Özünü aldadan azərbaycanlılar

Özünü aldadan azərbaycanlılar
15 iyun 2023
# 10:50

Kulis.az Ulucay Akifin "Özünü aldadan azərbaycanlılar" adlı yeni yazısını təqdim edir.

Azərbaycanlılar çox ədalətsizdilər.

Azərbaycanlılar rahatlıqla digər millətlər (məsələn, ərəblər, farslar, ruslar) haqqında ümumi danışıb təhqir edə bilirlər, amma özlərinə edilən ümumi tənqidləri belə qəbul etmirlər.

Yəni azərbaycanlılar 3-5 murdar ərəb turistə görə bütün ərəbləri söyəndə, 3-5 alkaş rusa görə rusları təhqir edəndə, 3-5 geriqafalı farsa görə farsları aşağılayanda düz etmiş olur, amma mən gördüyüm bu qədər debilə rəğmən azərbaycanlıları tənqid edəndə, haqsız və başqa məqsədlərlə etmiş oluram?

Niyə?

Nolsun öz millətimdi?

Adam elə öz millətini tənqid etməlidir də.

Başqa millətləri tənqid etməyə, təhqir etməyə nə var ki? Və bunun nə faydası var ki? Başqa millətləri biz düzəldə bilmərik, amma özümüzü düzəldə bilərik.

Adam gərək özünə qarşı ədalətli ola, özünü aldatmaya.

Xüsusən də, gərək xalqlar, millətlər özlərinə qarşı ədalətli ola, özlərini aldatmaya. Yoxsa bu aldanışın sonu faciə ilə nəticələnir.

Çox uzağa getməyək, elə ermənilər ən gözəl nümunədir.

Yəqin ermənilərdən çox özünü aldadan başqa bir millət yoxdur yer üzündə. Adamlar əsrlər boyu özlərini "Böyük Ermənistan", "Dünyanın ən qədim xalqı" kimi fikirlərə elə inandırdılar ki, indi qıraqdan necə gülünc və axmaq görünürlər. Vəziyyətləri də göz önündə.

Biz qıraqdan ermənilərin özlərini aldadışını görə bilirik, bəs özümüzü görə bilirikmi?

Millətlər də fərdlər kimidir.

Necə ki bir insan özünü qıraqdan görməyi, özünə kənardan qiymət verməyi bacarmır, millətlər və xalqlar da bunda çətinlik çəkə bilər.

Özümüzə bircə sual vermək kifayətdir:

Əgər rusdan, farsdan, ərəbdən daha böyüyüksə, niyə onlar bütün sahələrdə bizdən üstündülər?

Harda qaldı bəs böyüklük? Nədədir böyüklüyümüz?

Elmləri bizdən üstün, sənayeləri bizdən üstün, sənətləri bizdən üstün, bütün sahələri bizdən üstün... Bəs bizim üstünlüyümüz nədədir? Niyə özümüzü onlardan daha üstün, daha mədəni sayırıq? Hansı əsasla?

Sual verirəm də sizə:

Nədə üstünük onlardan?

Cavab verə bilirsinizsə, buyurun, verin cavab.

Amma gəlmir cavab.

Ortaya sükut çökür...

Yəqin o şəkli siz də görmüşdünüz. Kimsə Eyfel qülləsində "SABİRABAD" sözünü yazmışdı.

Bizim özbəöz azərbaycanlımız, özbəöz sabirabadlımız yazıb da bunu. İndi fransızlar bizim haqqımızda nə düşünməlidilər? Yoxsa gedib onlara izah edəcəksiniz ki, hamımız o sabirabadlı həmvətənimiz kimi debil deyilik?

Daha böyük, daha mədəni olduğumuzu işlərlə ortaya qoymalıyıq.

Adamlar hər il beynəlxalq film mükafatları, ədəbiyyat mükafatları alırlar, hər şey edirlər, çox üzr istəyirəm, amma biz hələ "heç zad" eləməmişik, amma 3-5 mədəniyyətsiz turistə görə onları təhqir edib özümüzün daha üstün olduğunu deyirik.

Yoxdu belə şey. Bu yalanlar ancaq öz içimizdə təsəlli kimi dolaşa bilər.

# 8374 dəfə oxunub

Müəllifin son yazıları

# # #