Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir?
17 sentyabr 2026
# 15:00

Kulis.az "Loqlayn" layihəsindən Baz Lurmanın "Strictly Ballroom" filmi haqqında məqaləni təqdim edir.

Layihənin əvvəlki məqaləsi burada

Hər tərəf bərq vuran parıltılar, bədənlərə çəkilmiş tonlarla süni bürünc rəngli kremlər, daşlaşıb qalmış saç düzümləri və üzlərə yapışdırılmış plastik, saxta, donuq təbəssümlərlə doludur. Biz adətən, qəhrəmanın real düşmənə, qlobal fəlakətə və ya acınacaqlı yoxsulluğa qarşı mübarizə apardığı filmlərə öyrəşmişik. Bəs insanın ən böyük düşməni sadəcə çürümüş, diktator ruhlu bir Rəqs Federasiyası və onun yazılmamış, boğucu konformist qanunlarıdırsa, necə?

Kino tarixində elə filmlər var ki, zahirən çox bəsit, hətta banallıq həddinə çatacaq qədər sadə görünür. Amma rejissor o şablonları elə bir estetik formada, elə bir yaradıcı cəsarətlə təqdim edir ki, ortaya həmişə yaddaşlara qalacaq filmlər çıxır. “Strictly Ballroom” məhz belə işlərdəndir. Avstraliyalı rejissor Baz Lurmanın debüt işi olan bu film müasir kinoda qaydalara, şablonlara və bütlərə üsyan edən ən rəngarəng hekayələrdən biridir.

Strictly Ballroom (1992) - IMDb

"Sistemə qarşı çıxan autsayderlər" mövzusu burda da var. Amma Lurman tamamilə başqa bir yol seçir. O, sistemin diktə etdiyi normalardan kənara çıxanların hekayəsini qan-qada, narkotik və ya ağır sosial problemlər fonunda yox, kütləvi əyləncə növünün bal rəqslərinin qapalı, absurd və qrotesk dünyası üzərindən danışır.

Hadisələr Avstraliyada Pan-Sakit Okean rəqs çempionatına hazırlıq ərəfəsində baş verir. Gənc, yaraşıqlı və istedadlı bal rəqqası Skott Hastinqs federasiyanın təsdiqlədiyi, illərdir dəyişməyən "düzgün" hərəkətlərdən bezib. O, rəqs meydançasında sadəcə mexaniki fiqurlar icra etmək istəmir, ürəyindən gələn, özünün kəşf etdiyi yeni addımları, fərqli ritmləri sınaqdan keçirmək istəyir. Amma bu kiçik, məsum improvizə rəqs dünyasında az qala dövlətə xəyanət, terror aktı kimi qarşılanır. Skott bu üsyanına görə yarışmanı uduzur, hamının sevimlisi olan şöhrətpərəst partnyoru Liz onu tərk edir, federasiya rəhbərliyi isə onu boykot etməklə hədələyir. Karyerası məhv olmaq üzrə olan Skott birdən-birə, hamının "çirkin ördək balası", "boz siçan" kimi baxdığı, yöndəmsiz, eynəkli, lakin daxilində böyük ehtiras gizlədən ispan əsilli rəqs tələbəsi Fren ilə gizlincə məşq etməyə başlayır.

Strictly Ballroom' Review: Musical Opened in the U.K. Dec. 6

Bax, əsl kino magiyası və mətnaltı sosial tənqid elə bu nöqtədən etibarən başlayır.

Lurman filmin hələ ilk kadrlarından, böyük həcmli ekspozisiyasından öz vizual ironiyasını, satirik intonasiyasını nümayiş etdirir. O, rəqs dünyasını bilərəkdən karikaturlaşdırır. Yadınızdadırsa, film sənədli kino tərzində çəkilmiş müsahibələrlə başlayır. Obrazlar birbaşa kameraya baxaraq Skottun "yeni hərəkətlər" etməsini elə böyük bir faciə kimi göstərirlər ki, tamaşaçı istər-istəməz bu absurdluğa gülməyə başlayır. Kəskin rakurslar, ifrat dərəcədə yaxın planlar, rəqqasların üzündəki o donuq, saxta xoşbəxtlik maskası, bütün bunlar təkcə estetik seçim deyil, həm də cəmiyyətin mənəvi boşluğunun, avtoritarizmin güzgüsüdür.

Rəqs federasiyasının rəhbəri Barri Fayf və onun ətrafındakılar, sənəti biznesə, hakimiyyət və güc alətinə çevirmiş tipik kapitalist diktatorların simvoludur. Barrinin mühitində sənətə, ehtirasa, yeniliyə yer yoxdur, orda yalnız quru, mexaniki hesablama, qələbə hərisliyi və ən əsası kütləni itaət altında saxlamaq arzusu var. Rejissor bizə deyir ki, harada qanunlar insan hisslərini çərçivəyə salmağa çalışır, orda sənət ölür, yerini ucuz plastika tutur.

Strictly Ballroom: Cheat Sheet | SBS What's On

Bu steril və darıxdırıcı "plastik" dünyadan qurtuluş yolu isə, kənardan, miqrantların, cəmiyyətin aşağı təbəqəsinin arasından gəlir. Skottun Frenlə yaxınlaşması təkcə bir sevgi hekayəsi deyil, həm də sənətin öz köklərinə, həqiqətə qayıdışıdır. Rejissor Frenin ispan miqrant ailəsinin yaşadığı mühiti rəqs salonlarından tamamilə fərqli bir estetikada, fərqli rəng palitrasında təqdim edir. Bəzəkli, süni işıqlı zalların əksinə olaraq burada rənglər isti, torpaq tonlarındadır. Hər şey təbii, çirkli, lakin diridir. Skott rəqs salonlarında öyrəndiyi o mexaniki, "düzgün" addımlarla Frenin atası Rikonun qarşısına çıxanda nə qədər gülünc görünürsə, Rikonun qızı ilə birlikdə toz-torpağın, tərin içində, heç bir xoreoqrafik bəzək-düzəyi olmayan əsl, ənənəvi Paso Dobleni oynaması tamaşaçını o qədər sarsıdır.

Digər tərəfdən, filmdə klassik “Zoluşka” motivini görməmək mümkünsüzdür. Burada da Fren bir növ müasir Zoluşkadır. Amma onun fərqi bundadır ki, o, özünü xilas etməsi üçün yaraşıqlı şahzadəni passiv şəkildə gözləmir. Əksinə, sistemin içində itib-batan, cəsarətsizləşən, mənəvi baxımdan sarsılmış "şahzadə"yə, Skotta əsl həyatı, azadlığı və qorxmamağı o öyrədir. Cəmiyyətin, ailənin, bəzən də elə özümüzün yaratdığımız qorxular bizi yarımçıq insan edir. Fren Skottu təkcə rəqs partnyoru kimi yox, bir şəxsiyyət kimi bərpa edir.

Review Flow - Into Film

Filmdəki ikinci plan personajlar bəzən baş qəhrəmanlardan daha mürəkkəb, daha faciəvidirlər. Məsələn, Skottun anası Şirli. O, bəlkə də filmin ən dramatik, ən isterik obrazıdır. Zahirən o, oğlunu dəli kimi sevən, onun qələbəsi üçün hər şeyi edən fədakar ana təsiri bağışlayır. Amma əslində, Şirli patriarxal və avtoritar sistemin (Rəqs Federasiyasının) ən sadiq nökəridir. O, qaydalardan kənara çıxmağı ölüm kimi qəbul edir. Bu, sistemin öz qurbanlarını necə manqurtlaşdırmasının, onları öz dəyirmanında necə üyütməsinin ən gözəl nümunəsidir. Şirli uğur naminə oğlunun şəxsiyyətini, azadlığını əzməyə hazırdır. O, "nə şiş yansın, nə kabab" prinsipi ilə yaşayan konformist cəmiyyətin ümumiləşdirilmiş portretidir.

Onun əri, Skottun atası Daq Hastinqs isə başqa bir faciənin daşıyıcısıdır. Biz film boyu Daqı həmişə arxada, kölgədə, rəqs məktəbinin küncündə səssizcə dayanan, arvadı tərəfindən daim alçaldılan, iradəsiz, bədbəxt bir adam kimi görürük. Amma ssenari inkişaf etdikcə aydın olur ki, Skottun içindəki o üsyankar ruh, o "yeni hərəkətlər" eşqi əslində atasından keçib. İllər əvvəl Daq da eynilə Skott kimi qaydaları pozmaq, ürəyindən gələn kimi rəqs etmək istəyib, lakin Barri Fayfın hiyləgərliyi və sistemin təzyiqi ilə məğlub edilib. Daq obrazı bizə əyani şəkildə göstərir ki, Skott əgər bu gün təslim olsa, iyirmi il sonra atasının gününə düşəcək, daxilində ömür boyu çəkəcəyi peşmanlıqla, kölgəyə çevrilmiş, iradəsiz bir qocaya çevriləcək. Rejissor ata-oğul paraleli ilə azadlıq uğrunda mübarizənin yəkcə qələbə üçün yox, mənəvi sağ qalmaq üçün nə qədər həyati əhəmiyyət daşıdığını vurğulayır.

Guilty Pleasures: Strictly Ballroom – Girls Do Film

Baz Lurmanın kinosu heç vaxt sakit və yeknəsəq olmur. O, şeyin bilərəkdən ifrat dərəcədə şişirdilməsinin, teatrallaşdırılmasının, bayağı elementlərin sənət səviyyəsinə qaldırılmasının ustasıdır. Filmdəki makiyajlar nə qədər qabarıq, musiqilər nə qədər pafoslu, hərəkətlər nə qədər karikaturdursa, altındakı fəlsəfə bir o qədər ciddidir. Skott və Frenin məşhur "Koka-Kola" lövhəsi altındakı, binaların damında, açıq səmada etdikləri rəqs səhnəsini xatırlayın. Kapitalizmin ən böyük simvolu olan reklam lövhəsinin altında, iki gənc öz mənəvi azadlıqlarını, sevgilərini və sənətlərini qeyd edirlər. Rejissor burada həm romantik, həm də ironik bir vizual ziyafət yaradır. Doris Deyin ifasında səslənən "Perhaps, Perhaps, Perhaps" və ya finala doğru yüksələn "Time After Time" kimi populyar mahnılar təkcə fon musiqisi yox, personajların daxili səsidir. Musiqi elə dinamik, kadrlar elə sürətli və enerjilidir ki, tamaşaçı bir an belə darıxmır.

İndi gələk o məşhur finala. Pan-Sakit Okean çempionatı səhnəsi az qala bir kinematoqrafik katarsisdir.

Ən böyük yarışma başlayır. Skott son anda atasına və özünə xəyanət etməməyi seçir. O, "düzgün", təsdiqlənmiş addımlarla yox, Frenlə birlikdə gəlib salonun, o elitist, bürokratik Rəqs Federasiyasının qarşısında qadağan olunmuş, ürəkdən gələn, vəhşi və azad Paso Dobleni oynamağa başlayır. Barri Fayfın qəzəblə musiqini kəsdirdiyi an filmin şah damarıdır. Qaydaları pozanlara qarşı sistemin ən böyük silahı onları səssizləşdirmək, "musiqilərini kəsməkdir". Amma nə baş verir? Skott və Fren musiqisiz rəqs etməyə davam edirlər. Çünki əsl ritm insanın daxilindədir.

BBC Two - Strictly Ballroom

Sonra Frenin atası Riko tribunadan ritm tutmağa başlayır. O alqış, o ritm tədricən bütün zala yayılır. Təzyiq altında əzilən cəmiyyət əvvəlcə qorxa-qorxa, sonra daha cəsarətlə, sonda isə ayağa qalxaraq ayaq səsləri və alqışlarla onlara musiqi yaradırlar. Bu, təkcə iki gəncin rəqsi yox, mənəvi qulluqdan azad olan, diktaturaya "yox!" deyən kütlənin üsyanıdır. Qaydalara riayət edib birinci olmaqdansa, öz qaydanı yaradıb yarışmadan kənar qalmaq fəlsəfəsi qalib gəlir. Con Pol Yanqın "Love is in the Air" mahnısının sədaları altında bütün rəqiblər, valideynlər, hətta ən qatı mühafizəkarlar belə meydançaya axışır. Çünki azadlıq yoluxucudur. Bir nəfər qorxusuna qalib gələndə o, bütün cəmiyyəti öz arxasınca apara bilir.

Filmi izlədikdən sonra məndə yaranan sual bu oldu ki, kütləvi melodramlara, rəqs filmlərinə xas bu qədər ənənəvi şablonlar (pis adamların cəzalanması, Zoluşkanın parlaması, qəhrəmanların böyük qələbəsi) üzərində qurulan “Strictly Ballroom” niyə banallaşmır?

Məsələ də elə bundadır. Lurman bu şablonları saf dillə yox, güclü, aydın və ironik müəllif mövqeyi ilə interpretasiya edir. O, kütləvi formadan tamaşaçının diqqətini saxlamaq üçün istifadə edir, alt qatda isə mürəkkəb insan psixologiyasını, eqoların toqquşmasını, sənətin alçaldılmasını tədqiq edir. Əslində o, öz filmini çəkərək elə Skottun rəqs meydançasında etdiyini edir, "mən sizin qaydalarınızı bilirəm, amma bu hekayəni öz addımlarımla göstərəcəyəm".

# 260 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər