüssəli, qarabuğdayı, həmişə də üzütüklü, işini bilən çevik bir kişi idi, filtirsiz «Avrora» siqareti də damağından əskik olmurdu – qollu-budaqlı söyüd ağacının altına iki-üç masa daşıyıb, tavada qızartdığı toyuq içalatı və bir şüşə araq ilə səhərin gözü açılanacan xüsusi müştərilərinə cani-dildən qulluq edirdi. Biz də (Araz Dadaşzadə, Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, hərdən Rəhman Bədəlov, Toğrul Nərimanbəyov, kinorejissor Arif Babayev…) İbad dayının həmin xüsusi müştərilərindən idik və uzun sözün qısası, o gözəl yaz günü Anarla mən həvəslə İbad dayıya doğru gedəndə, birdən Abbas müəllimlə rastlaşdıq. Xoş-beşdən sonra Abbas müəllim - «Bahar»da İtaliya filmi gedir. Sizi kinoya qonaq edirəm,- dedi və bizim bir az duruxduğumuzu hiss etdi. - Ancaq görürəm tələsirsiz. Yəqin yaradıcılıq işidi. Yaxşı, sizi yolunuzdan eləmirəm, xudahafiz!

Və biz Abbas müəllimdən ayrılıb, İbad dayının qulluğuna müntəzir olduq və o söyüd ağacının altına çəkilib, xudmani məclisimizlə məşğul olmağa başladıq.

Təxminən yarım saatdan-qırx dəqiqədən sonra birdən Abbas müəllimin səsi eşidildi:

- Çayxana bağlıdı?

İbad dayı:

- Bəli - dedi.

Qabaq tərəfdə mən oturmuşdum və məşhur riyaziyyatçı professor Qoşqar Əhmədovla birlikdə körpüdən piləkənlə aşağı enən Abbas müəllim görməsin deyə, özümü söyüdün budaqlarına tərəf sıxdım, ancaq Abbas müəllim, elə bil, nəsə hiss edib, aşağı boylanaraq, bizi də, xudmani süfrəmizi də gördü:

- Yaxşı yaradıcılıqla məşğul olursunuz – dedi - Bir daha xudahafiz!- Və geri çönüb, dolu bədəninə baxmayaraq, iti addımlarla pilləkənləri qalxdı.

Belə məlum olurdu ki, Abbas müəllim bizdən sonra Qoşqar Əhmədovla rastlaşıb və kino fikrindən vaz keçib, birlikdə çay içməyə gəliblər.

Doğrusu, ürəyimdə nəsə bir xal qaldı və səhərisi gün Yazıçılar İttifaqından Abbas müəllimə zəng elədim, üzrhaqlıqla nəsə bir-iki söz deyib, onu axşam «Bahar»da həmin kinoya baxmağa dəvət etdim.

«Bahar» bulvarın yuxarı tərəfində üstüaçıq yay kinoteatrı idi, iki seansı olurdu: axşam 9-da, sonra da 11-də və mən də Abbas müəllimdən soruşdum ki, hansı seansı istəyir?

- Doqquz seansına – dedi - On bir üçün qurtarsın ki, siz də yaradıcılıqla məşğul olasınız!

Beləliklə, axşam mənim dostum və Abbas müəllimin də xətrini çox istəyən, SSRİ-də ən cavan riyaziyyatçı professorlardan biri Arif Babayevlə birlikdə Abbas müəllimi götürüb, «Bahar»da, yaxşı xatırlayıram, «General della Rovere» filminə baxdıq. Rosselinin filmi idi, baş rolda da Vitorio de Sika çəkilmişdi və çox zaman filmlərin adları yadımda qalmır, ancaq o filmin adı indiyədək yadımdadır.

7.

Hərdən zarafatla Asya xalaya deyirdim:

- Abbas müəllim deyir ki, daha kitab almayacağam. Bundan sonra pulları büllur qablara verəcəyəm.

Asya xala:

- Keçdi daha! – deyirdi. –Bizim büllur yığmağımızın vaxtı keçdi...

Əvvəlcə Asya xala vəfat etdi, bir müddət sonra Abbas müəllim.

Abbas müəllimlə bağlı kağız-kuğuzlarımın arasında belə bir qeyd də var:

«15 mart 1993.

Günorta «Odlar yurdu»nun («Vətən» Cəmiyyətinin qəzeti idi) büdcet məsələsinə görə Ali Sovetə getdim və elə oradan da Şamilə (söhbət rəhmətlik ədəbiyyatşünas Şamil Qurbanovdan gedir) zəng etdim və əvvəlcə vədələşdiyimiz kimi, onunla görüşüb, Abbas müəllimgilə getdik.

Ağır yataq xəstəsidir. Huşu özündə deyildi.

Görünür, çox ağrıyırdı və ağrıya-ağrıya da tez-tez xırıltıyla nəfəs alırdı.

Mən yavaşdan onu çağıranda bir neçə an, elə bil ki, o əzab-əziyyətdən yaxa qurtarıb, nəfəsini saxladı və zənlə mənə baxdı və mən bütün içimlə hiss etdim ki, Abbas müəllim məni tanıdı, gözləri ilə mənə: “Elçin...” – dedi.

Hər halda mənə belə gəldi və onun gözləri ilə dediyi o bir kəlmədə çox söz var idi.

Sonra yenə heç nəyə reaksiya verməyərək, eləcə ağrıya-ağrıya və eləcə də əzabla nəfəs almağa başladı.

Bu ağır və çətin zamanda Abbas müəllimi də belə bir vəziyyətdə görmək, mənə son dərəcə pis təsir edib, gözümün qabağından getmir.

Yəqin ki, bu, Abbas müəllimlə son görüşümdür.

Təki bir möcüzə baş verəydi.

Ancaq möcüzələr ancaq nağıllarda baş verir, nağıllarda olur.»

Həmin 93-cü il aprelin 1-də Abbas müəllim vəfat etdi.

Abbas müəllimi dəfn etdikdən sonra, qəbiristanlıqdan atamgilə getdim və o gecə İlyas Əfəndiyevin kədərlə dediyi sözlər də həmişəlik yadımda qalıb:

- Abbasla birlikdə çox şey getdi...

Abbas müəllim bu dünyada öz missiyasını alın açıqlığı ilə yerinə yetirib getdi, insanlıq borcunu, vətəndaş borcunu, maarifçi borcunu ödədi, getdi.

Abbas müəllim XX əsrin əvvəllərindən xalqına xidmət edən böyük Azərbaycan ziyalıları nəslindən aldığı əxlaq, əqidə, cəsarət estafetini ən qorxulu-qadalı illərdə belə, əlindən salmayan bir qələm sahibi, bir ağsaqqal dost idi, etibarlı idi, təpərli idi, ona güvənirdik.

Bu sözləri yaza-yaza bir deyim yadıma düşdü: “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış!”, amma Abbas müəllim ucalığına heç vaxt qar yağmadı.

Abbas müəllim bizim ziyalı keçmişimizlə bu günümüz arasında canlı bir körpü idi və nə yaxşı ki, o, bütün ömrü boyu ürəyində gəlişini gözlədiyi – mənim buna qətiyyən şübhəm yoxdur – Azərbaycan müstəqilliyini gördü, getdi.

Mən harda işləmişəmsə, ən çox xahişlə mənə iki nəfər müraciət edib: rəhmətlik Əli Vəliyev ilə Abbas müəllim və bu xahişlərin heç biri onların öz problemləri ilə, özlərinin hansısa bir işi ilə bağlı olmayıb

Telefon zəng çalardı, Abbas müəllimin təkrarsız səsi eşidilərdi: “Elçin, Əziz Şərifin xatirələrini nəşr etmək lazımdır... Plana salsaz yaxşı olar. Filan aspirant yaxşı məqalə yazıb, jurnalda çapını gecikdirirlər… Filan ədəbiyyatşünas ailəsi ilə yataqxanada qalır, İmranla da danış, görün nə edirsiz… (Rəhmətlik İmran Qasımov Yazıçılar İttifaqının birinci katibi və belə işlərdə də əlindən gələni edirdi.) Ərzurum universitetinə təzə kitablar göndərmək lazımdır... Qulam Məmmədlinin salnaməsinin çapı ləngiyir, bəlkə Nazimlə danışasan?.. (Rəhmətlik Nazim İbrahimov o zaman Mətbuat Komitəsinin sədri idi.)” Və bu tipli başqa xahişlər.

Beləcə Abbas müəllim çox narahat adam idi və yalnız cavanların yox, ağsaqqaların da ağsaqqalı idi.

Abbas müəllim vəfat edərkən mən yazmışdım:

“İllər keçəcək... Abbas müəllimi tanıyan sonuncu insan yaşayana qədər Abbas müəllim də bu dünyada yaşayacaq. Sonrakı illər də Abbas müəllim unudulmayacaq. Nə qədər ki, Mirzə Cəlil yaşayacaq, o qədər də Azərbaycan elminin, ədəbiyyat tarixinin səhifələrində Abbas müəllimin adı çəkiləcək, onun o böyük qələm sahibləri haqqındakı tədqiqatları xatırlanacaq.

İllər keçəcək və gənc bir tədqiqatçı Həmidə xanımın xatirələrini oxuyanda, Sabirin müasirləri ilə tanış olanda, “Molla Nəsrəddin”çiləri öyrənəndə, bütün bunları üzə çıxaranlardan biri olan Abbas müəllimin də əməyinə qiymət verəcək, amma min təəssüf ki, o gənc alim Abbas müəllimin səsini eşitməmiş, canlı simasını görməmiş, onunla yola çıxmamış, onunla məsləhətləşməmiş olacaq...” («Bu fani dünyadan bir köç eylərəm…», «Ədəbiyyat qəzeti», 9 aprel 1993.)

Abbas müəllim bu gün də tez-tez xatırlanır, onun kitabları bu gün də nəşr edilir və xatirələr, bu nəşrlər onun ömrünün XXI əsrdəki davamıdır.

Mən 1993-cü ildə Nazirlər Kabinetində işə başlayarkən, vizaladığım ilk sənədlərdən biri xatirəsini həmişə əziz tutduğum Məmməd Cəfər müəllimlə, o biri də Abbas müəllimlə bağlı oldu (Nazirlər Kabinetinin «Abbas Fəttah oğlu Zamanovun xatirəsinin əbədiləşdirilməsi haqqında» 598 nömrəli qərarı).

8.

1988-cı ilin dekabrında, Yeni il ərəfəsində Abbas müəllim mənim kiçik qızım Aysuya həmişəki duzlu yumorla qələmə aldığı belə bir təbrik məktubu göndərib:

“Aysu xanımın, onun valideynlərinin və bacılarının Yeni ili mübarək! İnanıram ki, təzə ildə Aysu xeyli böyüyəcək və evdəkilərə nisbətən az əzab-əziyyət verəcəkdir. Hələlik. Allah sizə səbr versin. Aysunu çox istəyən babası Abbas Zamanov.

25.XII.88”

O vaxtdan otuz iki il keçib.

O zaman Aysunun üç yaşı var idi. Bu gün isə Aysunun qızı Mələkin doqquz yaşı var.

Və Abbas Zamanov bu gün də Aysunun (və aysuların!) mənəvi babası olaraq qalır, çünki bu mənəvi səlahiyyəti və iqtidarı Abbas müəllimə onun amalı, əməlləri və əsərləri qazandırıb.

# 5957 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #