Sevdanın “Seçimi” – Belə tənqid olmur!

Sevdanın “Seçimi” – Belə tənqid olmur!
26 iyul 2024
# 17:00

Ötən gün Xəyal Rzanın "Maya" filmi haqqında kinoşünas Sevda Sultanovanın tənqidi yazısını dərc etmişdik.

Kinoşünasın fikrincə, "Maya" film deyil. Üstəlik, müəllif kinematoqrafik materialı zay edib.

Kulis.az Xəyal Rzanın cavab yazısını təqdim edir.




Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun məzunu, teatrlardan birinin istedadlı redaktoru Sevda Sultanova “Maya” filmi haqqında yazıb. Sağ olsun. Ömər demiş, maraqlı yanaşmadı.

Əvvəlcə onu deyim ki, “Maya” məhdud imkanlarla çəkilmiş qısametrajlı sənədli filmdi və bir qadının həyat hekayəsindən bəhs edir. Üstəlik, “Maya” bu sənətə yeni qədəm qoyan bəndənizin ilk işi idi və həm də kurs işi... Yəni qüsurlar məlum idi, təbii idi. Qüsurdu da, hamıda var, hər yerdə var, hər şeydə var. İkincidə yaxşı, üçüncüdə çox yaxşı, dördüncüdə daha yaxşı, beşincidə daha da yaxşı olarsan.

Əziz Sevda xanım isə bu məsələyə monopolist yanaşıb. Qüsurları sadalayıb, yol göstərmək, uğur diləmək, motivasiya vermək yerinə, baltanı kökündən vurub. Balta da dəbdədi son günlərdə.

Sevda Sultanovanın yazısını oxuduqca onun “Azərbaycan” kinoteatrında AKİ tərəfindən təqdim edilən bəzi filmlərə tərif vurmasını xatırladım. Həmin “bəzi filmlərə” biz dişimizi dişimizə sıxıb, güclə sona qədər tamaşa edə bilmişdik.

Yazı ədalət və səmimiyyətlə yazılsaydı, cavab verməzdim, ancaq ilk cümlədən davamını təxmin etmək olur... Yəni müəllif xeyirli fikir söyləməkdən uzaqdı. Ola bilərmi, bu bir qəsd olsun?! Bilmirəm! Amma sondakı məntiqsiz əminliyi əbəs yerə deyil, zənnimcə.

Belə tənqid olmur e, olmur!

Sənədli film necə olur? Necə olmalıdı?
Məncə, məhz bu məqamda Sevda xanımın ssenari müəllifi olduğu, yanılmıramsa, böyük qrant hesabına çəkilmiş “Seçim”indən danışmaq olar.

Əcəba, “Seçim” sənədli filmdimi? Üç tanınmış şəxsin müsahibəsindən ibarət bir televiziya materialına “film” sözünü yapışdırarkən, yaxşı maliyyəsi olmasına baxmayaraq, böyük komanda ilə çəkilməsinə baxmayaraq, olduqca naşı bir işə film deməyə Sevda xanımın kino zövqü və kino duyumu necə imkan verib?!

Üç adamı kamera qarşısında otuzdurub, televiziya estetikasında müsahibə götürüb, bir-iki mənasız kadr da əlavə edib, adını da “film” qoymaq olarmı?
Əgər o sənədli filmdirsə, belə bir kinematoqrafik material, gözləri ağrı və kədərlə dolu, əsl kino qəhrəmanı olan Mayanın danışdıqları, həyatı niyə sənədli film olmasın?

“Maya”nın ən böyük uğuru elə “Mayanın həyatından film olar” ideyasındadı. Əlbəttə, onunla evlilikdən bu yana Bərdədə yaşayan ərəbin həyatı da əsl filmdi. Maya ərəbdən danışırsa, həyatının əhəmiyyətli məqamında həmin ərəb varsa, şəhidin atası ərəbdisə, “hekayəyə məzmunca yeni rəng, kontekst gətirməyən ərin mənasız müsahibələrinə ehtiyac yoxuydu” fikri ədalətli yanaşmadımı? “Maya” ermənilərin bizim tərəfimizdə ərəb terroristlərin vuruşmasına dair şərləməsinə ən tutarlı cavabdı: “Bizdə bir ərəb vuruşub, o da öz ərəbimizdi!"

Bir də, “Azərbaycan dilində nə danışdığı bəlli olmayan” deyə ittiham edilən dəvəsi ölmüş ərəb, heç olmasa, dərdini bizim dildə başa salmağa çalışır, hər halda, öz dilmizdə çəkilən “Seçim”dəki “bezpridel” söhbətindən daha uğurludu.

Mayanın 8 saatlıq, ərəbin 1 saatlıq müsahibəsindən 36 dəqiqəlik bir film alındırmışıq. Maya hələ də ərəbə yemək bişirib aparır. Üstəlik, həyətdəki pişiyinə də baxır. Filmdə Mayanın gündəlik həyatı əks olunub. “Seçim”də isə mətbəxdə çəkilən müsahib “film”in ortasında çay dəmləməyə başlayır. Mən görkəmli kinorejissor Oktay Mir-Qasımın tələbəsi olmuşam. Ondan öyrəndiyim vacib məsələlərdən biri “sənədli filmdə qəhrəmanı aktyor kimi oynatmaq olmaz” məsələsidi. “Seçim”in həmin məqamında kişi müsahibə rejissor tərəfindən çay dəmləmək tapşırığının verildiyi gün kimi aydındı. Bax, əsl Xoşqədəmin verilişinin üslubu, "Həmin Zaur"un üslubu, o birisi Zaurun üslubu budu.

Yeri gəlmişkən, “Maya”dan sonra “Zoya” filmini çəkmək istəyirdim. Ermənistanın keçmiş müdafiə nazirinin Kürdəmirdə yaşayan bacısını. Filmdə Maya ilə Zoyanın həyatı, yaşadıqları müqayisə ediləcəkdi. Olmadı. Razılaşmadı. Sağ olsun, Mir Şahin bəy də cəhd elədi, yenə alınmadı.

“Seçim”lə bağlı son, seçimlə bağlı ilk iradım: Müsahibələri götürən dostumuza demək lazım idi ki, çəkiliş zamanı gah burnu, gah ağzı, gah çənəsi, gah qulağı ilə oynamasın. Bu, heç də modern üslub deyil, ümumiyyətlə, üslub deyil, estetik deyil!

Gəldik seçimə. Sevda xanım yazısında vurğulayır ki, mən İncəsənət Universitetinin tələbəsiyəm. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdim. Pis çıxmasın, fərqlənmə ilə. Prezidentin Sərəncamı ilə təhsildə yüksək nailiyyətlərinə görə Heydər Əliyev təqaüdünə layiq görülən Respublika üzrə 100 tələbədən biri oldum. Bu, mənim seçimimdir. Zaman nəyi diktə edər, bunu nə mən bilə bilərəm, nə Sevda xanım. Amma Sevda xanım gül kimi ixtisasını kənara atıb, niyə kinoşünas olmağı seçib, onu bilmirəm. Mən onun zəhmətini, özünü bu sahədə sınamaq cəhdini dəyərləndirirəm. Amma əmin olmasam da, deyirəm ki, olmayan kinomuz Sevdasız da keçinər. O kinoşünas olmasa, kinomuz nəsə itirməz, nəsə qazanmasa da.

Növbəti filmlərdə görüşənədək.

Filmin sonu.

# 2646 dəfə oxunub

Müəllifin son yazıları

# # #