Kulis.az Vüqar Babazadənin “Azalt” adlı yazısını təqdim edir.
Keçən həftələrin birində tanınmış ictimai-siyasi xadim, deputat Tahir Kərimlinin belə bir çıxışı qarşıma çıxdı. Tahir Kərimli deyirdi ki:
“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Region ölkələri ilə müqayisədə Azərbaycanda təyyarə biletləri bir neçə dəfə bahadır. Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı oturtmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”.
Daha sonra dünən xəbər yayıldı ki, Moskva və Tbilisidəki səfirliyimizin qarşısında, quru yolu ilə ölkəyə keçmək üçün icazə gözləyən vətəndaşlarımıza deyilib ki, çıxın gedin, icazə ilə giriş ləğv olundu.
Quru sərhədi tam qapadıldı!
Mən başa düşə bilmirəm, quru sərhədlərini nə üçün açmırlar? İnanın Allaha, hər gün bu sual haqqında xeyli düşünürəm, amma bir nəticəyə gələ bilmirəm. Niyə yolları bağlayıb camaata əzab verirlər? Dünyanın bir çox inkişaf etmiş ölkələrində quru sərhədləri açılıb, camaat şad-xürrəm qatarlarla, maşınlarla səyahət edir. Amma bizdə isə nəinki açmaq haqqında düşünürlər, nə qədər səsimizi çıxarırıq bir az daha sərtləşdirirlər.
Hələ səyahət edən adamları qoyuram bir qırağa. Tutaq ki, səyahət edən adamlar öz keflərinə görə sərhədlərin açılmağını istəyirlər. Tutaq ki, bizim insanların, əsasən də, kasıb təbəqənin istirahət etməyə haqqı yoxdur. Bunu hardasa və necəsə başa düşmək olar. Yaxşı, bəs o sərhəddə gözləyən adamlara, bir tikə çörək üçün qürbətdə ayaqdöyən insanlara niyə əzab verirsiz? Onları nə üçün sərhədlərdə gözlədirsiz?
Doğrudan, başa düşmürəm. Əgər kimsə bu məsələdə bir hikmət görürsə, zəhmət olmasa mənə izah etsin. Konkret sualım budur: “NİYƏ QURU SƏRHƏDLƏRİNİ AÇILMIR?”
Ağılsız adam da deyiləm ha, quşu qanadından tanıyıram. Amma bu sualın cavabını heç cür tapa bilmirəm.
Quru sərhədlərini heç, bu məsələ hələ qalır. Ümid edək ki, tezliklə həll olunar, adamlar rahatlıqla səyahət edərlər, sərhədlərdə qalan soydaşlarımız vətənlərinə rahatlıqla keçə bilərlər.
İndi sizə kimdən deyim, kimdən danışım, adı gözəl, özü gözəl “AZAL”dan. Həmin, “Azərbaycan Hava Yolları” (AZAL) ki, böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşımışdır.
Yaxşı, çox gözəl. Biz qalib dövlətin vətəndaşları olaraq “AZAL”a 2 milyondan çox sərnişini sağ-salamat daşıdığına görə dərin minnətdarlığımızı bildiririk. “AZAL”a çox sağ ol deyirik, üzündən öpürük. Minnətdarıq.
Bəs, yaxşı “AZAL”dan biz və hörmətli deputatımız Tahir Kərimli nə istəyirik? İlin-günün bu vaxtı niyə “AZAL” haqqında yazı yazıram? Əlbət ki, bu sualları dəyərli oxucularımız düşünə bilərlər. Ona görə də çox uzatmayaq, keçək mətləbə. Mus, Mus, Mus deyincə, adam gərək Mustafa desin.
“AZAL”ın biletləri o qədər bahadır ki, mən Tahir Kərimliyə haqq qazandırıram. Vallah, hazırda orta və kasıb təbəqənin “AZAL”la uçmağındansa, qanad çıxarıb uçmağı daha inandırıcıdır. Mən hətta təklif edirəm ki, qayıdaq keçmişə uçan xalçalar tapıb, onlara minək. Yoxsa hazırkı şərtlər altında “AZAL”la uçmaq qeyri-mümkündür.
Mənim xarici ölkə səfərlərim, təyyarə təcrübəm heç vaxt olmayıb deyə, düzü, “AZAL”ın qiymətləri gözümə o qədər də baha görünmürdü. Elə bilirdim, elə belə də olmalıdır. Amma bir az araşdırdım, bir az tez-tez uçan, gəzən dostların yazdıqlarını gördüm, dəhşətə gəldim.
Tiflisə gediş-dönüş bileti 370-440 AZN arası dəyişir. Bu gediş-dönüş biletinin qiymətidir. Tək gediş bileti almaq daha çox sərf edir. Dönüş biletinin qiyməti elədir ki, Tiflisdən qatarla Batumiyə, Batumidən avtobusla İstanbula, İstanbuldan təyyarə ilə İzmirə gedib İzmirdən də Bakıya uçsan yenə xeyirə qalırsan. Şeytan deyir ki, təkcə gediş bileti al, çıx get burdan, “AZAL”dan da, oranın sədri Cahangir müəllimdən də küs, birdəfəlik tərk elə buraları. Çünki qiymətlər şərti olaraq adama onu deyir. Əgər lazımlı adamlar olsaq, biletləri elə qiymətə qoyarlar ki, gedib gəzəndən sonra geri də qayıda bilək.
Bakıdan-İstanbula gediş-dönüş bileti 800 AZN-dir. Tbilisidən-İstanbula gediş-dönüş bileti isə 480 AZN-dir.
250 manat təqaüd, 300-500 manat maaş alan ölkədə Bakı-Moskva bilet qiyməti 1400 manatdır. Bunu “AZAL” təyin edir. Nə Nazirlər Kabineti, nə Tarif şurası. Bu bahalı biletləri “AZAL” müəyyən edir. Hələ, deyəsən, şirkətin dövlətə 2 milyard borcu var (bunu nə qədər doğru olduğunu bilmirəm).
Adamlar narazıdır. Vaxtilə alınıb, geri qaytarılan biletlərin pulları geri ödənilmir. Hər kəs zar-zar ağlayır. Bütün variantlarda biletlər çox bahadır. Quru sərhədlərini açmırlar deyə, insanların başqa seçimi qalmayıb. Məcbur olub, elə bahalı biletləri alırlar. Dünyanın mərkəzi şəhərlərinə birbaşa uçuş reysləri yoxdur. Çünki biletlər çox bahadır deyə, heç kim istifadə etmir. Millətə bilet satılıb, amma uçuşlar təxirə salınır.
Hələ qiymətləri qoyaq bir qırağa. (Hər şeyi qırağa qoya-qoya gedirik, Allah kömək olsun).
Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq.
Yaxşı, çox gözəl. İndi belə bir sual yaranır. Tutaq ki, mənim pulum bitib və ailəmdən, dostlarımdan xahiş etmişəm ki, kimsə mənə bilet alsın. Bilet alan adam Bakıda, mən isə Naxçıvandayam və ya başqa ölkədəyəm. Mənə bilet alan adamın sənədini haradan almalıyam? Bu suala da, zəhmət olmasa, dəyərli “AZAL” kollektivi cavab versələr, çox məmnun olarıq.
Ümumiyyətlə, sosial mediadakı ümumi rəyə fikir versəniz görərsiniz ki, hər kəs “AZAL”a nifrət edir. Yəni bir dövlət qurumundan bu qədər şikayət, bu qədər narazılıq bəs deyilmi? Şirkətin rəhbəri, köməkçiləri bir qram bu xalqı düşünmürmü?
Bu haqsızlığı dərk etmək lazımdır. Haqsızlığı dərk edəndən, anlayandan sonra ona etiraz etmək də olur. Dərk etmək lazımdır ki, “AZAL” qətiyyən bu ölkənin adamlarını vecinə almır. Heç nəyə fikir vermədən, qaldırdıqca qaldırırlar. Nə quru sərhədləri açılır, nə “AZAL” qiymətlərini aşağı salır.
Mədəni formada deyirlər ki, kasıblar səyahət etməsinlər. Kasıblar niyə səyahət edirlər axı? Kasıb hara, xarici ölkə hara? Kasıb yayda da, qışda da, payızda da öz torpağında qalmalıdır, bir sotluq ərazisinə təhkim olmalıdır. Kasıb uzaq başı Şamaxıya-filan gedib, 50-60 manata yolüstü kabab yeməlidir, rəsədxanada bir-iki meteor şəkli çəkməlidir, ordan İsmayıllıya keçib yolda meşəlikdə bir az dayanıb, nəfəsini dərməlidir, daha sonra Qəbələyə gedib bir az bahalı restoranların ətrafında hərlənməlidir, axırda da çıxıb qayıtmalıdır torpağına. Orta-statistik bir adam ölkəmizdə, əsasən, belə dincəlir.
Əgər buna dincəlmək demək olarsa.