Kulis.az Ülvi Bahadırın texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, professor Çingiz Abdullayevlə müsahibəsini təqdim edir.
– Siz həm texniki sahədə fəaliyyət göstərirsiniz, həm də kulturologiya üzrə çalışırsınız. Dəqiq elmlərlə mədəniyyət və incəsənət arasında böyük fərq var: biri qanunauyğunluqlara, digəri isə daha çox duyğu və emosiyalara söykənir. Bu iki istiqaməti öz dünyagörüşünüzdə necə sintez etmisiniz?
– Əvvəla, dəqiq elmlər mənə intizam və dəqiqlik qazandırıb. Texniki sahə çox sistemli və məsuliyyət tələb edən peşədir və mən bunu həmişə sevmişəm. Digər tərəfdən, kulturologiya və ədəbiyyat təfəkkürü insanın baxış bucağını genişləndirir. Məncə, texniki düşüncə ilə humanitar düşüncənin vəhdəti yazılarıma fərqli yanaşma gətirir.
Məsələn, 2012-ci ildə Çarlz Dikkenslə Mirzə Fətəli Axundovun 200 illik yubileyi keçirilirdi. Mən həmin vaxt onların oxşar cəhətlərini araşdıran bir məqalə yazmışdım: Şərqdə və Qərbdə yaşamış iki böyük mütəfəkkirin, texnologiyanın olmadığı bir dövrdə, necə böyük nailiyyətlər əldə etməsini müqayisə etmişdim. Yazı mətbuatda dərc olunandan sonra yaradıcı dostlardan biri mənə zəng edib dedi ki, yanaşma çox orijinaldır. Çünki ədəbiyyatçılar adətən məsələyə başqa rakursdan baxırlar.
Texniki təfəkkür mənə mətnə daha sistemli yanaşma imkanı verir. Biz doktorluq işlərini yazana qədər elə bir elmi süzgəcdən keçirik ki, istəsək də səthi yaza bilmirik. Hər cümlənin məsuliyyətini dərk edirik.
– Bu dəqiqliyin konkret nümunəsini göstərə bilərsiniz?
– Bəli. 2016-cı ildə Roma Papası Fransiskə məktub yazmışdım. Bir səhifəlik məktub üzərində təxminən bir ay işlədim. Səbəb sadə idi: Vatikan kimi bir məkanda hər cümlə diqqətlə oxunur. Məktubda “Bakıya qısamüddətli səfəriniz” ifadəsini işlətmişdim. Bu, təsadüfi deyildi. Papa Tbilisidə və Yerevanda gecələmişdi, Bakıda isə qalmamışdı. Mən bunu diplomatik şəkildə, açıq ittiham etmədən, incə bir işarə kimi təqdim etdim.
Sonradan yeni Papaya da məktub göndərdim. O, Türkiyəyə ilk səfərini İznikə etmişdi. Mən həm onu təbrik etdim, həm də İzniklə bağlı yazdığım kitabın ingiliscə nəşrini ona təqdim etdim. Maraqlıdır ki, kitabı yazanda gələcəkdə Papanın məhz İznikə səfər edəcəyini bilmirdim.
Bu cür yanaşmaların kökündə, düşünürəm ki, məhz dəqiq elmlərin formalaşdırdığı sistemlilik dayanır: davranış mədəniyyətində, ünsiyyətdə, mətn quruluşunda, hətta kitabın həcminin seçilməsində belə.
– Kitablarınızın həcmi barədə də fərqli mövqeyiniz var.
– Son illər çoxları 400–500 səhifəlik kitablar yazmağa üstünlük verir. Mən isə düşünürəm ki, əsas məsələ məlumatın səmərəli təqdimatıdır. “Türkiyənin multikultural mühiti” adlı kitabım təxminən 220–230 səhifədir, amma Türkiyə coğrafiyasında yaşayan ənənəvi etnik və dini qrupların tarixini, dillərini, məktəblərini və mədəniyyətlərinin qorunmasını sistemli şəkildə təqdim etmişəm.
Kitabın əsas ideyası son cümlədə ifadə olunur: Türkiyə müsəlman dövləti kimi Avropa Birliyinə üzv olsa, Avropa Birliyi daha da güclənər. Mən bunu emosional yox, diplomatik və analitik şəkildə qeyd etmişəm.
– Siz uzun illərdir Almaniya–Azərbaycan Cəmiyyətinə rəhbərlik edirsiniz. Almaniyanın elm və təhsil modeli ilə yaxından tanışsınız. Bu modeldən Azərbaycan nələri götürə bilər?
– Məncə, burada əsas məsələ sistemli əməkdaşlıqdır. 2023-cü ildə Prezident İlham Əliyevin Berlin səfəri zamanı Almaniya iş adamları ilə görüşdə alman təhsil müəssisələri ilə daha sıx əməkdaşlığın vacibliyi vurğulandı. Bu, çox mühüm mesaj idi.
Mən bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etmişdim, lakin aldığım cavab məni qane etmədi. Halbuki regionda uğurlu nümunələr var. Gürcüstanın Kutaisi şəhərində Münhen Maksimilian Universiteti ilə tərəfdaşlıq əsasında müasir universitet yaradılıb. İstanbulda Alman–Türk Universiteti fəaliyyət göstərir. Niyə belə bir model Azərbaycanda da olmasın?
Mən xüsusilə Göygöl–Şəmkir bölgəsini perspektivli hesab edirəm. Almanların tarixi məskunlaşması, memarlıq irsi və mədəni mühit bu bölgəni cəlbedici edir. Son illər alman turistlərin və tədqiqatçıların Göygölə marağı da artıb. Mən bu ideya ilə bağlı nazirliyə müraciət etmişdim, lakin o zaman “Gəncədə artıq üç universitet fəaliyyət göstərir” arqumenti ilə ehtiyac olmadığı bildirildi.
Digər alternativ Sumqayıt Dövlət Universiteti ola bilər. Sumqayıt Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaş şəhərdir, yaxınlıqda isə Mannheim kimi güclü universitet mərkəzi yerləşir. Yeri gəlmişkən, 2010-cu ildə Mannheim Universitetinin rektorunu Azərbaycana dəvət etmişdim və bu, ölkəyə gələn ilk dünya səviyyəli universitet rəhbərlərindən biri idi.
Təəssüf ki, bu istiqamətdə hələ də strateji və davamlı yanaşma görmürəm.
– Siz həm də su təsərrüfatı sahəsində çalışırsınız. Suya, təbiətə və ekologiyaya münasibəti cəmiyyətin mədəniyyət göstəricisi hesab etmək olarmı?
– Əlbəttə. Bu mövzuya xüsusilə COP29 zamanı kulturoloji baxışla yanaşdım. Müxtəlif ölkələrdən – Peru, Meksika, İndoneziya və digər dövlətlərdən gələn iştirakçılarla 22 müsahibə apardım. Məqsədim texniki ekoloji göstəriciləri yox, onların Azərbaycanın qonaqpərvərliyinə, milli dəyərlərinə, davranış mədəniyyətinə münasibətini öyrənmək idi.
Bu müsahibələr əsasında COP29-un multikultural mühitini əks etdirən kitab hazırladım və onu həm ingilis, həm də ispan dillərində nəşr etdirdim. Sonradan iştirakçılardan və oxuculardan çoxlu müsbət rəy aldım.
COP29-u sadəcə ekoloji tədbir kimi yox, müxtəlif mədəniyyətlərin bir yerə yığışdığı canlı multikultural məkan kimi gördüm. Sərgilər, insanların davranışı, ictimai məkanlarda səliqə-sahman, ekoloji məsuliyyət – bunların hamısı kulturoloji baxımdan çox maraqlı müşahidə materialı idi. Hesab edirəm ki, həmin təcrübə əsasında daha geniş və dərin bir kitab ortaya çıxacaq.
– Sizcə, bu gün Azərbaycan təhsil sistemində incəsənət və mədəniyyət fənlərinin tədrisi kifayət qədər əsaslı şəkildə aparılırmı?
– İyunun 29-da Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin açılışı Heydər Əliyev Mərkəzində keçirildi. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu və əsas təşkilatçılar Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Milli Elmlər Akademiyası idi.
Ertəsi gün Akademiyada keçirilən tədbir isə, açığını desəm, fevral ayında keçirilmiş toplantının təkrarını xatırladırdı. Mən hər iki tədbirdə iştirak etmişdim və bu mövzuya həsr etdiyim “Türk izləri Avropa xəritəsində” kitabı da həmin tədbirdə təqdim olunmuşdu.
İştirakçılar, xüsusilə xaricdən gələn qonaqlar narazı qaldılar. Çünki onlar artıq bir dəfə eyni formatlı tədbirdə iştirak etmişdilər. Məncə, burada yaradıcı yanaşma çatışmırdı. Məsələn, aktyorlar 100 il əvvəlki türkoloqları – Əli bəy Hüseynzadəni, Fuad Köprülünü və digər iştirakçıları canlandıra bilərdilər. İnsanlar zala daxil olanda sanki həmin dövrün atmosferinə düşərdilər: tarixi geyimlər, dialoqlar, foto səhnələri, canlı perfomanslar. Bu, həm yaddaqalan, həm də maarifləndirici olardı.
Bu barədə Mədəniyyət Nazirliyinə təklif də göndərmişəm. Digər vacib məqam isə gənclərin prosesə cəlb edilməməsi idi. Elm və Təhsil Nazirliyi ötən ilin sentyabrından tələbələr arasında seçim və hazırlıq proqramı təşkil etməli idi. Bakıdan və xaricdə təhsil alan gənclərdən 100–150 nəfər seçilər, onlar üçün dəyirmi masalar, panel müzakirələri təşkil olunardı. Mən əminəm ki, həmin gənclərin ən azı 10–15-i gələcəkdə türkoloq olmaq istəyərdi.
Təəssüf ki, tədbirdən sonra yadda qalan praktik nəticə olmadı. Açılış mərasimi çox uğurlu idi, bunu xüsusilə qeyd edirəm. Amma sonrakı mərhələlərdə elmi və mədəni dinamika görünmədi. Mən həmişə nəzəriyyədən çox praktik nəticəni vacib hesab etmişəm: tədbirdən sonra cəmiyyətdə nə qalır, hansı təsir yaranır – əsas məsələ budur.
– Bizdə tez-tez “cəmiyyətdə elmə maraq yoxdur” deyilir. Amma Türkiyədə alimlər – tarixçilər, arxeoloqlar, geoloqlar, kulturoloqlar – televiziya və yutub vasitəsilə geniş auditoriyaya çıxırlar. Sizcə, Azərbaycanda da belə bir mühit formalaşa bilərmi?
– Məncə, ilk növbədə Azərbaycanda professor və alim statusu yüksəlməlidir. Türkiyədə alimə münasibət tamam başqa səviyyədədir. Məsələn, professorların xüsusi pasportları var, bir çox ölkəyə vizasız səfər edə bilirlər, ailə üzvləri də müəyyən imtiyazlardan yararlanır. Bu, sadəcə texniki məsələ deyil, cəmiyyətin elmə verdiyi dəyərin göstəricisidir.
Status yüksələndə təkcə professor yox, onun ətrafı – tələbələri, doktorantları, gənc tədqiqatçıları da elmə daha həvəslə yönəlir. Bizdə isə etiraf etməliyik ki, elmi mühitdə müəyyən sönüklük var.
Mən elm və təhsil sahəsi üzrə konsepsiya hazırlamışam. Təəssüf ki, onun əsas fəlsəfəsinə ciddi maraq göstərilmədi. Konsepsiyanın mahiyyəti beynəlxalq elmi əməkdaşlığın sistemli qurulmasıdır. Məsələn, “5+5” modeli təklif etmişəm: Avropada yaşayan beş azərbaycanlı mütəxəssis və Azərbaycandakı beş perspektivli gənc alim birgə layihələrdə iştirak etsin.
Bu model elm, təhsil, mədəniyyət, jurnalistika və ictimai kommunikasiya sahələrini əhatə edir. Məqsəd Azərbaycanın güclü tərəflərini – Nizami irsini, şahmat məktəbini, multikultural mühiti, dil və etnoqrafik zənginliyi – beynəlxalq layihələr vasitəsilə tanıtmaqdır.
Məsələn, bu gün Xınalıqda İsveçrə və Almaniyadan gəlmiş mütəxəssislər yerli əlifbanı və dili öyrənirlər. Bu, təsadüfi maraq deyil, konkret elmi proqramın nəticəsidir. Təəssüf ki, bizdə belə ortaq tədqiqat ənənəsi hələ zəifdir.
Hazırda TÜBİTAK-la “Bir millət, iki dövlət: ortaq mədəniyyət” adlı layihə üzərində işləyirik və gələn il onu kitab şəklində təqdim etməyi planlaşdırırıq. Amma əsas problem elmi planlaşdırmanın sistemsizliyidir.
Avropada, məsələn, Höte İnstitutuna bu gün layihə ilə müraciət etsəniz, sizə deyəcəklər ki, gələn ilin proqramı artıq hazırlanıb, növbəti il üçün müraciət edin. Universitetlərdə isə professorun razılığı olmadan rektor konfrans qərarı verə bilmir. Çünki məsuliyyət və büdcə elmi əsaslandırmaya bağlıdır.
Bizdə isə çox vaxt qərar əvvəl verilir, professor son anda prosesə cəlb olunur. Bu, institusional intizam fərqidir.
– Siz rəqəmsallaşma və süni intellekt məsələlərinə də toxunursunuz. Humanitar sahə bu prosesdə geri qalırmı?
– Risk məhz bundadır. Qloballaşma dalğası gəlir və biz həm milli dəyərlərimizi qorumalı, həm də bu prosesdən kənarda qalmamalıyıq. Süni intellekt məsələsində hələ tam nəzarət mexanizmi formalaşmayıb. Mən bu mövzuda “İpək yolu sivilizasiyasından süni intellekt sivilizasiyasına” adlı məqalə yazmışam və orada tarixi keçidləri göstərmişəm.
Humanitar sahədə mənim əsas ideyam beynəlxalq ekspert bankının yaradılmasıdır. Xarici qurum, məsələn, Nəsimi ilə bağlı layihə hazırlayanda biz dərhal hansı azərbaycanlı mütəxəssislərin bu sahədə çalışdığını təqdim edə bilməliyik. Bu, strateji mədəni diplomatiyanın vacib hissəsidir.
– Siz kulturoloq kimi Azərbaycan mədəniyyət mühitində hansı əsas boşluqları görürsünüz?
– Boşluqlar çoxdur və bəzən onlar xırda detal kimi görünür, amma əslində, mədəniyyət göstəricisidir.
Məsələn, multikulturalizm mövzusunda 44 müəllifin imzası ilə kitab nəşr olunub, amma aralarında bir nəfər də kulturoloq yoxdur. Bu, yanaşma problemidir.
Başqa bir nümunə: görkəmli şəxsiyyət haqqında kitab yazılır, müəllif öz adını iri hərflərlə yuxarıda, həmin şəxsiyyətin adını isə aşağıda verir. Məncə, bu, mədəni etikaya uyğun deyil. Əgər sən dahi bir insan haqqında yazırsansa, onun adı ön planda olmalıdır, müəllif isə özünü geri planda saxlamalıdır. Xaricdə çox vaxt müəllifin adını kitabda tapmaq belə çətin olur.
Qərbin strateji institutlarında kulturoloqlar mühüm mövqedədirlər. Onlar təkcə mədəniyyətlə yox, qərarvermə prosesinin fəlsəfəsi ilə məşğul olurlar. Hətta böyük şirkətlərdə, məsələn, yeni avtomobil modelinin bazara çıxarılması zamanı texniki göstəricilərlə yanaşı, mədəni və sosial təsir də ekspertlər tərəfindən qiymətləndirilir. Bizdə isə akademiklərin və təcrübəli alimlərin potensialından çox az istifadə olunur. Halbuki onların bilik və həyat təcrübəsi böyük layihələrin keyfiyyətinə ciddi təsir göstərə bilər. Bütün bunları kulturoloq kimi müşahidə edirəm və hesab edirəm ki, elm, təhsil və mədəniyyət arasında real sintez qurulmadan davamlı inkişaf mümkün deyil.
– Gəlin elə Birinci Türkoloji Qurultayın 100 illiyindən danışaq. Bu 100 il ərzində türkdilli xalqların mədəni inteqrasiyası baxımından nələri qazanmışıq, nələri itirmişik?
– İtkilər daha çox sovet dövründə baş verdi. Düzdür, türk kimliyi və ortaq mədəni yaddaş insanların qəlbində yaşayırdı, amma sistem qapalı idi. Türkiyə ilə sərbəst gediş-gəliş mümkün deyildi. Yalnız MDB məkanında müəyyən əlaqələr vardı.
Qazancları isə xüsusilə son illərdə daha aydın hiss edirəm. Türk Dövlətləri Təşkilatının yaranması bu baxımdan ciddi dönüş nöqtəsidir. TÜRKSOY, Türk Mədəni İrs Fondu kimi qurumlar yaradılıb, amma açığını desəm, onların fəaliyyəti hələ gözlənilən səviyyədə deyil. Bunu şəxsi təcrübəmdə də görmüşəm. Son üç ildə dörd kitabım nəşr olunub. 2023-cü ildə “Qardaş ölkələr” və “Türkiyənin multikultural mühiti” kitablarımın türk və ingilis dillərində nəşri münasibətilə İstanbulda keçirilən böyük qurultayda imza günüm oldu. Təxminən 4000 nəfər iştirak etdi. Alim üçün bu, çox böyük göstəricidir.
Orada mənə göstərilən münasibət diqqətəlayiq idi. Hətta Türkiyənin xarici işlər naziri Hakan Fidan məni nahara, maliyyə naziri Mehmet Şimşək isə axşam yeməyinə dəvət etmişdi. İstanbul valisinə kitablarım təqdim olunanda o, “azərbaycanlı professor bizi qabaqlayıb” deyə xoş bir kompliment söyləmişdi. Bu, onların elmə və alimə münasibətinin göstəricisidir.
Amma maraqlıdır ki, nə bizim səfirlik, nə TÜRKSOY, nə də digər əlaqədar qurumlar bu uğuru xüsusi şəkildə qabartdılar. Halbuki belə nümunələr digər alimlər üçün də stimul ola bilərdi.
– Rəqəmsallaşma və geosiyasi dəyişikliklər fonunda yeni bir Türkoloji Qurultaya ehtiyac varmı? Əgər belə bir qurultay keçirilsə, onun əsas konseptual xətti nə olmalıdır?
– Mən türkoloq deyiləm, amma qəlbən hamımız müəyyən mənada türkoloquq. Mənim köküm Göyçə mahalına bağlıdır, Aşıq Ələsgərlə qohumluq əlaqəmiz var, babalarımdan biri onun şəyirdi olub. Yəni bu mədəni mühitdə böyümüşəm. Məncə, əsas problem konsepsiyanın olmamasıdır. A nöqtəsindən B nöqtəsinə necə gedəcəyimizi müəyyənləşdirən strateji xətt lazımdır.
Bu məsələdə mərhum alim Ramiz Əsgərin fəaliyyəti mənim üçün nümunədir. O, Mahmud Kaşqarinin “Divanü Lüğat-it-Türk” əsərini üç cilddə tərcümə etmişdi və Yenisey abidələrinə qədər uzanan geniş tədqiqat aparmışdı. Belə alimlərin işi göstərir ki, potensial var, amma bu potensial parçalanmış vəziyyətdədir.
Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının nəzdində ortaq komissiya yaradılmalıdır. Bu komissiya dil, mədəniyyət, terminologiya və ortaq yaddaş məsələləri üzrə vahid strategiya hazırlamalıdır. Ayrı-ayrı ölkələrdə aparılan işlər bir-birindən xəbərsiz qalanda sinerji yaranmır. Öz kitablarımın yayılmasında bunu hiss etmişəm. Türkiyədə sistem elə qurulub ki, kitab nəşr olunan kimi onun elektron kataloqu, bioqrafiyası, satış və kitabxana məlumatları görünür. Azərbaycanda isə çox vaxt kitab çıxır, amma onun haqqında məlumat sistemli şəkildə yayılmır.
– Kitablarınızın beynəlxalq kitabxanalarda saxlanıldığını qeyd etdiniz. Bu, sizin üçün nə ifadə edir?
– Mənim kitablarım “British Library”dən tutmuş Vatikan kitabxanasına qədər müxtəlif beynəlxalq fondlarda saxlanılır. Almaniyanın Leypsiq və Frankfurt kitabxanalarında, həmçinin Edinburq, Aberdin, Varşava və Roma kitabxanalarında da əsərlərim mövcuddur.
Bir dəfə Frankfurt aeroportunda pasport nəzarəti zamanı əməkdaş mənə çox sual verdi. Sonda dedim ki, sizin şəhərin dövlət kitabxanasında mənim bir neçə kitabım saxlanılır. O, dərhal münasibətini dəyişdi və hörmətlə keçməyimə icazə verdi. Bu, insanın öz ölkəsini elm və kitab vasitəsilə təmsil etməsinin nə qədər vacib olduğunu göstərir.
Mən həmişə deyirəm ki, bu dünyada qalacaq şeylər yazılan kitablar, bəstələnən musiqilər, çəkilən filmlər, yaradılan abidələr və rəsm əsərləridir.
– Türk dünyasında ortaq əlifba, terminologiya və ünsiyyət dili mövzusu uzun illərdir müzakirə olunur. Siz kulturoloq kimi bunu nə dərəcədə real hesab edirsiniz?
– Son proseslər göstərir ki, bu istiqamətdə hərəkət başlayıb. Məsələn, Özbəkistanın latın əlifbasına keçidlə bağlı addımlarını diqqətlə izləyirəm. Düşünürəm ki, gec-tez ortaq əlifba və kommunikasiya məkanı formalaşacaq.
Mənim yaddaşımda çox simvolik bir hadisə var. 1991-ci ildə Almaniyanın Köln şəhərində müxtəlif türk respublikalarından gəlmiş ziyalılarla bir evdə qonaq idik. Hamımızın kökü türk idi, amma bir-birimizlə rusca danışırdıq. Bu, sovet irsinin nə qədər dərin olduğunu göstərirdi.
Bu gün vəziyyət dəyişir. Türkiyədə təhsil almış qazax, qırğız, özbək və azərbaycanlı gənclər artıq ortaq türk dili mühitində formalaşırlar. Məncə, beynəlxalq türk qurumlarında məhz bu nəsildən olan kadrların irəli çəkilməsi vacibdir.
Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının lokomotivi Türkiyədir. Türkiyənin elm, təhsil və ictimai institusional gücü daha böyükdür. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan da öz töhfələrini verirlər, düşünürəm ki, gələcəkdə Türkmənistan da daha aktiv qoşulacaq.
Ortaq dil məsələsində mən türk dilinin əsas kommunikasiya dili olmasını real hesab edirəm. Eyni zamanda, dillərdə mövcud olan gəlmə sözlərə də praqmatik yanaşmaq lazımdır. Əgər həmin söz ünsiyyəti pozmursa və məna aydın qalırsa, onun istifadəsi problem yaratmır. Məsələn, Türkiyə türkcəsində fransız mənşəli, bizim dilimizdə isə rus mənşəli sözlər var. Əsas məsələ cümlənin təbii axarının və qarşılıqlı anlaşmanın qorunmasıdır.
– Almanların türkologiyaya marağı tarixən çox güclü olub. Drezdendə “Dədə Qorqud” əlyazmasının saxlanılması, fon Dits kimi alimlərin fəaliyyəti buna nümunədir. Bəs bu gün Almaniyada türk mədəniyyətinə maraq hansı səviyyədədir?
– Marağın davam etdiyini açıq şəkildə deyə bilərəm. Hətta bunun canlı nümunələrini gündəlik fəaliyyətimdə görürəm. Məsələn, mənim üzv olduğum “Alman Türkoloqları” adlı votsap qrupu var. Burada əsasən Almaniya və Türkiyədə çalışan türkoloqlar, tarixçilər və mədəniyyət tədqiqatçıları iştirak edirlər. NATO sammitindən sonra Bonn şəhərində alman və türk təşkilatlarının birgə konfrans təşkil etməsi də göstərir ki, onlar aktual hadisələri dərhal elmi müzakirə predmetinə çevirirlər. Bu, alman akademik mühitinin operativliyini göstərir.
Almaniyanın çox dəyərli türkoloqları var və onlar türk dünyası ilə bağlı araşdırmaları diqqətlə izləyirlər. Məsələn, “Türkiyənin multikultural mühiti” kitabımın ön sözlərini üç fərqli mədəni çevrədən olan alimlər yazıb: Krakovdakı Yagellon Universitetindən polyak professor, Zigen Universitetindən alman alim və Türkiyədən bir tədqiqatçı. Mən bunu qəsdən belə seçmişdim ki, kitab yalnız “azərbaycanlı alimin özünü tərifləməsi” kimi görünməsin; Şərqi Avropa, Qərbi Avropa və Türkiyənin baxışı eyni mətndə təmsil olunsun.
Yeni kitabım “Türk izləri Avropa məkanında”nın ön sözünü isə İlbər Ortaylı öz əlyazması ilə yazdı. İkinci ön sözü Finlandiyanın məşhur türkoloqu professor Yukka Hopponen qələmə aldı. Türk həmkarlarım həmin mətni oxuyanda dedilər ki, bunu türk qələmi belə yaza bilməzdi. Bu, Avropadakı türkoloji məktəbin səviyyəsini göstərir.
Maraqlı bir hadisə də olmuşdu. Yukka mənə internetdə mənim Almaniyada nəşr olunmuş kitablarımdan birinin ingiliscə versiyasının satıldığını göstərdi. Mənim bundan xəbərim yox idi. Bu onu göstərir ki, Avropada türkoloji və Azərbaycanla bağlı materiallar sistemli şəkildə izlənilir, tərcümə olunur və dövriyyəyə daxil edilir.
Haynrix Fridrix fon Ditsin “Dədə Qorqud” tədqiqatlarının yubileyi ərəfəsində mən “Dədə Qorqud yollarında” kitabını həm alman, həm də Azərbaycan dilində nəşr etdirdim. Drezdendə çalışan alman alimləri də kitabla bağlı rəylər verdilər. Yəni “Dədə Qorqud” Almaniyada sadəcə tarixi əlyazma deyil, davam edən elmi maraq mövzusudur.
Bunun bir səbəbi də Almaniyada böyük türk diasporunun yaşamasıdır. Türkiyə ilə gündəlik sosial, siyasi və mədəni təmaslar türkologiyaya marağı canlı saxlayır. Açığını desəm, bu sahədəki dinamika Almaniyada bizdəkindən daha genişdir.
– Sizcə, qloballaşma milli mədəniyyəti deformasiyaya uğradır, yoxsa əksinə, onu dünyaya çıxarmaq üçün vasitəyə çevrilə bilər?
– Mən qloballaşmanı təhlükə yox, alət kimi görürəm. Əsas məsələ onunla multikulturalizm arasında ortaq məxrəci tapmaqdır. Bu məxrəc isə milli dəyərlərə söykənmədən qurula bilməz. İnsan öz kimliyini nə qədər aydın təqdim edirsə, qlobal məkanda bir o qədər görünən olur.
Tez-tez gürcüləri nümunə gətirirəm. Onlar film çəkəndə, kitab yazanda, memarlıq layihəsi hazırlayanda ilk növbədə “gürcü buna nə deyəcək?” sualını verirlər. Yəni məhsulun mərkəzində milli auditoriya dayanır. Bizdə isə çox vaxt “Qərbə oxşamaq” meyli üstün olur.
Qərbdən öyrənmək lazımdır, amma onu kopyalamaq yox. Kopya orijinallığı öldürür. Məncə, gürcü mədəniyyətinin beynəlxalq inkişafının səbəblərindən biri də budur: onlar milli kökləri qoruyaraq dünyaya çıxırlar.
Əslində, Qərbin özü də tarix boyu Şərqdən çox şey öyrənib. Bizim üstünlüyümüz məhz qoruyub saxladığımız adət-ənənələrdədir. Bu, alman üçün də maraqlıdır, ingilis üçün də, fransız üçün də.
Məsələn, mənim alman həmkarım İnqrid Şindlbek Berlin Etnoqrafiya Muzeyindən gəlib Şəkinin İnçə kəndində bir il yaşayıb. O, ailə münasibətləri, qohumluq sistemi, toy adətləri, yengə-baldız münasibətləri haqqında geniş tədqiqat aparıb və kitab yazıb. Deməli, Qərbi maraqlandıran bizim gündəlik həyatımızın mədəni kodlarıdır.
Hazırda Münhenlə bağlı hazırladığım kitabda Almaniyada məktəblərdə yaranan sosial-tərbiyə problemlərinə də toxunuram. Mən orada yazıram ki, bəzən Qərb gec də olsa Şərqə boylanmalıdır. Çünki Şərqdə hələ də ailə bağları, böyük-kiçik münasibəti, ənənəvi davranış kodları müəyyən dərəcədə qorunur.
Təəssüf ki, bizdə də bu dəyişiklik hiss olunur. Məsələn, əvvəllər universitetdə professor və ya rektor gələndə tələbələr öz davranışına xüsusi diqqət edirdi. Bu gün həmin mühit əvvəlki qədər hiss olunmur. Mən bunu təkcə nəsil fərqi kimi yox, ümumi mədəni transformasiyanın əlaməti kimi görürəm.
– Siz həm uzun illər diaspor fəaliyyəti ilə məşğul olmusunuz, həm də bu fəaliyyətə görə “Tərəqqi” medalı ilə təltif edilmisiniz. Dünyanın müxtəlif ölkələrində yaşamış və çalışmış bir insan kimi soruşmaq istəyirəm ki, niyə bizə elə gəlir ki, gürcülər, ermənilər, hətta türklər xaricə gedəndə öz kimliklərini daha möhkəm qoruyurlar, azərbaycanlılar isə daha tez assimilyasiyaya uğrayırlar?
– Mən bu fikirlə tam razı deyiləm. Bəli, belə hallar var, amma bu, ümumi mənzərəni əks etdirmir. Düşünürəm ki, söhbət daha çox 5–10 faizdən gedə bilər. Həmin insanlar əslində, Azərbaycanda yaşasaydılar belə eyni düşüncə tərzinə sahib olacaqdılar. Sovet dövrünün rusdilli mühiti onların kimlik modelini əvvəlcədən formalaşdırıb. Avropaya gedəndə də daha çox “alman kimi”, “fransız kimi” görünməyə çalışırlar.
Amma mənim 37 illik diaspora təcrübəm var və deyə bilərəm ki, azərbaycanlıların böyük əksəriyyəti milli kimliyini qoruyur. Ramiz Abutalıbovdan sonra bu sahədə ən uzunmüddətli təcrübəyə malik insanlardan biriyəm. Məhz buna görə mənə “Tərəqqi” medalı verilib.
Açığını deyim, əvvəlki diaspora idarəçiliyinin fəaliyyəti məni qane etmirdi və bunu açıq şəkildə də bildirmişəm. Amma son 4–5 ildə Diasporla İş üzrə Dövlət Komitəsində çox ciddi dəyişikliklər baş verib. Bu gün komitə ilə daim əlaqədəyəm, demək olar ki, hər həftə məsləhətləşmələr aparılır. Təcrübəmdən istifadə etmələri mənim üçün müsbət haldır.
Diaspora fəaliyyətinin mahiyyəti könüllü xidmətdir. Təəssüf ki, əvvəllər buna daha çox inzibati yanaşılırdı, indi isə vətəndaş təşəbbüsü və koordinasiya ön plana çıxır.
– Bayaq dediniz ki, erməni diasporası kilsə, yəhudi diasporası isə sinaqoq ətrafında birləşir. Bizi nə birləşdirə bilər?
– Bizi birləşdirə biləcək ən güclü faktor mədəniyyətimizdir. Bizim çox zəngin mədəni kodlarımız var və diaspor siyasəti onların üzərində qurulmalıdır. Mən hazırladığım humanitar konsepsiyada bunu ayrıca istiqamət kimi göstərmişəm: elm, təhsil, mədəniyyət, jurnalistika və diaspora bir-birindən ayrı deyil, vahid sistemin hissələridir.
Hazırda “Avropada Azərbaycan inciləri” adlı layihə üzərində işləyirik. Çox vaxt xaricdə yaşayan azərbaycanlılar olduqları şəhərdə Azərbaycanla bağlı izlərin mövcudluğundan xəbərsiz olurlar. Məsələn, Rotterdamda Bakı küçəsinin olduğunu, İsveçrənin Luqano şəhərində Azərbaycanla bağlı abidənin yerləşdiyini, Dədə Qorqud əlyazmasının Drezdendə saxlanıldığını bilmirlər.
Biz istəyirik ki, bu layihə həm diaspora fəallarının, həm diplomatların, həm də alimlərin stolüstü kitabına çevrilsin. İnsan hansı ölkəyə gedirsə, orada Azərbaycanı nə ilə bağladığını bilsin. Bu, kimlik hissini gücləndirən çox vacib vasitədir.
– Texnologiya insanları bir-birinə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? Xaricdəki qohumla videozəng edirik, amma eyni evdə yaşayan insanlar bəzən telefonlara qapanır.
– Məncə, texnologiya insanları daha çox uzaqlaşdırır. Sovet dövründə nə mobil telefon vardı, nə internet, amma insanların bir-birindən xəbəri daha çox idi. Mən Moskvada aspiranturada oxuyanda görürdüm ki, şəhərin bir başından o biri başına ad günü təbriki üçün açıqca göndərirlər. Bu, canlı münasibətin davamı idi.
İndi isə əlaqə çoxdur, amma münasibət çox vaxt süni xarakter daşıyır. Votsapda “Ad günün mübarək” yazmaqla insanın yanına gedib onu qucaqlamaq eyni şey deyil. Texnologiya kommunikasiya imkanını artırıb, amma isti münasibətin dərinliyini zəiflədib.
– Almaniya həm qloballaşmanın əsas ölkələrindən biridir, həm də öz milli dəyərlərini, şəhər və qəsəbə mədəniyyətini qoruyur. Biz Almaniyadan bu baxımdan nə öyrənə bilərik?
– Əsas dərs konseptual yanaşmadır. Almaniyada mədəniyyət təsadüfi şəkildə qorunmur, sistemli dövlət siyasəti ilə dəstəklənir.
Məsələn, Bavariyada kənd və qəsəbələrin sosial-mədəni inkişafı üçün hökumət xüsusi maliyyə ayırır. Məqsəd odur ki, insanlar öz mühitində yaşasın, sıxıntı hiss etməsin və yerli dəyərlər qorunsun.
Müxtəlif şəhərlərə xarici rəssamlar dəvət olunur, onlar bir ay həmin məkanda yaşayır, yaradır və əsərlərindən birini şəhərə hədiyyə edirlər. Bu, həm mədəni mübadilədir, həm də yerli mühitin beynəlxalq səviyyədə görünməsidir.
Vaxtilə “Avropada multikulturalizm iflasa uğrayıb” tezisi çox səsləndirilirdi. Merkel, Kemeron və Fransa rəhbərliyinin bəzi çıxışları yanlış şərh olundu. Əslində bu, ərəb miqrasiya dalğası dövründə siyasi mesaj idi, cəmiyyətə nəzarət və təhlükəsizlik narahatlığı ilə bağlı idi. Bizdə isə bunu analiz etmədən “multikulturalizm bitdi” kimi təqdim etdilər.
Mən Ştutqartda Almaniyanın daxili işlər nazirinin iştirakı ilə keçirilən diaspora görüşündə gördüm ki, dövlət müxtəlif xalqların mədəniyyətinə çox ciddi hörmətlə yanaşır. Frankfurtun mərkəzində meksikalıların konsertinə almanların böyük maraqla qulaq asması da bunu göstərir. Yəni multikultural dəyərlər Avropada hələ də yaşayır.
– Sizcə, gələcəkdə Şərq, yoxsa Qərb daha dayanıqlı mədəni model təqdim edəcək?
– Şəxsi fikrim budur ki, Şərq təfəkkürü daha dayanıqlı olacaq. Qloballaşma və texnoloji aludəlik Qərbdə müəyyən boşluqlar yaradır. Startap mədəniyyəti, süni intellekt, rəqəmsal həyat tərzi insanın ənənəvi sosial bağlarını zəiflədir.
Bunun əlamətlərini müxtəlif sahələrdə görmək mümkündür. Məsələn, Almaniya futbolu 2014-cü ildə dünya çempionu oldu, amma sonrakı illərdə ciddi geriləmə yaşadı. Bu, təkcə idman məsələsi deyil, ümumi sosial-mədəni transformasiyanın göstəricisi kimi də oxuna bilər.
Çox sevdiyim alman filosofu Osvald Şpenqlerin “Avropanın tənəzzülü” əsəri bu gün yenidən aktuallaşır. O, təxminən yüz il əvvəl Avropa sivilizasiyasının daxili yorğunluğunu görürdü. O dövrdə buna görə tənqid və təzyiqlərlə üzləşmişdi, amma bu gün onun bir çox müşahidəsi yenidən müzakirə olunur.
Düşünürəm ki, gələcəyin əsas üstünlüyü texnologiya ilə yanaşı, ailə bağlarını, ənənəni və mədəni yaddaşı qoruyub saxlaya bilən cəmiyyətlərin tərəfində olacaq.
– Tez-tez deyilir ki, şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar dünyaya inteqrasiya prosesinə gec qoşulurlar. Bəziləri bunu dil baryeri ilə, bəziləri menecment zəifliyi ilə, bəziləri isə mental komplekslərlə izah edir. Sizcə, bu gecikmənin əsas səbəbi nədir?
– Məncə, səbəb tək bir amillə izah olunmur. Burada həm sistem problemi var, həm də təşkilatlanma çatışmazlığı.
Regionlarda istedadlı uşaqların üzə çıxarılması ilə bağlı ayrıca konsepsiya hazırlamışam. Hesab edirəm ki, dövlət səviyyəsində xüsusi fond olmalı, regionlardakı intellektual və yaradıcı uşaqlar vaxtında müəyyənləşdirilib xüsusi məktəblərə və internat tipli təhsil müəssisələrinə cəlb edilməlidir. İstedadın vaxtında aşkarlanması çox vacibdir.
İkinci məsələ yaradıcı birliklərlə bağlıdır. Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və digər qurumlar hələ də əsasən sovetdən qalma idarəçilik modeli ilə fəaliyyət göstərirlər. Halbuki bu gün həmin qurumlarda peşəkar icraçı-menecerlər olmalıdır.
Rəssamın, yazıçının, bəstəkarın əsas işi yaratmaqdır. O həm yaradıb, həm də əsərinin beynəlxalq marketinqi ilə məşğul olmamalıdır. Bunun üçün ayrıca menecment komandası işləməlidir: beynəlxalq festivallarla əlaqə qurmalı, tərcümələri təşkil etməli, yeni kitabların və əsərlərin təqdimatını planlaşdırmalıdır.
Bu təklifi Mədəniyyət Nazirliyinə də göndərmişəm. Hesab edirəm ki, yaradıcı birliklərin rəhbərliyində xarici dilləri bilən, beynəlxalq əlaqələr qura bilən gənc menecerlər mütləq təmsil olunmalıdır.
– Sanki yaradıcı mühitdə də müəyyən passivlik hiss olunur.
– Bəli, xüsusilə son illərdə bunu hiss edirəm. Məsələn, 2020-ci il Zəfərindən sonra hələ də ortaya həmin hadisənin miqyasına uyğun böyük roman, böyük film və ya böyük musiqi əsəri çıxmayıb. Bəziləri deyir ki, zaman lazımdır. Ola bilər. Amma mən müəyyən yaradıcılıq tənbəlliyi də görürəm.
Başqa bir problem odur ki, yaradıcı çevrələr çox vaxt qapalı dairə kimi fəaliyyət göstərirlər. Bir-birini tanıyan insanlar bir-birinin kitabına rəy yazır, bir-birini tərifləyir. Amma beynəlxalq ekspertiza yaranmır.
Kitablarımda buna xüsusi diqqət etmişəm. Rəylər Şərqi Avropadan, Qərbi Avropadan və Türkiyədən gəlib. Bu, əsərin daha obyektiv qiymətləndirilməsinə imkan yaradır. Bizdə isə çox vaxt eyni çevrə daxilində qarşılıqlı təsdiq mexanizmi işləyir və insan beynəlxalq arenaya çıxmaq ehtiyacını hiss etmir.
– Azərbaycan ədəbiyyatında dünyaya çıxa bilmiş nümunələr azdır. Sizcə, hansı əsərlər, həqiqətən, beynəlxalq potensiala malikdir?
– Ən parlaq nümunə “Əli və Nino”dur. Qurban Səid imzası ilə tanınan bu əsər 30-dan çox dilə tərcümə olunub və dünya ədəbiyyatında öz yerini tutub. Amma biz hələ də bu irsə tam şəkildə sahib çıxa bilməmişik.
Mən Məhəmməd Əsəd bəyin 100 illiyi ilə bağlı layihələr həyata keçirmişəm, İtaliyada onun haqqında kitabım nəşr olunub, müxtəlif arxivlərlə işləmişəm. Buna baxmayaraq, bizdə hələ də bu şəxsiyyətə yanaşma parçalanmış vəziyyətdədir.
Müasir yazıçılar arasında isə Çingiz Abdullayevin ayrıca oxucu auditoriyası və beynəlxalq məşhurluğu var. Onun kitabları müxtəlif ölkələrdə oxunur. Amma ümumi mənzərə baxımından belə nümunələrin sayı çox azdır.
– Bəs yaradıcı birliklər bu inteqrasiyada real rol oynayırmı?
– Təəssüf ki, yetərincə yox. Çünki köhnə sovet modeli ilə qlobal mədəniyyət bazarına çıxmaq mümkün deyil.
Bu qurumlarda dinamika çatışmır. Yaradıcı insanlarla davamlı işləmək, onların beynəlxalq əlaqələrini qurmaq, layihələr hazırlamaq lazımdır. Bəzən isə yaradıcı adamlar həmin qurumlarda sanki əlavə yük kimi qəbul olunur.
Məncə, yaradıcı birliklər passiv inzibati məkan yox, aktiv prodüser və menecment mərkəzinə çevrilməlidir.
– Bu gün Azərbaycan mədəniyyətində beynəlxalq səviyyədə təqdim oluna biləcək ən güclü nümunə nədir?
– Fikrimcə, son illərin ən güclü beynəlxalq potensiallı işi Nəsiminin yubileyinə həsr olunmuş “Nəsimi” kompozisiyasıdır. Sami Yusifin rəhbərliyi ilə hazırlanmış, fransız rejissor tərəfindən səhnələşdirilmiş bu layihə həm musiqi, həm vizual dil, həm də fəlsəfi məzmun baxımından dünya auditoriyasına açıq bir əsərdir.
Sovet dövründə Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun böyük miqyaslı əsərləri vardı. Bu gün isə həmin səviyyədə yeni mədəni hadisə yaratmaqda çətinlik çəkirik.
– Sizcə, əsas səhv harada edilir?
– Əsas səhvlərdən biri lokallaşmaqdır. Məsələn, bəzi muğam ifaçıları Avropada maraq qazanmağa başlayırlar, amma sonra beynəlxalq xətti davam etdirmək əvəzinə daha rahat yerli kommersiya mühitinə, toy bazarına yönəlirlər.
Bu, futboldakı vəziyyətə bənzəyir. Futbolçu yerli çempionatda yaxşı maaş alır və düşünür ki, bu ona kifayətdir. Halbuki Avropanın yüksək liqalarına çıxsa, həm peşəkar, həm də maddi baxımdan daha böyük imkanlar əldə edə bilər.
Gürcüstanın yüzlərlə futbolçusu Avropada oynayır. Bizdə isə yüksək səviyyəli Avropa liqalarında uğur qazanmış futbolçu nümunələri çox azdır. Bu, yalnız idman məsələsi deyil, ümumi ambisiya və inkişaf modelinin göstəricisidir.
– Əgər bu gün sizin əlinizdə imkan olsaydı, Azərbaycan mədəniyyətində hansı istiqamətləri ön plana çıxarardınız?
– Mən mədəniyyəti ölkənin siması hesab edirəm. Elm və təhsil onun təməlidirsə, mədəniyyət və incəsənət dünyaya açılan üzüdür.
Diplomatiyanın aça bilmədiyi qapıları bəzən bir film, bir musiqi əsəri, bir kitab aça bilir. Biz istəyirik ki, “Frankfurter Allgemeine Zeitung”, “Le Figaro”, “The Washington Post” kimi nüfuzlu nəşrlərdə Azərbaycan haqqında yazılar getsin. Amma bu, sifarişlə yox, təbii əməkdaşlıqla baş verməlidir. Həmişə birgə layihə modelini müdafiə etmişəm. Məsələn, Azərbaycan xalçası ilə bağlı layihədə üç alman və üç azərbaycanlı tədqiqatçı birlikdə işləyir. Proses zamanı həm elmi əməkdaşlıq, həm də şəxsi etimad yaranır. Sonra həmin alman alim Azərbaycanla bağlı yanlış təqdimata rast gələndə artıq bunu “başqasının problemi” kimi yox, öz əməkdaşlıq mühitinin məsələsi kimi görür və özü müdaxilə edir.
Bu, uzunmüddətli və səmimi münasibətdən doğan dəstəkdir.
– Yəni beynəlxalq nüfuzun açarı təbii əməkdaşlıqdır?
– Tamamilə. Mən bunu konkret təcrübədə görmüşəm.
Bir dəfə Almaniyanın məşhur sosioloqu Tilman Allerti Bakıya dəvət etmişdik. Görüş zamanı bəzi iştirakçılar ona çox aqressiv siyasi suallar verirdilər. Sonra yolda mən ona dedim ki, biz istəyirik ki, siz Azərbaycan haqqında obyektiv və müsbət yazılar yazasınız. O isə cavab verdi ki, mən yaxşı yazmıram, gördüyümü yazıram.
Bu cümlə mənim üçün çox vacibdir. Qərbli alimə təzyiq göstərmək yox, ona düzgün mühit göstərmək lazımdır. O, gördüyü səmimiyyətə və peşəkarlığa görə nəticə çıxarır.
Sonradan 44 günlük müharibə dövründə onun aktiv mövqe tutmamasına görə mənim də müəyyən incikliyim oldu. Amma bu hadisə mənə bir şeyi bir daha göstərdi: beynəlxalq münasibətlər emosional yox, uzunmüddətli etimad üzərində qurulur.
Diaspora, mədəniyyət və elm sahəsində uğurun əsas şərti də məhz budur – peşəkarlıq, səmimiyyət və davamlı əməkdaşlıq.