Onlar xortlayıb üstümüzə hücum çəkirlər

Onlar xortlayıb üstümüzə hücum çəkirlər
18 mart 2020
# 15:17

(Fərdi düşüncənin təsviri)

“Ümidimiz süni cəmiyyətin rədd edilməsidir. Bəlkə onda xoşbəxtlik qapımızı döydü”

Mişel Fuko

“İdeal yuxusuzluq ucsuz-bucaqsız mətnlər dünyasında ideal oxucunu formalaşdırır”

Ceyms Coys

“Necə ki, dodaq büzdün. Di, döz iztiraba”

İnqalls

Fransız yeni romanının yaradıcılarından olan Alen Rob-Qriye yazır: “Ədəbiyyatda fərqli nəql etmə formaları, bədii reallıqlar və roman sənəti sürətlə dəyişən və inkişaf edən dünyaya ilə uzlaşır. Yeni tipli təhkiyənin strukturu konkret bir ədəbi cərəyan, ədəbi məktəb və yazıçılar birliyinin tələbi əsasında deyil, daima dəyişən dünyada insanla dünya arasındakı münasibətləri ifadə edə bilmək qayğısı ilə bağlıdır və belə də olmalıdır”.

Bəs çağdaş Azərbaycan romanı hansı vəziyyətdədir? Ən son oxuduğum iki roman əsasında bu haqda söhbət açmaq istəyirəm. Cəlil Cavanşirin “Azğın”Aqşin Yeniseyin “Tarix və Tale” romanları. Hətta Cəlilin romanının ilk oxucusuyam. Dörd il yarım əvvəl.

“Azğın” romanında dəlilik mövzusu mistik səciyyə daşıyır. Postmodern estetika ilə magik realizm elementləri birləşir. Cəlil Cavanşir çağdaş türk ədəbiyyatının istedadlı yazıçısı Həsən Əli Topdaşla poststruktural əlaqə yaradır. Topdaşın “Kölgəsizlər” romanı ilə “Azğın” arasında intertekstual ünsiyyət baş tutur. “Kölgəsizlər” romanı isə Xuan Rulfonun “Pedro Paramo” və Markesin “Yüz ilin tənhalığı” romanları ilə eyni estetik məkanı bölüşür. Cəlilin obrazı Dəli Cəmo arxetipdir. Dəliliyin arxefaktına çevrilən arxetip. “Kölgəsizlər”də isə Cənnətin oğlu eyni taleyi yaşayır. Bütün səhvlər və günahlar Cənnətin oğluna aiddir. Cənnət xalanın oğlu və cənnətdən qovulan insan arasında paralellər maraq doğurur. Mişel Fukonun “Dəliliyin tarixi” əsəri ilə intellektual əlaqə yaratmaq olur “Azğın” və “Kölgəsizlər” romanları vasitəsilə. Fuko dəliliyi fəlsəfi və psixi kateqoriyada şərh edir. Antropoloji kimlik və arxefaktlardan modern dəlixanaların yaranmasına qədərki mərhələ fikir süzgəcindən keçirilir. Cəlilin romanı uzun bir yazı prosesindən keçib. Olduqca uğurlu monoloqlar var. Ki, bu priyomlar alman dilli ədəbiyyatdan gəlir. Bu ədəbiyyata bələd olan müəllif absurd məqamları ədəbiyyat faktına çevirə bilir. Lakin hadisələr arasında ciddi bir ünsiyyətsizlik, rabitəsizlik mövcuddur. Cəlil bu vəziyyəti yaradıcılığına yaxşı bələd olduğu, almandilli yazıçı Piter Xandkenin semiotik illüziyalar yaratmaq məqsədilə istifadə etdiyi rabitəsizlik kimi dəyərləndirə bilər. Şüurlu, qəsdi bir metod, ədəbi priyom kimi də düşünmək olar. Lakin əsərdə hadisələri olduqca çaparaq üslubda qələmə alıb. Və bu iradı romanın ilkin formasını da oxuyanda müəllifə bildirmişdim.

Cəlilin romanı ilə dünya ədəbiyyatı arasında çox müqayisə aparmaq olar. Dəlilik mövzusu dəfələrlə işlənib. İrvin Yalomun “Divanda uzanmaq” əsəri ilə psixoloji vəziyyət və seks arasındakı paralellər baxımından yaxınlıq təşkil edir.

Dəli QorqudDəli Cəmo. Güzgü estetikası ilə yanaşsaq, bu iki obraz eyni şəxsdir. Biri kənddə, biri şəhərdə. Biri yaxın keçmişdə, biri indi də. Cəlil naturası pozulmuş, süni cəmiyyəti inkar edir. Zahiri planda nə dediyini özü də bilməyən Qorqudun (Əslində, hər şeyin fərqindədir) nitqindəki rabitəsizlik bəzi məqamlarda uğursuz alınıb. Təsvir və təhkiyə bütövləşməyib. Lakin qəhrəmanın özü ilə söhbətləri və öz mövcudluğunu unutması əsərin ab-havasını dəyişir. Zaman hissini itirir. Müəllif deyir ki, dəli olan kimdir? Qorqud, yoxsa toplum? Bütün dəyərlərin itdiyi bir cəmiyyətdə zamanın “nə içində, nə də ki, dışında” qalmaq mümkündür.

Aqşin Yeniseyin “Tarix və Tale” romanı isə Azərbaycan ədəbiyyatında yenidir. “Tale və Tarix” Alen Rob-Qriyenin “Rezinlər”“İzləyən” romanları ilə eyni estetik platformada təmsil olunur. Rob-Qriye yeni mərhələ başladıb bu romanlar ilə. Rob-Qriyenin romanlarında obraz, hadisə insan yoxdur. Yer üzünün əşrəfi insan varlıq olmaqdan bezib və dünyanı tərk edib. Hələ ondan əvvəl isə tanrı əlini üzüb dünyadan. Əşyalar və digər varlıqlar daha vacibdir Rob-Qriyenin estetik məkan və zaman qrafikində.

Aqşin “Tarix və Tale”də ucalıq və alçaqlıq, fərqlilik və eynilik, qloballıq və lokallıq kontekstində süni intellektuallığa meydan oxuyur. Bu daha çox romanın semiotik qatında reallaşır. Doqquz hissəli romanı doqquz fərqli təhlil metodu ilə nəzərdən keçirmək mümkündür.

- “Ümidsiz azadlıq və Şeyx Şamil küçəsindəki ev” bölməsində yazıçı fərdi, ailəvi və ictimai monotonluğun portretini yaradır. Sosial məzmun estetik kateqoriyaya çevrilir. Aqşinin nəsrdəki istedadı “Göləqarğısancan” romanından başlayır. O roman ilk cümləsindən sonacan dil hadisəsidir. Leş Əli isə olduqca orqanik obrazdır. Sadəcə “Göləqarğısancan” “Tarix və Tale” kimi yeni dövrün romanı deyil. Çünki “Göləqarğısancan” sosial məzmunda və ənənəvi üslubda yazılıb. “Tarix və Tale”də “Bığlı Edison” şəhərdəki qaranlığı məğlub etsə də, özünə məğlub olur. Çünki monoton, sevgisiz bir ailə tabusuna illərdir dözüb. Özünü məcbur edib. Aqşin niyə ənənəvi formada hadisə və süjet yaratsın ki? Nə ehtiyac var buna? Antiqəhrəmanlar çağında geniş epik lövhələrə gərək yoxdur. Fikirlər hadisələrin obrazlı proyeksiyasıdır. Antiqəhrəman yaradan bir yazıçının hadisə, səbəb-nəticə indeksli poetik lövhələr yaratması gülünc görünərdi. Hərçənd ki, Aqşin Yenisey imzası buna qadirdir.

- “Çinli arxeoloqun gündəliyi. Zirzəmidəki dəniz. Ailəvi tənhalıq” hekayəsində (Çünki müəllifin danışa biləcəyi “story”, hekayə var. Çağdaş romanda ən vacib amildir) təhkiyəçi ata və anasının ünsiyyətsizliyinə ən uyğun təşbehi tapır. Bir əşyanı, televizoru. Televizor və media bütün münasibətləri müəyyən etməkdə uyğun metafordur. Hər halda ciddi oxucular Rob-Qriyeyə niyə işarə etdiyimi anladı. İsa və Musa əhvalatı isə qalsın oxucunun özünə. Çünki əsər boyu bir kölgətək izləyəcək onu.

- “Musa. Yerin üstü” əhvalatında isə genetik bir identifikasiyanın qeyri-müəyyən halı, Azərbaycan variantı sənət səviyyəsinə yüksəlir. Başqa bir yazımda qeyd etdiyim kimi, Ziya Bünyadovun tarixi, İsa Hüseynovun bədii tədqiqatları qeyri-müəyyən bir vəziyyət almışdır. Çünki mürəkkəb bir genetika problemi ilə üzləşmişdilər. Bu hekayədə Aqşin Karlos Fuentesin itmiş torpaq, itmiş kimlik axtarışı ilə intellektual əlaqəyə girir. Terra Nostra.

- “Şirin və əsəbi adamlar: kütləvi nevroz” hekayəsində transestetik və transseksual vəziyyətin, gərginliyin, şübhənin, nevrotik və isterik halların ədəbi diaqnozu qoyulur.

- “Tarix ölüləri dirildir. Diriləri öldürür” traktatında insanlar, təhkiyəçinin ata və anası mətndən uzaqlaşır. Çünki Yunqun kölgə arxetipləri xortlayıb üstümüzə hücum çəkirlər. Kölgə arxetipləri Aqşinin və Cəlilin romanlarında qaranlıq, günahkar və iyrənc olan hər növ bozluğun leqallaşması fonunda əks olunur.

- “Qorxuya məğlub olaraq qalib gələn” hekayəsini bir cümlə ilə ifadə edərdim: “Tanrı yoxdursa, hər şey mübahdır”. Lakin bu tanrı vicdandır. Vicdan duyğusu Allah xofundan və eləcə də bütün dəyərlərdən alidir.

- “Stalindən əmələ gələnlər və bizim evin illüminatorları” hekayətində həbsxana təsvirləri daha çox mental dəyərsizliklərin ifadəsinə çevrilir.

- “Lalın pencəyi. Saxta çadranın intiqamı” kimliksiz bir fərd və toplumun mənəvi və fiziki məhvi haqqında rekviyemdir.

- “İsa yerin altında” hekayəsində və eləcə də romanda əsas ideya budur: Bu mühit bir həbsxanadır və biz də onun məhkumları. Özü də ölüm hökmü oxunmuş məhkumlarıq. İsa iddiasız, ambisiyasız peyğəmbərdir. Aqşinin qəhrəmanı İsa da elədir. Dünyanı gözəllik xilas etmir. Və İsa göyə qalxmır. Yerə, torpağın dibinə girir.

Dostum Rəvan Cavid hər iki roman haqda olduqca sərt və amansız yazı yazmışdı. Bu yazı ilə bir polemika başlatmaq istəyirəm. Çağdaş Azərbaycan romanı varmı? Təkcə bu iki roman timsalında deyə bilərik ki, əlbəttə. Rəvanın haqlı olduğu məqamlar da var. Lakin “Tarix və Tale” romanı ilə bağlı təhlil metodologiyası yeni ədəbi tendensiyalarla uzlaşmır. “Azğın” romanını isə yalnız dil pintiliyi ilə tənqid edir. Hər iki roman barədə bircə dənə səhnə, obraz və ya hadisənin mahiyyətinə toxunmadan ümumi fikir və mülahizələrlə çıxış edir.

Hər iki müəllifi köhnəliklə tənqid etsə də, özü XIX əsrin tənqid prinsipi ilə yanaşır. Əslində isə dostumuz yeni tendensiyalardan kifayət qədər xəbərdardır. Dövrün ən böyük ədəbiyyatçılarından biri olan Devid Damroşun adını çəkməsi və kitabını oxuması da buna əyani sübutdur. Damroş “Dünya ədəbiyaytı nədir?”“Dünya ədəbiyyatı necə oxunmalıdır?” kitablarında təxminən belə bir qənaətə gəlir: Qərb ədəbiyyatının, romanın əsasında fərdi düşüncənin təsviri, ədəbi eksperimentlər dayanır. “Azğın” və “Tarix və Tale” romanları da fərdi düşüncə və yeni roman texnikalarının eksperimental və cəsarətli nümunələridir.

Tənqid müstəqil yaradıcılıq sahəsidir. Əlbəttə ki, bizim ölkədə o müstəqillikdən əsər-əlamət yoxdur. Bu məsələni tənqidin susmaq və susdurulmaq formalarını ifadə etdiyim “Orfeusun parçalanışı” yazımda da qeyd etmişəm. Bədii mətnlə oxucu arasında körpü yaradacaq iqtidarda deyil Azərbaycan tənqidi. Bu yazıda az da olsa, o ünsiyyəti bərpa etmək çabası var. Rəvanın yazılarına reaksiya verməyimin də səbəbi budur. Çağdaş şeir, hekayə və roman kitabları barədə yazdığım esse və məqalələrdə əsas məqsəd öz mətnimi yaratmaqdır. Lakin həm də eksperimental səciyyə daşısa belə, onları – çağdaş yazarlarımızı təqdim etməkdir. Bu məqamda üzümü oxucuya tərəf tuturam. Ey oxucu, hardasan? Biz burdayıq, Kulisdə. Azərbaycan romanı Kulis platformasında müzakirəyə çıxarılır. Bütün ədəbiyyat adamları və oxucular bu prosesə qoşula bilər.

# 4572 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #