“Söyüş söyməsən, meyvə arağı da verərlər”

“Söyüş söyməsən, meyvə arağı da verərlər”
8 avqust 2012
# 10:16
Daşkəsən təəssüratlarımdan


Bu il tale elə gətirdi ki, yay məzuniyyətimi Daşkəsən dağlarında keçirdim. Taledi də, bir söz demək olmur. Amma peşman da deyiləm!

Sizə bir söz deyim: şəhər həyatı adamları biri-birinə oxşadır. Xüsusən gəncləri... Hamı “mədəni”dir, qızlara təbəssümlü incə münasibət bəsləyir, bir az ingiliscə bilir, Facebookda hesabı var, azca saqqal saxlayır, saçları vız durur, çanta gəzdirir və s. Ədəbiyyatımızda da düşüncəsi, şeir və hekayəsi, hətta zahiri görkəmi və sevdiyi qızlar biri-birindən seçilməyən çoxsaylı qələm adamı var. Kənd bir az fərqlidir. Kənd adamının daxili aləmi zahiri görkəmində səmimi şəkildə ifadə olunur.

Daşkəsən yaylağında çoxsaylı belə adamlar gördüm. İllər öncə ayrıldığım bu həyat məni əməlli-başlı kövrəltdi də. Onu da nəzərə alın ki, mən Xoşbulaq kəndi həndəvərində idim. Tanıyanlar bilir ki, yay vaxtı istidən qaçıb bura üz tutanların sayı-hesabı yoxdur. Kəndin mərkəzində ən bahalı xarici maşınlarla yanaşı at minmiş əli çomaqlı adamlara, ulağına un yükləyən yaylaq sakinlərinə, dilini çıxarıb sağa-sola vurnuxan, gah arxa ayağı ilə yeri cırmaqlayıb qəzəblə ətrafı marıtlayan, gah heç kimi vecinə qoymadan yiyəsiz divarların dibini “sulayan” çoban itlərinə də rast gələ bilərsən.

Xülasə, qərara gəldim ki, Daşkəsənlə bağlı təəssüratlarımı bir neçə yazıyla oxuculara təqdim edim. İnşallah, maraqla oxuyarsınız...

Əvvəla onu deyim, bizim rayonun – Laçının sakinləri məlum hadisələrdən sonra yaylaq yeri kimi məhz Daşkəsəni seçiblər. Xoşbulaqdan yuxarı, Aşıq Ələsgərin kürkünü sərdiyi istənilən dağa-dərəyə üz tutsan, hökmən bir laçınlı obasına rast gələcəksən. Qonaqpərvərdirlər. Sənə ən azı bir quzu kəsəcəklər. Kabab və bozartmanı elə ləzzətli bişirirlər ki, üstündən barmaqlarını yalayırsan. Özünü yaxşı aparsan, içib söyüş-filan söyməsən, sənə meyvə arağı da verərlər. Hələ üstəlik bir laçınlı aşıq çağırıb ananı ağladarlar...

Allahüçünə camaatın güzəranı pis deyil. Gəncədən, Samuxdan gələn turistlərə gündə bir-iki kilo yağ, xama, pendir və ya şor satsan bəsindi! Çörəkpulun çıxacaq. Bu ağartı məhsulları isə maşallah, boldur! Göy çəmənlikdə otlayan inəklər axşam dolu əmcəklərini güclə sürüyüb obaya gətirirlər. Arvadlar əllərində vedrə tumanlarını çırmalayıb cumurlar bu inəklərin altına. İnəklər isə heç nə olmamış kimi səbirlə gövşəyərək sağda-solda ulaşan itlərə tamaşa edirlər...

Laçınlıların, daha dəqiqi mənim qohumlarımın əsas toplaşdığı yaylağın adı qəribədir: Tülkülü! Camaat bu ada çoxdan gülüb qurtarıb. Gör neçə ildi buraları vətən seçiblər? Laçında yaylaqlara heç vaxt belə alçaldıcı ad qoymurdular. Deyilənə görə vaxtı ilə burda çoxlu tülkü yaşayırmış, ona görə də yaylağın adını belə qoyublar. Qoşqar dağının yaxınlığında yerləşən yaylağın yeri olduqca narahatdır. Dağlar elə dikdir ki, deyirsən bu dəqiqə yaxasında otlayan qoyunlar muncuq kimi dərənin dibinə yumalanacaq!

Tülkülüdə məni ilk mütəəssir edən nə oldu: 20 il əvvəl gördüyüm, dərib qoxuladığım tanış otları, çiçəkləri təzədən gördüm. Yaddaşımın mamır basmış dərinliklərindən fışıltı ilə bir əjdaha qalxdı elə bil! Əllərim əsdi, gözlərim doldu, bədənim titrədi. Mən ötən 20 ildə yüzlərlə otun, çiçəyin hamısını birdən necə də unutmuşammış! Görməsəydim, yəqin bir daha yadıma düşməyəcəkdi. Bax bu adını bilmədiyim enli yarpağı qıran kimi içindən süd çıxır. Aha, dəqiqdir! Bu otun isə burnu qıcıqlandıran qoxusu olmalıdır. Aynən öylə! Kiçik Qafqazdır axı, Daşkəsən də! Kiçik Qafqazın Alp çəmənlikləri! Bunlar da həmin çəmənliyin bitkiləri: zəncirotu, bağayarpağı, qantəpər, zirə, yemlik, qırxbuğum, qatırquyruğu, dəli pencər və s. Hələ baldırğandan, əvəlikdən, bejjəkdən danışmıram.

Hər tərəf yamyaşıl dağlar... Adamın gözü alışınca heyrətdən ağzı açıla qalır. Üşüyürsən. Aranda təşnəsi olduğun dağ bulaqlarından bir qurtum da içmək istəmirsən. Ürəyin çəkmir. Hava içini soyudur, ürəyini ovudur.

Gecələr ulduzlar daha yaxın, ay daha iri görünür. Ulduzlar üzüm giləsi kimi sallanır, sənə elə gəlir ki, bu saat əl uzadıb dərəcəksən. Ay daha çox işıq saçır. Gecəsi gündüzə bənzəyir buraların. Ay gizlənəndə güllə işləməz qaranlıq çökür. Belə qaranlıqlarda itləri də vahimə basır elə bil. Başlayırlar ulaşmağa. Bu obadan o obaya, ondan o birisnə səs-səsə verirlər, it dilində həyəcanla nəsə danışırlar. Qulaq işlədikcə it səsi eşidirsən. Bu səslər bəzən qəzəbli, bəzən kədərli, bəzən miskin gəlir adama. Göydəki ulduzlar itlərin səsinə akkord tuturmuş kimi yerbəyerdən parıldaşır. Hava ağardımı itlərin səsi də ulduzlarla bahəm yoxa çıxır. Məəttəl qalırsan, ilahi, axşam o qədər səs hardan gəlirdi axı? Hanı o itlər?! Bəlkə gecələr canavarlar da qoşulur onlara, kim bilir...

Bu yerlərin ulduzu da, ayı da, dağı-dərəsi, iti-canavarı da, çiçəyi-otu, sürüsü-naxırı, aşığı-çobanı da ayrılmaz bir harmoniyadadır. Bu harmoniyanın isə bircə adı var: DAĞLAR! Qüdrətdən səngərli, qalalı dağlar!
# 1140 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #