Kulis.az Vüqar Vanın "Nurlanın tennis topunun itməkliyi" xatiratını təqdim edir.
Fit çalmağımla, ovucla su içməyimlə fəxr etdiyim yaşlarda məhəlləmizə Nurlangil köçdülər və qısa müddətdə bizimlə – Köhnə xəstəxana məhəlləsinin əbədi, köhnə, daimi sakinləri ilə dostlaşdılar, qonum-qonşuya isnişdilər.
12-13 yaşlı, dovşandiş Nurlan təzə qonuşlarımızın tək oğlu idi. Nurlanı tanıyan kimi, içi mən qarışıq, bütün məhəllə uşaqları onun hörmətini saxlamağa başladıq. Əvvəla, Nurlan Lerikdən deyildi. Lerikli olmayan adam bizim üçün hansısa yad bir planetdən gəlmiş canlı kimi bir şey idi. Hərdən Nurlana baxanda, mənə elə gəlirdi, o parıldayır. O vaxtlar miyanə dolanışıqlı ailələrlə ağzına qədər dolu olan məhəlləmizdə, demək olar, heç kim parıldamırdı. Yalnız Nurlan və ata-anası.
Nurlangilin ailəsi varlı idi. Bu imkan sayəsində Nurlana cürbəcür oyuncaqlar almışdılar. Nə oyuncaq istəsən, onda tapmaq olurdu. Pultlu maşın, “atəş açan” tank, top, adını indi də bilmədiyim kompüter kimi bir şey, az qala, həqiqi tapança kimi adamın canını ağrıdan tapançalar, tetris, pazllar, fit verən qatar, su tapançaları və sair və ilaxır.
Bir-birimizə öyrəşən kimi bütün məhəllə uşaqları Nurlanın oyuncaqlarından öz oyuncaqları kimi istifadə etməyə başlamışdılar və Nurlan bizə bu haqda bir kəlimə də demirdi, əksinə, onun oyuncaqları ilə oynamağımız xoşuna gəlirdi. İntəhası, Nurlanın anasının bizdən və bilmirəm, nə üçün, xüsusən, məndən zəhləsi gedirdi. Nurlanın anasını adı “Nurlanın anası” idi. Bəlkə də, ona görə məndən xoşu gəlmirdi ki, Nurlanı oyun oynamaq üçün çölə mən çağırırdım. Adını üç-dörd dəfə qışqırandan sonra anası pəncərədən başını çıxarıb deyirdi:
– Nurlan evdə yoxdur.
Yaxud:
– Nurlan yatıb.
Və ya:
– Nurlanın dərsi var.
Ancaq elə bunları deyən kimi Nurlanın balaca başı, ağzında bərq vuran dovşan dişləri pəncərənin qabağında peyda olurdu. Nurlanın anasının hər dəfə mənə yalan danışmağını görəndə, öz-özümə fikirləşirdim, görəsən, anası heç utanıb-qızarmırmı? Adam adamın gözünün içinə baxa-baxa necə yalan danışar, üstəlik, yalanın üstü açılar, heç vecinə də olmaz. Bir sözlə, Nurlanın anasının məndən xoşu gəlmirdi. Açıq danışsaq, mənim də ondan.
Mənim həmin dövrdəki həyat tərzim və yaşayışım aşağıdakı kimi idi:
1. Dırnaqlarımı yeyirdim. Anam da əllərimə istiot, sarımsaq sürtürdü ki, ya ağzım yansın, ya da pis qoxudan ürəyim bulansın, bu zərərli və zəhərli vərdişimdən əl çəkim.
2. Üç-dörd ədəd pultumuz var idi. Biri videonun, biri “krosno” antenanın aparatının, biri televizorun, biri, nə bilim, "dvd"nin. Bu pultları anam o qədər şəffaf sellofana bürümüşdü ki, hərdən hansısa knopka basılmırdı, gərək var-gücünlə basaydın ki, kanalı dəyişə biləydin. Pultları nə qədər büksək də, batareya yerinin qapağı açılır, sınıb düşürdü və dərhal anam açılmış yerə “cərrahi müdaxilə” eləyib, oranı yapışqanlı lentlə bağlayırdı. Bir sözlə, anam pultlarımızı məndən çox istəyirdi.
3. Havalar daima soyuq keçirdi, anam mənə qalın, yun “vadalaska” geyindirirdi. Yun “vadalaska”nı əynimə geyinən kim elə bilirdim, kimsə boğazımdan tutub məni boğmaq istəyir.
4. Yalnız həftədə bir alınan litrlik “Fanta”nı bacımla bərabər şəkildə bölə bilmirdik və hər dəfə bacım tutub məni döyürdü. Öz halal “Fanta” haqqımı tələb etməyim üstə döyülməkdən artıq təngə gəlmişdim, amma nə edirdimsə, həmişə bacıma məndən daha çox “Fanta” düşürdü.
5. Anam mənə dəlicəsinə təmsil əzbərlətdirirdi. Yatanda da yuxumda “Bir tısbağa, bir kəsəyən, bir qarğa” təmsilinin animasiyasını görürdüm.
Belə bir fərəhsiz dövrdə Nurlan və oyuncaqları həyatımın ən əziz, ən doğma şeylərinə çevrilmişdilər. Dərsdən evə gələn kimi bir tikə çörəyimi yeyib, ala başına, kül başına dərslərimi oxuyub, gündəlik təmsil planımı doldurandan sonra Nurlangilə qaçırdım.
Nurlanın ən sevdiyim oyuncağı tennis topu idi. Düzü, onda hələ bilmirdim ki, bu topu hansı oyunda istifadə edirlər. Tennis topunu görən kimi ona, yumşaq desək, aşiq olmuşdum. Məhəllənin digər uşaqları Nurlanın tetrisi, topu, tapançaları ilə oynayanda, mən bir kənara çəkilib tennis topuyla oynayırdım. Onun yam-yaşıl səthi, ortasındakı dalğalı ağ xətləri məni heyran qoymuşdu. Heç özüm də bilmirəm, onda nə tapmışdım. Yumşaq desən, yumşaq deyildi, adi top desən, heç top da deyildi. Nə çiləmək olurdu, nə divara vurmaq. Yavaşca yerə vuran kimi iki metr yuxarı qalxırdı, gedib dünyanın o başından tapıb gətirirdin. Üstəlik, Nurlan tapşırmışdı ki, onu palçığa batırmayım, o top ancaq asfalt üçündür. Tərslikdən, bizim məhəllədə də asfalt adına heç nə yox idi. Hər yer palçıq idi, gərək evdə oynayaydın, onda da hansısa əşyanı vurub sındırmaq riski vardı. Di gəl, mən bu tennis topundan heç cür əl çəkmirdim. Artıq məhəllədəki uşaqlar da, Nurlan da tennis topuna marağım və sevgim olduğunu bilirdilər.
Bu günlərin birində, kişiylə qadını adi gözlə ayıra bilməyəcəyin bir gecə qapımız döyüldü. Gələn Nurlan və Nurlanın anası idi. Qapıya anamla mən çıxdıq. Nurlanın anası az-az evdən bayıra çıxardı. Onlar ilk dəfəydi bizim qapıya gəlirdilər. Nurlanın anası dedi:
– Müəllimə, Nurlanın bir tennis topu var, o itib, Nurlan deyir ki, Vüqar götürüb.
Anam çaşdı, amma özünü itirmədi. Mən də bu sözləri eşidən kimi həyəcanlanıb təəccüblə Nurlana baxdım.
– Vüqar? – Anam dəqiqləşdirmək üçün bir də soruşdu.
– Həə, Vüqar oğurlayıb. Nurlan deyir, Vüqar oğurlayıb. – Mən bu dəfə gözlərimi Nurlandan çəkib anama baxdım, ürəyimdə Nurlandan əlimi üzmüşdüm.
– Dəqiq? – Anam çətinliklə gülümsəməyə çalışsa da, gicgahlarında çıxan damarları gördüm və görən kimi başa düşdüm ki, axşam “toyumdur”.
– Evdə hər yerə baxmışıq yoxdu, atası almışdı, Nurlan onu çox istəyirdi, vacib olmasa, heç istəməzdim. Nurlan deyir, topla ən çox Vüqar oynayırdı, yüz faiz o götürüb. Uşaqdı da, nəfsi çəkib, götürüb, eybi yox.
Adi günlərdə öz şəxsi uğursuzluqlarını, alınmayan işlərini, hansısa əşyanın xarab olmağını, hansısa işin tərs getdiyinin günahını dərhal mənim boynuma atan anam bu dəfə ayağımı vermədi. Mərdi-mərdanə mənim tərəfimi tutdu.
– Ay “Nurlanın anası”, Vüqar heç vaxt elə şey eləməz. Bizdə top-mop yoxdur. Mənim uşağım oğru-zaddı, gedib kiminsə evindən top götürsün? Gedin evə yaxşı-yaxşı baxın, topunuzu başqa yerdə axtarın.
Nurlanın anası ilə Nurlan getdilər. Biz də qapını örtüb “televizor olan otağ”a getdik. Gözləyirdim, anam məndən hadisənin detallarını, topu mənim götürüb-götürməməyimi soruşsun, hirslənsin, məni döysün, topu evdə axtarsın, mən ağlayıb nəsə deyim, amma niyəsə anam özünü elə apardı ki, elə bil heç bu söhbət olmayıb. Bəlkə də, topu doğrudan da, mənim oğurlamağımdan qorxurdu. “Topu sən götürmüsən?” sualını vermədi, əvəzində mənə tapşırdı ki, bir də Nurlangilə oynamağa getməyim, Nurlanla oynamayım. Mən də qorxumdan bu mövzunu açmadım, heç özümü müdafiə də etmədim.
Axşam yatanda – bacımla eyni otaqda yatırdıq – bacım nə fikirləşmişdisə, məndən soruşdu:
– Vüqar, topu sən oğurlamısan? Düzünü de, anaya deməyəcəm, söz verirəm.
Mənsə özümü elə apardım ki, guya yatmışam.