Rəşad Məcidin 4 yaşlı nəvəsi açdı sandığı, tökdü pambığı - O, müxbirimizdən nə istədi? - Reportaj

Rəşad Məcidin 4 yaşlı nəvəsi açdı sandığı, tökdü pambığı - O, müxbirimizdən nə istədi? - Reportaj
1 iyun 2021
# 11:04

Kulis.az 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə son vaxtlar sosial şəbəkələrdəki video-çıxışları ilə məşhurlaşan 4 yaşlı İpək Məcidlə reportaj-müsahibəni təqdim edir.

- İpəəək! Qaçmaaa! Yıxılarsan!

- İpəəək!

Parkdakı göyərçinlər də İpəklə bərabər ora-bura qaçırlar. Elə bil, göyərçinlər İpəyin xətrinə qanadlarının olduğunu unudub elə yeriməklə kifayətlənirlər.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Çoxdandı görmək istədiyim İpək xanımla görüşmək üçün bundan əla bəhanə ola bilməzdi. Yəqin, çoxunuz İpək xanımı tanıyırsınız. Rəşad Məcidin nəvəsini deyirəm...

Əgər tanımırsınızsa, məncə, çox şey itirmisiniz. Feysbuk və instaqram fenomenidir. Şeir oxuyur, aktual mövzulara aid fikirlərini bildirir, Paşinyana ultimatum göndərir...

İpəyin atası Mirhacib Məcidlə vaxt təyin edib bir parkda görüşməyi qərarlaşdırmışdıq. Parka çatıram, uzaqdan İpəklə atasını görürəm, məni gözləyirlər.

- Salam, İpək xanım! Necəsiniz?

İpək sualıma cavab vermir. Bir də soruşuram. Yenə cavab gəlmir.

İpəyin babası da, atası da jurnalistdir, ona görə, bütün suallarımı belə cavabsız qoymayacağına ümid edirəm.

Fotoqrafımız Nicata gileylənirəm:

- Nicat, İpək mənlə danışmır e!

Nicat İpəyin yanında oturub deyir:

- Yaxşı eləyir! Elə sənlə danışmasa yaxşıdır.

İpək bu cavaba gülür və ümid işıqları yaranır.

Mirhacib də söhbətin açılması üçün kömək eləyir:

- İpək, sən bu parka həmişə kimlə gəlirsən?

- Rəşad babayla!

- Neyləyirsiz burda?

- Papuqaylara çörək veririk! – deyib əlləri ilə göyərçinləri göstərir.

İpəyin bu boz göyərçinlərə “papuqay” deməyinə hamımız gülürük. Nəyə güldüyümüzü bilməyən İpək də bizə qoşulur.

Əlindəki oyuncaq telefonunu göstərib soruşuram:

- Bunu kim alıb sənə?

- Atam! – bütün suallara vurğulu, xüsusi intonasiya ilə cavab verir.

- Çoxdu oyuncaqların?

- Hə! 5 dənə!

Yəqin, 5 yalnız uşaqlara çox görünə bilər, deyə düşünüb gülürəm. Hətta, niyəsə bu cavab çox xoşuma gəlir.

- Nə oyuncaqların var?

- Yekə “mişka”m var. Aqil baba alıb!

- Aqil Abbası deyir. – Mirhacib söhbətə qarışır.

- Ən sevdiyin oyuncağın odu?soruşuram.

- Yox!

- Hansıdı bəs?

- “Açki”m!

- Baban oyuncaq almır sənə?

- Alır!

- Ata çox oyuncaq alır, ya baba?

- Ata, baba!

- Hansı daha çox?

- Ata!

Aranı qızışdırmaq üçün əla məqamdır:

- İpək, atanı çox istəyirsən, ya babanı?

- İkisini də!

Səsimi aşağı salıb guya sirr qalacaqmış kimi asta səslə soruşuram:

- Yavaşca qulağıma de, hansıını lap çox istəyirsən, heç kimə deməyəcəm, qorxma.qulağımı yaxınlaşdırıram.

- İkisini də! – qətiyyətlə cavab verir.

- Babanla başqa neyləyirsən burda?

- Su içirəm... Babayla qəzet köşkünə gedirəm.

- Qəzet köşkündən nə alırsınız?

- “İqruşka”, quşlara çörək, suuuu...

- Bəs baba nə alır?

- Baba - qəzet...

- Baban kimdi, bilirsən? Nə işlə məşğul olur?

- Jurnalisss!

- Qəzetinin adı nədi, bilirsən?nisbətən çətin sual verirəm.

- “Beş-beş”! – həm deyir, həm də əlləriylə göstəririr.

Yenə hamımız gülürük. Əslində, elə bil “beş-beş” adı 525-dən daha yaxşı səslənir.

- Şairlərdən kimləri tanıyırsan bəs?

Bir az susur. Hər gün şairlərə videolar ilə salamlar göndərən, şeirlərini əzbərdən deyən İpək xanım deyəsən həyəcanlanır.

- Sənə kimlər şeir yazıb?atası yadına salmaq üçün soruşur.

- Qulağsəs! - tanınmış şair Qulu Ağsəsi deyir, “Beş-beş” qəzeti kimi “Qulağsəs” sözü də çox şirin səslənir onun dilində - İmdad Avşar! Bəsti Sultan! Gedək quşlara çörək verək! – deyəsən, suallarımdan bezir.

“Papuqay”ları yemləməyə başlayır. Mən də fürsət tapan kimi növbəti sualımı verirəm:

- Bəs, özün şeir bilirsən?

- Bilirəm!

- Hansı şeiri?

- “El bilir ki”ni! – Səməd Vurğunun “Azərbaycan” şeirinə də təzə ad qoyur.

Yəqin, bu şeirin adı elə bütün uşaqlar üçün “El bilir ki”dir.

- “El bilir ki”ni de də, mən də qulaq asım.

Uca və bir az tələsik səslə şeiri deməyə başlayır.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!”

- Ay çox sağ ol! Başqa şeir bilmirsən?

- Bilirəm! – yenə həmin intonasiya ilə deməyə başlayır.

Qara-qara qarışqalar,
Kəpənəyi neylədiniz!?
Toplaşdınız top oldunuz,
Qanad-qanad qopardınız,
Daşıdınız apardınız,
Kəpənəyi neylədiniz!?

Dərdi düşər ağızlara,
Haraylar çağırar sizi,
Nə yedirər doyuzdurar
Nə qışdan çıxarar sizi
Kəpənəyi neylədiniz!?

- Əla! Kimin şeiridi bu?

- Ramiiizzz... – ardını yadına salmaq istəyir.

- Rööööövvv... - Mirhacib kömək eləyir.

- Rövşən! – yadına düşür.

- Qulu Ağsəsin sənə yazdığı şeiri əzbər bilirsən bəs?

- Nə deyim ki, ay İpək,
Gül xətrinə dəyməsin?!
Gecələr açıq olur
Yuxunun bir düyməsi...

Saatlarla dinməyib
Qəfildən vəcdə gələn!
Ata Məciddən qaçıb
Baba Məcidə gələn!

- Telefonuuu... – atası xatırlamağa kömək edir.

- Telefonu açmadın

Kefimi pozdun mənim.
İnstaqram yoldaşım,
Karantin dostum mənim!

- Yollaaarrr... – yenə kömək gəlir.

- Yollar yasaqdı, İpək,
Hava sazaqdı, İpək,
Çiçək taxıb telinə –
Çıx Günəşin yerinə!

Son iki misranı daha şıltaq səslə deyib gülür.

- Əlaaaa! – hamımız əl çalırıq.

- Babam dedi ki, sən də şairsən. Sən də mənə şeir yazarsan!

- Baş üstə!deyirəm, o da sevincindən gülür.

- Hansı yazıçıları çox istəyirsən?

- “El bilir ki”ni! – yenə gülürük. Gedək quşlara çörək verək!

Çörək bitib deyə tum alırıq və quşları tumla yemləməyə davam edirik.

İpəyin mənim suallarımdan bir az dincəlməsinə imkan verirəm. Və yenə başlayırıq:

- İpəəək, böyüyəndə kim olacaqsan?

- Doktor!

- Niyə doktor olmaq istəyirsən?

- Çünki hamıya baxmaq üçün! Hamını sağaldacam...

- Sənin videolarını çəkib feysbuka, instaqrama kim qoyur?

- Rəşad baba!

- Pul verir sənə o videolara görə?

- Hə!

- Nə qədər verir?

- Çoxlu!

- Bəs sən o pulları neyləyirsən?

- Qırmızı kassama qoyuram.

- Nə qədər pul yığmısan?

- Çoxluuu! Pul da var orda! Qəpiklər lap çoxludu, amma pullar bir azzz!

- Nə alacaqsan o pullarla?

- Marojnaaa, peçenyaaa. – bir yandan mənim suallarıma cavab verir, o biri yandan da quşları yemləyir.

- Bacın da var, hə?

- Hə, onun adı Mehindi!

- Bəs sənin adın nədi?maraqlı cavab gələr deyə hər ehtimal soruşuram.

- İpək Məcid - dahi insan! – yenə gülürük.

- Sən dahisən?

- Hə!

- Kim deyib?

- Rəşad baba!

- Bəs, Rəşad baba özü necə, dahidir?

“Yox” mənasında başını yelləyir.

- Babam Şuşaya getmişdi! – qəfil deyir. Özü də lap uca səslə və sevinclə.

- Şuşadan sənə nə gətirdi?

- Daş! – yenə eyni sevinc və həvəslə deyir.

Çantasının cibindən balaca bir daş götürüb bizə göstərir. Daşa baxır, gülür, sevinir.

İlahi, bu balaca qız Şuşadan gələn balaca, yumru, qara daşa sevinir!

İpək daşı 3 dəfə öpüb gözünün üstünə qoyur, sonra yenə ehtiyatla çantasının cibinə yerləşdirir.

Mən də ən az onun qədər sevinirəm Şuşadan gələn bu balaca, yumru, qara daşa!

- Müharibə olanda sən Paşinyana nə deyirdin?

- Deyirdim ki, Pəpişyan, qaç gizlən, səni tapacağıq! – gülürük.

- Sən də Qarabağa getmək istəyirsən?

- Hə, istəyirəm!

- Hansı şəhərə getmək istəyirsən?

- Şuşaya! – deyib yenə quşları yemləməyə qaçır.

Quşları yemləyən İpəki seyr edirəm və mənə elə gəlir ki, parkdakı bütün göyərçinlər artıq İpəyi tanıyır. Bəlkə elə İpək də onların hamısını adbaad tanıyır. Onlara “papuqay” desə də.

- Oyun oynamağı xoşlayırsan?

- Hə!

- Hansı oyunları?

- Şahmat! Amma baba uduzur, mən uduram!

- Kim öyrədib sənə şahmat oynamağı?

- Heç kim! Özüm öyrənmişəm!

- Onda düz deyirlər də, sən dahisən!

- Düz deyirlər!

- O nədir? – bir eyvandan asılmış bayrağımızı göstərib soruşuram.

- Azərbaycanın bayrağı!

- Ay sağ ol! Himnimizi bilirsən?

- Himnimizi? – İki-üç saniyəlik pauzadan sonra himnimizi deyir, yenə alqışlayırıq. Gülür və yenə “papuqaylar”ının yanına qaçır. Qayıdır.

- İpək, müğənniləri tanıyırsan?

- Yox!

- Tanıyır! – Mirhacib etiraz eləyir. Hansı müğənnini tanıyısan?

İpəkdən cavab gəlmir. Mirhacib yenə soruşur:

- Hansı müğənnini tanıyırsan? Sənin dostun kimdir!

- Qulaqsəs! – bu cavaba da ürəkdən gülürəm.

- Yoox! Rəşad babanın şeirini də oxumuşdu e!

Mirhacib nə qədər eləyirsə, İpək nə Xumar Qədimovanı, nə də Rəşad Məcidin “Çiyələk qadın” şeirini xatırlayır.

- Hansı yeməkləri xoşlayırsan?soruşuram.

- Makaron!

- Baban yemək bişirə bilir?

- Yox!

- Bəs ikiniz tək qalanda nə yeyirsiniz?

- Spagetti! – Rəşad Məcidin hazır spagettilərdən alıb qaynatdığını təsəvvür eləyirəm. Nə yalan deyim, bütün müsahibə boyu gülürəm. Hər sualı gülərək verirəm, hər cavabdan sonra gülürəm. Ona görə də hər cavabdan sonra güldüyümü yazmayım. Elə İpəyin də kefi kök görünür.

- Baban çox yemək yeyir?

- Hə! Sonra qarnı yekə olur!

Lənət şeytana! Yenə çox ürəkdən gülürəm.

- Baba səni başqa hara aparır?

- Karusellərə!

İpəyin hələ 4 yaşı tamam olmayıb, amma zəkasına söz ola bilməz. Ona görə, maraqlı gəlir və soruşuram:

- Hərfləri bilirsən?

- Yox, yaza bilmirəm!

- Bəs oxuya bilirsən?

- Yox! Amma şəkil çəkə bilirəm! Kraskaynan, flamostrnan, karandaşnan!

- Rəssam olmaq istəyərsən?

- İstəyirəm!

- Televizora baxırsan?

- Hə! Ancaq multiklərə!

İpəyin yavaş-yavaş yorulduğunu görürəm. Şəkil çəkdirmək üçün icazə alıram.

- İpək xanım, mən sizin fanatınızam! Olar sizinlə şəkil çəkdirək?

- Olar!

Şəkil çəkdirən zaman son bir sual da verirəm:

- Fanatlarınız çoxdu, İpək xanım?

- Hə, çoxdu! – deyib gülür.

- Bu müsahibəni oxuyacaq adamlara nə demək istəyirsən?

- Dalaşmasınlar! Bir də yalan danışmasınlar!

İpək xanım və atası ilə sağollaşıb parkı tərk edirəm. Parkdan addımımı çölə atandan sonra İpəyə əl yelləmək üçün geri baxıram və gözlərimə inana bilmirəm.

Parkın ortasında dayanan İpək doğrudan da “papuqaylar”ı yemləyir. Gözlərimi ovuşdurub bir də baxıram.göyərçinlər birər-birər sarı, yaşıl, qırmızı, göy “papuqaylar”a çevrilib, İpəklə bərabər gülür, oynayırlar.

Fotolar: Nicat Əlili

# 10614 dəfə oxunub

Müəllifin son yazıları

# # #