Kulis.az Ülvi Bahadırın yazıçı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovla müsahibəsini təqdim edir.
– Buranı təxminən nə vaxt yaratmağa başlamısınız?
– Əslində, yaşadığı dövrdə də belə bir otağı var idi. Nizami küçəsində bir otaqlı mənzil idi. Əvvəllər biz birgə yaşamışıq, sonra dörd ilə yaxın Gənclikdə yaşadı. Atam rəhmətə gedəndən sonra bizim otaqlara bitişik olan birotaqlı mənzil almışdıq. Vəfatından sonra on ilədək o mənzili saxladım, düşündüm ki, bəlkə, nə vaxtsa muzey etmək olar. Sonra biz bura – Badamdarda yeni evə köçəndə dostlarım da məsləhət gördülər ki, Əzizə ananın otağını bura köçürüm. Onlar da qeyd etdilər ki, əlinin altında olsa, daha çox iş görə biləcəksən. Beləcə qərara gəldik və hər şeyi bura köçürdük. Əşyaları da əvvəlki vəziyyətinə uyğun yığmağa çalışmışıq.
– Ora hələ də qalır, yoxsa satmısınız?
– Yox, sonradan satdıq. Elə də xüsusi bina deyildi. Köhnə tikilinin üzərinə əlavə edilmiş bir mənzil idi. Sonra bəzi dəyişikliklərdən sonra oranın giriş-çıxışı səliqəsiz oldu. Mənzil də darısqal idi.
Əzizə ananın 17 cildlik “Seçilmiş əsərləri” toplusunu özüm çap etdirmişəm. Onların tərtibatçısı və redaktoru Türkiyədə yaşayan həmyerlimiz, professor Pərvanə Bayramdır. 1 romanı, 8 povesti, 40 hekayəsi yer alıb bu kitabda. Burada elə əsərləri var ki, ilk dəfə çap olunub.
Rəfdəki kitabları göstərir:
Bunlar Türkiyədə çap olunan kitablardır: “Eşq sultanı”, “Bakı-1501”, “Aləmdə səsim var mənim”, “Sabir” və onun haqqında Pərvanə Bayramın “Azərbaycan ədəbiyyatının usta qələmi Əzizə Cəfərzadə”, Könül Qulusoyun “Azərbaycan ədəbiyyatında tarixi roman” (Əzizə Cəfərzadə və Fərman Kərimzadənin romanları haqqında).
Bu “Bakı-1501” romanıdır, İsveçdə ingilis dilində çap olunub. Bu 8 kitabı isə “MİMTA yayımları” nəşr edib. Çox gözəl tərtibat veriblər. Kitabın qapaq rəsmlərinin müəllifi Fuad Tahir Manafovdur.
Bu kitabların bir xüsusiyyəti də var. Burada xüsusi qeyd olunur ki, mətn ilk dəfə tam şəkildə çap edilir. Sovet dövründə senzura tərəfindən çıxarılan hissələr vardı. Bəzi yerlər ixtisar olunmuşdu, hətta bütöv bölmələr mətndən çıxarılmışdı. Mən həmin hissələri yenidən tapıb kitaba qaytarmışam.

– Bəs nə vaxt qərara gəldiniz ki, əsərlər tam versiyada çap olunsun?
– O vaxt buna imkan yox idi. Məsələn, bu kitab Prezidentin fərmanı ilə çap edilmişdi. Amma naşirlər mənimlə məsləhətləşməmişdilər. Həmin vaxt İngiltərədə yaşayırdım. Köhnə nəşr əsasında latın qrafikasına keçirib yenidən çap etmişdilər.
Mən iki ildən çox həmin ixtisar olunmuş hissələri axtardım. Bilirdim ki, müəyyən yerlər çıxarılıb, amma konkret nə olduğunu bilmirdim. Sonra maraqlı bir məqam ortaya çıxdı. Anamın belə bir vərdişi var idi: əsər çap olunandan sonra kitabın üzərində işləyir, düzəlişlər edir və haralarda ixtisar aparıldığını qeyd edirdi. Burada da onun qeydləri var. Məsələn, yazıb ki, burada ixtisar olunub, bu hissə çıxarılıb. Mən də həmin qeydlərin köməyi ilə əlyazmalarda o parçaları tapıb bərpa etmişəm.
İranda son illərdə 10-dan çox kitabı Azərbaycan dilində ərəb əlifbası (əski əlifba) ilə nəşr edilib. Bunlar da oradan gətirilən kitablardır. Bəzi kitablar bir neçə dəfə nəşr edilib. Məsələn, “XAN” nəşriyyatı bu kitabın artıq dördüncü nəşrini buraxır. 2016-cı ildən bəri demək olar ki, hər il yenidən çap olunur.
– Bu xüsusi sifarişlə hazırlanıb?
– Bəli, büstü bacımın həyat yoldaşı, rəhmətlik heykəltəraş Mübariz Əmiraslanov düzəltmişdi. Anamın İrana köçmüş yeganə bibisi Şərəfnisənin nəvəsi sonradan Kembricdə yaşayırdı. Bu büstü onun üçün hazırlamışdı. Anam vəfat edəndən sonra onu Kembricdən gətirdim və burada çox dəqiq 3 surətini çıxartdırdım. Orijinalı da yenə Kembricə qaytardım. 2 surəti buradadır, biri isə Əzizə ananın adına Hacıqabulun Tağılı kənd orta məktəbinin qarşısında qoyulub.

– Bu da onun öz yazı makinasıdır?
– Bəli, öz yazı makinasıdır. 1938-1940-cı il Almaniya istehsalıdır. Bəlkə də, 50 ildən çox Əzizə anaya xidmət edib. Zarafatla ona “sevgilim” deyirdi.

– Bu şəkildəki alət tamburdur?
– Bəli. Əzizə ana 1928-ci ildə Aşıqlar qurultayı zamanı bu alətlə fotosu çəkilmiş bir qadın aşıq şəklinə rast gəlir. Bu foto haqqında “Qobustan” jurnalında yazı dərc olundu. “Bu kimdir?” deyə sualla oxuculara müraciət edir. Daha sonra məlum oldu ki, şəkildəki xanım hələ sağdır və 104 yaşı var. O, Balakənin Qullar (Gülüzən) kəndində yaşayan Aşıq Sənəmdir. Əzizə Cəfərzadə Azərbaycan televiziyasının əməkdaşları ilə Balakənə gedib, orada Aşıq Sənəmdən AzTV üçün müsahibə alıb, 217 haylasını (bu bölgədə bayatıya hayla deyirlər) toplayıb və “Azərbaycanın aşıq və şair qadınları” kitabının 2-ci nəşrində onları nəşr etdirib. Həmin gün Aşıq Sənəm öz tamburunu ona hədiyyə edib. O vaxtdan bu tambur Əzizə ananın otağının ən görkəmli yerində asılıb.
Maraqlısı budur ki, bilmirəm oxumusunuz, ya yox, Əzizə xanım universitetdə cəmi altı ay təhsil alıb. Bax, bu şəkil onun 1942–1947-ci illərin məzun qrupunun vinetkasıdır. Əzizə xanım da buraxılış və bəzi imtahanları həmin qrupla verdiyi üçün fotosu ora daxil edilib. Azərbaycan Dövlət Universitetinə 1945-ci ildə qəbul olunub. Amma iki aydan sonra əlində türk şairi Tofiq Fikrətin kitabının olduğunu görüblər. Həmin kitab məndədir, stolun üstündə saxlayıram. O dövrdə türk şairinin kitabını, üstəlik, ərəb əlifbası ilə olan nəşrini əldə saxlamaq problem sayılırdı. Nəticədə, universitetdən xaric ediblər.

Sonra o vaxtın təhsil naziri olan Xalq yazıçısı Mirzə İbrahimovun yanına gedib. Mirzə İbrahimov onu yazıçı kimi 1937-ci ildən tanıyırmış. Universitetdə ilk aylarda bir neçə dəfə belə problemlə üzləşib, amma sonradan bərpa olunub.
Həmin dövrdə dekan müavini Məhəmməd Hadi şairin bacısı oğlu imiş. O, Əzizə xanıma deyib ki, biz sənin savadını bilirik, artıq pedaqoji məktəbi bitirmisən, illərlə müəllim işləmisən, neçə ildir yazıların dərc edilir. Sənin üçün adi qaydada oxumaq çətin olacaq. O zaman əsgərlikdən qayıdanlar və müəyyən kateqoriyadan olan şəxslər üçün eksternat qaydasında oxumağa icazə verirdilər. Əzizə xanım əllidən çox imtahanı altı ay ərzində verərək universiteti bitirib.
Diplom işinin rəhbəri professor Əli Sultanlı olub. Mövzu isə “Nəcəf bəy Vəzirov dramaturgiyasının xüsusiyyətləri” idi. Bilirsiniz ki, 1938-1940-cı illərdə pedaqoji məktəblə paralel olaraq Əzizə Cəfərzadə Teatr məktəbində də oxuyub. Dramaturgiya ona yaxın mövzu idi. Elmi rəhbəri tərəfindən diplom işinə “əla” qiyməti verilib və rəy yazılıb ki, bu iş heç bir dəyişiklik edilmədən çap oluna bilər. Əzizə xanımın aspiranturada saxlanılmasını da Əli Sultanlı tövsiyə edib.

– Əzizə xanım əslən Şamaxıdandır.
– Ata-anası Şamaxıdandır. Onlar Şamaxının Sarıtorpaq məhəlləsində yaşayırdılar. Böyükxanım nənəm 16 yanvar 1902-ci ildə doğulub. Nənəm 1902-ci il Şamaxı zəlzələsi baş verəndə cəmi 17 günlük körpə olub. Zəlzələdən sonra ailə Şamaxını tərk etməyə məcbur olub. (Divarda sıra ilə düzülmüş şəkilləri göstərir) Bu şəkildə gördüyünüz qadın Əzizə xanımın anası Böyükxanımdır, bu isə onun anası Rübabə xanımdır. Buradakı şəxs nənəmin dayısıdır, bu babamdır, bu anamdır, bunlar isə onun böyük və kiçik qardaşlarıdır.
Kiçik qardaşı Stalin əleyhinə şeirlər yazdığına görə 1953-cü ildə “xalq düşməni” elan olunmuş, həbs edilərək Sibirə göndərilmişdir.
– Adı nə idi, xatırlayırsınız?
– Əhməd Cəfərzadə. O, 1956-cı ildə azadlığa çıxdıqdan sonra ali təhsilini davam etdirib, elmi fəaliyyətlə məşğul olub, namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Pedaqogika sahəsində çalışıb. Amma Sibirdən qayıtdıqdan sonra bütün həyatını Hacıqabulun (Udullu sovetliyinin) Tava kəndində yaşayıb.
– Ailədə neçə uşaq olublar?
– Yeddi uşaq olublar. Amma yalnız üçü sağ qalıb. Digərləri kiçik yaşlarında vəfat ediblər.

– Hamısı ədəbiyyatla məşğul olurdu?
– Müxtəlif sahələrdə çalışıblar. Məsələn, böyük dayım Gəncədə işləyib, dilçi alim, elmlər doktoru, professor olub. Dialektologiya və türk dilləri üzrə araşdırmalar aparıb. Əhməd isə pedaqogika sahəsində fəaliyyət göstərib, rus dilinin tədrisi üzrə elmi iş müdafiə edib.
Amma demək olar ki, hamısının folklorla bağlı fəaliyyəti olub. Mən onların əsərlərini də çap etdirmişəm. Məsələn, Məmmədin “Dənizdən damlalar” adlı kitabı var. İçində şeirlər də var, folklor nümunələri də. Hekayələr, qəzəllər, ovçu hekayələri və müxtəlif yazılar yazıb. Burada çox maraqlı folklor nümunələri toplanıb. Birini xüsusilə sevirəm.
“İki tənbəl əncir ağacının altında uzanıb. Biri o birinə deyir: “Nə olar, əncirlərdən biri ağzıma düşəydi”. O biri cavab verir: “Tutaq düşdü, onu kim çeynəyəcək?”

“Yaralı könül”, “Cəfərzadələr ocağı – Əhməd Cəfərzadə” kitabları kiçik qardaşına aiddir. Buradakı materialların çox hissəsi DTK (KQB) arxivlərindən əldə olunub. O, “xalq düşməni” kimi həbs olunarkən əlindən alınan əlyazmaların və materialların bir çoxunu sonradan əldə edib nəşr etdirmişəm. Folklora dair bir neçə kitabını da çap etdirmişəm.

– Əzizə xanım həyat yoldaşı ilə necə tanış olub?
– Onlar məhəllədən bir-birlərini tanıyırdılar. O vaxtlar təyyarəçilik klubu da var idi. Əzizə xanım gəncliyində onunla birlikdə təyyarəçiliyə maraq göstərirmiş. Amma boyu tələb olunan normadan 1-2 santimetr qısa olduğuna görə qəbul olunmayıb. Bundan sonra diqqətini ədəbiyyata yönəldib. Onsuz da 15 yaşından ədəbi mühitdə tanınırdı.
Maraqlıdır ki, onun “Əzrayıl” hekayəsi ilk dəfə 1937-ci ildə çap olunub. Hətta həmin ilin əvvəllərinə aid “Ədəbiyyat” qəzetində 4 yanaşı foto var: Mirvarid Dilbazi, Nigar Rəfibəyli, bir erməni xanım və Əzizə Cəfərzadə. Ermənini nə qədər axtardımsa, kim olduğu bilinmədi. Əzizə xanım o vaxt 15-16 yaşlı bir qız olmasına baxmayaraq, ona yazıçı kimi yanaşırdılar. Və bu 3 azərbaycanlı xanım sonralar – Mirvarid Dilbazi və Nigar Rəfibəyli Xalq şairi, Əzizə Cəfərzadə isə ilk qadın Xalq yazıçısı adını alıblar.
– Amma həyat yoldaşı pilotluq fəaliyyətini davam etdirib.
– Bəli, həyat yoldaşı Məmməd İbrahimov pilotluğu davam etdirib və çox tanınmış pilot olub. Müharibədə iştirak edib. Sonralar onu Afrikaya göndəriblər. Xruşşovun dövründə Sovet İttifaqı Qana Respublikasının prezidentinə vertolyot hədiyyə edib. Atam da həmin vertolyotun baş pilotu təyin olunub. Əzizə xanım da bir müddət onunla birlikdə Qanada yaşayıb.
Mənim də onlarla getməyim planlaşdırılırdı. Hətta bunun üçün çoxlu şəkillər də çəkdirmişdik. Amma sonradan atam yazdı ki, oradakı iqlim ona uyğun gəlmir, allergiyası başlayıb. Atam hesab edib ki, orada uşaqlar arasında xəstəliklər çox yayılıb və buna görə mənim getməyim risklidir. Ona görə mən Azərbaycanda qalmışam.
Əzizə xanım Qanada olduğu müddətdə ölkə prezidenti Kvame Nkrumadan yazı fəaliyyəti üçün xüsusi icazə də alıb. Prezident ona deyib ki, sənə istədiyin yerə getmək, hər şeyi görmək imkanı yaradıram. Bir şərtlə ki, həqiqəti yazacaqsan”. Əzizə xanım da bu səfəri sonradan səfərnamə şəklində qələmə alıb.
Bu əsər “Qızıl sahilə səyahət” adı ilə nəşr olunub. Ümumiyyətlə, Əzizə xanım 21 ölkədə olub, onların 15-i haqqında səfərnamələr yazıb. Mən də iki il əvvəl həmin yazıları “Seçilmiş əsərləri” kitabında daha 14 ölkə haqqında yazdıqlarını əlavə edərək çap etdirmişəm. Təxminən 800 səhifəlik bir topludur. Materialların hazırlanması çox zəhmət tələb etdi, amma nəhayət, başa çatdı. Bu işdə Türkiyədə yaşayan azərbaycanlı professor Pərvanə Bayram da redaktə və tərtibat işləri ilə kömək etdi. Folklorla bağlı materiallar üzərində isə dosent, folklorşünas Tacir Səmimi ilə birlikdə çalışırıq.
Hazırda Əzizə xanımın elmi əsərlərinin nəşri ilə məşğulam. Bədii əsərlərinin nəşri başa çatdıqdan sonra elmi irsinin çapına başlamışam. Bu əsərlərin əksəriyyəti əvvəllər ayrıca kitab halında nəşr olunmayıb. İndiyədək yeddi cild çap edilib. Birinci cild “Aşıq yaradıcılığının tədqiqi”nə həsr olunub. Sonrakı cildlərdə “Nəcəf bəy Vəzirov dramaturgiyasının xüsusiyyətləri”, “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi ziyalı gənc surətləri”, “XIX əsrdə Molla Pənah Vaqif ədəbi məktəbi”. Bundan başqa, iki cild “Klassik irsin tədqiqinə dair məqalələr” (XIV-XX əsrlər), “Folklor araşdırmaları” və “Xəlqiyyat dəftərləri” nəşr edilib.

– Əzizə xanım Azərbaycan ədəbiyyatının ən məhsuldar yazıçılarından biri hesab olunur.
– Bəli. İlk hekayəsi 1937-ci ildə çap olunub. Müharibə illərində də yazıları dərc edilirdi. İlk kitabı isə 1948-ci ildə çıxmalı idi. Hətta kitabın nəşrinə Səməd Vurğun təqdimat yazmışdı. Ancaq həmin dövrdə SSRİ-də ideoloji təqiblər güclənmişdi. Jdanovun Axmatova və Mixail Zoşşenko haqqında məşhur tənqidi məqaləsindən sonra oxşar yazıçıları digər respublikalarda da axtarmağa başlayıblar. Moskvada və Leninqradda “günahkarlar” tapılmışdısa, Bakıda da kimlərisə tapmaq lazım idi.
Nəticədə, Əzizə xanımın ilk kitabı 1948-ci ildə məhv edildi, nəşri dayandırıldı. Sabit Rəhman da eyni təzyiqlərlə üzləşdi. Beləliklə, Əzizə xanım 1948-ci ildən 1963-cü ilə qədər faktiki olaraq ədəbi prosesdən kənarda qaldı. Xüsusilə də qardaşı 1953-cü ildə həbs edildikdən sonra vəziyyət daha da ağırlaşdı.
– Ədəbiyyatdan uzaq qaldığı illərdə nə ilə məşğul olub?
– Elmi fəaliyyətlə.
– Deməli, elmi əsərlərinin əksəriyyəti həmin dövrdə yazılıb?
– Bəli. 1946-cı ildə aspiranturaya daxil olub. 1946–1950-ci illərdə elmi araşdırmalar aparıb, namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə də tədqiqatlarını davam etdirib. Təxminən 16-17 il indiki Əlyazmalar İnstitutunda, o vaxtkı Əlyazmalar Fondunda çalışıb və burada çoxsaylı elmi araşdırmalar aparıb.

– Yandırılan kitabın nüsxəsi qalıbmı?
– Xeyr, kitabın özü qalmayıb. Amma mən ilk dəfə olaraq qırx hekayəsini çap etdirmişəm. Çox güman ki, həmin kitabda da bu hekayələrin bir hissəsi yer alırdı. Onları 2016-cı ildə kiçik qardaşı Əhmədin arxivindən tapmışam.
İlk əlyazmaları da məndədir. Baxsanız görərsiniz ki, bunlar hələ məktəbli və tələbə illərində yazılmış mətnlərdir. Məşhur “Əzrayıl” hekayəsinin əlyazması da onların arasındadır. Yazı makinasında üzü köçürülmüş nüsxələr və əlyazmalar həmin dövrün ruhunu çox aydın göstərir.
Əslində, həmin illərdə kimisə “burjua”, “millətçi” və ya başqa bir ittihamla damğalamaq lazım idi. Başqa izah vermək çətindir. Buna baxmayaraq, Əzizə xanım yazmağı dayandırmayıb. Sadəcə əsərlərini çap etdirə bilməyib. Məsələn, 1946-1967-ci illərdə yazdığı “Qaratel”, “Qoşqar”, “Bir zərrə iz…”, “Manar sahillərində” povestlərini ilk dəfə nəşr etdirmişik. “Manar sahillərində” əsərində Mahatma Qandinin qətli, Hindistanın 4-5 hissəyə bölünməsi və həmin dövrün ictimai-siyasi hadisələri təsvir olunur. Xüsusilə Hindistanın dini zəmində parçalanması mövzusu əsərdə geniş şəkildə əksini tapıb.
– Siz dediniz ki, o dövrdə mütləq kimdəsə bir “günah” tapılmalı idi. Sizcə, Əzizə xanımın təqiblərə məruz qalması qardaşının repressiya qurbanı olması ilə bağlı idi?
– Yox, bu hadisələr ondan əvvəl baş verib. Əzizə xanımın kitabının nəşrinin dayandırılması 1948-ci ildə olub, dayım isə 1953-cü ildə həbs edilib.
–Amma yenə də müəyyən təsiri ola bilərdi...
– Sonrakı dövrdə əlbəttə ki, təsiri olub. Axı deyirəm, 1945-ci ildə universitetdən bir neçə dəfə xaric edilmişdi. Buna baxmayaraq, savadına görə onu qorumağa çalışıblar.
– Ümumiyyətlə, yazı prosesi necə gedirdi? Daha çox hansı vaxtlarda yazırdı?
– Əli yazı makinasına çatan kimi yazmağa başlayırdı. Çox məhsuldar idi. Elə olurdu ki, bir gün ərzində 18-25 səhifə dayanmadan yaza bilirdi.

– Daha çox gündüz yazırdı, yoxsa gecə? Adətən yazıçılar haqqında deyirlər ki, gecələr işləyirlər.
– Əzizə xanım əsasən səhər saat 4-5-dən etibarən daha məhsuldar işləyirdi. Gecələr də işləyirdi. Hətta uşaqlıqda ona xüsusi bir qələm almışdım. O vaxt belə şeylər nadir idi. İçinə nazik batareyalar qoyulurdu və yazanda işıq yanırdı. Sonralar isə diktofona keçdi. Yazı makinasında işləyə bilməyəndə fikirlərini bu diktofona danışırdı. Bax, həmin diktofon budur.
– Rəflərdə kasetlər də var. Onlar da əsərlərin səs yazılarıdır?
– Bəli. Sonralar barmaqları əvvəlki kimi işləmirdi. Hətta bir vaxtlar ona makinaçı da tutmuşduq. Amma maraqlı vəziyyət yaranırdı. Makinaçı səhər saat 9-da gəlirdi, Əzizə ananın ilhamı isə bəzən səhər tezdən gəlirdi. Onun ilhamı ilə makinaçı eyni vaxtda birgə ola bilmirdilər. Görünür, yanında kimsənin olması ona mane olurdu. Yazmaq üçün təklik istəyirdi.
Sonra bu diktofon tapıldı. O vaxtlar, xüsusən də 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində belə avadanlıq tapmaq çətin idi. Deyirdi ki, heç olmasa, fikirlərimi yazım, itib-batmasın. Məsələn, son kitablarından biri olan “Eşq sultanı”nın böyük hissəsi səs yazıları əsasında hazırlanıb.
– Yaradıcılıq tərəfinə toxunduq. İndi isə bir az da Əzizə xanımın ailədəki obrazından danışaq. O necə qadın, necə ana idi?
– Birinci növbədə, çox güclü öyrətmək qabiliyyəti vardı. Mən uşaq ikən biz maşınla çox səyahət etmişik. Yolda müxtəlif oyunlar qururdu. Çayların, göllərin, şəhərlərin, ölkələrin adlarını sadalayırdıq, söz oyunları oynayırdıq. Beləcə həm əyləndirir, həm də öyrədirdi.
Bir vaxtlar alman istehsallı böyük, gözəl çadırımız vardı. İkiotaqlı idi, qarşısında da eyvanı vardı. Hələ Çıraqqala ərazisində infrastruktur qurulmamışdan əvvəl oralarda çadır qurub qalırdıq. Təbiəti çox sevirdi.
Bir dəfə Şamaxı tərəflərinə getmişdik. Kabab bişirmək istəyirdik, amma şişləri maşına qoymaq yaddan çıxmışdı. O vaxtlar yolboyu restoranlar da, demək olar ki, yox idi. Anam ağaclardan uyğun budaqlar seçdi, təmizlədi və onlardan şiş düzəltdi. Kababı da həmin budaqlardan düzəldilmiş şişlərə keçirib bişirdik.
Evdə də daim nəsə öyrədirdi. Mən özüm də çox yaxşı yemək bişirirəm. Xaricdə uzun illər işləyib yaşamışam və bu mənə çox kömək edib. Çünki uşaq vaxtından məni mətbəx işlərinə cəlb edirdi. Məsələn, özü nəsə xörəklə bağlı başqa iş görəndə kartof soymağı, nəyisə doğramağı mənə tapşırırdı. Bişirdikcə nəyi necə etmək lazım olduğunu və başqa xırdalıqları danışa-danışa öyrədirdi.
Anam xəstəxanada olanda mən artıq 12 yaşımda təkbaşına toyuq plovu bişirə bilmişdim. Yəni uşaqları müstəqil olmağa alışdırırdı. Mən həmişə valideynlərə deyirəm ki, oğlan və qız fərqi qoymadan uşaqları bu cür öyrətmək lazımdır. Yemək bişirməyi də çox sevirdi. Süfrə bəzəməkdə xüsusi zövqü vardı. Elə süfrələr hazırlayırdı ki, bəzən restoranlardan da gözəl görünürdü. İndi də həyat yoldaşımla bu ənənəni davam etdiririk.

– Sizinlə və bacınızla mühüm məsələlərdə məsləhətləşirdi, yoxsa qərarlarını özü verirdi?
– Mən 12-13 yaşlarımdan onun yazdıqlarını həmin gün oxuyurdum. 20 yaşıma çatanda mənə dedi ki, bundan sonra heç nəyi sən oxumadan çap etdirməyəcəyəm. Səbəbini də belə izah edirdi ki, yaşlı və tanınmış adamların bəzən elə yazıları olurdu, onları oxuyanda utanırdıq. Ona görə də yaxınlarının rəyinə böyük əhəmiyyət verirdi.
Qardaşları sağ olanda onlar da əsərlərə geniş rəylər yazırdılar. Mən yazırdım, bacım yazırdı. Bəzən romanı bitirən kimi götürüb kəndə, kiçik qardaşı Əhmədin yanına aparırdı. Bəzən isə Əhməd müzakirələr üçün gələrdi. Böyük qardaşı Məmməd yazdığı yeni kitabı oxumaq üçün Gəncədən gəlirdi. Günlərlə əsərin üzərində mübahisə edir, müzakirə aparırdılar. Nəticədə, daha yaxşı mətn ortaya çıxırdı. Ailənin fikrinə çox qiymət verirdi.
– Tarixi romanlara marağı necə yaranmışdı?
– Özü deyirdi ki, bu məsələdə Mirzə Fətəli Axundzadə ona təsir edib. Axundzadə deyirdi ki, əgər bu günün həqiqətlərini yaza bilmirsənsə, onları başqa dövrə və ya başqa ölkəyə köçürərək yaz. Digər səbəb isə o idi ki, həmin dövrdə bizim tarix kitablarımız Moskvada Petrovskinin rəhbərliyi və redaktəsi ilə yazılırdı. Tarixə siyasi yanaşılırdı. Kim olduğumuzu, hansı kökdən gəldiyimizi başqaları müəyyənləşdirməyə çalışırdı. Bu da onda tarixə marağı daha da artırmışdı.
– Tarixi əsərlərinin çapında da problemlər yaşanırdı?
– Əlbəttə. Məsələn, “Aləmdə səsim var mənim” onun ən məşhur əsərlərindən biridir. Amma bu əsər ötən ilə qədər tam mətndə çap olunmamışdı. Müxtəlif hissələri ixtisar edilmişdi. “Vətənə qayıt” romanında da Qəbulə xanımla bağlı bütöv bir hissə çıxarılmışdı.
– Bunun səbəbini izah edirdilərmi?
– Əlbəttə, siyasi səbəblər vardı. Məsələn, əsərdə Qəbulə xanım XVIII əsrdə rus işğalçı qüvvələrinə qarşı mübarizə aparan güclü qadın obrazıdır. Hətta bir epizodda o, 22 rus zabitini qonaq adı ilə çağırıb, sonra onları öz adamları ilə birgə məhv etdirir. Bu hissələr sovet-rus ideologiyasına uyğun gəlmədiyi üçün çıxarılmışdı.
“Aləmdə səsim var mənim” romanında da ruslaşdırma siyasətini tənqid edən fikirlər vardı. Həmin hissələr də senzura tərəfindən kəsilmişdi.
– Əsərlərinin bu şəkildə dəyişdirilməsinə münasibəti necə olurdu?
– “Vətənə qayıt” romanında həmin hissəni çıxardıqları gün yadımdadır. Vərəqləri iki yerə cırıb kənara atdı və ağlaya-ağlaya dedi ki, bu əsərim də məhv oldu.
Mən isə gizlicə həmin səhifələri yığıb qovluğa qoydum ki, tamamilə cırıb atmasın. Sonralar, müstəqillik illərində onları yenidən çap etdirdik və son nəşrlərdə həmin hissələri mətnə qaytardıq.
1983–1986-cı illərdə yazdığı “Qobustan çökəklərində” əsərini də çap etməyə icazə verməmişdilər. Çünki orada 1918-ci ildə erməni daşnaklarının Şamaxıdakı qırğınlarından və 1920-ci ildən sonra həmin daşnakların milis orqanlarına nüfuz edərək azərbaycanlılara qarşı törətdiyi hadisələrdən bəhs olunurdu. Tarixi faktların açıq şəkildə göstərilməsi həmin dövrdə arzuolunan sayılmırdı.
– Bir tərəfdən əsərləri qadağan olunurdu, digər tərəfdən isə müxtəlif vəzifələrdə çalışırdı.
– Əslində, vəzifəpərəst insan deyildi. Sadəcə peşəkar olduğuna görə müəyyən vəzifələr tuturdu. Otuz yaşlarında kafedra müdiri olmuşdu. Sonralar Elmlər Akademiyasında şöbə müdiri işləyib. Əlyazmalar Fondunda yeganə qadın elmlər doktoru idi. Buna baxmayaraq, onu müxtəlif yollarla işdən uzaqlaşdırmağa çalışırdılar. Məqsəd isə başqa bir qohumu olan elmlər namizədini rəhbərliyə gətirmək idi.

– Deyirlər ki, uzun illər hansısa qədim Quran əlyazmasını axtarıb tapmışdı.
– Bəli. Uzun Həsən dövründə türk dilinin dialektlərindən birinə tərcümə olunmuş Quran nüsxəsini axtarırdı. Əvvəllər müxtəlif ölkələrdə, sonda isə İranda, Tehrandakı Milli Kitabxanada araşdırmalar aparıb. Sonra ona məsləhət görüblər ki, Məşhəddə axtarsın. Nəhayət, həmin əlyazmanı orada tapıb. Bu, elmi baxımdan çox qiymətli tapıntı idi. Çünki Quranın türk dilinə ən qədim tərcümələrindən biri hesab olunur.
– Bəs həmin əlyazmanı axtarmaqda məqsədi nə idi? Tapdıqdan sonra onunla bağlı hansısa araşdırma aparıbmı?
– Xüsusi bir tədqiqat aparmayıb. Amma məqsəd göstərmək idi ki, Quranın türk dilinə tərcüməsi düşündüyümüzdən daha qədim dövrlərə gedib çıxır. Biz adətən ilk tərcümələrin XX əsrin əvvəllərinə aid olduğunu düşünürük. Mənim bildiyimə görə, Azərbaycan dilində Mir Məhəmməd Kərim Mircəfərzadə Bakuvinin tərcüməsi və təfsirində ilk nəşrlərdən biri 1904-cü ildə nəşr olunub. Əzizə Cəfərzadənin ev arxivində həmin nəşrin bir nüsxəsi saxlanılır. Bu Quran təfsirinin üçcildlik nəşrini Hacı Zeynalabdin Tağıyev maliyyələşdirib çap etdirmişdi.
– Bəs tapdığı əlyazmanın surətini gətirə bilmişdimi?
– Yox, İrandan belə materialları çıxarmaq çox çətin idi. Amma başqa maraqlı hadisələr də olub. Məsələn, Əzizə xanım Qanada olarkən orada çoxlu ərəb əlifbalı əlyazmaların mövcud olduğunu öyrənmişdi. O zaman Əlyazmalar Fondunda işlədiyinə görə, bu sahənin mütəxəssisi kimi tanınırdı. Qana prezidenti Kvame Nkrumanın xahişlərindən biri də bu əlyazmalara baxması olmuşdu. Ona demişdilər ki, bizdə çoxlu qədim ərəb əlifbalı əlyazmalar var, amma onların nə olduğunu bilmirik. Əzizə xanım həmin materialları araşdırıb və orada Şirvani, Naxəvi və başqa azərbaycanlı müəlliflərə aid əlyazmaların olduğunu müəyyənləşdirib. Hətta onların siyahısını da hazırlayıb gətirmişdi ki, bəlkə, sonradan bu əsərlərin, heç olmasa, fotosurətini Elmlər Akademiyası üçün əldə etmək mümkün olar. Amma bildiyim qədərilə, bununla bağlı sonradan ciddi bir iş görülmədi.
– Bunlar Afrikada fəaliyyət göstərən şairlər idi?
– Yox, əlyazmalar sonradan müxtəlif yollarla Afrikaya gedib çıxmışdı. Bununla bağlı maraqlı bir hadisə də var. Əzizə ananın Hacı Zeynalabdin Şirvani haqqında yazdığı “Səyyah” (“Eldən-elə”) romanı var idi. Zeynalabdin Şirvani XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış çox məşhur səyyah olub. Dünya səviyyəli səyyah idi. O, 37 il ərzində 60 000 km yol qət etmiş, Qərbi Afrikadan Malayziyaya qədər səfər etmişdir. Onun beş böyük elmi əsəri, həm də “Təmkin” təxəllüsü ilə yazdığı divanı vardır. Əzizə ana danışırdı ki, Zeynalabdin Şirvaninin vəfatından sonra onun əlyazmalarını ailəsindən əldə etmək üçün ingilislər, fransızlar, amerikalılar xeyli çalışıblar.
Mən əvvəllər bunu eşidəndə bir qədər əfsanə kimi qəbul edirdim. 2006-cı ildə İngiltərədə işləyərkən həmin romanın Prezident fərmanı ilə latın qrafikasında dərc edilmiş bir nüsxəsini özümlə aparmışdım. O vaxt kitab “Eldən-elə” adı ilə nəşr olunmuşdu. Britaniya Kitabxanasına elektron məktub yazdım və soruşdum ki, bu kitabı fondunuza qəbul etmək istəyirsinizmi? Məktubda Zeynalabdin Şirvani haqqında da 3 cümlə qısa məlumat vermişdim.
Düşünürdüm ki, bir neçə gündən sonra cavab gələcək. Amma cəmi beş dəqiqə sonra məktub aldım. Britaniya Kitabxanası yazırdı ki, onlar Zeynalabdin Şirvaninin iki əlyazmasını öz kitabxanalarında qoruyub saxladıqlarına görə fəxr edirlər.
Onda başa düşdüm ki, Əzizə xanımın dedikləri, həqiqətən, doğru imiş. Onun əlyazmaları doğrudan da, orada saxlanılır. Bu əlyazmalar çox qiymətli mənbələrdir. Çünki müxtəlif ölkələrin inancları, dini əqidələri, dövlət quruluşu, qəbilələri, etnoqrafiyası və sosial həyatı haqqında zəngin məlumatlar verir. Buna görə də tarixən bu əsərlərə müxtəlif ölkələr böyük maraq göstəriblər.
Əzizə xanım həmin romanı yazmaq üçün səkkiz ildən çox araşdırma aparıb. Sovet dövründə xarici ölkələrə getmək asan məsələ deyildi. Sadəcə viza alıb istədiyin yerə gedə bilmirdin. Səni hansısa rəsmi nümayəndə heyəti çərçivəsində göndərməli idilər.
Romanın ilk hissəsini “Xoş gördük, səyyah” adı ilə yazmışdı və onu 1983-cü ildə nəşr etdirmişdi. Amma sonrakı dövrü yazmaq üçün hesab edirdi ki, Zeynalabdin Şirvaninin yaşadığı və səyahət etdiyi ölkələri öz gözləri ilə görməlidir. Deyirdi ki, bu adam Hindistanda yeddi-səkkiz il yaşayıbsa, mən Hindistanı görmədən onun haqqında necə yaza bilərəm? Malayziyanı görmədən həmin hissələri necə təsvir edə bilərəm?
Məhz buna görə illərlə növbə gözlədi. Nəhayət, bir yazıçılar qrupunun tərkibində 1990-cı ildə Hindistana, Malayziyaya və Sinqapura səfər etmək imkanı qazandı. Həmin ölkələri gəzib gördükdən sonra əsəri tamamladı və 1992-ci ildə çap etdirə bildi. Mən 2022-ci ildə bu roman yenidən “MİMTA yayımları” tərəfindən nəşr ediləndə kitabın sonuna xüsusi xəritə də düzəldib əlavə etdirmişəm. Həmin xəritədə həm Zeynalabdin Şirvaninin səyahət marşrutları, həm də Əzizə xanımın olduğu ölkələr göstərilib.

– Ümumilikdə neçə kitabı çap olunub?
– Əzizə ananın sağlığında böyüklü-kiçikli Azərbaycan və başqa dillərdə 30 bədii, 2 elmi, 9 tərtib etdiyi və 6 tərcümə etdiyi kitab, haqqında 4 əsər nəşr edilib. Bəzi kitabları iki-üç dəfə nəşr olunub. Vəfatından keçən 23 il ərzində isə 66 bədii, 8 elmi, 5 tərtib etdiyi kitab, haqqında 11 elmi tədqiqat əsəri nəşr edilib. Beləliklə, ümumilikdə Əzizə Cəfərzadənin 120 kitabı, haqqında 13 kitab, tərcümə etdiyi 6 əsər çap olunub.
– Sonradan sizin çap etdirdiyiniz, əvvəllər işıq üzü görməyən bədii əsərləri də olub?
– Əlbəttə. Bayaq da qeyd etdim. Məsələn, “Qobustan çökəklərində” romanını ilk dəfə biz nəşr etdik. Bundan başqa, səkkiz povesti və qırx hekayəsi ilk dəfə bizim tərəfimizdən çap olunub.
– Bəs bu əsərlər niyə çap olunmamış qalmışdı? “Qobustan çökəklərində”nin səbəbini bildik, digər povestlər necə?
– Məsələn, “Manar sahillərində” kimi povestlər müxtəlif səbəblərdən vaxtında çap olunmayıb. Bəziləri müharibə illərinə təsadüf edib, bəziləri başqa səbəblərdən nəşr olunmayıb. Sonra da dediyim kimi, 1948-ci ildən sonra Əzizə xanım özü əsərlərini çap etdirməyə maraq göstərməyib.
– Deyirlər ki, 1937-ci ildə qardaşı ilə birlikdə müəyyən kitabları gizlədib, hətta basdırıblar.
– Bəli, həmin illərdə atası, anası, analığı və qardaşları bəzi kitabları, əlyazmaları müxtəlif yerlərdə gizlədiblər.

– Onlar sonradan tapılıb?
– Bəli. Sonradan bəlli yerlərdən qazıb çıxarıblar. Amma söhbət təkcə onlardan getmir. Amerikada nəşr olunan “Azerbaijan International” jurnalında ingilis dilində Əzizə xanımın “Burning Our Books” (“Yandırdığımız kitablar”) adlı bir məqaləsini çap etdirmişəm. (Jurnalı göstərir) Bax, bu, həmin məqalədir. Həmin jurnalda həmçinin qardaşı Əhmədin Sibirdə çəkilmiş fotoları, İosif Stalinə ünvanladığı “Hey, Yusif” şeiri və digər materiallar təqdim olunub.
Qardaşı Sibirdən qayıdanda özü ilə hərbi həbsxanada topladığı bir dəftər bayatı da gətirib. Biz onları “Sibir bayatıları” adı ilə ilk dəfə “Azerbaijan International” jurnalında çap etdirmişik. Əslində, həmin bayatıların böyük hissəsi sürgün həyatına və repressiyalara etiraz ruhunda yazılıb.
Basdırılmış və ya gizlədilmiş əlyazmalardan da bir neçəsini son illərdə nəşr etdirmişəm. Əslində, onların bir hissəsi yandırılmaq üçün toplanmışdı. Məhəmməd babamız həmin kitabları gizlicə bir müəllimə verib. O da qısa müddətə onları köhnə latın qrafikasına köçürüb. Keçən il Tacir Səmimi ilə materiallardan birini çap etdirmişik. Kitaba XVIII əsr Qərbi Azərbaycanın görkəmli şairlərindən olan, Ağbabanın el sənətkarı Şirəkli Həsənin şeirləri və onun haqqında məqalələr daxil edilmişdir. Əhməd Cəfərzadənin ev arxivindən götürülmüş əlyazma əsasında Şirəkli Həsənin şeirləri tam şəkildə ilk dəfə nəşr edilib.
İndi isə ikinci əlyazmanı – “Təzkireyi-Məşədi Abbas Təbrizi” kitabını türkiyəli alim, dosent Ömər Bayramla nəşrə hazırlayırıq. Bu, təxminən XV–XVII əsr şairlərinin əsərlərindən ibarət bir antologiyadır.

– Yəqin ki, xüsusi qutularda və ya qabların içində saxlanıldığı üçün qorunub qalıb?
– Yox, o qədər də ideal şəraitdə saxlanılmayıb. Bir hissəsini kisələrə doldurub basdırıblar. Bəzilərini isə evin divarının içində gizlədiblər. Divarda boşluq açıb əlyazmaları ora yerləşdiriblər, üstünə karton qoyublar, sonra da palçıqla örtüb üstünü şirələyiblər.
Dayımlarım Əhməd və Məmmədin əlyazmalarının bir hissəsi Tağılı kəndindəki köhnə ev söküləndə tapılıb. Divarın içindən çıxarılıb. Məhz bu üsulla uzun illər qorunub saxlanılıb.
– Bunlar hələ sovet dövründə tapılmışdı?
– Bəli. Təxminən 1959-1960-cı illərdə vəziyyət nisbətən sakitləşəndən sonra çıxarılıb. Hətta həmin dövrə aid qeydlər də var ki, filan əlyazma ev sökülərkən tapılıb və sair. Bu əlyazmalar içərisində ulu babamız, şair Udulu Musanın da əlyazmaları var imiş. Vaxtında dayılarım onları Əlyazmalar Fonduna təqdim ediblər.
– Əzizə xanım gündəlik yazırdı?
– Bəli, çox maraqlı gündəlikləri var. Hamısını toplamışam və kompüterə yığılıb, amma hələ tam işləyib redaktə-korrektə edə bilməmişəm. Təxminən 1948-ci ildən 2000-ci illərin əvvəllərinədək qeydləri mövcuddur. Hər gün yazmayıb. Amma diqqətini çəkən hadisələri, maraqlı müşahidələrini və düşüncələrini qeyd edib. Materialları toplamışam, lakin onların redaktəsi və nəşrə hazırlanması uzun işdir.
Məsələn, elmi əsərlərinin yeddinci cildini hazırlayarkən gördüm ki, onun nə qədər bayatısı varmış. Demək olar ki, hər dəftərində, hər bloknotunda yeni nümunələrə rast gəlmək olur. Bundan əlavə, çantasında gəzdirdiyi kiçik dəftərləri də olub. Orada da çoxlu qeydlər və bayatılar yazıb.
– İnternetdə onun söylədiyi bayatılarla bağlı videolara rast gəlmişəm.
– Bəli, belə materiallar çoxdur. Yüzlərlə bayatısı var. Həqiqətən, çox zəngin folklor irsi qoyub.
– Ümumiyyətlə, evinizə ədəbi mühitdən kimlər gəlib-gedirdi? Əzizə xanımın yaxın dostları kimlər idi?
– Demək olar ki, hamı ilə münasibəti yaxşı idi. Məsələn, Əzizə Əhmədova ilə bacı kimi yaxın idilər. Ələviyyə Babayeva ilə çox səmimi dostluqları vardı. Yazıçı Həbibə Zeynalova, Zivər Ağayeva, Rəfiqə Nuray və başqaları ilə də yaxın münasibət saxlayırdı.
Fikrət Sadıq, Fikrət Qoca, İsgəndər Etibar, Məmməd Aslan, Cahangir Aslanoğlu və başqaları tez-tez evimizə gəlirdilər. Abbas Zamanovla da sıx əlaqələri vardı. Ümumiyyətlə, geniş dost çevrəsi olub. Ədəbiyyatçılardan başqa, xanəndə, opera müğənniləri, SSRİ Xalq artistləri Zeynəb Xanlarova və Lütfiyar İmanov da bizə tez-tez gələrdilər.
– Əzizə xanım təkcə yazıçı yox, həm də alim idi. Çoxşaxəli fəaliyyət göstərib.
– Bəli, son dərəcə çoxşaxəli şəxsiyyət idi. Mən bu gün də onun irsini tam şəkildə toplamaq və sistemləşdirməkdə çətinlik çəkirəm. Məsələn, Qarabağ mövzusu ilə bağlı 30-35 il əvvəl yazdığı məqalələrə baxanda heyrətlənirsən. O yazılarda elə fikirlər səsləndirib ki, bu gün də aktuallığını qoruyur.
Bir məqaləsinin adı belə idi: “Heç kim Qarabağı bizə qızıl nimçədə qaytarmayacaq”. Yazırdı ki, bu torpaqlar yalnız mübarizə və müharibə yolu ilə geri qaytarıla bilər. Başqa bir yazısında isə qeyd edirdi ki, Azərbaycan gəncliyində elə bir ruh görürəm ki, onlar bu məsələni yarımçıq qoymayacaqlar və mütləq həll edəcəklər.
“Bakı-1501” romanının sonunda Şah İsmayılın dilindən verilmiş bir vəsiyyət var. Orada deyilir ki, sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, vətənimizi qoruyun.
Mən onun qəbirüstü abidəsini hazırladarkən şəklinin altında məhz həmin sözləri yazdırdım. Bu sözlər sanki onun özündən gələcək nəsillərə qalan mənəvi vəsiyyətdir.

– Övladını da, bildiyimə görə, erkən yaşda itirib, bir qızı vəfat edib.
– Müharibə başlayandan sonra Əzizə ana da hospitalda işləyirmiş. Həmin dövrdə Yuxarı Dağlıq küçəsində yaşayırmışlar. Bir tin yuxarıda, Sovetskidə, indiki Nərimanov küçəsindəki pedaqoji məktəb, yəni indiki 173 nömrəli məktəbin binası o vaxt hospital kimi fəaliyyət göstərirmiş. Kiçik qardaşı Əhməd o vaxt 12 yaşında olub. Bir gün Əhməd uşağı əmizdirmək üçün ora apararkən yolda ayağı sürüşüb yerə yıxılıb. Uşaq da qucağında olub, başı zədələnib və bir neçə gün sonra vəfat edib. O, qızının faciəsini ömrü boyu unutmayıb.
– Sonradan sizi övladlığa götürüblər?
– Mən bioloji olaraq böyük qardaşı Məmmədin övladıyam. Sonra məni övladlığa götürüblər. Ona görə də soyadım Cəfərzadədən İbrahimova dəyişib. Atamın soyadını götürmüşəm.
– Elə bunu da soruşacaqdım. Bir-iki yerdə baxdım, müsahibələrdə “Cəfərzadə” soyadı yazılmışdı.
– Mən yazmamışam, kimsə yazıb. Atamın vəfatından sonra anam mənə dedi ki, gəl soyadını Cəfərzadəyə qaytaraq. Mən razı olmadım.
– Ola bilər ki, sonradan kimsə düzəldib...
– Hə, kimsə yazıb. Əslində, 1963-cü ildə sənədləşdiriləndə soyadımı Cəfərzadədən İbrahimova dəyişdilər.
– Sizi doğulan kimi götürüblər?
– Hə. Təxminən 17 günlük olanda Zərxanım ana məni Əzizə anaya təhvil verməyə gətirib. Amma Əzizə ana razı olmayıb ki, uşağı mən ana südündən necə ayırım? Ona görə bir müddət belə qalıb.
– Siz özünüz bunu uşaqlıqdan bilirdiniz?
– Hə, bilirdim. Mən o anama da elə hamı kimi “mama” deyirdim. Qardaşlarım atama “dadaş” deyirdilər, mən də elə deyirdim. Amma ailədə elə mehriban münasibət var idi ki, heç bir fərq hiss olunmurdu. Rəhmətlik şair Məmməd Aslan deyirdi ki, bu evə illərlə gəlib-getmişəm, amma başa düşməmişəm ki, kim kimin övladıdır. Hamı bir-birinə çox bağlı idi. Məsələn, bacım da çox kiçik yaşında Bakıya gətirilmişdi, nənəmin yanında qalıb Bakıda orta məktəbə başlamışdı. Qardaşlarım da oxumağa gəlib, sonra burada qalmışdılar. Belə bir ailə mühiti var idi.
– Əzizə xanımın əl qabiliyyəti də çox yüksək olub.
– Hə, çox gözəl tikmələr tikirdi. Buradakı yelpiklərin hamısı onun əl işidir. Mənə deyirdi ki, yazı yazarkən ilişib qalanda rəngli saplarla işləmək ona kömək edir. Deyirdi ki, rəngli saplarla işləyəndə beynim açılır. Sonra qurama işləri görürdü, xırda parçalardan müxtəlif kompozisiyalar hazırlayırdı. Evdə gördüyünüz bir çox əşyalar onun əl işləridir. Bundan başqa, kolleksiyaları da var idi. Məsələn, 30-dan çox təsbeh toplamışdı. Pul kolleksiyası da var idi. Hələ də onları qoruyub saxlayırıq.

– Bunları da əvvəlki evdən gətirmisiniz?
– Hamısını. Hətta o evin şəkillərini də çəkmişdim ki, burada əşyaların yerini əvvəlki kimi düzək. Fərq ondadır ki, əvvəlki ev uzun və ensiz idi. Ona görə də buradakı kitab şkafını iki hissəyə bölmüşük. Yoxsa orada bütöv bir divarda dayanırdı.
– Bura hələ ki, qeyri-rəsmi muzey kimidir. Rəsmi muzeyə çevirmək fikriniz varmı?
– Çox adam bunu deyir və məsləhət görür. Amma rəsmi muzey olanda müəyyən qaydalar, məhdudiyyətlər yaranır. Hələ mən buna hazır deyiləm. Onda əlavə otaqlar, işçilər və başqa təşkilati məsələlər lazım olacaq. Hələlik bu formada qalması mənə daha uyğundur.
– Məncə, rəsmi muzey olsa, yaxşı olar. Məsələn, burada onun əlyazmaları var...
– Əzizə ananın ən böyük işlərindən biri də Azərbaycanın aşıq və şair qadınlarının şeirlərini bir yerə toplaması olub. Məhsəti Gəncəvidən başlayaraq səkkiz yüz illik bir dövrü əhatə edib. Bu işi üç kitabda təqdim edib. Sonra həmin kitab Türkiyədə də nəşr olunub. Bu iki cild əsasən XIX əsrin sonlarına qədər olan dövrü əhatə edir. Həyatının son ilində isə XX əsr qadınlarına həsr olunmuş üçüncü cildi çap etdirdi. Birinci hissə Prezident fərmanı ilə 2005-ci ildə latın qrafikası ilə yenidən nəşr olunub. Professor Pərvanə Bayram da sonradan onun bu işini davam etdirib. “Azərbaycanın qadın divan şairləri” kitabını yazaraq mövzunu daha geniş və daha dərindən araşdırıb. Bu kitabı türk dilində Türkiyədə nəşr etdirib.

– Hazırda nə üzərində işləyirsiniz? Hansı nəşrlər hazırlanır?
– İndi elmi əsərlərini çap etdirməklə məşğulam. Yeddi cild çap olunub. Səkkizinci cild artıq Pərvanə Bayram tərəfindən nəzərdən keçirilib. Doqquzuncu cild isə müasir Azərbaycan ədəbiyyatı haqqında tənqidi məqalələrdən ibarət olacaq. Sonra publisistik yazıları gələcək. Onları necə toplayacağımı hələ bilmirəm. Material çoxdur. Təkcə son 10-12 gündə 200 səhifədən artıq mətn yığıb latın qrafikasına keçirmişəm.
– Özünün müxtəlif ölkələrə səfərləri olub. Bəs Şamaxı ilə bağlı araşdırmalar aparmayıbmı? Nəsli, kökü, şəcərəsi ilə maraqlanmayıbmı?
– Şəcərəni mən araşdırmışam, indi sizə də göstərəcəyəm. Amma Şamaxı ilə bağlı çox böyük işlər görüb. Şamaxıya girişdə, yol qırağında gördüyünüz barelyeflərin demək olar ki, hamısının ortaya çıxarılmasında onun rolu olub. Pərvanə Bayram deyir ki, məsələn, Nişat Şirvaninin əlimizdə cəmi iyirmi-otuz qəzəli qalıb. Əgər Əzizə xanım onun haqqında roman yazmasaydı, adı demək olar ki, unudulacaqdı. Mirzə Güllər haqqında da roman yazıb. O, Azərbaycanın ilk qadın xanəndələrindən biri olub. O, səsi qrammofon valına yazılmış ilk qadın xanəndəmizdir.
Ev arxivində “Şamaxı və Şirvan” adlı böyük bir qovluğu var. Görünür ki, çox material yığıb, amma kitab halına salmağa əcəl imkan verməyib. “Elmi əsərləri”nin 5-ci cildində “Şirvan bölgəsinin yetişdirdiyi şəxsiyyətlər” adlı 60 səhifəlik məqaləsində Əzizə Cəfərzadə Şirvanın XII-XX əsrlərdə yaşamış 102 alimi, şairi və mütəfəkkiri haqqında məlumat verir.
– Nişat Şirvani haqqında hansı əsərdir?
– “Vətənə qayıt”. Sonra “Yad et məni” əsərində Abbas Səhhət və Mirzə Ələkbər Sabir haqqında yazıb. Sabirə ayrıca roman da həsr edib. Ümumiyyətlə, yaradıcılığının ilk dövründə həm elmi, həm də bədii yaradıcılığının əsas hissəsi Qarabağla bağlı olub. “Natəvan haqqında hekayələr” yazıb. Nəcəf bəy Vəzirovdan, Vaqif ədəbi məktəbindən bəhs edib. Baxanda görürsən ki, həm Şamaxı, həm də Qarabağ onun yaradıcılığında əsas mövzudur. Bu da bu yerlərin tarixən Azərbaycanın musiqi və mədəniyyət mərkəzləri olduğundan irəli gəlir. Cənubi Azərbaycanla və Naxçıvanla bağlı əsərləri də mühüm yer alır.
– İnternetdə belə bir məlumata rast gəldim. Deyirlər ki, türklər 1918-ci ildə gələndə babanız “Mən türklərlə vuruşmayacağam” deyib. Bu, doğrudur?
– Hə, o dövrdə Sentrokaspi hökuməti türklərin qarşısına elə türkləri çıxarmaq istəyirmiş. Adamları yığıb silahlandırır, özləri isə arxada pulemyotlarla dayanırmışlar. Kim döyüşməkdən imtina etsə, onu vuracaqlarmış. Babam da buna görə çıxıb Udulu kəndinə gedib. Faktiki olaraq döyüşdən yayınaraq oraya sığınıb. Nənəm isə şəhərdə böyümüş xanım idi, kəndə getməyib, Bakıda qalıb. Beləliklə, babam 1918–1920-ci illərdən sonra Uduluda yaşayıb.
– Udulu haradadır?
– Udulu indi Hacıqabul rayonunun ərazisindədir. Amma əvvəllər Şamaxının tərkibində olub.
– Neçənci ildə qayıdıblar?
– 1926-cı ildə İrana, Məşhədə gediblər. 1928-ci ildə isə geri qayıdıblar. Orada da yaşaya bilməyiblər. Getmələrinin səbəbi də bu olub ki, babam Məhəmmədin bir bacısı var imiş. 1918-ci ildə ermənilər Şamaxıda qırğın törədəndə o, ailəsi ilə birlikdə Məşhədə köçüb. Babam da fikirləşib ki, bacısının yanına getsin. Amma sonradan görüblər ki, İranda yaşamaq mümkün deyil. Ona görə geri dönüblər. Qayıdandan sonra anamgil Bakıda məskunlaşıb, babam isə Şamaxıda, həmin Udulu kəndində yaşayıb.
Ona görə uşaqlıq dövründə görməsinə baxmayaraq, Əzizə ananın İranla içdən tanışlığı var idi. Bu, tarixi əsərlərini yazmaqda ona xeyli kömək edib.
– Əzizə xanım vəfat edəndə harada idiniz?
– Təyyarədə idim. Alyaskada olarkən mənə xəbər verdilər ki, artıq xəstəxanadan çıxıb. Orada yaşlı bir amerikalı həmkarım var idi. O biləndə ki, böyrəklərində problem yaranıb, dedi ki, vaxt itirmə, dərhal yola düş.
– Ümumiyyətlə, səhhəti nə vaxtdan pisləşməyə başlamışdı?
– Təxminən dörd il əvvəl. Bədənində su yığılırdı, ürəyi normal işləmirdi. Həyat yoldaşım pediatrdır. Bir həkim tapdıq və məlum oldu ki, bədənində təxminən 25 litr artıq maye yığılıb. Nəfəs almaqda çətinlik çəkirdi. Dərman müalicəsi ilə həmin mayeni çıxara bildilər.
2003-cü ilin avqustunda hamımız Alyaskaya köçmüşdük. Sonradan həyat yoldaşım və böyük qızım geri qayıtdılar. Həyat yoldaşım gələndə Əzizə xanım ona demişdi ki, sən mənim xəstəliyimi bilirsən, məni sağaldacaqsan. Bir ümid yaranmışdı.
Mən Alyaskada olarkən həmin adamın məsləhəti ilə dərhal bilet aldım. Qızımla birlikdə yola düşdük. Yola çıxmamışdan əvvəl telefonla danışdıq. Həyat yoldaşım dedi ki, vəziyyəti çox yaxşıdır, heç xəstə təsiri bağışlamır. Hətta özü də telefonda dedi ki, niyə gəlirsiniz, ehtiyac yoxdur.
Amma biz yenə də 30 saatlıq yola çıxdıq. Marşrutumuz Ankoricdən Minneapolisə, oradan Londona, sonra İstanbula və Bakıya idi. Londonda olarkən zəng etdik və o zaman dedilər ki, artıq vəfat edib. Mən Bakıya çatanda dəfn olunduğu günün gecəsi idi.
– Deyirlər, sizin məktublarınızı saxlayır, dönə-dönə oxuyurmuş…
– Hə, ona yazdığım maraqlı bir məktub var idi. 1998-ci ildə İngiltərədə olarkən yazmışdım. İnsan dağdan uzaqlaşanda onun əzəmətini daha yaxşı hiss edir. Mən də onun haqqında dörd səhifəlik bir yazı yazmışdım. Həm şəxsiyyətini, həm də yaradıcılığını təhlil etmişdim. Bu, ona çox təsir etmişdi. Sevinirdi ki, oğlu onun haqqında belə düşünür.
Məktubda iki məqama toxunmuşdum. Yazmışdım ki, iki kitabı hələ yazmayıb. Birincisi Füzuli haqqında idi. Onun Füzuli barədə 13-14 elmi məqaləsi vardı. Füzulinin şeirlərini saatlarla əzbər söyləyə bilirdi. Amma roman yazmağa cəsarət etməmişdi. Deyirdi ki, qorxuram. Mən isə deyirdim ki, bu qədər böyük şair haqqında niyə yazmayasan?
İngiltərədə olarkən onun üçün təxminən 300 səhifə material toplamışdım. Sonra özü də araşdırdı və Füzuli ilə Sultan Süleyman Qanuninin yollarının kəsişdiyi məqamı tapdı. Onunla bağlı araşdırmalar apardı. Mən ona romanla bağlı 11 məktub yazmışam. Nəticədə, romanı səslə yazdı. Mən isə onun vəfatından təxminən il yarım sonra həmin əsəri “Eşq sultanı” adı ilə nəşr etdirdim.
İkinci xahişim isə bioqrafik romanla bağlı idi. Demişdim ki, “Anam, nənəm, mən” adlı əsər yazmamısan. Sonralar qardaşlarının vəfatı, 80 illik yubiley hazırlıqları və digər hadisələr bu mövzuya qayıtmasına səbəb oldu. Əvvəlcə adını “Anam, nənəm, mən” qoymuşdu, sonradan dəyişib “Rübabə sultanım” etdi. Nənəsinin adı Rübabə idi. Həmin əsərdə yüz illik Azərbaycan qadınının inkişaf yolunu izləmək mümkündür. Mən də bu romanı 80 illik yubileyinə hədiyyə olaraq çap etdirdiyim “Biz Cəfərzadələr” kitabına daxil etdim.
Kitaba bacımın yazdığı ön sözü və mənim ön sözümü oxuyandan sonra çox kövrəlmişdi. Hətta bunun səs yazısı da qalıb. Onda demişdi ki, mən öz rekviyemimi sağlığımda eşitdim. Yəni mənim haqqımda deyilə biləcək sözləri sağlığımda eşitdim. Bu, ona çox təsir etmişdi.

– Bayaq şəcərədən danışırdınız...
– Hə, bax bu, nənəmin nəslidir. Buradan görürsünüz necə davam edir. Bu qol Böyükxanım nəslidir, Məmməd Cəfərzadəyə qədər gəlir. Bu isə ata tərəfinin şəcərəsidir, babamın nəslidir. Burada Udulu Musa var, onların ulu babalarından biridir. Onun haqqında ayrıca kitab hazırlamaq fikrim var. O da şair olub. Ümumilikdə bu materiallar 80-dən çox səhifə təşkil edir.
– Bu məlumatları hansı sənədlər əsasında toplamısınız?
– Vaxtilə bunları özüm toplamışam. Sonra anamla, dayılarımla, bacımla birlikdə oturub genişləndirmişik. Kəndlərə gedib araşdırmalar aparmışıq.
– İndi həmin nəslin nümayəndələrindən, qohumlarınızdan qalanlar varmı?
– Şamaxıda yox. Bizim problemimiz ondadır ki, babamın ailəsində cəmi iki uşaq olub – özü və bacısı. Bacısı İrana köçüb. Nənəm isə ailənin yeganə qızı olub.

– Təkcə Şamaxını nəzərdə tutmuram. Şəcərə araşdırmalarından sonra əlaqə yaratdığınız qohumlar olubmu?
– Hə, olub. Şəcərə vasitəsilə müəyyənləşdirdiyimiz adamlar olub. Bəziləri nəsildən kənarda qalmışdılar, sonradan onları da tapıb əlavə etmişəm. Hətta bütün bunların elektron variantı da var. Bir saytda şəkillərlə birlikdə bütün şəcərəni yerləşdirmişəm. Çox maraqlı işdir.
– Bütün bunları araşdırmaq, insanları tapmaq, məlumat toplamaq böyük enerji tələb edir. Bu həvəsi haradan alırsınız?
– Mən Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. Bütün ömrüm boyu da neft sahəsində çalışmışam. “Tərəqqi” medalı və SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif edilmişəm. Yəni peşəkar fəaliyyətim tamamilə başqa sahədə olub. Amma hərdən soruşurlar ki, bütün bunları haradan öyrənmisən? Deyirəm ki, universitetdə beş il oxumuşam, amma qırx il Əzizə Cəfərzadə universitetində təhsil almışam. Hər gün onun yanında olmuşam.
İndi də bütün boş vaxtımı bu işlərə sərf edirəm. İşdən gələndən sonra qalan vaxtımın hamısı kompüter arxasında keçir. Onun bütün əsərlərini elektron formata salmışam. İstənilən məlumatı saniyələr içində tapa bilirəm.Məncə, məqalələri və materialları elə sistemlə toplamaq lazımdır ki, sabah hansısa fakt və ya məlumat lazım olanda onu asanlıqla tapmaq mümkün olsun. Ən maraqlı tərəfi də budur.