Avtobusdakı gözəl qız və mənim axmaqlığım

Ulucay Akif

Ulucay Akif

25 dekabr 2021
# 22:10

Bu gün avtobusda Əkrəm Əylislinin "Metro vaqonunda gün işığı" povestini oxuyurdum. Ayaq üstə dayanmışdım. Çiynimdə idman çantam, bir əlimdə kitab, o birində də su butulkası.

Düz yanımda, hündürdə olan oturacaqda bir qız əyləşmişdi. Qızla avtobusa elə eyni dayanacaqda, "28 may" metrosunun qabağında minmişdik.

Dayanacaqda iki dəfə göz-gözə də gəlmişdik. Nə yalan deyim, gözəl qız idi. Geyimindən yadımda qalan tək şey başındakı sarı papaq və dizləri cırıq şalvarıdı.

Qayıdaq avtobusun içinə. Söykənəcək yer olan hissədə dayandığıma görə tutacaqdan tutmağıma ehtiyac yox idi. Qız üzü mən tərəfə oturmuşdu, yəni düz qarşıya baxmağı kifayət idi ki, məni görsün.

Avtobusda da bir neçə dəfə göz-gözə gəldik, daha doğrusu baxışdıq. Gülməyəndə baxışlarım həddən ziyadə ciddi və sərt görünür deyə çox vaxt adamlar xüsusi bir səbəblə elə baxdığımı düşünür.

Elə son baxışmalarımızdan birində mimikasında "nədi? niyə elə baxırsan?" ifadəsi yarandı və gülümsədi.

Açığı, bir az özümü itirdim. Qaşlarımı yuxarı qaldırıb qıyılmış gözlərimi açdım və gülümsədim.

Artıq baxışmalarımızın müddətdi 1-2 saniyədən 5-6 saniyəyə qədər artmışdı. Çox gözəl gözləri var idi, baxdıqca baxmaq istəyirdim.

Avtobus ağzına kimi dolu idi. Qıza nəsə demək istəyirdim, amma bu qədər adamın içində nə deyəsən, necə deyəsən?

Elə bil avtobusdakı bütün xalalar gözlərini mənim və o qızın üstünə zilləmişdi. Nə edəcəyimizi gözləyirdilər. Ah bu xalalar, xalalar.

Yanımdakı az qala qucaqlaşdığımız dayının nəfəsindən gələn araq iyi də bir tərəfdən başımı çatladırdı. Hətta qoxudan özümü sərxoş kimi hiss edirdim.

Çiynimdə idman çantam, bir əlimdə kitab, digərində su butulkası...

Əsərin ən maraqlı yerində idim. Bilmirəm dediyim povesti oxumusunuz, ya yox? Təfərrüatlara girməyim, oxumamısınızsa, mütləq oxuyun.

Bir tərəfdən ağlım kitabda, bir tərəfdən də hərdən baxışdığımız gözəl gözlü qızda.

Əslində kitabı bağlayıb qıza nəsə demək, nəsə eləmək istəyirdim, amma necə?

Bilmirəm niyə, birdən əlimdəki boş su butulkasını qıza tərəf uzadıb saxlamasını xahiş elədim.

Təsəvvür edirsiniz?!

İlahi! Dəhşət!

Yarım litrlik su butulkasını, həm də boş!

Qız üzündə çox böyük təəccüblə mənə baxdı və heç nə demədən butulkanı götürdü.

Allah haqqı yalan demirəm. Belə də oldu.

Qızın yanında başqa bir qız da oturmuşdu. Mənim xoşuma gələn qızın rəfiqəsi deyildi, təsadüfi sərnişin idi.

İkisi də mənə, sonra biri-birinə təəccüblə baxdılar.

Deyəsən, o an avtobusdakı hər kəs mənim bu hərəkətimə elə baxdı. Hətta bəlkə sürücü də kabinəsindən başını çıxarıb mənə baxırdı.

Butulkanı qıza verəndən sonra kənardan necə axmaq göründüyümün özüm də fərqinə vardım və heç belə bir şey olmamış kimi davranmaq üçün kitabı oxumağa davam elədim.

Utancımdan başımı kitabın içinə soxub kitabı bağlamaq, kitabın içində yox olmaq, gözdən itmək istəyirdim.

Sonra nə oldu?

Heç nə.

2-3 dayanacaq sonra qız avtobusdan düşdü. Əlində mənim verdiyim boş su butulkası.

Yəqin indi rəfiqələrinə filan vatsapda yazır ki, bu gün avtobusda xəstənin biri mənə boş su butulkası verdi saxlamağım üçün. Rəfiqələri də hırıldamaq smayliki atıb mənimlə məzələnirlər.

Düz eləyirlər.

# 8329 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #