O videolara necə baxırsınız?

O videolara necə baxırsınız?
14 fevral 2024
# 15:00

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Baş verən qətldən hamınız xəbərdarsınız. 25 yaşında oğlan balta ilə ən yaxın ailə üzvlərini qətlə yetirib.

Bütün söhbətləri qoyuram bir qırağa...

Deyəsən, cinayətin videosu da yayılıb. Baxıram, bütün sosial şəbəkələrdə adamlar həmin videodan danışırlar, həmin videonu axtarırlar.

Videoda gördüklərini təfərrüatı ilə yazırlar.

Necə belə rahatlıqla yazırlar bu murdar şeyləri?

Necə barmaqları quruyub qopmur əllərindən?

Necə ürəkləri tab gətirir o videolara baxmağa?

Adamlar necə belə vəhşiləşib?

Onları belə xəbərlərin təfərrüatlarını öyrənməyə, videosuna baxmağa nə vadar edir?

Bu nə mazoxistlikdir adamlarımızın canında?

"Dəhşətli qəzanın videosu yayıldı!"

"Dəhşətli qətldən fotolar!"

Hamı axtarır, hamı baxmaq istəyir.

Baxandan sonra da deyirlər ki "ürəyim ağrıdı", ”ay Allah, dəhşətə gəldim!", "vay vay vay çox pis oldum".

Yalan danışma!

Sənin ürəyin var?

Sənin ürəyin olsa, bu cür canfəşanlıqla o videolara, şəkillərə baxmaq istəyərdin?

Sənin ürəyin, ruhun çoxdan sarvat olub.

Sən ölüm görmək istəyirsən, qan görmək istəyirsən.

Sən istəyirsən başqasının faciəsini, bədbəxtliyini görəsən.

Elə bilirsiz bunlar elə-belə məsələlərdir?

Hamısının dərin şüuraltı səbəbləri var.

Siz başqalarının faciələrində təsəlli tapırsınız özünüzə.

Siz belə şeylərlə "qidalanırsınız", "rahatlıq" tapırsınız.

Bunu heç vaxt özünüzə etiraf etməyəcəksiniz, qəbullanmayacaqsınız.

Amma oturub fikirləşməyəcəksiniz də ki, doğrudan eee... Axı mən niyə belə videolara, şəkillərə, xəbərlərə baxmaq üçün əldən-ayaqdan gedirəm?

Bu sualı özünüzə verməyəcəksiniz.

Versəniz də, səmimi cavabı özünüzdən gizlədəcəksiniz.

Amma mən dedim səbəbləri:

Siz başqalarının faciəsində təsəlli tapırsınız.

Belə təskinlik verirsiniz özünüzə.

Həə...

Baxın, baxın.

Bu yazıdan çıxan kimi də tez axtarıb tapın o videonu, baxın.

Dost-tanışınıza göndərin, paylaşın, yazın ki, ürəyiniz parçalandı, tükünüz biz-biz oldu, dəhşətə gəldiniz.

Aldadın özünüzü.

Sizin hamınızın əlində o baltadan var, sadəcə hələ istifadə etmək məqamınız yetişməyib, hələ o fürsət yaranmayıb.

# 2492 dəfə oxunub

Müəllifin son yazıları

# # #