Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı İsa Muğannanın qızı Sevinc Hüseynova və nəvəsi Səma Muğanna ilə müsahibəsini təqdim edir.
Söhbətimizə İsa bəyin nəvəsi Səma Muğanna ilə başlayırıq.
- Müsahibə ilə bağlı danışandan sonra gözünüzdə İsa bəylə hansı xatirəniz canlandı?
S.M: Mən ona həmişə “qibləgahım” demişəm. İstəyirəm ki, müsahibə əsnasında da belə deyim. Adətən görmüşük ki, uşaqlar oyuncaqları ilə oynayar, ancaq bizim münasibətimiz sırf sənətlə bağlı idi. Ta körpəlikdən o mənə nağıllar oxuyardı, obrazları canlandırardı. Vaxtımız bu nağıllarla keçərdi. Mənə incəsənəti sevdirən də, yazıçı olmağımın səbəbkarı da odur. Təbii ki, çox istəyərdim ki, yanımda olsun. Günlərimiz daha xoş keçə bilərdi. O nağılların hamısını özü uydurub danışardı.
- Necə nağıllar idi?
S.M: Mistik obrazlarla zəngin idi. Real həyatdan götürülmüş nağıllar deyildi.
- Ananınızın adının baş hərfindən Se obrazı da yaratmışdı.
S.M: Bəli. Həmin nağılları anam sonradan mənə danışırdı. Bir günüm nağılsız keçməyib. Onun nağılları bu gün bilinən nağıllardan çox fərqli idi.
- Müsahibəyə gələndə bir uşaqla qarşılaşdım. Qazilərimizdən birinin övladı idi. Müharibə sanki o uşağın gözlərinə köçmüşdü. Xatırladım ki, İsa bəy də müharibə uşağı olub. Atası o uşaq ikən müharibəyə gedib və qayıtmayıb.
S.M: Bəli. Çox əziyyətlərə qatlaşıb. Hekayələrində də bu var. “Arx”da bu daha qabarıqdır. Mənim sevimli hekayələrimdəndir. Qabiliyyət imtahanında da müəllimimə dedim ki, bu hekayəni seçmək istəyirəm. Bir hekayə seçib obrazlı şəkildə canlandırmalı idik. Mən də “Arx”ı seçdim. Ancaq onun dilindən müharibə ilə bağlı nələrsə eşitməmişəm.
- “Kollu koxa” və eyni mövzulu əsərlərindən sonra partiya iclaslarında ona qarşı ittihamlar səsləndirilib.
S.M: Bəli. Həmin dövrdə ağır ittihamlar irəli sürülüb. İndiki dövrlə keçmiş dövr təbii ki, fərqlənir. Düzdür, həmin dövrlə uzlaşmayan məqamlar var idi, ancaq babam yaşadığı dövrün problemlərinə toxunub, onun aynası olub.
- İsa Hüseynovun İsa Muğannaya keçidi xeyli müzakirə olundu. Bəziləri qəbul elədi, bəziləri yox. Siz hansı tərəfdəsiniz?
S.M: Müsahibələrində deyir ki, səs eşitdim. Bunu bəziləri səhv təqdim eləyir insanlara. Bu səs hər hansı bir səs deyil. O, həmişə deyirdi ki, bütün yazılarım Tanrı tərəfindən mənə diqtə olunur. Biz ondan prosesi soruşanda, o bizə heç bir məlumat vermirdi. Deyirdi ki, izah eləyə bilmərəm. O proses məndə də baş verib. Mən heç bir yazını düşünərək yazmıram. O da belə idi. Hər hansısa əlyazma üzərində səhər altıya qədər işləyirdi. Hətta cəfalı Firuzəsi – o, nənəmə belə mürciət eləyirdi – deyirdi ki, ay İsa, bəsdi, özünə yazığın gəlsin. Razılaşmırdı. O səs elə bir şeydir ki, onunla özümü tək qoya bilmərəm. Hüseynovdan Muğannaya keçidinin səbəbi də elə həmin yazıları oldu. O səsin adı da Muğanna oldu.
- İsa Hüseynovla İsa Muğannanın əsas fərqləri nələrdir?
S.M: O qədər çox fərq yoxdu. Xarakterlərində heç bir fərq yoxdu. Bütün obrazlarından xarakterini
bəlli edirdi. Bir fərq var ki, Hüseynov kimi o daha çox “Nəsimi”nin ssenari müəllifi kimi tanınırdı, Muğanna kimi isə dünyanın Xalq yazıçısı oldu.
- Səsin gəldiyi dövrdən sonrakı əsərlərinin hansı özəllikləri var?
S.M: Yaradıcılığının ilkin dövrlərdində yazdıqlarında, məsələn, “İlan dərəsi”ndə ağ gəlini təsvir eləyəndə yazır ki, sinəsində ilan gəlir. Bəziləri bunun mistik olduğunu düşünür. Düşünürəm ki, o ilan onun əlinin çatmadığı, heç vaxt gösmədiyi insan obrazıdır. O ilan gəlinə maskalanmış insanları göstərir. Təkcə ona yox, bütün insanlığa. İsa Hüseynovun əsərlərində belə məqamlar var. Xoşbəxtliklə nifrət yanbayandır. Ağla qara bir-birinə ziddir, ancaq görün necə yaraşırlar. Ən çox sevdiyim əsərləri “Kollu koxa”, “Şəppəli” və “Saz”dır.
- Yaxşı saz çalırmış...
S.M: Bəli. “Ruhanı”ni çox sevirdi. O hər dəfə saz çalanda mən o ifalardan nələrsə götürürdüm. Mən onu bir yazıçı kimi yox, peyğəmbərim olaraq görürdüm. Bəlkə, buna görə məni qınayacaqlar, ancaq həqiqətən də, peyğəmbər kimi bir insan idi. Biz ona boşuna “qibləgahım” demirik.
- Yazıçı kimi hamımız tanıyırıq, sevirik. Bir baba kimi necə idi?
S.M: Onun kimi babam var deyə, özümü dünyanın ən şanslı nəvəsi sayıram. Bütün sirlərini, sevincini, kədərini bizimlə bölüşürdü. Nə olursa-olsun, sadəliyindən qalmırdı. Yeganə fərq bu idi ki, yazıçı kimi qələminə sarılırdı, baba kimi nəvələrinə. Bir dəfə də olsun, üstümə qışqırmayıb. Əksinə, həmişə yanımda olub.
Mən çox səs-küylü qız idim. Zəlimxan Yaqub ailəmizin ən əziz adamlarından idi.
- İsa bəy də onun şeirlərini çox sevirdi.
S.M: Bəli. Yaradıcılıqdan danışırdılar. Mən də səs-küy salırdım. Mən otaqdan çıxartmağa çalışırdılar. Heç yadımdan çıxmaz, Zəlimxan baba – mənə ona həmişə belə müraciət eləyirdim - dedi ki, İsa, sazı gətir, mən bir “Ruhani” çalım, gör o qız necə sakitləşəcək. O da heç nə demirdi. Mən “Ruhani”ni elə sevgiylə dinləyirdim ki... O havanı babamın obrazında görürdüm.
O, baba olmazdan əvvəl mənim qələm yoldaşım olub.
- Yazıçılar yazı məsələlərində çox həssas olur. Kimsə yazı prosesinə mane olanda əsəbiləşirlər. İsa bəy adətən gecələr yazırdı. O bu müdaxilələrə necə reaksiya verirdi?
S.M: Çox olurdu. Əsasən də mən narahat eləyirdim. Simasında dəyişiklik hiss eləyirdim. Öz dünyasına qapılırdı. Heç kim onu analiz edə bilməz. İçində həyəcan, qorxu, bəzən də sevinc olurdu, amma həmişə səssiz idi. Fikir mübadilələri olurdu, ancaq heç vaxt buna görə əsəbiləşməzdi. Ancaq yazı yazanda həmişə səssiz olurdu. Yazıçı və qələm bir-birlərini gecə daha yaxşı anlayır. Onda da yazıçının duyğuları qarışıq olur. O, qələmi ilə danışırdı.
- Bayaq Zəlimxan Yaqubdan danışdıq. Evinizə ən çox kimlər gəlib-gedirdi. O daha çox kimlərlə yaxın idi?
S.M: Ən çox İntiqam müəllimlə yaxın idi. Barat Vüsalla çox maraqlı ədəbiyyat söhbətləri eləyirdi. Mən ancaq bunları xatırlayıram. Çünki onu itirəndə çox balaca idim, cəmi 10 yaşım var idi. Babam onlarla söhbətlərdən heç vaxt yorulmazdı. Şəmil Sadiqlə də yaxın olublar. Fotoları var.
- Kitabının da redaktoru olub.
S.M: Bəli.
- İsa bəy ailəvi süfrə arxasında ən çox nələrdən danışırdı?
S.M: Uşaqlıq xatirələrindən. Müharibədə çəkdiyi əziyyətlərdən danışardı. Bəzən də gənclik illərindən bəhs edərdi. İstəyirdi ki, biz kitab sevgisi ilə böyüyək. Ona görə də qardaşımla da, mənlə də kitablardan danışardı.
- İsa bəy nənənizlə necə tanış olub?
S.M: Onlar xalaqızı-xalaoğlu olublar. Daima bir yerdə idilər. Hər şey qəfil olub. Mən həmişə onlara ağ göyərçinlər deyirdim. Onların sevgisi Leyli və Məcnundan, Fərhad və Şirindən də üstün idi. Nənəm o vəfat eləyəndən sonra demişdi ki, məni bağışlayın, mən İsadan sonra yaşaya bilmərəm.
- Həmin dövrü necə xatırlayırsınız?
S.M: Çox qarışıq dövr idi. Mən babamı qəfil itirdim. O vaxta kimi xeyli xatirələrimiz var idi. Onu itirəndən sonra çox durğunlaşdım. Sonra başladım yazmağa. İlk yazım da ona yazdığım məktub idi. Mətbuata gəlməyimin səbəbkarı da o yazı idi. Sonra başa düşdüm ki, mən onu ancaq cismən itirmişəm, ruhən o, həmişə mənimlədir. Mən sanki atamı itirmişdim. Bir müddət mənə çox ağır gəlirdi. Çox çətin oldu o dövrdən çıxmaq.
- Son görüşünüz necə oldu?
S.M: O ürək çatışmazlığında rəhmətə getdi. Mən onu elə burada gördüm. Məktəbdən gəlmişdim. Halsız, sakit oturmuşdu. Mən onda hələ başa düşmürdüm. Mənə elə gəlirdi ki, getdi və gələcək. Bir-iki saat keçəndən sonra başa düşdüm ki, onu itirmişəm, amma yenə də qayıdacağına ümidim vardı. Deyə bilmədiyim çox sözlər oldu. Deyərdim ki, axır sözün nədir, baba? Onun son sözlərini eşitmək istəyərdim.
- Sizə həmin gün cavab versəydi, ona nə deyərdiniz?
S.M: İndi demək çətindir. Deyərdim ki, biz mütləq görüşəcəyik. Təkcə göylərdə yox, qələmimdə də.
- Son günlərində də yazırdı?
S.M: Çox halsız olurdu. Xəstəlik əldən salmışdı. Ancaq onu nadirən yataqda görmüşəm. Həmişə qələmi əlində, stolunun başında olub. Çox vaxt da orada söhbət eləyirdik. Bəzən mən onun əlinə kitab verirdim ki, mənə nağıl oxu. Hətta xəbəri aldığım son günə qədər günü ancaq əlyazmaları ilə keçirdi. Sonuncu nağılı ölümündən iki gün əvvəl oxumuşdu.
- Vəfatından sonra kimlər gəlib-getdi evinizə?
S.M: Çox adam. Barat Vüsal, Şəmil Sadiq və Qərənfil Xəlilova tez-tez gəlirdilər. Onda yaşım az idi, məni xalamgilə göndərmişdilər. Onu sevənlər ölümünə inana bilməmişdi.
- Bəziləri deyir ki, İsa Hüseynov İsa Muğannadan daha ciddi imza idi...
S.M: Düşünürəm ki, insanlar onun eşitdiyi səsə inanmamışdılar. Nəvəsi kimi yox, bir oxucu kimi deyirəm. İsa Hüseynovla İsa Muğannanın qələmə aldığı bütün yazılarda sözsüz ki, fərqlər var, amma bu fərqlər onun yuxarıda və ya aşağıda olmağının göstəricisi deyil. Sadəcə o mətnlərində çox irəli getmişdi. Ona görə də qəbul etmirdilər.
- Ən çox sevdiyiniz əsəri hansıdır?
S.M: “Saz” povesti. Orada adi bir sazı belə qələmə alanda ona bir alət kimi yox, canlı varlıq kimi yanaşır. Məsələn, “Arx” hekayəsini də sevirəm. Özümü hadisələrin içində hiss eləyirəm.
- İsa bəy bir müsahibəsində deyirdi ki, “Arx” hekayəsini təqdim eləyəndə ona deyiblər ki, qəbul eləyə bilmərik, çünki orada baş qəhrəman ölür. O da təcili dəyişiklik eləyib.
S.M: Bu barədə məlumatım yoxdur.
Bu dəmdə söhbətimizə İsa bəyin qızı Sevinc Hüseynova da qoşulur.
S. H: Düzdü. O əsəri sonradan yenidən işləyib.
S.M: Hə, ola bilər. Mən bildiyim qədərilə “Ana dil ötən yerdə”ni işləmişdi.
- Sizcə, bu yenidən işləmək nə ilə bağlı idi? Çünki digər yazıçılarda bu yoxdur.
S.M: O bəlkə də, oxucuların yaddaşında daha yaxşı qalmaq istəyirdi. Digər müəlliflər deyirlər ki, mən belə yazmışam, belə də qalmalıdır. Yeni ideya, məzmun fikirləşmirlər. Babam oxucularını düşünürdü. Tənqidlərə də açıq idi.
- Bu, əsasən, tərcümə məsələsində problemlər yaradır. Sizcə, xarici dilə təcümə olunarkən hansı varianta əsaslanmaq lazımdır?
S.M: İkinci variantı götürsələr, daha yaxşı olar. Yazıçı artıq birinci hissəni təqdim eləyib, sonra da üzərində işləyib. Ona görə də ikinci variant daha əsasdır.
- İsa bəy özü daha çox kimləri mütaliə edirdi?
S.M: Dostoyevskini, Şekspiri. Ən çox rus ədəbiyyatı nümunələrini. Xarakter baxımından Dostoyevskiyə bənzərlikləri vardı.
- Qələm dostlarından kimləri oxuyurdu?
S.M: Zəlimxan Yaqubu, Barat Vüsalı çox oxuyurdu.
- Daha çox hansı havaları ifa eləyirdi?
S.M: “Ruhani” havasını çox sevirdi. Burada da, Ağstafadakı evimizdə də daha çox “Ruhani” eşidirdim. Dadlı-duzlu söhbətlərində də həmişə “Ruhani”dən danışardı. Onun üçün saz müqəddəs idi.
- Məsələn, biz tərəflərdə adamlar adətən sazı təkcənə çalırlar. Özü üçün. Öz aləmində. İsa bəydə də belə idi, yoxsa dostlarının yanında da saz çalırdı?
S.M: Dostlarının yanında çaldığını çox görməmişəm. Bəzən təklikdə çalırdı. Ən gözəl xatirələrim Ağstafadakı evimizlə bağlıdır. Elə babam üçün də belə idi.
- İsa bəyin vəfatından sonrakı dövr necə keçdi?
S.M: Çox çətin oldu. Hələ inana bilməmişdim. O vaxt ona “Babama məktub” adlı bir məktub yazmışdım. Sonra 13 yaşımda kitabım dərc olundu. O vaxtacan kiçik hekayələr yazırdım. Kitabda həmin bu ağır dövrdə yazdıqlarım çap olundu.
- Onunla bağlı hansı hadisəni heç vaxt unuda bilməzsiniz?
S.M: Çox narahat idi. Ancaq yenə də mənimlə oynayırdı. O divanda otururdu, mən də mahnı oxuyurdum, o da məni alqışlayırdı. Nağıl kitablarımı verib deyirdim ki, oxu mənə bunları.
- İsa bəy bu evə nə vaxt köçüb?
Suala Sevinc xanım cavab verir.
S.H: Səhv eləmirəmsə, 1956-cı ildə. Əvvəllər Afaq Məsudun indi yaşadığı evdə Qabillə birlikdə yaşayıb. Bir neçə il orada qalıblar. Sonradan da bura köçüblər.
- Yeri gəlmişkən, Əli Vəliyevin də onun həyatında böyük rolu olub. Onun əsərini çap eləmirmişlər. Əli Vəliyev onu senzorun yanına gətirib və əsərin çapına şərait yaradıb.
S.H: Doğrudur. Ona kömək eləyənlər çox olub. Mehdi Hüseyni özünə mənəvi ata bilib.
Həm çox sərt idi, həm də çox yumşaq. Bir də çox tərs adam idi. Dediyi sözündən döndərə bilməzdin. Səma da, oğlum da elədir.
- Onu ən çox nə əsəbiləşdirə bilərdi?
S.H: Yazılarına toxunmaq. Əqidəsinə zidd getmək. Bəlkə də, əqidəsinə zidd gedə bilərdin, ancaq yazılarına toxuna bilməzdin.
- Hansı əsərlərini daha çox tanıdılmasını istəyərdiniz?
S.H: Özü yaradıcılığının ikinci dövrünün tanıdılmasını istəyirdi. Ancaq orada Saf Ağ elmi, Odər mədəniyyəti var, onları tərcümə edən adam bu bilgilərə sahib olmalıdır. Yaradıcılığın ilkin mərhələsindən isə 60-cı illərdə yazdıqları tanıdılsa, daha yaxşı olar.
- Səma xanımdan da soruşdum, ata Muğanna ilə yazıçı Muğannanın hansı fərqləri var?
S.H: Təbii ki, fərqlər çoxdur. Yazıçı Muğanna daha tələbkar, daha xarakterlidi. Bəlkə, bizə sərt görünə bilər. Ancaq ata olaraq çox həlim, çox mülayim idi. Mən atamla çox yaxın olmuşam. Anama demədiyim sözləri ona demişəm. Ancaq atam axşam işdən gələndə evimizdə tam sakitlik olardı. Çünki onun öz rejimi var idi. Altıda evə gəlirdi. Sonra anam atamı masaj eləməli idi. Bu bizdə qanun idi. Eləcə yuxuya gedərdi. Axşam saat 10-da yatırdıq. Atam stol arxasına keçirdi. Ondan sonra bizim cınqırımız çıxmazdı. Belə bir sərt rejimi var idi evdə. Ancaq uşaqlardan sonra çox dəyişildi. Onlar neyləsələr də qələmi yerə qoyub aciz-aciz baxırdı. Səma oxumağı sevərdi. Bir süpürgəsi var idi, onu mikrafon eləyirdi. Əvvəllər mətbəxdə işləsə də, sonrada yazı masasına keçdi. Çünki səhhəti yol vermirdi. Atam işləməyə başlayan kimi onun sazını gətirib başlayırdı dınqıldatmağa. O da heç nə deyə bilmirdi.
Məni tez-tez dənizkənarı bulvara aparırdı. Yolun kənarında bir oyuncaq dükanı vardı. Hər dəfə mənə oyuncaq alırdı. Bir nağılı vardı. Uzanırdım yanına, mənə nağıl danışırdı. Hamımızın bildiyi xalq nağıllarından deyildi. Nağılın Se adlı qəhrəmanı vardı. Bir gün dedim ki, o nağıldakı Se mənəm. O vaxt Bibiqon adlı bir nağıl qəhrəmanı vardı. Se qurtarandan sonra Bibiqon başladı. Hər səhər yuxudan Bibiqonla oyanırdım.
- Ananız deyirdi ki, bütün əsərlərini birinci mənə oxudurdu.
S.H: O, gənclik illərinə təsadüf eləyir. Belə bir vərdiş rəhmətlik Mehdi Hüseyndə də olub.
O da əsərlərini ilk dəfə İsa bəyə göstərirdi.
Onun “Yeraltı çaylar dənizə axır” adlı bir əsəri var. Atam danışır ki, çağırırdı məni evlərinə, elə olurdu səhərəcən otururduq. Atamın ondan fərqi var idi. Mehdi Hüseyn hansısa məsələlərdə güzəştə gedirdi, ancaq atamla anamın həmişə mübahisəsi düşərdi. Anam deyəndə ki, bunu niyə belə yazmısan, deyirdi ki, kişi qızı, yaxşı eləyib yazmışam. Deyirdi, onda bəs mənə niyə oxuyursan?
- Razılaşdığı anlar olurdu?
S.H: Olurdu. Sadəcə anamda bir xüsusiyyət vardı, deyirdi ki, çox bilirsən, az danış. Siyasətlə bağlı nələrsə olanda anam çalışırdı ki, onu çəkindirsin. Ölümün gözünə dik baxan adam idi. Bilsə idi ki, öldürəcəklər, yenə də sözünü deyəcəkdi.
- Elə olub ki, ananızın sözü ilə nəyisə dəyişsin?
S.H: Yox. Heç nə dəyişilə bilməzdi. “Məhşər” əsərini rus dilinə Qreta Qahramanyan adlı bir erməni qadın tərcümə edib. Ona etibar eləyib əsərini verməmişdi. Atam ona bir-bir, cümləbəcümlə diqtə eləyirdi. Deyirdi, sənin adına getsin, ancaq mənim qələmimdən çıxsın. Rus dilini mükəmməl bilirdi. Bir rus tərcüməçi vardı. Bəzi hissələrini o tərcümə eləyib. Onda da elə idi. Üstündə dururdu, baxırdı, redaktə eləyirdi, sonrada əsər çap olunurdu.
- Son müsahibələrindən birində deyir ki, “Türfə” adlı əsər yazmışam. Türkiyədə çıxaracam, burda çıxarsam, çox hadisələr baş verə bilər. O əsər sonradan çap olundu burada, amma sanki əsər ətrafında İsa bəyin dediyi o ajiotaj yaranmadı.
S.H: Zamanla əlaqədardır. İndi bizə qeyri-adi görünən şeylər cəmiyyət tərəfindən adi qarşılanır. İnternet cavanları mütaliədən uzaqlaşdırıb. İndi əyləncə vasitələri çoxdur. Bizim vaxtımızda belə deyildi.
- Müharibə illərindən nələr danışırdı?
S.H: Çox ağır illər olub. Atamın atası müharibədən qayıtdı, anamın atasının isə qara xəbəri gəldi. Onlar xalaoğlu-xalaqızı olublar. Anam atamla sevmədən evlənib. Atam çox tez, 22 yaşında evlənib. Ona qız almaq istəyəndə deyib ki, mən Firuzəni istəyirəm. Anam deyir ki, ağlımda belə şey yox idi. Atamın atası Mustafa babam müharibədən qayıtdı. Deyir, o qədər çox istəyirdim ki, Mustafa babamı, onun xətrinə evləndim İsa ilə. Hətta bir qış tətilinə getməyib ki, istəmirəm onu. Sonra gözümün qabağına gəldi ki, Mustafa babama görə getməliyəm. Ancaq sonradan çox bağlanıb atama.
- İsa bəyin ən çox hansı tərəflərini sevirdi Firuzə xanım?
S.H: Xarakterini. Sözünün arxasında durmağını. 19 il onların övladları olmayıb. Elin adət-ənənəsinə görə atamı evləndirmək istəyiblər. Deyiblər ki, Firuzə şəhərdə qalsın, səni kənddə evləndirək, övladın olsun. O demişdi ki, günah məndədi. Mənə görə olmur uşağımız. Bunu hansı kişi deyərdi. Halbuki elə bir şey yox idi. Anam vəfatından sonra hər axşam onun şəklinin qabağına gəlib onunla danışırdı. Deyirdi ki, bu gecə uçub gələcəm yanına. Anam o dünyaya inanmırdı. Atamdan sonra anamda o inam yarandı. Deyirdi ki, sizi çox sevirəm, ancaq onsuz yaşaya bilmərəm.
Atamın evdə qışqırmağına ehtiyac yox idi. Bilirdik ki, atamın bundan xoşu gəlmir. Anam qışqıra bilərdi, ancaq atam heç vaxt.
Bizim ev həmişə qonaq-qaralı olub. Çox adam gəlib-gedib. Qasım Qasımzadə, Qabil, Nəbi Xəzri.
- Qohum olub Nəbi Xəzri ilə.
S.H: Bəli. Anamın bacısı Nəbi Xəzri ilə evlənib.
- Hətta elçiliyə də birgə gediblər.
S.H: Dost olublar. Ədəbiyyat İnstitutunda birgə oxuyublar. Salam Qədirzadə, atam və Nəbi Xəzri. Əjdər İbrahimov gəlib bu evə. Lap uşaqlıq illərdən Gəray Fəzlini xatırlayıram. O, çox tez dünyasını dəyişdi. “Gəray əmi” deyirdim ona. Nəriman Həsənzadəni çox istəyirdi. Yoldaşı Sara xanım anamla çox yaxın olub.
Yadıma gəlir, Bəxtiyar Vahabzadə ilə divar qonşusu idik. Sonradan köçdülər. Gedib-gəlməyə ərinirdilər. Əlyazmaları nəyəsə bağlayıb bir-birlərinə ötürürdülər.
Atam dürüst insanları çox sevirdi.
2013-cü ildə atamın vəziyyəti çox ağır idi. Həmin dövrlərdə Barat Vüsal atamın yatağının yanından uzaqlaşmadı. Hər gün səhər gəlib axşam gedirdi.
Bir ay sonra düzəldi. 85 illiyini keçirdilər. Sonra vəziyyəti kəskinləşdi.
- Hansı hadisədən sonra?
S.H: Atam 2005-ci ildə kliniki ölüm keçirdi. 10 dəqiqəyə yaxın vaxtda ürəyi tamam dayandı. 1%-lə onu xəstəxanaya apardılar. Çox ümidsiz idik. Səhər altıda dedilər ki, ayılıb. Bir ay reanimasiyada qaldı. Dedilər ki, iki ay ömrü qalıb. İflic idi, yeriyə bilmirdi. Bir həftə sonra ayağa qalxdı. Möcüzə idi. Sonra başladı yavaş-yavaş danışmağa. O qədər yaxşılaşdı ki, bizimlə birgə toya getdi. Ən böyük əsərlərini də ondan sonra yazdı.
Həmin dövrlərdə “Qəbiristan”, “Cəhənnəm”, “İlan dərəsi”, “Qırx kisə qızıl” kimi əsərlər yarandı.
- Sizin onunla son görüşünüz necə oldu?
S.H: Təxminən axşam saat 6-nın yarısı olardı. Halı dəyişmişdi. Mən də evdə idim. Son illərində ancaq sıyıq yeyirdi. Yedi, sonra heç nə istəmədi. Ertədən dedi ki, çimmək istəyirəm. Kömək elədim, çimdi, çıxdı. Anam xəstə idi, halı yox idi. Mən eləyirdim hər şeyi. Axşam qəfildən ayağa durub dedi ki, bir yer var, gedirəm ora, qayıdıb gələcəm. Birdən-birə nəfəsi çatmadı. Anamın qışqırığını eşitdik. Gecə ikinin yarısına qədər bu vəziyyətdə qaldı.
- Vəfatından sonra ona olan münasibət necə idi?
S.H: Yaxşı. Bilirsiniz, atamın Heydər Əliyevlə münasibətləri çox yaxşı idi. Hər yubileyində atama zəng vurub təbrik eləyərdi. Deyərdi, məndən nə istəyirsən. Atam da deyirdi ki, sizin canınızın sağlığını.
- İsa Hüseynov bu gün yetərli qədər təbliğ olunurmu?
S.H: Yox.
- Səbəbi nədir?
S.H: Cavab tapa bilmirəm. Atamın vəfatından sonra həm maddi, həm də mənəvi olaraq çox ağır dövrdən keçdim. Heç kəsə arzulamıram. Atamın vəfatından sonra anam da xəstələndi. Uşaqlarla tək idim. Bilmirdim, neyləyim?
- Ananız da İsa bəydən qısa müddət sonra vəfat etdi.
S.H: İki il sonra. O iki il müddətində də vəfat etdi. Bəlkə, qışqırsa, ağlasa, daha yaxşı olardı. O cür səsli-küylü qadın yumağa dönmüşdü.
- Sanki ananız atanızla evlənəndən sonra zamanla onun xarakterini mənimsəmişdi. Bəlkə də, onları yaxınlaşdıran bu idi.
S.H: Onlar heç vaxt özləri üçün yaşamayıblar. Deyirdim, ana, deyəsən, bacı, qardaş uşaqlarını məndən çox istəyirsən. Sonradan elə adamlar gəlib “atana borcluyam” deyirdi ki, mat qalırdım.
- 90-cı illər... SSRİ dağıldı... Dəhşətli hadisələr... Ölüm-itim... İsa bəyin bu hadisələrə reaskiyası necə idi?
S.H: Onun Heydər Əliyevə yazdığı xeyli məktub vardı. Sonradan itdi onlar. Bir çamadan məktub yazmışdı. Xalq Cəbhəsinin hakimiyyətdə oduğu dəhşətli dövrlər idi. Anam həmişə deyirdi ki, səni öldürəcəklər, eləmə belə, danışma. Atam Elçibəyi heç vaxt pisləməyib, ancaq rəhbər kimi həmişə Heydər Əliyevi görüb.
Təsəvvür eləyin, 20 Yanvarda pəncərənin qabağından çəkilmirdi. Tanklar elədən-elə gəlirdi, belədən-belə. Heç yadımdan çıxmır. Eləcə pəncərənin qabağında dayanıb ağlayırdı.
- Son illərində kimləri oxuyurdu?
S.H: Heç yadımdan çıxmaz, 2013-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi” kitabı çıxmışdı. Özü oxuya bilmədi. Məndən xahiş elədi ki, oxu mənim üçün. Ara-sıra oxuyurdum, dinləyirdi.
- İsa bəy indi burada olsa, ona nə deyərdiniz?
S.H: Heç nə. Yanında oturardım, başını çiynimə qoyardım ki, onu hiss eləyim.