Kulis.az Vüqar Vanın “İndi məndən küs görüm” adlı yeni yazısını təqdim edir.
Azərbaycanlılar (yazının müəllifi mən olduğum üçün özümü ulu və uca xalqımızdan ayırmaq məcburiyyətindəyəm) sovet dövründə çəkilən yerli filmlərə öz obyektləri kimi baxır, sovet dövründə çəkilən filmləri öz balalarını müdafiə edirmiş kimi qoruyurlar. Sovet dövründə çəkilən yerli filmlərə toz da qondurmurlar. Sanki hər kəsin həmin dövrdə çəkilən filmlər haqqında deməyə sözü, daşdan keçən arqumentləri var. Ümumiyyətlə, azərbaycanlılar üçün fərqi yoxdur, arqument daşdan keçsin, keçməsin. Gic bir söz deməkdən ötrü ürəkləri gedir. Söhbət əsnasında döyüküb-döyüküb hərdən elə bir gic söz deyə bilərlər ki, cəddi-əbanın bütün üzvlərinin bir yeri yanar, nəslinin bütün nümayəndələrinin başından tüstü çıxar.
Sovet dövründə çəkilən yerli filmlərin içində, təbii ki, yaxşı filmlər də var. Amma əksəriyyəti zaydır. Bugünkü yazım da elə bu filmlərdən ən məşhuru, məmə deyəndən, pəpə yeyənə qədər hər bir azərbaycanlının vurma cədvəli kimi əzbər bildiyi – “O olmasın, bu olsun” kinosu haqqındadır.
Kinonun xülasəsini, nədən danışdığını, nəyi müdafiə etdiyini, hansı mesajları ötürmək istədiyini yazmağa, zənnimcə, ehtiyac yoxdur. Çünki yuxarıda vurğuladığım kimi “O olmasın, bu olsun” kinosuna demək olar ki, hamı baxıb. Ona görə yazıda foksu konkret obrazlara salmaq daha faydalı olar.
“O olmasın, bu olsun” kinosu haqqında yazmağa qərar verəndən sonra orda-burda tanış-bilişdən statistika naminə soruşurdum: “Sizcə, Məşədi İbad necə kinodu?”. Hamı bir ağızdan “O olmasın, bu olsun” kinosunu tərifləyir, bəh-bəhlə kinodan danışırdılar. Mənim isə ta bineyi-qədimdən bu kinodan zəhləm gedib. Onun artıq klassikaya çevrilmiş “heç hənanın yeridir?” məsəlini kimdənsə eşidəndə ətim tökülür, Məşədi İbadın özünəməxsus rəqsini yamsılayan adamlar görəndə ürəyim bulanır, Məşədinin “papağı belə qoysam, belə olaram, elə qoysam, elə olaram” söhbətinə gülən, bu səhnədən danışan adam görəndə tüküm ürpəşir. Bir sözlə, “O olmasın, bu olsun” filmindən zəndeyi-zəhləm gedir.
Amma bunu hansısa azərbaycanlının yanında demək olarmı? Mümkün deyil. Əgər azərbaycanlıların çox olduğu yerdə desən ki, “O olmasın, bu olsun kinosu mənasız, bayağı, bambılı, düşük, səviyyəsiz kinodur, mənim bu kinodan heç xoşum gəlmir”, azərbaycanlılar həmin dəqiqə leş üstünə şığıyan quzğunlar kimi sənin üstünə tökülüşəcək, milli-qıllı vətənpərvər, bazburudlu bir azərbaycanlı sənin bədəninə nəsə daxil edəcək, döyəcək, ən yaxşı halda səni abırdan salana qədər söyəcəklər.
“O olmasın, bu olsun” kinosunu bəyənməməyi heç vaxt adama bağışlamazlar. Bu sözləri boş yerə yazmıram, bu sözlər uzun müşahidələrin nəticəsidir. Müxtəlif zamanlarda müxtəlif mühitlərdə Azərbaycanın keçmişdə çəkilən filmlərini pisləmişəm, həmişə reaksiyalar eyni olub. Adicə sizə bir fakt deyim. Girin kinonun Yutubdakı rəylərinə baxın. Üç yüzdən çox rəy var, əksəriyyətini oxumuşam, bircə dənə də olsun, pis, mənfi münasibət yoxdur. Dəhşətli faktdır. Hamının dilində bir söz var: “Bu filmdən doymaq olmur”. Aranı dağa, dağı arana daşıyıram, amma heç cür başa düşmürəm ki, bu filmdən necə doymaq olmaz?
Kino, ümumiyyətlə, zibildir. Kinonu hansısa müstəvidə müzakirə etməyin bir mənası yoxdur. Hətta dünya kinosunun aqibətini dəyişən Eyzenşteyn belə “O olmasın, bu olsun” filmini pisləyib. Bu haqda danışmağa da dəyməz. Yaxşısı budur, Məşədi İbaddan danışaq.
Təbiətən intiqamı sevən biriyəm. İstəyirəm, bütün pis adamlar layiqli cəzasını alsın, bütün pisliklər artıqlaması ilə sahibinə geri qayıtsın. Bu xasiyyətimə görə kinoda, ədəbiyyatda saf adamların aldadılmağına, ürəyi təmiz adamlardan istifadə olunmağına dözə bilmirəm. Ümumiyyətlə, insan əzikliyinə bir qram da olsun dözümüm qalmayıb. Kim nə dedi, ona qulaq asan, öz fikri olmayan, saf, ağılsız, zəif adamlar görəndə hirslənirəm. Buna görə oxuduğum, baxdığım əsərlərdə əzilən, haqqı tapdalanan qəhrəman olanda, həmişə onun intiqamını arzulayıram. Zəifin intiqamını görəndə ürəyimdə bir sevinc, şövq baş qaldırır. Təsviredilməz dərəcədə zəifin intiqamından zövq alıram.
İllərdir içimdə Məşədi İbadın hamıdan, xüsusilə Sərvərdən alacağı qisas hissi ilə yaşamışam. Sərvər kimi düşük, Gülnaz kimi səviyyəsiz, Rüstəm bəy kimi əxlaqsız adamların Məşədi İbada elədiklərini heç cür həzm edə bilməmişəm. Məşədi İbad kimi koloritli, əxlaqlı, düzgün, iş-gücü ilə məşğul olan, nazik, bacardığı qədər düşüncəli olan bir adamın Gülnaz kimi infantil bir qızın əlində əsir-yesir qalmağını, Gülnaz kimi quru, mənasız bir qız tərəfindən aldadılmağını Məşdiyə bağışlaya bilməmişəm.
Azərbaycanlıların Məşədi İbadın düşdüyü biabırçı vəziyyətlərə gülməyinə, onun alınmayan arzularına, xəyallarına lağ eləməyinə, Məşədi İbadı qoyub, Sərvər kimi ləyaqətsiz, fırıldaq, səviyyəsiz bir oğlana qibtə eləməyinə baxıb dərindən məyus olmuşam. Məşədi İbada yazığım gəlib. Onun sonsuzluğu səbəbindən üç dəfə evlənməsi faktı məni həmişə dərindən kədərləndirib. Onun pulunu alıb aldadanlara indi, bu sətirləri yazarkən də nifrət eləyirəm.
Məşədi İbadın günahı nədir? 15 yaşlı qızla ailə qurmaq istəməyi? Yaxşı, tutaq ki, Məşədi İbadın günahı 15 yaşlı qızla ailə qurmaqdır. Bəs onda bu müstəvidə Sərvər nə üçün günahlandırılmır? O da 15 yaşlı qızla əvvəlcə sevgili olur, kinonun axırında da evlənirlər. Sərvər 15 yaşlı qızla evlənəndə heç bir problem yoxdur, amma Məşədi İbad evlənəndə problem var? Niyəsə heç kim Sərvəri günahlandırmır. Bu da məni bərk narahat eləyir.
Molla Nəsrəddin redaksiyasında Mirzə Cəlil xəbər tutur ki, Məşədi İbad adında bir adam 15 yaşlı qızla evlənmək istəyir, orda deyir ki, “nə qədər edirik, nə qədər yazırıq təsiri olmur, adam da 15 yaşlı qızla evlənər?”. Hətta Sabir yana-yana “Qoyma gəldi” şeirini də oxuyur. Amma halbuki sonradan bu ədiblər Sərvərə məsləhət verirlər, axırda da balkona çıxıb hamılıqla 15 yaşlı Gülnazla evlənən Sərvəri salamlayırlar. Yeri gəlmişkən, qeyd etmək də fayda var, tariximizdəki “O olmasın, bu olsun” adlı ləkə istər Molla Nəsrddinçiləri, istər Füyuzatçıları abırdan, hörmətdən salıb.
Bu kontekstdə yanaşanda mən də Məşədini qınayır, onun 15 yaşlı Gülnazla evlənməyini pisləyirəm. Ümumiyyətlə, Məşədi İbad kimi bir adama Gülnaz kimi mənasız, şit bir qızı yaraşdırmıram. Gülnaz hara, Məşədi İbad hara. Gülnaz ancaq və ancaq simadan ibarət olan bir boşluq, daim ərə getməyi arzulayan, daim ərə getmək eşqiylə yanıb-alışan heçlik abidəsidir.
Məşədi İbad isə öz dəyərləri olan (hamı şərab içəndə, o çay içir), mədəni (hamının içində Məşədini təhqir edib, ona meymun, oranqutan deyən adamı belə axırda pul verib bağışlayır, onun başından getmir), əlindən gəldiyi qədər centlmen (papağı necə qoymaq söhbəti, yaxud Gülnazgilin evinə ilk səfərində həyətdən gül dərmək istəməyi, amma tikanlı olduğu üçün dərə bilməməyi), səbirli, qadınlara qarşı nəzakətli davranan (ilk görüşdə Gülnazla, xidmətçiləri Sənəm Məşədi İbadla məzələnir, ona çox nəzakətsiz davranırlar, amma o heç bir kobudluq etmir), səxavətli (hamıya pul paylayır) bir adamdır. Məşədi İbad bütün yaxşıları və pisləri ilə bir obrazdır, tipdir, xarakterdir. Sözgəlişi, bunun azərbaycan ədəbiyyatında tək nümunəsi “Dəli Kür” romanındakı Cahandar ağadır.
Hamı bu kontekstdə (15 yaşlı qızla ailə qurmaq) Məşədini qınayır, Sərvərə bir söz deyən yoxdur. Halbuki Məşədi İbad kinonun başlanğıcında pul dilənməkdən ötrü qızını Məşədiyə satan Rüstəm bəyə də deyir ki, “ay Rüstəm bəy, mənim üçün fərqi yoxdur, o olmasın, bu olsun”. Hətta kinonu sonunda da öz taleyi ilə barışır, heç kimə narahatlıq vermir, qulluqçu ilə evlənməyə də razı olur. Görün necə naif, incə, mərhəmətli bir adamdır.
Bəlkə, qızını pul qarşılığında qoca bir tacirə satan, qumarbaz Rüstəm bəy Məşədi İbaddan daha əxlaqlıdır?
Bəlkə, fırıldaqla, saxtakarlıqla Məşədinin pulunu alıb, axırda da ona zorla məktub imzalatdıran Sərvər Məşədi İbaddan daha əxlaqlıdır?
Bəlkə, milisdən it kimi qorxan, yalançı, pulgir, kasıbları əzən, keçisini qovan dükançıya şillə vuran, orda-burda kişilikdən danışıb, axırda qorxudan qaçıb qadın hamamına girən Qoçu Əsgər Məşədi İbaddan daha əxlaqlıdır?
Bəlkə, bütün fırıldaqlardan xəbəri olan, gözəlliyindən başqa həyatda heç bir uğuru olmayan, bütün gün bəzənib düzənib ərə getməyə hazır, başqasıyla nişanlı ola-ola, Sərvərlə görüşən Gülnaz Məşədi İbaddan daha əxlaqlıdır?
Bəlkə, fırıldaqçılıqla hərədən bir az pul alıb, “alkaşlıq” edən intelligent Həsən Məşədi İbaddan daha əxlaqlıdır?
Bəlkə, jurnalistikadan, qələmindən əxlaqsız işlər üçün istifadə edən Rza bəy Məşədi İbaddan daha əxlaqlıdır?
Sadaladığım şeylərdən bəlli olur ki, Məşədi İbadın mənfi obraz olmağı onun 15 yaşlı qızla ailə qurmağından irəli gəlmir. Bəs nə üçün Məşədi İbad mənfi qəhrəman kimi təqdim edilir, nə üçün azərbaycanlılar onun faciəsinə gülürlər? Buyur. Bu suala konkret cavabım yoxdur. Bəlkə də, varlı, əxlaqlı, düzgün, öz zəhməti ilə uğur qazanan bir adamın məhv olması və fırıldaq, saxtakar, yalançı, min hoqqadan çıxan, şantajçı, cinayətkar Sərvərin uğur qazanması azərbaycanlıları sevindirir. Azərbaycanda nə çoxdur Sərvərlər.
Sərvər isə bir obraz kimi alınmayan, yarımçıq, natamam, dadsız-duzsuz bir obrazdır. Mirzə Cəlilin-filan yanında hərlənməyinə fikir verməyin, hamısı boş söhbətlərdir. Heç həmin vaxt Molla Nəsrəddinin redaksiyası Bakıda deyildi. Sərvər xisləti murdar, xaraktercə keyfiyyətsizdir. Xüsusən, sonda qadın paltarında Məşədiyə zorla məktub yazıb imzalatdıran vaxt, saxta silahıyla Məşədi İbadın keçəl başına bir-iki dəfə vurmaq səhnəsində heç cür əsəblərimi cilovlaya bilmir, emosionallaşıram. Sərvərin o hərəkətini qiyamət gününə qədər bağışlamayacağam.
“O olmasın, bu olsun” kinosu guya qadın azadlığından danışan, halbuki qadını fırıldaqçının, saxtakarın yanında göstərən və ancaq gözəl olduğu üçün Gülnazın haqlarını müdafiə edib, qulluqçunu isə axırda Məşədiyə ərə verdirən, tarixi və böyük yazıçlarımızı saxtalaşdırıb, gözdən salan, Sərvərin timsalında saxtakarlığı, fırıldaqçılığı təbliğ edən, Məşədi İbadın timsalında saflığı, ürəyi təmizliyi, halallığı “loxluq” kimi qələmə verən səviyyəsiz, “indeyski” bir kinodur.