Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

29 noyabr 2024
# 15:00

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Bir şey deyim, yəqin sizin də yadınıza düşəcək. Əvvəl, laaap əvvəl, 2000-ci illərdə, hansısa kanalı açırdın, bir də görürdün ki, kimsə saçı ilə maşın dartır.

Hə, saçı ilə maşın dartır, televiziyalar da gedib onu çəkməyə ki, bəs Beyləqanın Boşbikarlar kəndində belə bir pəhləvan var, saçı ilə maşın dartır.

Heç özümüzə sual vermirdik ki, bəs bu pəhləvanın saçı ilə maşın dartmağı bizim (elə lap özünün də!) nəyinə lazımdı?

Bilmirdik, amma maraqla baxırdıq.

Ya da görürdün ki, hansısa kanalda bir oğlan xarta-xart şüşə yeyir.

Hə. Düzüb qabağına stəkanları, hamısını yeyir. Ağzını açır, dilini göstərir. Camaat da yığışıb başına. Xəbər buraxılışı da çəkib bunu bizə göstərir.

Oğlan da fəxrlə danışır ki, 11 yaşımdan şüşə yeyirəm.

Ya da biri deyir ki, ancaq bör-böcək yeyirəm. Qabağında bir boşqab tarakan, hörümçək, dayekə kişi oturub tarakan yeyir, üstündən su içir, TV də bunu çəkib bizə göstərir.

Ta nə bilək kameralar gedəndən sonra nə yeyir, neyniyir. Bəlkə də, sırf televiziyaya çıxsın deyə yeyirdi.

Ya başqa birini göstərirdilər ki, nə bilim, Şəkinin Dartmayaxamcırıldı kəndində bir pəhləvan var, üstündən Kamaz keçir, heç nə olmur.

Doğrudan da, göstərirdilər ki, üstündən Kamaz keçir, heç nə olmur. Üstündən Kamaz keçirdi, mismarların üstündə uzanırdı, üstünə çıxırdılar.

Ya da biri çıxıb deyirdi ki, mən kənddəki bütün maşın rəqəmlərini yadda saxlayıram. Kanallar da gedib o adamı çəkirdi.

Xatırlayırsınız da...

Belə şeylər olurdu.

İndi başa düşürəm ki, bunların hamısı boş-bikar, avara adamlarımızın məşhur olmaq eşqi imiş.

Məşhur olmaq üçün bilmirdilər nə eləsinlər.

Ağıllarına gələn hər şeyi eləyirdilər ki, təki televiziyaya çıxsınlar, məşhurlaşsınlar.

Bütün bunları xatırlayandan sonra anladım ki, indi bu Tik-tokun, nə bilim nəyin, sosial şəbəkələrin üstünə atmaq lazım deyil heç nəyi.

Bizim səviyyəmizi sosial şəbəkələr, telefon-filan korlamayıb, elə əvvəldən bu şeylərə meylli olmuşuq.

Sadəcə əvvəl bu şeyləri nümayiş etdirmək üçün TV-lərə ehtiyacımız var idi, indi özümüz bütün söhbətləri bir dənə telefonla həll edirik.

# 1340 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #