Röyadan Aygün haqqında şok açıqlama

Röya, Aygün Kazımova

Röya, Aygün Kazımova

12 sentyabr 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin "Həyatın fabulası ətrafında - 2" adlı yazısını təqdim edir.

Özü üçün işləyən adam qarnını dolduran heyvana bənzəyir. Ləyaqətli adam insanlıq üçün çalışar.

A.Kunanbayev

Əslində, bu yazının Aygün və Röyaya heç bir dəxli yoxdur. Sadəcə, nə edək, iş elə gətirdi ki, ciddi söhbətləri, demək istədiyin vacib məsələləri çatdırmaqdan ötrü gərək hərdən bu yollara da əl atasan.

And olsun müqəddəs muğamın pərişan zülfünə, insan hər zaman öz ağlını hissinə qurban verir. Bilir də ki, düz eləmir, uçuruma atılır, amma eləyir. Çünki ağılda dad yoxdur. Dad hissiyyatda var. Ağıl dadları öldürür, hissiyyat isə dadları alovlandırır.

Həyat insanı dəli edir. Doğrudan, düz sözdür. Həyat insanı dəli edir. İkinci dəfə yazdım ki, bir daha oxuyasınız. Sual oluna bilər ki, həyat insanı necə dəli edir? Kimsə deyə bilər ki, həyat insanı dəli etmir. Onlarla işimiz yoxdur.

Həyat insanı ona görə dəli edir ki, adam, ağıla yox, hisslərə güvənir. Məsələn, dadlı bir yemək yeyirsən. O qədər dadlı yemək olur ki, istəyirsən ömrünün axırına kimi doymayasan, ömrünün sonuna kimi ancaq bu yeməyi yeyəsən. Belə hallar həmişə olmasa da, bəzən bu xoşbəxtlik adama qismət olur.

Bir dəfə, “palatka” toyunda bir aş-qara yemişdim. Allah, allah. O necə aş qara idi? Hər qaşığında həzzin son həddinə gedib çatırdım. Orqazm-filan hamısı yalan olardı o həzzin yanında. Ağzımda hər bir düyünün dadını hiss edirdim. Düyülər bir-bir canlanıb mənimlə danışırdılar. Əsl ləzzət idi. Bax onda arzulayırdım ki, kaş ömrümün axırına kimi bu “palatka” toyunda oturub bu aş-qaradan yeyim-yeyim.

Bəli, həmin an, yəni aş-qaranın ləzzətindən bihuş olduğum an, ağlım başımdan uçmuşdu. Doğrudan da, bihuş olmuşdum. Həyat məni dəli eləmişdi. Həmin an bir cin gəlib mənə desəydi ki, ey bəni-adəm, nə istəyirsən dilə məndən. Həmin dəqiqə diləyərdim ki, ömrümün sonuna kimi “palatka” toyunda oturub, o plovu yeyim. Niyə? Çünki dəli olmuşdum. Ağlım toz kimi ələnib getmişdi.

Başqa bir misal, gözəl bir mənzərə görürsən, gözlərin həmin mənzərənin gözəlliyində ilişib qalır. Tüklərin tikan-tikan olur. Gözəl mənzərə qarşısında özünü, ağlını tamam-kamal unudursan. Beləcə, həyat səni yenə dəli edir. Dəli olduğun an, allahın maskurası çartlayıb, sınır. Başlayır göy dammağa. El dili ilə desək, elə bir yağış yağır ki, tut ucundan göyə qalx. Bu hadisə sənə o qədər fövqəladə dərəcədə gözəl təsir bağışlayır ki, özünü saxlaya bilməyib, gedirsən yağışın altında qalırsan, onu hiss etmək istəyirsən. Bax bunlar hamısı dəliliyin əlamətləridir. Yağış kəsəndən, duman çəkiləndən sonra pafos, bəlağət də çəkilib gedir. Səhəri gün görürsən ki, xəstələnmisən. Bəli. Həyat adamı belə dəli edir.

Yaxud sevirsən. Yenə el dili ilə desək, qarnında kəpənəklər uçuşur. Elə bilirsən, dünyanın ən xoşbəxt adamı sənsən. Ya da ömrünün sonuna kimi xoşbəxt olacaqsan. Hamını sevirsən, hər kəslə xoş rəftar edirsən. Çünki həyat sənin ağlını əlindən alıb. Dəli edib. Sonradan bu dəliliyin fəsadlarını çox çətinliklə ödəyirsən.

Sözümün canı odur ki, xoşbəxt olduğun anlarda, sanki dəli olursan. Elə bədbəxt olduğun anlarda da dəli olursan. Ümumiyyətlə, fikrimizi cəmləsək, belə bir nəticə hasil olur ki, hissləri ilə yaşayan insanlar gec-tez dəli olacaqlar. Buna fəlsəfədə empirizm deyirlər. Yəni insan doğularkən ağ vərəq olur və düşüncələrini təcrübə yolu ilə qazanır. Əslində, son iki cümləyə (buna fəlsəfədə empirizm deyirlər. Yəni insan doğularkən ağ vərəq olur və düşüncələrini təcrübə yolu ilə qazanır) ehtiyac yox idi. Sadəcə özümü ağıllı göstərmək üçün yazdım. Olan işdir.

Biri də var ki, ağıllı adamlar. Yəni ki, həyat onların ağlını əlindən ala bilmir. Hissləri ilə yox, ağılları ilə yaşayırlar. Onlar da qəribə insanlardır. Gəlin hamımız bir yerdə elə insanlara qibtə edək və hörmət əlaməti olaraq bu yazını onlara həsr edək. Çünki hər kəs ağılla yaşaya, öz hisslərini boğa, dəlilik etməyə bilmir. Ağılla yaşayan adamlar, əlbəttə, sizin də ətrafınızda var. Onlar tutaq ki, maaş aldılar. Dərhal dost-tanışı çağırıb geninə-boluna yeyib-içmirlər. Yaxud sevəndə deyirlər ki, gərək qız Hüqo, Dostoyevski, Neruda, Füzuli nə bilim Nitsşe, Kant oxumalıdır. Axı nəyə lazımdır bunlar, başa düşmək olmur? Hüqo, Dostoyevski istəyirsənsə, Seymur Baycana, Neruda istəyirsənsə Şəhriyar del Geraniyə, Füzuli istəyirsənsə Fərid Hüseynlə, Şərif Ağayara, Nitsşe, Kant oxumaq istəyirsənsə kimə istəyirsən, müraciət edə bilərsən. Söz gəlişi, son vaxtlar, ölkəmizdə zəhmətkeşlərimiz Nitsşe və Kantdan hər yerdə danışır, daim onları oxuyurlar. Olan işdir.

Hə, yəni ki, bu da belə. Qızın nəyinə lazımdır Kant, sən Allah? Düzdür, seksistlik etməyək, əgər çi, gözüüüüm üstə, bağışlayın, “çi” görən kimi məşhur şeir yadıma düşür, özümü saxlaya bilmirəm, hansısa qız istəyirsə, Kant oxumaq. Ona fəlsəfənin tozlu yollarında uğurlar diləyə bilərik. Belə bir azadlığımız var ki, kim nəyi istəyir, onu da oxuya bilər.

Amma insafnan yanaşaq, səhv etmirəmsə, Telli Borçalı demiş, insaf da yaxşı şeydir. Bəli, insafla yanaşanda görürsən ki, doğrudan da, qızların əksəriyyəti bayaq saydığımız müəllifləri heç tanımırlar belə. Açığı heç oğlanlar da tanımır, sözüm onda yox. Doğrudan da, yazının bu hissəsi çox mənasız alındı. Yazıb gördüm ki, ortada heç bir problem yoxdur. Hər iki cinsin nümayəndələri də bircə dənə kitab oxumurlar. Olan işdir.

Ağıllı adamlar darıxdırıcı olur. Oturursan bit tikə çörək kəsməyə, deyir ki, “Qarqantua və Pantaqruel” kitabı haqqında nə deyə bilərsən? Yaxud sənə bir sənət, nə bilim elmi video göstərir. Deyə də bilmirsən ki, ay qardaş, mən elə şeylərə baxa bilmirəm. Ürəyim çəkilir. Mənimki ancaq meyxanadır, “Kurtlar Vadisi”dir. Adamı danlayırlar ki, niyə sistemli yox, pərakəndə yaşayırsan? Niyə boşandın? Niyə kimisə döydün? Niyə kəsrin oldu? Niyə səhv elədin? Gəlirsən, deyirsən ki, mən işdən çıxmağa qərar vermişəm. Soruşur ki, niyə çıxırsan, dəlisən? Deyə bilmirsən ki, bəs nə bilmişdin, dəliyəm də. Deyirsən ki, tutaq ki, müdirimiz işçilərin haqqını yeyir. Əsəbiləşirəm hər gün işdə. Hamısı murdar qadınlar, kişilərdir. Bir-birinin arxasınca danışırlar. Deyir ki, sənin başında çatmır, deyəsən. Adam da kollektiv pis olduğu üçün işdən çıxar? Sən havalanmısan?

Bəli, bunlar şübhəsiz ki, dəli olmağın fəsadlarıdır. Bəlkə, yox, bəlkə yox, elə, həqiqətən də, adam boşanmaz, adam kimisə döyməz, kəsri olmaz, səhv eləməz. Amma nə edək? Biz hisslərimizlə yaşayan adamlarıq. Şəxsən, mən, eləyəm. Biri deyəndə ki, sənin biologiyadan başın çıxmır. Sən riyaziyyatdan heç nə bilmirsən. Qəti incimirəm, xətrimə dəymir. Amma kimsə desə ki, sən vicdansızsan, paxılsan, ömrümün sonuna kimi düşünərəm ki, görəsən, niyə mənə belə dedi? Onsuz da, hərə bir cür dəlidir. Amma bir cür var, bir cür var. Nəsə, bu söhbəti uzatmağın adı yoxdur.

İnsan yalnız nəfsində, sevgisində, istəyində özüdür. O, özü olanda eqolaşır. Eqolaşanda cəmiyyətlə qarşı-qarşıya dayanır. Toplumla qarşı-qarşıya dayananda qadağanı pozur. Günah işlədir. Günah işlədəndə anlayır ki, cəza mütləqdir. Cəzadan yayınmaq üçün günahını azaltmaq üçün xeyirxahlığa əl atır, tanrıya yaxınlaşır, tanrılaşmaq istəyir. Əslində, bu bir düşüncə oyunudur. Çünki cəza tanrının neqatividir, xeyirxahlığın astarıdır.

Sözümüz ağıllı adamlardan düşdü, istərəm, sizə bir sufiyanə pritça danışım. Bu pritçanı mənə İstanbulda yaxın dostlarımızdan biri Ramil Əhməd danışıb. Yadımda qalan kimi yazacağam.

Günlərin bir günü imiş. Qədim diyarlardan birinin padşahı yüz minlik qoşunu ilə harasa gedəcəkmiş. Qoşun yola düzəlir, az gedirlər, üz gedirlər, dərə-təpə düz gedirlər. Gəlib çatırlar bir yola. Görürlər ki, bu yolun üstündə arif bir qoca əyləşibmiş. Bu arif qoca cında paltarlar geyinmişdir. Üzündə şəvə kimi saqqal. Dırnaqları kirin-pasın içində. Dalğın və fikirli halda göy üzünə baxır. Bir əsgər göndərirlər, getsin desin ki, bəs ay qoca, dur rədd ol yolun üstündə padşah yüz minlik ordusu ilə burdan keçəcək. Sənə görə qalıb.

Əsgər gəlib bu sözləri qocaya çatdırır və deyir:

– Sən kimsən ki, bu boyda qoşunu və padşahı saymırsan?
Qoca əsgərə bir xeyli baxıb deyir:
– Bəs sən kimsən?
Əsgər cavab verir:
– Mən əsgərəm.
Qoca soruşur:
– Səndən böyük kimdir?
Əsgər cavab verir:
– Məndən böyük yüz başıdır.
Qoca soruşur:
– Bəs ondan böyük kimdir?
Əsgər cavab verir:
– Ondan böyük min başıdır.
Qoca soruşur:
– Bəs ondan böyük kimdir?
Əsgər cavab verir:
– Ondan böyük ordu komandiridir.
Qoca soruşur:
– Bəs ondan böyük kimdir?
Əsgər cavab verir:
– Ondan böyük vəzirdir.
Qoca soruşur:
– Bəs ondan böyük kimdir?
Əsgər cavab verir:
– Ondan böyük padşahdır.
Qoca soruşur:
– Bəs ondan böyük kimdir?
Əsgər cavab verir:
– Ondan böyük Allahdır.
Qoca soruşur:
– Bəs ondan böyük kimdir?
Əsgər cavab verir:
– Ondan böyük heç kimdir.
Qoca cavab verir:
– Bax mən o heç kiməm. İndi isə padşaha de, getsin sürüşsün burdan.

Bax belə, əziz dostlar. Pritçamız necə idi? Bəyəndiniz? Bəyəndinizsə, rəylərdə “Vüqar Babazadə yek” yazmağınızı sizdən xahiş edirəm. Ən tez “Vüqar Babazadə yek” yazan ilk iki nəfərə bahalı hədiyyələrimiz olacaq. Kulis.az-a bu fürsəti mənə yaratdığı üçün dərin təşəkkürlərimi çatdırıram. Hətta bahalı hədiyyələri də onların boynuna qoyacağam.

# 19422 dəfə oxunub

Müəllifin son yazıları

# # #