Nuriyyə Əhmədovanın nəvəsi: "O, nənəmi istəyirdisə, gərək, heç bu barədə danışmayaydı..." - Müsahibə

Nuriyyə Əhmədovanın nəvəsi:  "O, nənəmi istəyirdisə, gərək, heç bu barədə danışmayaydı..." - Müsahibə
10 oktyabr 2024
# 09:00

Bu gün Xalq artisti Nuriyyə Əhmədovanın anım günüdür.

Kulis.az Ülvi Bahadırın onun nəvəsi Faiq İbadzadə ilə müsahibəsini təqdim edir.

- Nuriyyə xanım sizi oğlu kimi təqdim eləyirdi. Bu bağlılığın əsas səbəbi nə idi?

- Ta uşaqlıqdan məktəbə, rəqsə gedəndə görürdüm ki, oradakıların heç biri nənəm qədər qayğıkeş deyil. Hər şeyə görə narahat olurdu. Dərslərimə gəlirdi, tədbirlərimdə iştirak eləyirdi. Ona bağlılığım ən yüksək səviyyədə idi. Onu həmişə anam bilmişəm. Deyirlər ki, insan nədən qorxursa, başına gəlir. Mən də ən çox onu itirməkdən qorxurdum. Fikirləşirdim ki, ona nəsə olsa, neyləyərəm? Ancaq istər-istəməz görürdüm ki, hamının anası gəncdir, amma o daha yaşlıdır. Yenə də barışa bilmirdim.

- Siz qızının övladısınız?

- Bəli. Ondan da çox danışırdı. Əsas da anım günlərində. Həmin günlər heç özündə olmurdu. Qapanırdı özünə. O da, babam da onu heç vaxt unutmamışdılar.

- Sizi tez-tez çəkilişlərə aparırdı?

- Həmişə. Bütün qastrollara aparırdı. Əsas da “Kinoklub”un çəkilişlərinə. Seriallar, dövlət tədbirləri. Hamısında yanında olurdum. Axırıncı dəfə Heydər Əliyevin 85 illik yubileyinə getmişdik.

- Özü sizi bu sahədə görürdü?

- Bəli. Uşaqlıqdan bəzi filmlərə də çəkilmişəm. Mən İncəsənət Gimnaziyasının Xareoqrafiya şöbəsində oxumuşam. Həm rəqslə, həm də nağara ilə məşğul idim. Sonra Natiq Şirinovun qrupuna qoşulub “Avroviziya”da iştirak etdim.

- Siz Mədəniyyət və İncəsənət Universitetinə də qəbul olunmuşdunuz. Sonra, deyəsən, yarımçıq qaldı.

- Düzdür. Onda babam – Nuriyyə xanımın həyat yoldaşı sağ idi. Onun səhhətində problem yarandı, əməliyyat olundu. İşləməli oldum. Ona görə də təhsilim yarımçıq qaldı.

- Nuriyyə xanımın həyat yoldaşı ilə tez-tez görüşürdünüz?

- Bəli. Bir evdə qalırdıq. Gəlib-gedirdim. Nuriyyə xanımın sağlığında da görüşürdük.

- O, ömür boyu kirayələrdə yaşadı. Ancaq ata evi var idi.

- Ata evi qardaşının idi. O da rəhmətə gedib. Üç övladı var idi. Nuriyyə xanımın öz evi olmayıb. Hər insan ailə qurursa, ayrı yaşamalıdır. Əlbəttə, Xalq artisti idi. İstəyirdi ki, ayrı, müstəqil yaşasın. Böyük oğlu var idi, mən var idim.

- Siz də həmişə onunla qalırdınız?

- O harada qalıbsa, mən də orada qalmışam.

- Onda siz uzun müddət Nahidə Orucovanın evində qalmısınız.

- Bəli.

- O və bir çox adam Nuriyyə xanımın vəziyyətinə görə xalanızı günahlandırır.

- Bilirsiniz, edilən yaxşılıqlar gərək həmin adamların arasında qala idi. O, əgər məni, nənəmi istəyirdisə, gərək, heç bu barədə danışmayaydı. Gərək bu mövzular da müzakirə olunmayaydı. Dedim, danışdımsa, elədiyim yaxşılıqlar da gücdən düşür. Nuriyyə xanım heç kimin evində təmənnasız qalmayıb. Hər şey qarşılıqlı olub. Təkcə mənəvi yox, hərtərəfli. Bu məsələ danışılanda, dedim ki, ikinizə də ayıb olsun. Yenə də sən Nuriyyə xanımın adını çəkirsən də. Ümumiyyətlə, böyüklük eləyib o mövzuya toxunmamalı idi.

Nuriyyə xanımın dəfnində çox adam var idi. Sənət yoldaşları da orada idi. Bəziləri də özünü reklam eləməyə gəlmişdi. Biri yalandan dedi ki, həkiməm, sonra məlum oldu ki, deyilmiş. Biri deyirdi ki, məzarını götürmək istəyirəm. Sonradan səs-səmir çıxmadı. Hamısı reklama gəlmişdi.

- Bəs bacı kimi araları necə idi?

- Normal. Nuriyyə xanımın çox böyük ürəyi var idi. Bacısına da bacardığı köməyi eləyib. Vaxtında deyirdim ki, eləmə. Sonra ordan-burdan eşidirdim ki, kimlərəsə pul çatdırıb. Özü də deyirdi ki, Faiqin xəbəri olmasın. O adama eləyərsən ki, qədrini bilsin. Saf, təmiz adam idi.

- Nahidə xanımın dedikləri səhv idi?

- Səhv də çox olub. Mən demirəm tək Nahidə xanım səhv deyib. Xalam Maya xanımın da səhvləri çox olub. Orda artıq Nuriyyə xanım arxa plana keçib. Əsas eqo olub. Konkret prinsip söhbəti gedib.

Deyirlər ki, xalam xaricə gedib Nuriyyə xanımı evinə qoymayıb. Elə olmayıb.

- Nuriyyə xanımın həyatında qəribə bir təzad var idi. Biz onu ekrandan həmişə deyib gülən görmüşük. Və eyni zamanda bu qədər itki...

- Çox tez-tez fikirli olurdu. Başını mən qatırdım. Nə istəyirdim, eləyirdi. Başa düşürdüm ki, onu ancaq mən çıxara bilərəm bu vəziyyətdən. Tez-tez görürdüm ki, tək oturub ağlayır. Efirdə də üzü gülsə də, gözləri həmişə kədərli idi.

- Həmin vaxtlarında ən çox nələrdən danışırdı?

- Deyirdi ki, səni yerbəyer eləyim, başqa heç nə istəmirəm. Sənin toyunu eləyim, bəsimdir. Hiss eləyirdi özü də. Tez-tez deyirdi ki, ölərəm, görmərəm. Elə də oldu.

- Vəziyyəti hansı hadisədən sonra kəskinləşdi?

- Qızından sonra özünə çox qapanmışdı. Yadına düşüb kövrəlirdi, ağlayırdı. Birtəhər yaşayırdı. O vaxt mən olmamışam. Sənət dostları deyirdi ki, biz o vaxt onun başını tamaşalarla, rollarla qatırdıq ki, dərdini unutsun. Az da olsa, kömək elədi, ancaq yenə də çox çətin idi. Mənə görə yaşamağa başladı. Ancaq oğlu Əlidən sonra artıq bacarmadı, çökdü. Dedi ki, mən, deyəsən, qalmayacam. Həkimə aparmaq istədim. Dedi ki, həkimlik deyil. Gərək gedərdik. İnfarkt keçirtmişdi. Necəsə qarşısını almaq olardı. Bacısı Sevil xanıma da deyirdi ki, mən dözə bilməyəcəm. Hiss eləyirdi.

- Bir dəfə də ictimai nəqliyyatda yıxılmışdı.

- Hə. Oğlu hələ vəfat eləməmişdi onda. Ancaq yenə də çox fikirli idi. Soruşdum ki, niyə yıxıldın? Dedi ki, başım gicəlləndi, gözüm qaraldı. O söhbətin üstündən heç 2-3 ay keçmədi ki, oğlu vəfat elədi.

- Səhhətinin tam pisləşməsi necə oldu?

- Bacısı Sevil xanım da bizdə idi. Maya xanım qızına dəyməyə getmişdi. Mənə zəng gəldi ki, ananın vəziyyəti pisdir, tez özünü evə çatdır. Təcili yardım çağırılmışdı. Mikro infarkt keçirmişdi. Həkimlər də gəlib yoxlayıb, - “yaxşısınız, heç nəyiniz yoxdur”, - deyib çıxıb getmişdilər. Sonra dedi ki, yox ee, çox pisəm, ürəyimin içi yanır. Təcili yardım gəldi yenə, xəstəxanaya apardıq. Həkim demişdi ki, narahat olmayın, hər şey qaydasındadır. Gecənin bir yarısı zəng gəldi ki, Nuriyyə xanımın səhhəti pisləşib. Gəldik xəstəxanaya. Reanimasiyada idi. Qapını açmaq istəmirdilər. Birtəhər açdılar. Axır 5-6 dəqiqəsinə çatdırdım özümü. Əlini tutdum. Gördüm gedir, özümü saxlaya bilmədim. Çox pis oldum.

- Ayıq idi?

- Hə, bərk-bərk tutmuşdu əlimdən.

- Danışdı?

- Yox. Eləcə gülümsündü. Ancaq gözündən yaş gəlirdi. Beş dəqiqə sonra keçindi.

- O anlara qədərki günlərini necə xatırlayırsınız?

- Son bir ayın bütün günlərini onun yanında olmuşam. Universitetə hazırlıq dövrümə düşürdü. İndi nişanlıyam. Onda nişanlımı təzə tanış etmişdim onunla. Ümidləri var idi ki, hər şey yaxşı olacaq. Əvvəllər rayonlara gedirdim. Allahın qismətindəndir. Elə bil deyirdi ki, vaxta az qalıb, yanında ol.

- Həmin vaxtlar Nuriyyə xanım çəkilişlərə gedirdi, yoxsa ancaq evdə idi?

- Çox yerə çağırırdılar. Ancaq gedə bilmirdi. Son filmi ölümündən 5 ay qabaq çəkildiyi “Sükutun pozuntusu” filmi oldu.

- Bir yerdə olduğunuz bir ayı necə xatırlayırsınız?

- Ümidi var idi ki, ona dövlət tərəfindən ev veriləcək. Sağ olsun, Şəfiqə Məmmədova da kömək etməyə çalışırdı.

- Amma son vaxtlar yazmağa, deməyə meyilli deyildi.

- Hə. Bəlkə də, küsmüşdü. Əsas mənlə məşğul idi. Deyirdi ki, bunu yerbəyer edək, qızgilin ailəsi ilə danışaq. Şükür Allaha, danışa bilmişdi, tanış olmuşdu.

- Onun vəfatından sonra necə oldu? Alışa bildiniz onsuzluğa?

- Çox boşluq oldu. Evə də getmirdim. Xalamgildə məclis verilirdi - Şüvəlanda. Üçü, qırxı ordakı məsciddə idi. Ondan sonra Sevil xanımla çox vaxt keçirirdim, çünki Nuriyyə xanıma ən yaxını o olub. Bir-birimizə təsəlli verirdik.

- Hansı vaxtlarda hiss edirdiniz yoxluğunu?

- Allah Sevil xalama rəhmət eləsin. Qoymurdu Nuriyyə xanımın vəfatından sonrakı dövrü ağır keçirim. Nuriyyə xanımın iki qardaşı və iki bacısı da dünyasını dəyişib. İçlərindən birinci dünyasını dəyişən isə elə Nuriyyə xanım olub.

- Ən yaxın münasibətdə olduğu sənət dostları kimlər idi?

- Ramiz Əzizbəyli ilə çox yaxın idilər. Ramiz bəyin özü də çox gözəl insan olub. Onu şəxsən tanıyırdım. Səidə Quliyeva ilə çox yaxın olublar. Səidə xanımla bir-birlərinin xətrini çox istəyiblər. Həmidə Ömərova. Qorxmaz Əlili. Sona Mikayılova, Arif Quliyev qonaq gəlirdi. Rasim Balayev Nuriyyə xanımın dünyasını dəyişdiyi xəbərini eşidən kimi gəlmişdi.

- Əvvəl ailəyə çox yaxın olub, Nuriyyə xanımın vəfatından sonra uzaqlaşan sənət yoldaşları oldumu?

- Hacı İsmayılov gəlmədi. Telefonla başsağlığı verdi ya yox, onu da bilmirəm.

- Sizcə, Nuriyyə xanımdan sizə nə qaldı?

- Nuriyyə xanımdan mənə çox gözəl əxlaq, tərbiyə qaldı. Məni vicdanlı böyütdü. Uşaqlıqda davakar idim. Nuriyyə xanım məni elə başa saldı ki, vicdanlı böyüdüm. Gözəl dünya görüşü qaldı ondan mənə. Bir də adı üstümdədir.

- Nuriyyə xanım çox populyar aktrisa idi. Onun populyarlığına paxıllıq edənlər var idi?

- Əlbəttə. Həmin adamlarla bir serialda da çəkildik. Qıraqdan müşahidə edirdim ki, ona qarşı bir-iki nəfər belə idi. Aktyorluq qabiliyyəti daha yüksək olub ki, Nuriyyə xanımın paxıllığını çəkiblər. O serialın çəkilişində Ramiz Əzizbəyli, Hacı İsmayılov və başqa tanınmış simalar var idi. Texniki qrupun valideynləri çəkilişlərə gəlirdilər. Rejissorumuz Nicat deyirdi ki, anam Nuriyyə xanımı çox istəyir. Nuriyyə xanımın vəfatı ilə əlaqədar onun arxasınca bir adam da mənfi nəsə deməyib.

- Nuriyyə xanımın özünə deyirdiniz bunları?

- Hə. Bir-iki dəfə özü də deyib. Çox dilinə gətirməzdi. Yola verirdi həmin adamları. Prinsip aparan deyildi. Deyirdi ki, sən yaxşı ol, Allah hər şeyi görür.

- Nuriyyə xanımı ən çox nə əsəbiləşdirə bilərdi?

- Kiminsə haqqının yeyilməsini sevmirdi. Susmazdı belə şeyə. Ən çox mənə görə əsəbiləşərdi. Başıma nəsə gələ bilər deyə. Daxilində çəkirdi o əsəbi də.

- “Danış, din” demirdiniz ona?

- Elə olurdu ki, gözlərini uzaqlara zilləyirdi. “Danış, din” deyən kimi söhbəti dəyişirdi..

- Biz onu daha çox efirlərdə görmüşük. Evdə necə olub?

- Sənətindən də qat-qat artıq ana olub. Ehtiyacım nəyə olubsa, artığını edib. Kollektivin içində çox olurdum. Rəqs dərnəklərinə, boksa, karateyə gedirdim. Deyirdim ki, boksa getmək istəyirəm, deyirdi, get. Bir dəfə gördü ki, burnum əzilib, boksa getməyimə razı olmadı. Kollektivdəki o biri uşaqların valideynlərinin etmədiklərini edirdi. Gəlib otururdu, baxırdı. Bütün boş vaxtını mənə sərf edirdi. Azad müəllimlə yaxınıq. Nağaraya onun yanına gedirdim. Orda belə gəlib mənlə otururdu. Ürəyi dözmürdü. Ona “nənə” deməyə dilim gəlməyib. Uşaq vaxtı bilmirdim nənəm olduğunu. Elə bilirdim elə doğma anamdır..

- Nuriyyə xanımın ananız olmadığını sizə ilk kim deyib?

- Özüm dərk edirdim, amma qadınlardan da eşidirdim, deyirdilər ki, Nuriyyə xanımın qızı dünyasını dəyişib, bu da onun nəvəsidir. Bir dəfə dedim ki, belə-belə şey danışırlar. “Fikir vermə”, - dedi. Yaşım az idi onda.

- Nuriyyə xanım nəvəsi olduğunuzu özü dedi sizə?

- Bu barədə söhbət açılmayıb. Uşaqlıqdan itləri çox sevmişəm. Deyirdi ki, başıma oyun açırsan bu itlərlə. Bir it almışdım. Sonra yenə aldım. Üç-dörd itim var idi həyətdə. Deyirdi ki, anan da sevirdi itləri. Nuriyyə xanımdan o qədər sevgi, qayğı görmüşəm ki. Gəlib maşınla məktəbdən götürürdü məni. Uşaqların da hamısı evlərinə özləri gedirdi.

- Onunla bağlı ən böyük “kaş”ınız nə olub?

- Bir dəfə gecə dostlarla idik. Dedim, tez gələcəm. “Getmə”, - dedi. Elə oldu ki, getdim, amma gələ bilmədim. Telefonu söndürmüşdüm. Çox narahat olmuşdu. Səhərə kimi yatmayıb məni gözləmişdi. Həmişə elə idi.

- İndi onu yadınıza salanda ən çox nəyi üçün darıxırsınız?

- Ana həmişə lazımdır. Yaşca böyük dostum var - 48-49 yaşı var. Anası ilə elə danışır, çox pis oluram. Mən Nuriyyə xanımı ana bilmişəm.

- Nuriyyə xanım hazırda burda olsa idi, ona nə demək istəyərdiniz?

- Heç nə. Əllərindən öpərdim.

Foto: İlkin Nəbiyev

# 10943 dəfə oxunub

Müəllifin son yazıları

# # #