İnsanları az yuxuya verin

İnsanları az yuxuya verin
22 avqust 2012
# 11:31
Kim ki, deyir ki, mən özümü tanıyıram, ağ yalan danışır. İnsanın hansı məqamda nə addım atacağı bəzən onun özünə də məlum olmur. Bir səhər durursan və ürəyindən elə bu andaca yır-yığış edib, harasa getmək istəyirsən. Bəzən film izləmək istəyirsən, bəzən uzaq bir tanışından hal-əhval tutmaq...

Bəzən kiməsə xoş bir mesaj yollamaq, bəzən gününü alış-verişə həsr etmək...
Bəzən acgözlüklə köşkdəki qəzetlərin hamısını almaq, bəzən marketə təkcə qoz mürəbbəsi almaq üçün gedirsən...

Bəzən iş yoldaşları ilə zarafatlaşmaq, bəzən kimisə çırnatmaq.
Bu sıyahını uzatmaq da olar.

Məsələn, kimləsə tanış olmaq- özlüyündə həyatını dəyişmək kimi gəlir bəzən...

Bəzən kimisə sevib, sonra xəyanət etmək- onsuz mənim bürcümdə yazılıb ki, kimsə mənə xəyanət edəcək. Elə bəri başdan bunu mən edim də...

Bəzən hamilə olmaq, bəzən qocalmaq- müdriklik onda olurmuş sən demə.

Yeri gəlmiş, axır vaxtlar müdrik qocalara rast gəlmək də olmur...

Nə isə, insan bəzən hər şey istəyir, bəzən heç nə istəmir.

Fikrinizi telekanallarımızda yayımlanan bir nüansa yönəldəcəm. Sözüm yox filmlər, şou-proqramlar, əyləncəli oyunlar insafla desək, pis nümayiş etdirilmir. Di gəl, ədəbi-bədii verilişlərə gəlincə...

Hə, bax burda Kərəmi ağlamaq tutur. Hər bazar “Ovqat” və “Sovqat” adında verilişlər nümayiş etdirilir. Di gəl ki, səhər oyandığında səndə olan müsbət enerji o verilişlərə baxandan sonra elə sönür ki, iftara qədər özünü enerjisiz sayırsan. İnsanın bir bazarını elə kökdən salırlar ki, zilin bəmə, bəmin də zilə qarışır. Köhnə sovet ədəbiyyatının ideologiyasının təsiri altında hələ də yazıb-yaşayan şairlərimiz yenə də bizə güldən, bülbüldən danışır. Yuxulu şeirlərini səhər vaxtı bizlərə elə yedirirlər ki, adamın yenidən yuxusu gəlir. Bunun nəyi oldu aktiv həyat tərzi?

Anlayıram, o şeirlərin məqamı, vaxtı var. Amma gündən-günə dəyişən həyatımızda, insanların beyinlərinin hər saniyədə bir fikir yürütməsi, rəngarəngliyə meyl, düşüncələrdə bir fırtınanın olduğu dövrdə bəzi yazıçılarımız, şairlərimiz hələ də yerlərində sayırlar. Müqayisə üçün desəm, bəlkə də bəlağətl hüdudlarını aşmış olacam, amma təsəvvür edin ki, Süleymani havasına bu insanlar heç bir reaksiya verə bilmirlər. Bu dəhşət deyilmi?

Ruhu yatan insanıların kiminsə ruhuna təsiretmə mexanizmini gözləsək, ey vah, saçımızın ağardığını görərik.

Bir qədər emosionallıq, çılğınlıq, həyat dolu olmaq olmazmı?

Sanki bu yazıçılarımız, şairlərimiz bu dünyada yaşamırlar.

Üstəgəl bu xarakterdə, bu düşüncədə, bu təfəkkürdə olan insanların bədii verilişlərə dəvəti , üstəgəl də, şeirlərini “Segah”ın, “Şur”un üstündə demələri...

Bizim “Cəngi”yə, “İldırımlı yollarla”ya, haqq sözə, insanı yerindən oynadan fikirlərə, hisslərimizi tərpədən düşüncəyə ehtiyacımız var...

İnsanları az yuxuya verin, yuxu nə qədər şirin olsa da... Bizə belə şirin yuxular lazım deyil. Ağzınız şirin olsun!
# 1643 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #