Kulis.az Ülvi Bahadırın “Onibaba” filmi haqqında “Maskanın quyusu” adlı yeni yazısını təqdim edir.
“Yaşayan ölülərin gecəsi”
Corc Romeronun bu filminə qədər qorxulu kinolara barmaqarası baxanlar sonradan bu janrda da ciddi filmlərin çəkiləcəyini qəbul etdilər.
Berqmanın, Mizaquçinin, Şindonun filmoqrafiyasında bu janrın uğurlu nümunələrini görə bilərik.
Kaneto Şindonun “Onibaba”sı bu janrın klassik nümunələrindəndir.
1964-cü ildə çəkilən bu film gözlənilən səs-küyü yaratmadı.
Film XIV əsrdə baş vermiş faciəni ustalıqla çatdırır.
Əfsanə gecələr insanları yeyən “Onibaba” adlı cadugər barədədir.
Rejissor bu əfsanə ilə müharibədən sonrakı dövrü uzlaşdırır.
Aclıq... Səfalət... Hərə bir yanda qan qusur...
İnsanlar...insanlıq can verir...
Şindo filmə lənətlənmiş maska və quyu daxil etməklə hadisəni daha da təsirli eləyir.
Maska və quyu simvolları qorxu filmlərinin əvəzedilməzləridir.
Filmin özünəməxsus feminist xətti var.
Qadının cəmiyyətdəki yerinə fokuslanan rejissor bizi addımbaaddım gözlədiyimiz (bəlkə də, gözləmədiyimiz) finala aparır.
Haynrix Böllün “Kişisiz ev” əsərini xatırlayıram: Müharibədən qayıtmayan kişilər, onların yaşamaq məcburiyyətində qalan qadınlarının faciəsi, cəmiyyətin naqisliklərini...
Müharibə budur.
Atasız uşaqlar... Yetimlik... Səfalət...
Qarı gəlini ilə daxmada yaşayır.
Yaralı samurayları və ruhdan düşmüş döyüşçüləri hiyləgərcəsinə öldürərək, zirehlərini sataraq çörəkpulu qazanırlar.
Ancaq qarı həm də döyüşə gedən oğlunu - Kiçini gözləyir.
Müharibə...
Bəzən istəmədiyimiz şeyləri məcbur elətdirir...
Bəzən də əsl üzümüzü aşkara çıxarır...
Torpaqları əkib-becərmək üçün yararsızdır.
Çöl-biyabanda iki qadın... Müharibə qadınları...
Bircə seçimləri var – öldürmək!..
Müharibə bitəndən sonra başlayır... əsl müharibə...
Oğurladıqlarını silah tacirinə satırlar. O da qarşılığında düyü və buğda verir...
O, narahatdır. Çox narahatdır...
Müharibə bitir. Silahlar tükənir. Müharibəyə biznes kimi baxan bu adam qadınlara ət parçası kimi yanaşır.
Onlar zəif və işəyaramazdır.
Ona görə də onun verdiyi xırda-para şeylərə şükür etməlidirlər.
Müharibə vaxtı da, sonra da qadının yeri bəllidir. O, kimlərinsə gətir-götür işlərini görəndir və başqa seçimi yoxdur.
Həə, quyudan danışırdıq axı...
Nədir bəs quyu? Nəyə xidmət edir?
Qadınların qurbanlarının yeraltı cəhənnəmidir quyu...
Bir quyu cəsəd... Bir quyu cəhənnəm...
Quyu çox iştahalıdır. Verdikcə yeyir. Ac olanda qəzəblənir...
Haçi...
"Evin kişisi" evə gəlir...
Uzun müddətdir qurulan “sistem” dağılır.
Bir-birinə möhtac, öldürməkdən savayı əllərindən heç nə gəlməyən iki qadın bundan sonra neyləyəcək?
Haçi Kiçi ilə birgə əsirlikdən qaçır. Ancaq Kiotoda başqalarını soyarkən ələ keçirlər. Kiçi aldığı zərbələrdən ölür, Haçı isə özünü ölülüyə vuraraq sağ qalır.
Qadınların gözlədiyi olmadı.
Onlar kim gözləyirdilər, kim gəldi...
Bataqlıqda üç nəfər.
Bir kişi və iki qadın...
İllərdir insanlara cəsəd kimi baxan iki qadın Haçıyə tamam başqa gözlə baxmağa başlayır.
Haçı onlar üçün ehtiraslarının kuliminisiya nöqtəsidir.
Seçim qarşısında qalan Haçı gəlini seçir.
Əsl rəqabət də bundan sonra başlayır.
Qarı hər vəchlə gəlininin qarşısını kəsməyə çalışır.
Ancaq çi fayda...
Gəlini tez-tez Haçinin yanına gedir.
Onlar sevişdiklərini görən qadın Ay işığında ağacla bütünləşir.
Üç nəfərlik bataqlıq qadının səssiz çığırtılarında yuxulayır.
Hər şey bitdi.
Qız Haçı ilə gedəcək. Osa bataqlığın ilğımına qarışacaq.
Ancaq...
Ancaq bir gün bir nəfər gəlir...
Yolunu azmış maskalı samuray...
Müharibədə hamı yolunu azır...
Müharibədə hamı maskalanır...
Müharibədə hamı maskasını soyunur...
Müharibədə hamı maskasını dəyişir...
Taa ki o maska sənə çevrilənə qədər. Sən artıq onun əsirisən.
O varsa, sən də varsan, sən varsansa, o da var.
Qarı samurayı quyuya – bataqlıq dünyasının mədəsinə gətirir.
Və onun ölümünə tamaşa edir...
Artıq qızı necə qorxudacağına qərar verib: Maska ilə.
Dedim axı, maska varsa, varsan, yoxsa, yoxsan.
O sənə yapışır, sənə çevrilir, sən ona çevrilirsən.
Qadın maskanı taxıb gəlinini qorxutmağa başlayır.
Bir, iki, üç...
Axırda qız çəkiclə maskanı qırır.
Qarı yoxdur, canavar var...
Maskanın doğduğu cavanar...
Bəlkə, quyunun...
Bəlkə, bataqlığın...
Bəlkə, düşməninə daş atan yarıçılpaq, yarıvəhşı adamın...