Azərbaycanlılara “uşaqpulu” düşmür

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

24 may 2023
# 10:58

Kulis.az Ulucay Akifin “Manaf Ağayevin cibinə pul basan azərbaycanlılar” adlı yeni yazısını təqdim edir.

Dünən bir video çıxdı qabağıma. Hansısa toyda camaat Manaf Ağayevin cibinə pul basır.

Təsəvvür edin, kasıb azərbaycanlılar təxminən 10 min manat pul tapıb Manaf Ağayevi toylarına çağırırlar, bununla kifayətlənməyib hələ qalxıb bir-bir cibinə pul basırlar.

Manafın cibinə pul basanların üzünə bir-bir, diqqətlə baxdım. Üzlərinə baxan kimi görünür ki, hamısı kasıb adamlardı, güclə bir aydan o biri aya çıxırlar. Kasıb adamı vid-fasonundan, lijimindən tanımaq olur. O adamların hamısı feysbuka, ya tik-toka girib "uşaqpulu versinlər e!" yazan adamlardı.

Amma nolsun?

Boğazlarından kəsib, borc-xərc edib toylarına Manafı çağırırlar, cibinə pul basırlar, hələ yenə doymayıb mikrofonu alırlar əllərinə, deyirlər ki "MANAF, SƏN MÜĞƏNNİ DEYİLSƏN E! SƏN ƏSL KİŞİSƏN!".

Dəlixanadı! Allah haqqı, dəlixanadı!

Adama deyərlər ki, ay adam, Manafın əsl kişi olduğu qənaətinə necə gəldin? Nədir sənin üçün "əsl kişi"? Sən nə bilirsən axı "əsl kişi" nədi, ay debil? Mahnı oxuyur da. Nə kişi?

Hə... İndi mən desəm ki, “azərbaycanlıların əksəriyyəti səviyyəsizdir!”, məni daşa basacaqsınız.

Amma bu, məni heç narahat eləmir.

Dedikləriniz bir qulağımdan girir, o birindən çıxır. Sizin yazdıqlarınıza heç əhəmiyyət vermirəm. Çünki, təəssüf ki, sizi ciddi qəbul edə bilmirəm.

Mən də çox istəyərdim ki, sizin fikirlərinizi ciddiyə alım, amma olmur.

Manafa 10 min verib toyuna çağıran, cibinə pul basan, mikrofonu əlinə alıb "sən əsl kişisən!" deyən azərbaycanlıların fikrini, təhqirini, tərifini necə ciddiyə alım?

Hə. Azərbaycanlıların böyük qismi səviyyəsizdir!

Mən 2-3 faiz səviyyəli adama görə xalqa səviyyəli deyə bilmərəm, amma 97-98 faiz səviyyəsiz adama görə səviyyəsiz deyə bilərəm.

Gəlin, ən birinci səviyyəsiz sözünün mahiyyətinə varaq, sonra müzakirə edək.

Ümumiyyətlə, deyim ki, "səviyyəsiz" sözü birinə edilə biləcək ən böyük və ən gözəl təhqirdir, əslində. Adamlar bu sözü dərk etmədən dillərinə gətirirlər, amma çox ciddi təhqirdir.

Səviyyə deyəndə, nəyi nəzərdə tuturuq?

Nədir sizin üçün səviyyə?

Nədir "səviyyəsiz", nədir "səviyyəli"?

Yoxsa bu sözü də elə dərk etmədən işlədirsiniz?

Var mədəni səviyyə, var intellektual səviyyə.

Bir adamın mədəni səviyyəsi, yəni mədəniyyəti yoxdursa, deməli, səviyyəsizdir.

Bir adamın intellektual səviyyəsi yoxdursa, cahildirsə, deməli, səviyyəsizdir.

İndi çevrilib cəmiyyətimizə baxın. Hansı var bizdə?

Manafın cibinə pul basan yekə-yekə kişilər var ha. Onlara desən ki, ay kişiiii, Manafın cibinə pul basma e, get 2 dənə kitab al, özün oxumursan, heç olmasa evdə uşağın oxusun.

Deyəcək ki, nəyə lazımdı kitab?

Belə də deyəcək: “Neyləyirəm kitaba pul verib?”

Ay debil! Sənin kimi debil olmasın deyə lazımdı kitab. Sən debilsən, heç olmasa, uşağın da debil olmasın da. Axı sonra əziyyətini biz çəkirik.

Sən uşağına kitab almayacaqsansa, gedib o pulu Manaf Ağayevin cibinə, ya hansısa səsdən və sənətdən uzaq bir manısın döşünə basacaqsansa, neyləyirsən uşaqpulunu?

Düşmür sənə uşaqpulu.

Vallah, azərbaycanlılara uşaqpulu düşmür, ona görə vermirlər.

İstəyirəm başımı divara çırpım, başım partlasın, polis-filan gəlsin izahat almağa, mən də deyim ki, bəs azərbaycanlılar vurub başımı partdadıb.

# 4209 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #