“Ana, əsgərlərimiz Murovu qaytardı!”

“Ana, əsgərlərimiz Murovu qaytardı!”
29 sentyabr 2020
# 10:38

“Ana, əsgərlərimiz Murovu qaytardı!”

Anamın ağlayan səsi “Bilirəm” deyir, ikimizi də qəhər boğur. Bu qəhəri otuz ildir boğazımızda gəzdiririk.

Anamı saatlarla dilə tutduğumuzu xatırlayıram. Bizə Murovun ətəyindəki alaçıqlarından danışsın deyə. Mən Xarı bülbülün qoxusunu anamın nəfəsindən almışam. Hər ondan danışanda gözlərində gilələnən yaşı Xarı bülbülün jaləsi kimi sevələmişəm. Leysan yağışlara məhəl qoymadan fındıq ağaclarının dibindən axan arx suyunda paltar yaxalayan anamın səsindəki Qarabağ ekranda gördüyüm viranə xarabaya çevrilmiş o yerlərdən çox fərqli idi.

Müharibənin içinə doğulduq biz.

Parçalanmış insan meyitləri, dağıdılmış şəhərlərimizin görüntüləri, viranəyə çevrilmiş Şuşa, Qarabağ – bunların hamısını ekranlardan izləyə-izləyə böyüdük. Azərbaycan xəritəsində gözlərimiz həmişə oralara dikildi. Şəhidlərin, milli qəhrəmanların adlarını əzbərlədik. İşğal illərini birdən unudaram qorxusu ilə cədvəllərə baxdıq: “92... 93...”, “Yadda saxla, qan yaddaşı, unutma!”...

Kitablardan, filmlərdən sənədli filmlərdən görüb, tanıdığımız, doğulub içinə düşdüyümüz bu müharibəni indi öz içimizdə, gözlərimizin önündə, qulağımızın dibində yaşayırıq. İndi müharibədə ölən insanlar, şəhid olanlar bizim dostlarımız, doğmalarımız, yaşıdlarımız, bizdən kiçik insanlardır hətta. İndi ağlayan qadın səsləri ekranın yox, hasarın o tayından duyulur. Qardaşlarımız, ərlərimiz, doğmalarımız döyüşə yollanır və biz heç birimiz öz doğmamızın həlak olmasını istəmirik. Amma bizim qələbədən başqa yolumuz yoxdur. Otuz ildir içimizi yeyən bu şiş çıxarılıb atılmalıdır. Övladlarımız da bizim taleyimizi yaşamasınlar deyə. Qorxularımızı onlara miras qoymayaq deyə.

Müharibə insanların təkcə fiziki, sosial durumuna deyil, psixoloji vəziyyətinə də təsir edir. Bu, həm döyüş, həm də arxa cəbhə üçün belədir.

Müharibə insanın qorunma instinktini hərəkətə gətirir, güvən duyğusunu zəiflədir və iradəsini təsir altına salır. Həssas insanlar – uşaqlar, yaşlılar, xəstələr, əvvəllər psixi sarsıntı keçirmiş insanlar daha tez təsirə düşür. Depressiya və sinir sisteminin fəaliyyətinin pozulması insanların sağlamlığına da mənfi təsir edir. Nəticədə alergiya, astma, revmatizm, aritmiyalar, qan xəstəlikləri meydana çıxa bilir.

Müharibə zamanı yaranan ruhi travma fiziki yaralarda daha gec sağalır!

İnsanlar aqressiyaya meylli, tənqidə dözümsüz hala düşür, qayda-qanuna əməl etməkdən qaçırır.

Sosial şəbəkələrə girişin məhdudlaşdırılması bu baxımdan məqsədəuyğundur. İnsan sanki “başını itirmiş” haldadır və dəqiqəbaşı ağlından keçəni yazıb paylaşmağa çalışır. Və xeyli adam buna görə ətrafdan haqlı qınaqlara düçar olur. Və ya fiziki, psixi gərgin insanlar kiminsə fikrindən qıcıqlanıb onu linç etməyə çalışır. Bu, olduqca təbii prosesdir. Kimisə damğalamaq lazım deyil, sadəcə hərə öz adına bir az təmkinli olmağa çalışmalıdır. Bizdən yaşda kiçik oğullar döyüşlərdə şəhid olduğu bir vaxtda bu bizim borcumuzdur, hətta.

Elə öz vicdanımız qarşısında da!

Döyüşdəki insanın psixologiyası necədir bəs?

Mülki həyatda ölüm təhlükəsi haqqında düşünməyən bir insan döyüşün ortasındadır. Gündəlik ehtiyacları, yemək, yuxu tələbatının ödənilməsi pozulub. Sağ qalmaq instinkti və ölüm təhlükəsinin bərabərində gətirdiyi gərginlik...

Vətən üçün ölməyi müqəddəsləşdirən əsgər bu qorxuları yenə bilir.

Qərarlı və ümidli olmaq – bir əsgəri qələbəyə aparan ən önəmli nüanslardır.

Və bir də, əlbəttə, haqqın sənin olduğu, sənin haqq yolunda olduğunu dərk etmək!

Biz kimisə öldürmək üçün yox, öz torpaqlarımızı qaytarmaq, xəritəmizin yarımçıq hissələrini tamamlamaq üçün döyüşürük.

Cəmiyyətin heç bir siyasi baxış, dini mənsubluq, sosial mövqe fərqi olmadan birlik, ümid və inamla birləşməyi, orduya güvənməyi psixoloji olaraq vacibdir.

Psixoloji qələbənin fiziki reallaşması labüddür!

Müharibənin amalı qarşı tərəfi döyüşə bilməyəcək hala gətirməkdir. Bunun ən kəsə yolu da qarşı tərəfin döyüş arzusunun itirilməsinə nail olmaqdır. Haqsız olduğunu içində dərk edən hər bir erməni əvvəl-axır təslim olacaq. Bura çatana qədər isə şəhidlər verəcəyik.

Təəssüf ki, bu kiminsə qardaşı, atası, dostu, doğması olacaq.

Biz bunu istəmirik, amma başqa yolu da yoxdur.

Qələbə döyüşsüz verilmir.

Bizim bu qələbəyə ehtiyacımız var.

Uşaqlarımız da bizim kimi xronologiya, itirilmiş torpaq adlarını əzbərləyə-əzbərləyə böyüməsinlər deyə.

Otuz il nənələrinin, analarının səsindən nisgilli bayatılar dinləməsinlər deyə...

Azərbaycan əsgəri, dualarımız səninlədir.

Allah da sizinlə olsun!

# 7942 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #