Allah bizi qəbul eləsin!

Allah bizi qəbul eləsin!
15 oktyabr 2013
# 07:15

Bir dostum var. Anası haqda elə səmimi danışır ki, kimin kimi doğduğu məlum olmur:

- Anamın o qədər qurbanı var ki... Atamın, qardaşımın qorxusundan səsini çıxartmır, amma inan ki, əlinə iki min manat versən, hamısını aparıb verəcək qoyuna. Yəni o qədər qurbanı yığılıb qalıb. Elə arada söz düşəndə yavaşca deyir ki, “Mənim qurbanım var e...” Hamı vurur eşitməzliyə...

- Anan işləyir?

- Yox, ömrü boyu evdar olub. İndi də 140 manat təqaüd alır...

Möcüzəni ancaq böyük inamla yaratmaq olar. Məsələn, aylıq gəliri 140 manat olan bir ağbirçək rastlaşdığı hər problemi qurbanla həll edəcəyini hesab edir, yaxud 140 manatla çözə bilmədiyi bütün dərdləri qurbanla həll edəcəyinə ümid edirsə... (Necə də olsa, qurban deməklə düzələn iş, nisyə mal almaq kimi bir şeydi) Bu ancaq möcüzə ola bilər!

O ana inamını itirsə, əlindəki 140 manatla çox qorxulu olacaq... Qorxulu və təhlükəli. İnanc itəndən sonrası qorxuludur...

Bax, deməyə bilmirəm... Axı 140 manat təqaüd alan insanın harasına yaraşıb qurban demək? Deyək ki, onun özünün qurban olduğundan xəbəri yoxdu, bəs qurban olduğum görmür ki, bu adamın özü qurban kimi bir şeydir?

Axı bizi də kimsə, nə zamansa, kiməsə qurban deyib...

Biz də kimlərinsə qəbul olunmuş qurbanlarıyıq...

Bəzilərimizi hələ də qəbul etməyib... Hələ də o günün gələcəyi intizarı ilə gözümüz yoldadır...

Qoyunu yenə əlamətdar bir hadisəyə qurban kəsirlər, bizi isə quru-quru qurban deyiblər... Səbəbsiz – filansız... Ola bilsin biz lap əyləncə qurbanlarıyıq... Elə belə, gənclər demiş, “mırta”...

Kəsməyən bıçaqları hələ də boğazımıza sürtürlər. Bu işgəncəni insana verməzlər! Ya bizim də yerimizə bir qurbanlıq göndər, ya da bizi qəbul et!

P.S. Bayramlarla işim olmaz, Allah bizə ürəkdən “Sənə qurban” deyənləri başımızdan əskik eləməsin! Onların varlığı bizim bayramımızdır!

# 3098 dəfə oxunub

Müəllifin son yazıları

# # #