Qaraca qız axmaqdır - Vüqar Van

Vüqar Van, gənc yazar

Vüqar Van, gənc yazar

27 iyul 2024
# 09:00

Kulis.az Vüqar VanınBelə qəmli dayanmaadlı yeni yazısını təqdim edir.

El üçün ağlayan gözsüz qalar

Atalar sözü

“Qaraca qız” filminə hər dəfə baxanda bərk məyus oluram. Süleyman Sani Axundovun heç bir hoqqabazlığa və əzələ nümayişinə yol vermədən yazdığı hekayəni oxuyanda da, Şamil Mahmudbəyovun heç bir hoqqabazlığa və əzələ nümayişinə yol vermədən çəkdiyi filmə baxanda da... Uşaq ikən də baxıb bu belə idi, indi də bu belədir. Uşaq ikən televizorda haçan “Qaraca qız” filminə baxırdımsa, neçə gün özümə gələ bilmirdim. Bu cür emosiya dolu, səmimi filmlər, məncə, insana istənilən yaş dövründə təsir edir.

“Qaraca qız” filmi zəlzələ səhnəsi ilə açılır. Yoldan keçən qaraçılar zəlzələ nəticəsində dağılan, yanan, viran qalan kəndin camaatını xilas etmək üçün kəndə qaçırlar. Qaraçı qızı Yasəmən dağıntılar arasından sağ çıxmış Tutunun – Qaraca qızın yiyəsiz olduğunu görüb, onu da özüylə götürür və qəhrəmanımızın səyahəti başlayır. Tutunun ata-anası zəlzələdə ölürlər və Qaraca qız Tutu çevrilib olur Qaraçı qız Tutu.

Filmdə görürük ki, qaraçılar bir yerdə dayanmırlar, kənd-kənd, şəhər-şəhər gəzirlər, oynayırlar, oxuyurlar, camaat üçün kiçik tamaşalar çıxarırlar, hətta Qaraca qızı himayəyə götürən Yasəmənin qardaşı Yusif ayı saxlayır, ayını oynadır, camaatı əyləndirir. Qaraçılar o vaxtın aktyorları kimi bir şey imişlər. Bəlkə də, uzun müddət aktyorluq sənətinə pis baxılmağının bir səbəbi də bu imiş: Aktyor = qaraçı.

Son zamanlar, Bakıda qaraçıların sayı həddindən artıq çoxalıb. Nə yalan deyim, burda yalan danışmaq mənə yaraşmaz, “Qaraca qız” filminə baxanda təsirlənsəm də, həyatda qaraçılar adamın zəhləsini tökürlər. Hansısa kafedə, restoranda oturursan, hər yarım saatdan bir gəlib səni narahat edirlər, bezdirirlər, öz dillərində əcaib-qəraib səslər çıxarırlar, yapışıb əl çəkmirlər. Pul verməyəndə adamı təhqir belə edirlər.

Bu yaxınlarda çox qəribə bir mənzərə ilə rastlaşdım.

Dostlarla bir çayxanada oturub söhbət edirdik. Söhbət əsnasında bir qaraçı qızı bizə yaxınlaşıb pul istədi. Onun əlində yekə bir bıçaq vardı. Yaşı təxminən 19-20 olardı. Dostlardan biri soruşdu ki, “bıçağı niyə üstündə gəzdirirsən?”. Qız görün nə cavab verdi. Qızın cavabını eşidəndə dəhşətə gəldim. Qız cavab verdi ki, “kimsə mənə sataşsa, bu bıçağı ona soxacam”. Necə qəribə talelər, necə qəribə həyatlardır. Çox yaxşı xammaldır, elə təkcə o qızın həyatını çəksən, olar müasir “Qaraca qız”. Amma niyəsə heç kim bu mövzunu işləmək istəmir. Qaraçılar, qaraçıların məişəti və həyat tərzindən bəhs edən filmlərimiz çox azdır. Halbuki qaraçıların həyat tərzi, məişəti haqqında çox yaxşı sənədli, yaxud bədii bir film çəkmək olar.

Özü də əvvəllər sən demə bu qaraçılar rəqslə, incəsənətlə-filan məşğul olub, dolanırmışlar, sonradan necəsə olub dilənməyə keçiblər.

Filmi şərti olaraq iki hissəyə bölmək olar. Tutunun qaraçıların içinə düşməyi və Tutunun Hüseynqulu bəyin evində yaşamağı və başına gələn hadisələr. Birinci hissənin axırlarında onu himayəyə götürən Yasəmən, Tutunu da götürüb qəddar və əyyaş qardaşı Yusifin əlindən qaçmaq istəyir. Lakin son anda Tutu qaça bilmir (çünki Yusif onu axtarır) və özünü Yasəmənin yolunda qurban verir. Yasəmən isə qaçanda söz verir ki, “mütləq bir gün gəlib səni tapacağam”. Beləcə Yasəmən bir qaraçı oğlanla – sevgilisi ilə qoşulub qaçır və Tutu Yusifin yanına qayıdır.

Alturist Tutunun xarakteri ilk dəfə burda açılır. Sevdiyi insanların yolunda təmənnasız əziyyətə qatlaşmaq, hətta lazım gələrsə, bu yolda öz canında keçmək və nə olur, olsun, sevdiklərini darda qoymamaq, onların həyatını xilas etmək – bunlar Tutunun mahiyyətidir.

Yasəmən verdiyi sözə xilaf çıxır və qaçıb gedəndən sonra bir daha heç vaxt Tutunun yanına qayıtmır. Yasəmən obrazı, əslində, çox ziddiyyətli obrazdır. Mən rejissor olsaydım, bu ziddiyyətli, intriqalı obrazdan maksimum istifadə edərdim. Yasəmən verdiyi vədini yerinə yetirməli idi.

Tutunun ölümünə bais olan, Tutunun ilk qatili Yasəməndir.

Bundan sonra Tutu bir müddət Yusiflə yaşamağa davam edir. Yenə oynayır, camaatı əyləndirir və pul yığıb Yusifə verir. Günlərin bir günü Yusif öz ayısını Tutunun yanında bir ağaca bağlayıb çörək almağa gedir. Tutunu yuxu tutur, yatır və ayı qaçır. Yusif gəlib ayını tapa bilmir, başlayırlar bir yerdə ayını axtarmağa. Axırda ayı tapılır, Yusif ayını cəzalandırmaq üçün qamçılamağa başlayanda ayı qeyrətə gəlib, Yusifi boğub öldürür. Beləliklə, Qaraca qız Yusifin əlindən xilas olur.

Tutunun ikinci qatili ayıdır. Əgər ayı Yusifi öldürməsəydi, Tutu pis-yaxşı, bir təhər Yusifin yanında qalıb, öz gününü keçirəcəkdi. Ayı Yusifi öldürəndən sonra Tutunun qəmli, kədərli, məhzun həyat hekayəsində daha bir qara səhifə açılır.

Uzun sözün qısası, Qaraca qızı Hüseynqulu bəy meşədən tapır və onu öz evində saxlamağa qərar verir. Bəyin arvadı Pəricahan xanım da bu qaraçı qızı qəbul etmək istəmir, çünki onun da Tutu yaşında bir qızı var. O qızı üçün rus bir mürəbiyyə tutub, qızını – Xədicəni qəfəsdə böyüdür və fikirləşir ki, xan, bəy nəslindən olan bir qızla qaraçı qızı dostluq edə bilməz. Dava-dalaşdan sonra Tutunu bəyin bağbanı olan Piri babanın yanına qoyurlar. Tutu bir şərtlə bu evdə qala bilər – Xədicəylə heç vaxt danışmayacaq, görüşməyəcək.

Qaraca qızın üçüncü qatili Hüseynqulu bəydir. O Tutunun həyatını xilas etmir, öz ailəsi üçün kukla alır ki, bu kukla onun qonaqlarını əyləndirsin, yeri gələndə də qızı Xədicəylə oynasın.

Süleyman Sani Axundov hekayədə Xədicənin adını Ağca qoyub. Lakin filmdə qızın adı Xədicədir. Sözün düzü, mən bu ad dəyişməyi heç cür başa düşə bilmirəm. Yazıçı təbii ki, bu ad məsələsi ilə sinfi fərqin bədii həllini verib. Qaraca – Ağca. Birinin dərisinin rəngindən tutmuş həyatı, yaşayası, günü də qaracadır, birinin isə dərisinin rəngindən tutmuş həyatı, yaşayışı, günü də ağcadır. Amma çox qəribədir ki, filmdə Ağca adı Xədicə kimi dəyişdirilib. Bu səhvdir. Xədicənin adı Ağca olmalı idi.

Qaraca qız Piri babanın yanına gəlir. Piri baba nurani, ağsaqqal, kamil, namazlı-oruclu bir babadır. Bəri başdan Tutuya xəbərdarlıq eləyir ki, “ay qızım, sən o Xədicəylə oynama, onlar bizdən dövlətlidir, varlıdır”. Tutu isə heç cür başa düşmür ki, nə üçün onu Xədicəylə oynamağa qoymurlar. Burda bir bəşəri problemin qapısı da açılır. İnsanın dərisinin rənginə, irqinə, milliyətinə görə onu günahlandırmaq, ittiham etmək olmaz.

Tutu ağsaqqalın sözünə qulaq asmır, hər fürsətdə həmyaşıdı Xədicə ilə oynamaq istəyir. Mənasız və monoton həyatdan bezən, ciddi şeylərdən sıxılan, ərköyün Xədicə də Tutunun macəra dolu həyatına bir anda vurulur və gizli-gizli onunla oynamağa başlayır. Onlar bir müddət çox yaxşı vaxt keçirirlər, oynayırlar, meşədə qaçırlar, dağlara-təpələrə çıxırlar, quşlara baxırlar, Tutu Xədicəyə qaraçı rəqsini öyrədir.

Bir gün isə bəyin məclisində Tutu ilə Xədicə rəqs eləyib, qonaqları əyləndirən vaxt Pəricahan xanım gəlib çıxır. Əsilli-nəsilli bir ailədən gələn Pəricahan xanım qızının qaraçı rəqsi oynadığını görəndə özünü saxlaya bilmir və gəlib Tutuya bir şillə vurur. Tutunun dodağı partlayır.

Qaraçı qızın növbəti qatili Xədicənin anası Pəricahan xanımdır. Səbəbini az sonra deyəcəyəm. Amma insaf naminə demək lazımdır ki, Pəricahan xanım Tutunu evə buraxmaq istəmirdi. Filmdə Tutunun həyatına, qara günlərinə müdaxilə etmək istəyən tək qəhrəman varsa, o da Pəricahan xanımdır. Əgər əri Pəricahan xanıma qulaq assaydı, Qaraca qız ölməzdi.

Xədicənin anası Tutunu vurandan sonra Xədicə əsəbiləşib meşəyə qaçır. Birdən onu ilan vurur.

Qaraca qızın daha bir qatili ilandır.

Xədicəni ilan vurmağının xəbəri bütün evə yayılır, hamı qaçıb uşağın yanına gəlir. Pəricahan xanım hər kəsə yalvarır ki, qızını xilas eləsinlər, amma heç kim uşağa yaxın durmur. Bu anda qaragün, binəva Tutu qaçıb gəlir, görür ki, dostunu ilan vurub. Təzədən içində alturist Tutu baş qaldırır və dostunu xilas etmək üçün ilan zəhərini sovurur. Həyat elə gətirir ki, Pəricahan xanımın Tutuya işi düşür, ona yalvarmaq məcburiyyətində qalır. Həyat, doğrudan da, çox qəribədir. Mən uşaqlıqda yaşı 90-ı ötmüş bir qoca arvaddan belə bir qarğış eşitmişəm. O kiməsə qarğış eləyib belə demişdi: “Allah filankəsi heç vaxt şəkk gətirmədiyi yerə möhtac eləsin”. Doğrudan da, adam çox vaxt elə gözləmədiyi yerdən, gözləmədiyi adamdan kömək istəyəsi olur.

Qaraca qızın ölümündə ən çox əli olan adamlardan biri Xədicədir. Əgər Xədicəni ilan vurmasaydı, Tutu yaşayardı. Tərslikdən özü də Tutu zəhəri sovurub təmizləyən vaxt zəhər onun bayaq partlayan dodağından qanına qarışır. Deməli, Pəricahan xanım da buna görə günahkardır.

Xədicə sağalır və Tutu ölür. O bu dəfə sevdiyi adamın yolunda öz canını qurban verməli olur. Onun ölümü isə Piri baba və Xədicədən başqa heç kimin vecinə olmur. Bəy və arvadı fikirləşirlər ki, onsuz da, evə kukla almışdıq, kukla heç olmasa bir işi yarıtdı. Xədicəni isə heç onun qəbrinə yaxın buraxmırlar.

Tutu işıqlı gözlərini bu dünyaya əbədi yumandan sonra onu vaxtilə dostu Xədicəylə oynadığı təpənin ən yuxarısında, günəşə yaxın bir yerdə basdırırlar. Piri baban onun qəbrində daş kimi sakit dayanıb. Kamera uzaqlaşır, uzaqlaşır, Piri baba və Qaraca qızın qəbri kiçilir.

Səbəb-nəticə əlaqələrinin çox dərininə getsək, Piri Babadan tutmuş ilk səhnədə baş verən zəlzələyə qədər hər kəsin Tutunun ölümündə əli var. Hər kəs və hər şey yığışıb bir uşağı öldürürlər. Adam gərək Tutu qədər alturist olmasın, öz şəxsi mənafeyini mənasız insanların yolunda qurban verməyə, özünü lazımsız, mənasız adamların yolunda həlak etməyə dəyməz. Qaraca qız ağılsızdır. Onun içində azca eqoistlik olsaydı, sağ qalardı.

Amma istənilən halda Qaraca qız filmi həm uşaqlar, həm də böyüklər üçün çox yaxşı filmdir. Baxmayanlar mütləq baxsınlar, baxanlar isə bir də baxsınlar.

# 2319 dəfə oxunub

Müəllifin son yazıları

# # #