Sevgi uğrunda kimisə öldürmək olarmı?

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

26 iyun 2024
# 22:53

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Bu gün, elə bu saatlarda, Bakıda, eyni qızı sevən iki oğlanın mübahisəsi düşüb, biri o birisini güllələyərək öldürüb.

Mübahisənin düşmə səbəbi çox gözəldir: sevgi!

İki gənc oğlanın bir qızı sevdikləri üçün mübahisə etməyi, ən azından, mənə görə gözəldir.

Demək ki, bu iki gəncin sevə bilən ürəyi var imiş.

Demək ki, bu iki gənc qəlblərində sevgi olduğu üçün adamlara yaxşılıq edə bilərmiş.

Demək ki, bu iki gənc o duyğunun verdiyi enerjiylə gözəl nələrsə yarada bilərmiş, əziyyətə qatlanarmış, gözəl ata olarmış.

Amma olmadı.

Kimisə qınamaqdan, kimdəsə günah axtarmaqdan keçib. Yazmaqla nəyisə düzəltmək ehtimalı varmı, bilmirəm.

Tətik çəkiləndən sonra deyiləcək sözlərin hamısı eyni dərəcədə gücsüzdür.

Sevgi uğrunda kimisə öldürmək olarmı?

Axı sevgi heç vaxt bizdən belə şey tələb eləməz.

Sevgi heç vaxt kiminsə barmağının tətiyə, bıçağa, intihar ipinə getməyini əmr etməz və istəməz.

Amma...

Reallıq odur ki, indi Bakının mərkəzində güllələnmiş bir gəncin yerə tökülmüş qanı hələ soyumayıb. O birinin biləklərinə isə qandal vurulub çoxdan.

Və həqiqət odur ki, iki dəliqanlı oğlan tərəfindən sevilən həmin o qız onların heç birinin həyat yoldaşı olmayacaq.

# 2126 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #