Sizə səbir arzulayıram! - Emin Əmrullayevə açıq məktub

Ulucay Akif, Emin Əmrullayev

Ulucay Akif, Emin Əmrullayev

8 sentyabr 2022
# 12:00

Kulis.az Ulucay Akifin “Şaftalı kompotu bağlayan “məllimələr”” adlı yazısını təqdim edir.

Baxıram, müəllimlərin sertifikasiya məsələsi bir neçə gündür gündəmdən düşmür. Hamı elə bu haqq-hesabdan danışır.
Ümumiyyətlə, son 1 il ərzində ən çox Təhsil Nazirliyinin qərarları, nazir Emin Əmrullayevin çıxışları müzakirə olunur. Müzakirə olunur deyəndə ki, bizimkilərin müzakirə anlayışını bilirsiniz də. Lağ eləmək, tənqid eləmək, təhqir eləmək, daha konkret desək, vedrə bağlamaq.

Elə yazımın girişində təxminən on gün qabaq, hələ bu imtahanlar baş tutmazdan əvvəl Feysbukda yazdığım bir statusu sizə xatırlatmaq istəyirəm.

Yazmışdım ki...

Azərbaycanda müəllimlərin əksəriyyəti evdar xanım olmamağın dərdindən, evdə oturub sıxılmamaqdan ötrü, özünü iş qadını kimi hiss etmək üçün məktəbə gəlib-gedən adamlardır.

Yazmışdım ki...

Həmin qadın müəllimlərin əsas məqsədi məktəbdə digər müəllimlərlə şubalarını, qırqızıllarını, "sumka" və ayaqqabılarını yarışdırmaqdır.

Yazmışdım ki...

Bizim qadın müəllimlər nəinki məktəbdə, hətta evdə hazırlaşdırdıqları şagirdlərinə də gəlinlərindən, oğullarının işlərindən, qızının ərinin imkanından danışmağı sevir.
Yazmışdım ki, bizim qadın müəllimlərin əksəriyyəti "qeybətcil arvad" obrazından çıxa bilmir və əsl təyinatları, görməli olduqları iş evdə bozbaş bişirməkdir.

Bu statusuma görə məni xeyli qınadılar. Qınamaq nədi e! Abrıma qısılıb “qınadılar” yazıram. Məni elə təhqir elədilər ki...

Vallah, məni narahat edən təhqir olunmaq deyil, adamların mənə “qadın düşməni” damğası vurub dediyim həqiqəti görməzdən gəlmələridir. Elə şərhlər yazdılar, sanki, bunlar Oksfordda, Kembricdə oxuyublar. At kimi üzümə dirəndilər, dedilər ki, yalan deyirsən, Azərbaycan müəllimləri elə deyil. Adamlara heç nə sübut edə bilmədim.

İndi isə bir neçə gündür sosial şəbəkələrdə müəllimlərin imtahan göstəriciləri, "savadları" müzakirə olunur.

Məlum olub ki, azərbaycanlı müəllimlərin əksəriyyəti heç adi sözlərin düzgün yazılışından da xəbərdar deyilmiş. Şaftalı, səhv, anbar, şənbə... Bu cür primitiv sözlərin necə yazıldığını bilmirlərmiş.

Ay adamlar, bəs mən də sizə bunu demirdim? Niyə məni gözümçıxdıya salırdınız? Mütləqdir ki, bunu Nazir desin? Ulucay Akif deyəndə olmur?

Nəysə e... Canınız sağ olsun. Yenə də yüksək mərhəmət göstərib sizin bu nadanlığınızı, cahilliyinizi bağışlayıram.

Hələ həmin statusu çox yumşaq yazmışdım. Məktəbdə bal, pendir, qatıq, şor, inanmayacaqsınız, hətta "kalqotka" satan qadın müəllimlərin də olduğunu görmüşəm, eşitmişəm. Nolsun ki, qınadılar, söydülər? Qınayan, söyən adamlar da bunu çox yaxşı bilirdilər, özləri də görmüşdülər. Yenə deyirəm, mərhəmətim böyükdür, həmin adamları bağışlayıram. Yaxşılıq edib həqiqəti deyirəm, balıq bilməsə də, Xaliq bilər.

Kiçik bir haşiyə çıxım.

Sual yarana bilər ki, niyə həmin statusumda ancaq qadın müəllimlərdən yazmışdım? Bunu da cavablandırım.

Əvvəla, Azərbaycanda müəllimlərin maaşı az olduğundan kişilər bu müqəddəs peşədə çalışmağa o qədər də həvəsli olmurlar. Çünki kişilər ailə başçısı kimi daha çox pul qazanmağa məcburdur. Qadınları isə, çox vaxt az maaş da qane edir. Əsas odu şubasını geyinib getməyə yeri olsun, bir də kosmetikasının pulunu çıxarsın.

Sertifikasiya imtahanından kişi müəllimlərin əksəriyyətinin üzüağ çıxdığını da deyim. Yenə mənə əsəbiləşməyin. Bunu statistika deyir.

Əsas məsələ bu deyil. Demək istədiyim başqa bir məsələ var.

Baxıram, adamlar Emin Əmrullayevin yeni qərarlarını, çıxışlarını birmənalı qarşılamır. Daha doğrusu, birmənalı qarşılayırlar e, amma “səhvmənalı” qarşılayırlar.

Adamlar deyirlər ki, nəyə lazımdı bu imtahanlar, müəllimlərə niyə çətinlik yaradırlar? Allahaqqı, adamlar görürəm, yazırlar ki, "Emin Əmrullayev müəllimlərin çörəyi ilə oynayır".

Təsəvvür edirsiniz? Dəlidilər, səydilər də.


Ay adamlar, necə yəni nazir müəllimlərin çörəyi ilə oynayır? Sizin başınız işləyir? Siz istəyirsiniz ki, övladlarınıza "şaftalı", "səhv" sözlərinin necə yazıldığını bilməyən adamlar dərs desin? "Səhv" sözünün necə yazıldığını bilməyən adam övladınıza düz nə öyrədə biləcək?

Əgər təhsil, doğrudan, millətin gələcəyidirsə (ki, bunun, həqiqətən də, belə olduğunu düşünürəm), deməli, həmin müəllimlər də millətin gələcəyi ilə oynayırlar. Bunu qəbul etmək olar? Əlbəttə ki, yox.

İllərdi müəllimlərin maaşının artırılmalı olduğunu deyirik. Emin Əmrullayev nə edir? Deyir ki, imtahan verin, keçin, maaşınız 35% artsın. 35%! Azdır? Artırırlar da müəllimlərin maaşlarını, amma şərt qoyurlar ki, birinci imtahan ver, həqiqətən, müəllim adına layiq savadının olduğunu göstər.

Pis edirlər?

Yoxsa elə həmin o məktəbə şubasını göstərməyə gələn "müəllim"lərin maaşı artırılsın istəyirsiniz?

Yüz ilin başında hansısa nazirimiz xalqı düşünərək nəsə etməyə çalışır və siz buna da bir mız tapırsınız.

Allahaqqı adamı dəli eləyərsiniz.

Utanmasaz, bu yazını oxuyandan sonra da deyəcəksiniz ki, Ulucay Akif Təhsil Nazirinə yaltaqlanmaq üçün yazı yazıb. Siz deyərsiniz. Açığı, sizdən hər şey gözləyirəm.

Amma yenə də hər ehtimala qarşı deyim ki, Emin Əmrullayev Təhsil Naziridir, mən isə mədəniyyət sahəsində çalışan bir jurnalist, yazıçı. Yəni Emin Əmrullayev ilə mənim həyatım çətin ki hardasa kəsişsin. Ola bilər ki, hansısa tədbirdə təsadüfən rastlaşaq, amma bunun da məsələyə dəxli yoxdur.

Emin bəy, əslində, bu yazını ən çox da ona görə yazmaq istədim ki, sizin bu addımlarınızı çox yüksək qiymətləndirdiyimi biləsiniz. Çox ağır və həlli vacib olan məsələlərlə məşğulsunuz. İşiniz çox məsuliyyətlidir. Bu yolda sizə güc, iradə və ən əsası səbir arzulayıram. Kim nə desə də, doğru bildiyiniz yoldan dönməyin. Sizin, həqiqətən də, bu xalqa, millətə, Azərbaycana xidmət etməyə çalışan bir Nazir olduğunuza inanıram. Ümid edirəm ki, ümidimi boşa çıxarmazsınız.

Tam sürətlə davam edin. Şaftalı sözünü yaza bilməyən o “məllimə”lərin hamısını işdən çıxarın, göndərin evlərinə. İnanın mənə, şaftalı sözünü yaza bilməyən o “məllimə”lər çox əla şaftalı kompotu bağlayırlar, şaftalı mürəbbəsi bişirə bilirlər. Getsinlər kompotlarını, mürəbbələrini bağlasınlar. Bu möhtəşəm istedadlarını məktəblərdə zay eləməsinlər.

Statistik araşdırmalarım (şəxsən, özüm araşdırmışam, bəli) onu göstərir ki, son 2 ildə ölkədə bağlanan kompot və mürəbbələrin sayı təxminən 10 dəfə azalıb.
Bunun qarşısını da necəsə almaq lazımdır, ya yox?

Elə bilirsiniz ev kompotu, ev mürəbbəsi elə-belə məsələdir?!

Allahaqqı, elə deyil, çox ciddi məsələdir.

# 14526 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #