Allahı yaxalamaq

Allahı yaxalamaq
28 avqust 2012
# 08:00
Facebookda dini baxışlarımın qarşısına “yarımüsəlman” yazmışam. Əvvəl diqqət cəlb etmək üçün qeyd etdiyim bu kəlmənin əslində böyük məntiqi məna daşıdığını sonralara anladım. O zaman ki, bu barədə inboxuma çoxlu ismarışlar gəldi: “Niyə yarımüsəlman?” İzahat verməyə məcbur idim. Dost virtual olsa da ona sayğı bəsləmək borcumuzdur!

Ona görə yarımüsəlman ki, dinin buyurduğu vacib əməlləri yerinə yetirmirəm. Mən dini sadəcə mənəvi bir dəyər kimi qəbul edirəm. Məsələn, insanın vicdanı, namusu kimi! İnsan öz namusunu ictimailəşdirməlidirmi? İnsan öz namusunu qoruduğu üçün kiminsə boynuna minnət qoymalıdırmı? Əsla! Sən vicdanlısan deyə, gəlib boynuma minməli deyilsəm ha! Vicdanlısan, vicdanlı ol, mən buna sevinərəm, kimsə sevinməz, bu artıq bizim kəndi işimizdir.

Lafı uzaqdan fırlamayım da gəlim mətləb üstünə... Mənim bu yarımüsəlmanlığım sonralar təkamül qaydalarına uyğun olaraq inkişaf edib status şəklində sağa-sola şaxələnməyə başladı. Hətta bəzən ateistlik, asilik kimi yozuldu. Nəhayət, Ramazan bayramı ərəfəsi belə bir cümlə şəklində zühura gəldi: “Bir Ramazan da başa çatdı, biz Allahı yenə yaxalaya bilmədik!” Bah! Paylaşdım paylaşalı böyük bir mərəkə qopdu. Mən kafirmişəm, şeytana uyubmuşam, Allah fəlsəfəsini anlamazmışam və s. Hərzəvü-hədyan dolu ismarışlar inboxuma güllə kimi yağdı.

Dostlarımın əksəriyyəti kitab əhlidir. Ən azı kitab əhli olmağa can atan insanlardır. Mən qatı dindarları, qatı millətçiləri və qatıq (!) vətənpərvərləri yaxına buraxmıram. İndinin özündə də profilimdə eşələnən vaxt belə adamlara rast gəldimmi, gecənin hansı aləmi olur olsun atıram BLOKa! Sizi bilmirəm, mənə elə gəlir ki, bloka saldığım adamlar ömrü boyu orda vığıldaya-vığıldaya qalacaqlar.

Ancaq görünür din məsələsində bəzi boşluqlar buraxmışam. Məlum statusuma görə qabağa düşüb məni dostluqdan çıxaranlar da oldu. Onlara təşəkkür edirəm. Təşəkkür edirəm ol səbəbdən ki, mənə zəhmət verməyib özləri üzüsulu çıxıb gediblər.

Yahu, kimə nə öyrətmək istəyirsiniz? Facebook azad bir məkandır və hər kəs kimisə təhqir etmədən öz fikirlərini ifadə edə bilər. İkinci də, vay halınıza ki, bu statusdakı məcazı tuta bilmədiniz. Şəriət gözlərinizi bağlayıb! Biryolluq anlayın: yazı-pozu adamları molla deyil. Biz bədii ifadə vasitələrinə Həcc ziyarətindən daha ciddi baxırıq.

Allahı – həqiqəti, gözəlliyi, ülviliyi və ümumən insan oğlunun görə biləcəyi ən dəyərli işləri orda-burda deyil, öz əməllərinizdə axtarın.

Əməllərinizdə Allahı yaxalaya bilsəniz, mənə xəbər verin.

Amma, inanın ki, tapa bilməyəcəksiniz!

İnanırsız inanın, inanmırsız, “brojqiyi” qaytarın!
# 970 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #