Beqbederin roman karikaturası

Beqbederin roman karikaturası
22 avqust 2012
# 09:00
Frederik Beqbederin dilimizə tərcümə olunmuş “Məhəbbət üç il yaşayır” romanını almaq istəyirdim. Dostlarımdan biri xəbərdarlıq etdi: tərcümə yaxşı deyil, oxuyanda əsəbiləşəcəksən.

Kitabı almadım, əvəzində Beqbederin “99 frank” və “Məhəbbət üç il yaşayır” romanlarının kinoversiyasını izlədim; həmin filmləri, həm də bir roman kimi oxumağa çalışdım. Ona görə ki, birinci filmin ssenarisinin hazırlanmasında yazıçı birbaşa iştirak edib, ikincisini isə özü ekranlaşdırıb, üstəlik, iddia edir ki, təkmil film çəkib.

...Ədəbi zövqünə və intellektinə çox güvəndiyim Qismət deyir ki, Beqbederin romanları belletristikadır.

Doğrudan da kinematoqrafik və ədəbi baxımdan əsərlər hadisə deyil, müəyyən mənada “popsa”dır, hər iki film kütlə zövqünə hesablanmış yüngül emosionallıqla çəkilib.

Bütün bunlara rəğmən, Beqbederə sevgimin bir neçə səbəbi var.

Hər şeydən əvvəl Beqbeder bu günün romanlarını yazır, indinin ritmini dəqiq tutur. Ona görə bəzən Beqbeder “dəbdə olan” yazıçı kimi təqdim edilir.

“99 frank” roman karikaturası günümüzün ən nəhəng manipulyasiya vasitəsi - reklamın dəqiq tərifi və təsviridir.

Roman milyonlar qazanıb, əvəzində keyfiyyətsiz mal təklif edən nəhəng şirkətlərə qarşı ciddi və cəsarətli pamfletdir.

Hələ 60-cı illərdə fransız rejissoru J. L. Qodarın kinoya gətirdiyi -reklamın insanı satın aldığı, maddiləşdirdiyi, dünyamızda hakimi mütləq olması fikrini Beqbeder romanında inkişaf etdirir, daha irəliyə aparır və daha radikal mövqe sərgiləyir.

Jan Kunenin ekranlaşdırdığı “99 frank” dramı reklam anturajları ilə zəngindir və elə reklam üslubunda (həmçinin dinamik montaj və parlaq rənglər) da çəkilib.

“Məhəbbət üç il yaşayır” filminin əvvəlində Beqbeder bilərəkdən – romantik musiqi ilə müşayiət olunan kadrlarda xoşbəxt cütlüyün münasibətini, nikahını, sonra yaranan ailə konfliktini, müasir kliplərdə alışdığımız bayağı klişelərlə təsvir edir.

Bu günün problemləri- laxlayan ailə institutu, indi çoxunun şikayət etdiyi sevgi həyəcanının tez keçməsi, boşanmış valideynlər, evlənən geylər, boş qalan qəlblər, sərt kapitalist dünyasında yaşamaq uğrunda mübarizə aparan fərdlər, çağdaş qərblinin həyat tərzinə kinayə, qəhrəmanların ekzistensial ovqatı-onun romanlarının əsas motivləridir.

Rəğbətimin digər və əsas səbəbi Beqbederin virtuoz ironist olması və bu ironiyanı daha çox özünə tuşlamasıdır.

Beqbeder əski kopirayter olduğundan məharətlə - yəqin ki, bu, həm də onun öz təbiəti ilə bağlıdır - avtoironiya keyfiyyətindən imic kimi istifadə edir. Və bu ona hələ ki, uğur gətirir.

Amma məsələ təkcə imicdə deyil. İroniya onun üçün həm də özünü qorumaqdır. Pərt situasiyalarda, tənqidlərə hədəf olanda, ironiyadan istifadə edərək vəziyyəti öz xeyrinə dəyişir.

Məsələn, “Məhəbbət üç il yaşayır” filmi ilə bağlı sualları cavablandıran yazıçı deyir: “Liberasyon” yazmışdı ki, “99 frank” filmi kokainli nəcisə oxşayır”. Ümid edirəm ki, bu dəfə daha yüksək qiymət verəcəklər”.

Yaxud, “Fransız romanı”nız Rusiyada məşhurdur” fikrinə münasibəti belə olur: “Axı bu, tamamilə absurddur, biabırçılıqdır, amma mən xoşbəxtəm” və s.

Beqbederin özünəironiyası bizim narsizmə tutulan, arqumentli tənqidə belə dözümsüz olan yaradıcı fərdlər üçün bir master klassdır. Ondan çox şey öyrənmək lazımdır.

Həm də ona görə ki, özünəironiya insanı “mən ən yaxşıyam” kimi zərərli və xəstə düşüncədən qoruyur, yaradıcı formada saxlayır, sağlam məntiqə gətirib çıxarır, mənəviyyatını və psixoloji durumunu dezinfeksiya edir.

Çətin də olsa arabir özümüzə ironiya edək. Məsələn, E. Həsənlinin məqaləsində yazdığı şəkildə: “Deyəsən kitab yazmağı bacaranlar yoxdur. Elə mən də onlardan biri. Yazdığım bir qəpiklik deyil”.
Hətta daxilimizdə buna inanmasaq belə.
# 3494 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #