Uşaqlarına "mırta" ad qoyan azərbaycanlılar

Uşaqlarına "mırta" ad qoyan azərbaycanlılar
22 avqust 2024
# 15:46

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Səhər-səhər bir adam zəng eləmişdi tanımadığım nömrədən, açdım:

- Ulucay, salam! Necəsən?

- Sağ ol! Şükür! Kim idi?

- Tanımadın? Mənəm də... Orxan.

İstədim deyəm ki, ay qardaşım, elə də deyirsən "mənəm də... Orxan", elə bil ölkədə səndən başqa Orxan yoxdu. Ölkədə təqribi bir milyon Orxan var. Onun da yarım milyonunu şəxsən tanıyıram. İndi mən nə bilim sən o yarım milyon Orxandan hansısan?

Yəni "Mənəm də... Orxan" deməyin məni daha da çaşdırır.

Hər nəysə. Axır müəyyənləşdirdim hansı Orxan imiş. Bəlli oldu ki, adamı heç tanımırammış. O elə bilib ki, mən bunu tanıyıram. Hər nəysə...

Zarafsız, ölkədə iki milyon Orxan, iki milyon Elnur, iki milyon Əli, bir o qədər də Məhəmməd, Əhməd var. Qızların hamısı da Ayşə, Fatma, Zəhra, Aysel, Aytən, Aytac, Lalə, Leyla...

Ölkədə ümumilikdə on beş-iyirmi ad var, hamı o adlardan istifadə eləyir. On milyonluq əhalini təxminən iyirmi adla yola veririk.

Yəni bu o deməkdir ki, adamlar övladlarına mırta ad qoyur. Hansısa sözlə çağıra bilmək üçün:

- Uşağımızın adını nə qoyaq?

- Orxan qoyaq? Rahatdı da çağırmaq. İki hecadı.

- Hə. Əladı. Qışqırmaq da olur.

- Fso. Onda elə Orxan qoyaq.

Yəni, məncə, təxmini belə olur. Biri də demir ki, "əşi Orxan var da iki milyon dənə, gəl bir az fərqli ad qoyaq, maraqlı olsun, adı ilə də seçilsin".

Uzağı belə olur:

- Orxan adından xoşum gəlmir e. Başqa nəsə qoyaq da...

- Onda Əhməd qoyaq. O da iki hecadı. Rahat çağıracaqsan.

- Hə. Əhməd yaxşıdı. Əhməəəəəd! Qışqırmaq da olur.

Ay bacım, Əhməd niyə olar? Nə tez razılaşdın? Əhmədnən Orxan adının nə fərqi var axı? Aşağı-yuxarı eyni addı da vallah.

Əhməd, Əli, Afiq, Tofiq, Namiq, Zakir... Hamısı eyni addı da. Hamısı da iki hecadı. İki hecalı olmağı bəs eləyir sənə? Rahatca adını çağıra biləsən, fso?

O gün bir tanışımla söhbət eləyirdim. Birdən dedim ki:

- Namiq, vallah səhv deyirsən e, elə deyil.

Əsəbiləşdi ki, "Namiq kimdi? Adım Natiqdi!"

Dedim, nə fərqi var ki?

Biz evdə iki bacı, iki qardaşıq. Adlarımızı da deyim sizə: Atilay, Çilənay, Gülənay, Ulucay.

Görün nə gözəldi.

Adamın adı uğur da gətirə bilir, xoşbəxtlik də. Ümumiyyətlə, ad insanın xarakterinə də, taleyinə də təsir edir. Ona görə də, övladlarınıza düz-əməlli ad seçin, gözəl, fərqli, maraqlı və mənalı olsun adları.

Yox, əgər övladınız sizin üçün digər milyonlarla adamdan fərqlənmirsə, elə "Tofiq" də pis deyil. Özü də iki hecadı.

# 8484 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #