Bu gün hamımızın "Ələkbər əmi" kimi tanıdığı, Əməkdar artist Ələkbər Hüseynovun anım günüdür. Kulis.az bu münasibətlə onun qızı, musiqiçi Nərgiz Hüseynzadə ilə müsahibəni təqdim edir.
– Ələkbər Hüseynov necə ata idi?
– Bu sual mənim üçün doğmalaşıb. Çünki hər dəfə böyük fəxr və qürurla xatırlayıram. Nəinki mənim üçün, uşaqdan-böyüyə hər kəs üçün həm Ələkbər əmi olub, həm də ideal ata. Bəlkə də, bir az ideallaşdırıram, ancaq biz həmin o idealı evdə də görürdük, çəkilişlərdə də. Düzdür, aktyor kimi rol oynayırdı, ancaq heç vaxt səhnədə özünü itirmirdi. O, başqası olmurdu. Hamı ona baxanda bilirdi ki, bu, Ələkbər əmidir. Heç vaxt ayrıseçkilik etmir, bizi başqa uşaqlardan fərqləndirmirdi.
Ayırmaq istəmirəm. Valideynlərimin bir-birinə olan sevgisi bizə də keçib. O hissləri bizə də aşılayıblar.
Mən atamı doqquz yaşımda itirmişəm. Xatirimdə çox az şey qalıb. Ancaq onun dediyi bəzi fikirlər hələ də beynimdədir. Məsələn, hər dəfə səhnəyə çıxanda mənə deyirdi ki, heç vaxt başıaşağı səhnəyə çıxma. Çaşa, nələrisə səhv eləyə bilərsən, ancaq bu o demək deyil ki, sən başıaşağı olmalısan. Ən çox yadımda qalan nəsihəti budur, hər dəfə deyərdi ki, kim sənə nə eləyirsə, eləsin, xahiş eləyirəm, insanlığını itirmə.
– Adətən sənət adamları istəmirlər ki, övladları onların yollarını davam etdirsin. Ancaq atanız həmişə sizi və qardaşınızı özü ilə proqramlara, çəkilişlərə aparıb.
– Sırf Ələkbər Hüseynovun yolunu davam etdirməyi yox. Məsələn, qardaşıma dedilər ki, gəl, atanın yolunu davam elə. Ancaq o dedi ki, atamın təkrarı yoxdur. İkinci Ələkbər əmi olmayacaq. Ya bu yolda birinci ol, ya da heç bu yola çıxma.
Bilirsiniz, mən musiqiçiyəm. Ta uşaqlıdan üç peşəyə yiyələnmək istəmişəm. Onlardan biri də aktrisalıq idi. Deyim ki, atama baxıb istəmişəm bu yolla gedim, yox. Aktrisa olmaq istəyim, haradasa, 10-11 yaşlarından başlayıb. Amma aşpazlıq və həkimlik daha əvvəllər, 6-7 yaşlarından yaranmağa başlayıb.
İfaçı da olsam, istər-istəməz səhnədə hisslərimi göstərirəm və bu da bir roldur. Ona görə də hər dəfə səhnəyə çıxanda aktrisa olmaq hiss məndə bir az çoxalırdı.
– Amma davam etmədiniz...
– Mən öz sənətimi daha çox sevdim. Düzdür, altı yaşında səhnəyə çıxanda başa düşmürdüm, amma ilk çıxışımdan sonra anladım ki, mənim yolum budur.
– Atanızla paylaşdığınız səhnələrlə, çəkilişlərlə bağlı hansı xatirələriniz var?
– Onun ölümündən sonra yaddaşımdan bir neçə xatirə silindi. Daha doğrusu, həmin vaxtları çox ağır keçirdiyimə görə, xatirələr silindi yaddaşımdan. Nə qədər dərinə getməyə, xatırlamağa çalışam da, bacarmıram. Bir o yadımdadır ki, atam ilk dəfə Filarmoniyanın səhnəsinə çıxana qədər məni səhnədə görmək istəmirdi. Deyirdi ki, qız xeylağısan. Səhnə... Mentalitet... Amma sonra istedadımın oluğunu görəndə ilk və son dəfə dedi ki, sən səhnə üçün yaranmısan və kiməsə və ya nəyəsə görə atma səhnəni. Heç nə səni səhnədən uzaqlaşdırmamalıdır. O fikir hər zaman lent kimi beynimdə fırlanır. Hər dəfə problemlər olanda, səhnədən uzaqlaşmaq istəyəndə bu fikir mənə təkan verir və yenidən səhnəyə qayıdıram. Bəzi şeylər atamdan keçib. O da heç vaxt səhnəyə çıxanda xəstəliyini, pis olduğunu hiss etdirməzdi. Səhhəti ilə bağlı problemləri var idi, ancaq o heç vaxt bunu göstərməzdi. Səhnədə sanki quş kimi uçurdu. Çünki uşaqlarla işləyirdi, ona görə də işi ilə əlaqədar daxili gərginliyini ört-basdır eləməyi bacarırdı. Onun xəstəliyi üç il ərzində kəskinləşdi və bu üç il ərzində mən onun gülüşündən başqa heç nəyini görmədim. Təkcə mənimlə yox, hamı ilə elə idi. Heç özü-özünə bildirmirdi xəstəliyini.
– Əvvəlcədən məşq edirdiniz, yoxsa hər şey spontan olurdu?
– Spontan olanlar da olurdu. Yoxlayırdı ki, görək necə olacaq. Elementar şeyləri təbii ki, başa salırdı. Necə danışmaq, necə davranmaq... Qardaşım rus bölməsini bitirdiyinə görə çətinlik çəkirdi. Rus aksenti var idi deyə, daha çox ona düzəlişlər eləyirdi. Mən kliplərdə daha çox istirak eləmişəm. Qardaşım isə komik rollarda çəkilirdi.
Yadımdadır, milli rəqslərdə atam göstərişlərini verirdi. Qız hərəkətlərini çox gözəl göstərirdi. Mən də deyirdim ki, sən axı qız deyilsən. Əllərini tutmağı, baxışları... Axırda anamı çağırırdı, o da gəlib məni bəzəyib-düzəyirdi. O da deyirdi ki, sən göstər, utanıram.
Ssenariyə qarşı çox həssas idi. Ona görə də çəkiliş prosesi ağır keçirdi. Uşaqlarla çox rahat idi, ancaq çoxlu dubllar çəkilirdi. Ona görə də “Hər birimiz bir çiçək”in hər buraxılışı qüsursuz keçirdi.
– O veriliş çox populyar idi. Elə bir an varmı ki, hər dəfə veriliş qabağınıza çıxanda yadınıza düşsün?
– Mən vaxtımı anamla keçirirdim. Atam işin içində idi. Ancaq lazım olandan-olana bizi çağırırdı. Təəssüf ki, qardaşımla xatirələri daha çox olub, nəinki mənimlə.
– Səhnəyə çıxdığı ilk günlərdən sevilməyə başladı. Hətta uşaqlığı o dövrə düşməyənlər də haradasa onun şəklinə, videosuna rast gələndə ürəklərində bir istilik, doğmalıq yaranır. Sizcə, onu insanlara sevdirən nə idi?
– Səmimiyyət. Çünki o, rol oynamır, özü idi. Bir də ki, qarşılıqsız sevgi. Əsas da uşaqlara qarşı. O elədiklərinin əvəzində heç nə gözləməzdi. İnsanlara daha çox səmimiyyət və sevgi ötürürdü. Məni də həmişə bir sual maraqlandırıb. Görəsən, bir zamanlar Ələkbər əminin verilişlərində iştirak eləyən uşaqların həyatında nə dəyişib? Onlar Ələkbər əmidən nə götürüblər?
Özü necə idisə, ətrafındakılar da elə idi. Məsələn, Ayşad müəllim. Ayşad müəllim bizim ailəvi dostumuzdur. Onlar birgə oxuyublar, birgə çəkiliblər. Ayrılmaz cütlük idi. İndiyə qədər əlaqə itməyib. Daima ailəlikcə konsertlərimə gəlirlər. Sanki atamın yoxluğunu doldururlar.
– Kamal Sunalın oğlu Ali Sunal atası haqqında danışarkən deyir ki, atam çox ciddi adam idi. Eləcə də bir çox məşhur komediya ustaları da belə olub. Ata Ələkbər Hüseynovla Ələkbər əminin arasında hansı fərqlər var idi?
– Heç bir fərq yox idi. Verilişlərində uşaqlara qarşı necə qayğı ilə yanaşırdısa, evdə də bizə həmin münasibəti göstərirdi. Evdə də ailə idik, çəkilişdə də, teatrda da. Ailəyə bağlılıq bizə atadan keçib.
– Evdə gərgin olduğu anları yəqin ki, görmüsünüz. Daha çox nə onu özündən çıxara bilərdi?
– Çətin sualdır. Bəzən deyirdi ki, mən işləyən vaxt otağa girməyin. Biz o otağa girmirdik. Anam çay, yemək aparırdı.
90-cı illərdə – onda mən doğulmamışdım, haradasa, 95-ci ilə qədərki dövrdə hamı kimi o da çox gərgin, narahat idi. İş tapmaq, qazanmaq, dolanışıq çətin idi. Anam danışırdı bunları. Deyirdi ki, heç vaxt demirdi ki, ay bu yoxdu, ay o yoxdu, çatdırmıram, bacarmıram.
Çəkilişlərdə çox gərgin olurdu. Çünki mükəmməliyyətçi idi. Hər şeyə fikir verirdi.
– Valideynləriniz necə tanış olublar?
– Nənələrim həkim olublar. Deyiblər ki, bunları tanış eləyək, görək nə olur? Köhnə adətlə. Atam ilk görüşdən vurulur. Anam yox. Deyib, bu kimdir? Ancaq atam əl çəkmir. Onda anam sonuncu kursda olub. Akademiyadan çıxanda onu atam qarşılayıb. Həmin o görüş anamın fikirlərini dəyişib. Deyir, vaxt necə keçdi, bilmədim. Həm kitabdan, həm filmdən, həm həyatdan - o qədər maraqlı danışdı ki, mən həmin görüşdən sora dedim ki, ya Ələkbər ya da heç kim. Bir neçə aydan sonra nişanlanırlar, bir il sonra da evlənirlər.
– Deyir, biri od olanda biri su olsun gərək. Danışdıqlarınızdan belə başa düşdüm ki, Ələkbər bəy su olub.
– Əslində, anam daha mülayimdir. Anam bir yerdə işləyirdi. Atam isə bir gündə ora qaçırdı, bura qaçırdı. Teatra, bağçaya, məktəbə... Səhər 8-də çıxırdı, gecə 12-də gəlirdi. Həssas adam idi. İşdə kimsə kiminləsə mübahisə eləyirdisə, ona təsir eləyirdi. Hamı ilə ünsiyyəti var idi deyə, düşünürdü ki, bunlarına arası dəysə, mən arada qalacam. Bütün bunlar da onu emosionallaşdırırdı, bəzən də əsəbiləşdirirdi. Ancaq anam əsəbi olanda da atam onunla mülayim danışıb sakitləşdirirdi.
– Ayşad müəllimdən danışdınız. Ondan başqa kimlər gəlirdi sizə?
– Sənət dostları. Rəşad müəllim, Qurban müəllim. Rəhim Rəhimov tez-tez gələrdi. Oqtay Zülfüqarov oğlu Cahangir Zülfüqarovla - daima ata-bala bizə gələrdilər. “Hər birimiz bir çiçək”də çəkilən uşaqlarla – indi onlar böyüyüblər – onların ailələri ilə bu gün də görüşürük.
– Ələkbər bəyin vəfatından sonra sizə münasibəti dəyişənlər oldumu?
– Hərənin öz həyatı var. Tam soyuma yoxdur, amma məsafə saxladığımız insanlar var. Həyat axıb gedir və hər kəs ailəsi ilə vaxt keçirməyi üstün tutur. Bu gün Ayaşad müəllim də, Cahangir müəllim də uzaqlaşsa, mən onları başa düşərəm. Çünki ailə ilə keçirilən vaxtı heç nə əvəz eləmir. Bizə itirəcəyi vaxtları ailələri ilə keçirsinlər.
– Teatrda həmişə intriqalar, haqsızlıqlar olub. Ələkbər bəy bunları necə qarşılayırdı?
– Bizdə daha çox iradə problemi var, ona görə paxıllıq yaranırdı. Hamı axtarırdı, görəsən, onda olan nədir ki, bizdə yoxdur.
– Siz hiss eləyirdiniz bunu?
– Mənim yaşım az idi, ona görə görə, duya bilmirdim. Hiss elətdirmirdi atam da. Bəlkə, anamla ikisi olanda danışırdılar, ancaq bizim yanımızda bu haqda danışmırdılar. İnanmıram ki, atam ona qarşı münasibəti anlamasın. Əslində, sənətdə rəqabət olmalıdır. Əfsuslar olsun ki, bizdəki rəqabət qeyri-sağlam olur. Tək bu sahədə yox, hər sahədə.
– Xəstəliyinin başladığı ərəfələri necə xatırlayırsınız?
– Mən onun xəstəliyini sonuncu bir ildə bildim. Halbuki xəstəlik artıq üç il idi ki, davam eləyirdi. Hələ tam qavramırdım, ancaq bəzi şeylər mənə nələrsə deyirdi. Son bir ildə onun qaraciyərinə görə rəngi dəyişmişdi. Həmişə fikirləşirdim ki, atamın rəngi niyə dəyişilir. Ağlıma da gəlməzdi ki, atama üç ildən səkkiz ilədək vaxt veriblər. Müalicə alsaydı səkkiz, almasaydı üç il yaşayacaqdı. Üç il dietaların sayəsində yaşadı. Allergiyası var idi deyə, dərman qəbul eləyə bilmirdi. Moskvada demişdilər ona. Elə bilirdim qastrola gedib. Gələndən sonra da nə gördüm, nə də hiss elədim. Hətta anam, nənəm də bildirmədi. Bəlkə də, inanırdılar ki, sağalacaq. O dövrlərdə Hepatit C haqqında məlumatlar təzə-təzə çıxırdı. Bizdə müalicəsi yox idi. Bəzi antibiotiklər var idi, allergiyasına görə qəbul eləyə bilmədi. Müalicə ala bilsəydi, daha çox yaşayardı. O vaxta qədər də müalicəsi tapılardı. Çünki o dövr daha çətin idi, indi nisbətən rahatdır.
– Moskvadan qayıdandan sonra hərəkətlərindən, simasından heç nə hiss eləmədiniz?
– Biz onu təmtəraqla qarşıladıq. Qastroldan gələndə necə qarşılayırdıqsa, elə. Qardaşımla plakatlar hazırlayırdıq. Çardaq var, boyum hündür olsun deyə, onun pilləkənlərinə qalxırdım. Anama deyirdim ki, zəng elə, gör atam haradadır. Dedi ki, hə, gəlir. Mən də qaraj tərəfə gəlirdim. Astadan baxırdım. Gözüm yolda idi. O gəlməyincə yatmırdım. Görürdüm ki, uzaqdan işıq gəlir. Deyirdim ki, həəə, gəldi, gəldi, gəldi. Sonra qarajı açırdı. Bilirdim ki, bu xeyli vaxt aparır. Tez gedib yeməyi soyuducudan çıxarırdım. Menyu hazırlayırdım. Ayaqqabılarını hazır qoyurdum. Saçımı darayırdım, bəzənib-düzənirdim. Anamın elədiklərini təkrarlayırdım.
Həmişə qapını mən açırdım. Stulu ayağım altına qoyub baxırdım ki, atadır, sonra açırdım. O da həmişə mənə “həyatım” deyirdi. Anamı necə çağırdığını bilmirəm, amma məni belə çağırırdı. Sonra məni qucağına götürürdü. Ayaqqabılarını cütləyirdim, paltosunu, şərfini çıxarıb əlimdə tuturdum. Deyirdim ki, dayan, səni bir burdan, bir burdan öpüm, sonra get. Sonra gəlib masa arxasında otururdu. Menyunu gətirirdim. O da deyirdi ki, hə, bu olsun, bu olsun. Gedib guya çay dəmləyirdim, süzürdüm. Əslində, hamısını anam eləyirdi. O qədər şirindir ki, bu anlar.
Təklikdə bəlkə də, çox şey danışırdılar. Günü bu gün elə şeylər var ki, anam mənlə bölüşmür. Anam çox şeyi qəlbində saxlayır. Bəlkə də, söz verib.
– O anı necə xatırlayırsınız?
– Atamı evə gətirmişdilər. Komaya düşmüşdü. Üç gün sonra vəfat etdi…
– Deyirlər, xəstə-xəstə səhnəyə çıxıbmış, sonra vəziyyəti pişləşib.
– Yox. Praqadan qayıdandan sonra artıq vəziyyəti yaxşı deyildi. Kondisioner altında uzandığına görə soyuqlamışdı. Ondan sonra vəziyyəti daha da kəskinləşdi. Xəstəxanaya düşdü. Sarılığa yoluxdu, üstünə başqa xəstəliklər gəldi. Bir müddət xəstəxanada qaldı. Sonra dedilər ki, vəziyyəti yaxşı deyil. Qaraciyəri düzgün işləmir, funksiyasını itirməyə başlayıb. Sirroz son həddə çatıb.
Heç nə eləyə bilməzdik. Eləyə biləcəyimiz hər şeyi o üç ildə eləmişdik. Daha doğrusu, anam eləmişdi. Bitki tərkibli dərmanlar verirdi. Onun üçün ayrıca yemək bişirirdi. Qardaşımın universitetə qəbul olunduğunu eşidəndən sonra komaya düşdü. Sanki o xəbəri gözləyirdi. Sonra onu evə gətirdik.
Ancaq evdə komadan ayıldı. Oyandı, ayağa qalxdı, gəzdi. O ərəfələrdə evdə deyildim. Mən son 4-5 günü nənəmgildə olmuşam. Ağlıma belə gəlmirdi ki, nəsə ola bilər. Düşünürdüm ki, atam xəstədir, sağalacaq. Bilmirəm, mənə belə demişdilər ya mən özümü inandırmışdım.
Ölümündən bir gün öncə nənəm gətirdi evə, atamı gördüm. Qardaşımı tanıdı. Başqa heç kimi tanımadı.
– Sizi də?
– Yox... Anamı bilmirəm, amma qardaşımı tanımışdı. Ondan yapışıb ayağa qalxmışdı. Mən o səhnəni gördüm, sonra nənəmgilə qayıtdım. Fikirləşdim ki, ayağa qalxıb gəzirsə, deməli, sağalacaq.
– Həmin an sizi tanımadığını hiss etdiniz?
– Bəli. Ancaq özümü o yerə qoymadım. Dedim, bəlkə, halı yoxdur, xəstədir, düzəlsin, hər şey əvvəlki kimi olacaq.
Səhər dedilər ki, gəlin evə. Nənəm gəlib məni götürdü. Birlikdə çəkilişdə olduğumuz bir ailə bizi maşınla evə gətirdi.
Çoxlu adamlar, qara maşınlar… Eyvan açıq… Pəncələr açıq… Blokda qapılar açıq… Ağlaşma. Heç nə anlamıram. Ancaq hiss eləyirəm ki, bir ağırlıq çökür sinəmə. Qalxıram yuxarı, görürəm ki, insanlar toplaşıb, yenə də gülürəm. Soruşuram ki, atam haradadır? Niyə ağlayırsınız? Kimsə “Ay Ələkbər, uşaqlarını qoyub hara getdin” – deyir, mən donuram. Şəkillərini görürəm. Bir küncdə dayanıb ürkək-ürkək boylanıram, dinləyirəm. Hamı ağlayır, mən gülürəm. Çox qəribə idi. İçimdə ağrı, inciklik var idi, amma gülürdüm. Hələ də məndə o travma qalıb. Həyatdır da, çətin vaxtlar olur, ancaq mən o anlarda yenə də gülürəm .
– İsterik gülüş...
– Eynilə… Mənim ağrım gülüşlə çıxır. Fikirləşirəm ki, ağlasam, çıxar acım, amma gülürəm, o başqa cür təsir eləyir.
Anamı axtarıram, tapa bilmirəm, başı qarışıqdır. Qardaşımı tapa bilmirəm. Nənəmin də halı yaxşı deyil. Qonaq otağına girməyə icazə vermirlər…
Nəhayət, qapı açılır, budur, atamın cənazəsi… İsterikam tutur: Kimi aparırsız? Açın üzünü, baxım! İmkan vermirlər.
Hamı gedir…
Onda başa düşdüm ki, bitdi, ancaq həm də başa düşmürdüm.
Mətbəxdə - soyuducunun yanında qıvrıldım. Bir il nə normal danışdım, nə yedim. İldən-ilə təsiri daha da çoxaldı. Uşaq vaxtı anlamırdım, ancaq böyüdükcə hər şeyi daha dərindən dərk elədim. Ancaq mən travmalarımın üstündə işlədim, onları yenməyə başladım.
– Onun vəfatından sonra evdə, onun dolaşdığı yerlərdə dolaşmaq… Onun oturduğu masada oturmaq… Şəkilləri, səsi, nəfəsi… Sevdiyi yeməklər… Elədiyi zarafatlar…
– Onun mahnıları düz bir il hər gün səsləndi evimizdə. Anam başqa cür bacarmırdı. Sonralar da davam eləyirdi bu ağrı. Biz unutmağa çalışsaq da, nəsə olurdu və yaralarımızın qaysağı qopurdu. Ancaq zaman… Zaman hər hər şeyə alışdırır bizi… Düzdür, onu, o günləri heç nə əvəz eləmir. Ancaq son dövrlərdə mən qərar verdim ki, keçmişə bu cür bağlı qalmaq olmaz. Yaşlı nəsli anlayıram. Onlarda bağlılıq daha dərin olur. Mən özümdə də çox şeyi gördüm. Çətinə düşəndə gözüm onu axtarırdı. Deyirdim, o olsaydı, hər şey başqa cür olardı. Bu mənə daha da ağrı verirdi. Ona görə də anama dedim ki, o şəkilləri yığışdır. Mübahisə elədik, amma dediyimi elədim.
– Atanızı bir sözlə ifadə etsəniz, o söz hansı olar?
– Sevgi.
Foto: İlkin Nəbiyev