M.Ə.Sabir feysbukda olsaydı

M.Ə.Sabir feysbukda olsaydı
20 iyun 2016
# 16:40

Sosial şəbəkələr hər gün daha da böyük bir sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Hər sahənin adamı sosial şəbəkələrdən sadəcə əyləncə vasitəsi kimi yox, həm də öz fəaliyyətində bir vasitə kimi istifadə edir.

Həkimlər, müəllimlər, dərzilər, bizneslə məşğul olanlar, hüquqşünaslar və yazıçılar....

Yazıçıların feysbuk sahəsində qazandığı ad da var - “feysbuk şairi”, “feysbuk yazarı”. Hərçənd, digərlərinin vəzifəsi belə xarakterizə edilmir. Hansısa həkimə “feysbuk həkimi”, hansısa hüquqşünasa “feysbuk hüquqşünası” dedildiyini nə görə, nə eşidə bilərsiniz.

Müsahibələrimin birində mənə belə bir sual verilmişdi: “Sizi çox vaxt feysbuk şairi adlandırırlar, buna münasibətiniz necədi?”.

Cavabım belə olmuşdu: “Hə, şeirlərimi də feysbuk vəznində yazıram”.

“Feysbuk şairi” adı necə qazanılır.

1. Bir şair şeirlərini feysbukda paylaşırsa və bu şeirlərə çoxlu “like” və “komment” gəlirsə

2. Saytlarda, qəzetlərdə şeirləri az dərc olunursa, ya da heç dərc olunmursa

3. Kitabı çap olunmayıbsa

Gəlin, görək bu qeyd olunanlar bir yazıçı üçün nə qədər əhəmiyyətlidir.

Qəzet oxucusu ilə sosial şəbəkə istifadəçisi arasında intellekt fərqinin olduğunu qəbul edirəm, amma artıq bu fərq yoxa çıxmaqdadır. Sosial şəbəkələrdə şeirlərin paylaşılması tamamilə normal haldır və sosial şəbəkələr vasitəsilə tanınanlara lağ etmək sosial şəbəkələrdən istifadə edən hər kəsə lağ etməkdir.

“Səni feysbukdan tanıyırlar” - demək isə çox gülünc səslənir. Çünki indi sosial şəbəkələrdən, demək olar, hər kəs istifadə edir və oxucu kütləsini qəzet, sayt, yaxud sosial şəbəkə vasitəsilə yığmağın elə də fərqi yoxdur. Həm də, artıq qəzetlərin auditoriyasının günü-gündən daha da azaldığını nəzərə alsaq.

Kitabının çap edilib edilməməsinə gəlincə, məncə, bu çox məsuliyyətli işdir. Ölkəmizdə hər gün “n” sayda kitab çap olunur və bu kitabların içindəkilərin ədəbiyyata yararlı olması mübahisəlidir. 15 yaşlı yeniyetmənin iki kitabının çap olunması buna bir sübutdur.

Bir çox məsələlərdə olduğu kimi burada da artıq pul məsələni həll edir. Bu dövrdə 500 manat kitab çap etməyinə bəs edir, nəşriyyatlar üçün isə kitabın içindəkinin heç bir əhəmiyyəti yoxdur. Bir sözlə, pulu verən kitabını çap etdirər. Sonra bir təqdimat, yağlı təriflər, kitabın haqqında yazılan bir-iki yazı və sən artıq “ciddi yazıçı” sayıla bilərsən.

Hə, bu arada, feysbuk yazıçısının əksi da elə bu dediyim “ciddi” yazıçıdır. Çox vaxt səliqəli kostyum və xirtdəyəcən sıxılmış qalstukda olur, mümkün qədər az gülür, tədbirlərdə şeirlərini oxumağı çox sevir, sosial şəbəkələrdə isə çox əndrəbadi davranır. Yadımdan çıxmamış, qəzetlərdə də mütəmadi olaraq dərc olunmağı sevir.

Xülasə, sosial şəbəkələrin yazıçılar üçün yaratdığı ən böyük problem oxucu ilə üz-üzə gəlməsidir. Sosial şəbəkələr yazıçını oxucu üçün daha əlçatan edir. Oxucu sevdiyi yazıçı ilə asanca söhbət edir, hətta görüşə dəvət edir, bir yerdə yeyib-içirlər. Oxucu rahatlıqla yazıçıya öz fikirlərini, tənqidlərini, təriflərini çatdıra bilir. “Bu şeirdi?”, “Çox əla, bəyəndim”, “Mən olsam ikinci bəndi elə yox, belə yazardım”. Təsəvvür edin, kimsə Mikayıl Müşfiqə yazır ki, “Qaqa, yaxşı yazmısan, amma ikinci bənd artıqdır”. Ya da kimsə Mirzə Ələkbər Sabirin “Harada müsəlman görürəm qorxuram” şeirini paylaşmasından sonra, belə bir şərh yazır: “Müəllim, bütün müsəlmanlara aid eləmə, yaxşısı da var, pisi də”.

Yəni, oxucu sevdiyi klassiklər feysbukda status yazmadığı üçün, sevdiyi yazarlarla dialoqa girə bilmədiyi üçün sosial şəbəkələrdəki yazıçılara qeyri-ciddi baxır. Yazdıqları şərhə, mesaj cavab gəlməsə, yazıçıya rahatlıqla “lovğa, özündənrazı, yekəxana” damğasını vurarlar.

Dünya şöhrətli yazıçı Umberto Eko Ceyms Coys haqqında yazır: “Əgər Ceyms Coysun dövründə internet olsaydı, o, bütün günü online olardı”.

Əmin olun, əgər internet, sosial şəbəkələr digər lassiklərin də dövründə olsaydı, onlar çox aktiv istifadəçi olardılar. Düşünün, Mirzə Ələkbər Sabir hər saatbaşı ironiyalı bir status yazır, oxucular da, “like” edib “smaylik” qoyur. Kimsə, “Güya sən mırtsan da, qaqa” yazaraq, Sabiri sındırmağa çalışır. Səməd Vurğun dəqiqəbaşı təbiət qoynunda “selfi” çəkib paylaşır, hansısa şeirindən bir misra yazır. Məsələn, “Sıra dağlar, gen dərələr / Ürək açan mənzərələr”.

Ya da Kafka hər gecə qəmgin statuslar yazır. Həştaq da açır: “Ünvanlı”, “Milenaya”.

Təsəvvür edin, Puşkinlə Yesenin qızların şəkillərinə ürək qoyur və şərhlərdə kompliment yazırlar, bəzən şeirlərindən misra paylaşırlar.

Yəqin, Tolstoy gülməli status yazmazdı. Heminquey feysbuk dostlarını balıq ovuna dəvət edərdi, ovladığı balıqların şəkillərini paylaşaraq qürrələnərdi.

Remark tez-tez hansı restoran və kafedə olduğunu “tag” edərək, yazardı: “Yenə içirəm”.

Nitsşe əcaib-əcaib səhifələr bəyənərdi.

İnanın ki, belə də olardı.

Dövr dəyişdikcə həyatın da dəyişməsi biz yazıçıların günahı deyil. Sizin ürəyinizcə olsun deyə şam işığında lələklə şeir yazası deyilik. Yəqin, qələmlə yazanlara da lağ edirdilər, sonra çap maşını çıxdı, sonra “notbuk”.

Əlqərəz, bir şeyə fikir bildirəndə çalışın, yaranmış şəraiti nəzərə alasınız.

Hörmətlə, sizin feysbuk şairiniz...

# 1963 dəfə oxunub

Müəllifin son yazıları

# # #