Rədd olsun çoxuşaqlılıq!

Rədd olsun çoxuşaqlılıq!
19 yanvar 2015
# 11:13

“Pejo”ların, “Porşe”lərin, “Qalik”lərin pencərələrindən çöldəki həyat çox fərqlidir, çox acınacaqlıdır, çox kasıbdır. Və bu gün bir ölkənin ən üst və ən alt təbəqəsini sadəcə bir maşın şüşəsinin ayırdığının şahidi oldum. Məsafə şüşədən ibarət idi. Öz dünyasında lüks maşınında oturmuş sürücü və rəngi aclıqdan, bəxt yazısından da qara olan dilənçi uşaq.

Uşağın yaxınlaşdığını görən hər sürücü kimi bu da tez şüşəni qaldırdı. Parlaq dünyasına kirli əllərin dəyməyindən iyrənən onlarca hətta, yüzlərcə sürücü kimi. Bəs haqsız idilərmi sürücülər? Bir də bu perespektivdən yanaşaq. Təbii ki, deyildilər. Mənim dəfələrlə o qaraçı görünüşlü dilənçi uşaqlarla bir neçə saniyəlik də olsa dialoqum olub. Qorxmuşam. Sözün əsl mənasında cavab belə verməyib oradan uzaqlaşmışam. Yaşı yaşımdan azı on yaş kiçik olan qız necə qolumdan tutub pul istəmişdisə (elə bil illərdir borcum var, qaytarmamışam) döyərcəsinə, “indi bu məni saçımdan tutub sürüyər də“ deyə fikirləşmişdim.

Bu yaxınlarda da dostlarımla çoxuşaqlı ailələrin dolanışıqlarının çətin olması haqda söhbət edə-edə gedirdik. Mən çoxuşaqlılığa qarşı olmağımın səbəblərini açıqlamağa çalışarkən qabağımıza 12-14 yaş arası, uzun yubkalı, əlləri rəngindən, yoxsa kirindən qara olduğu bəlli olmayan bir qızcığaz çıxdı. Və onu göstərərək dedim ki, çoxuşaqlılıq belə ailələrdə olur. Uşağa baxa bilmirlərsə heç doğmasınlar. Söz sahibi özünü yaxşı tanıyarmış deyirlər. Qız qayıtdı ki, az ağzının danışığını bil. Təbii ki, cavab vermədim, çünki etikasızlığın böyüyünü özüm eləmişdim. Amma iş orasındadır ki, onlar da diləndikləri qədər məsum deyillər. Bəlkə də bir az mehriban və fikirlərində saf olsalar o şüşələr üzlərinə bağlanmaz.

“Porşe”lərin sürücüləriylə dilənçilərin arasında istədiyiniz qədər təbəqə fərqi var. Bu ölkənin sinif şkalası çox genişdir. Porşelərdə oturanlardan aşağıda bir az daha ucuz maşınlı bir təbəqə var. Ondan aşağıda bir evi, bir maşını olan, evi olub maşını olmayan, maşını olub kirayə qalan, nə maşını, nə də evi olan. Və o dilənçilərdən yuxarıda kasıb, amma etikası olan, sözə mədənicə cavab verə bilən, 150 manat maaşla dünyanın ən bahalı biliklərinə sahib olan onlarca təbəqə var. Dediyim kimi şkala genişdir.

Və o lüks maşınlarda oturanların öz təbəqələrindən başqa, türklər demiş, “muhatap olduqları” tək təbəqə dilənçilər olduğu üçün böyük ehtimalla bütün əhalini də eyni cür bilirlər. Fürsətçil deyilik hörmətli pul (dolayısyla söz) sahibləri.

Biz sizin varınızdırsa bizə də verməlisiniz demirik. Arxanızca “evinə sağ çıxmayasan” kimi qarğışlar da eləmirik. Hər kəsin hər şeyi özünə qismət, halal xoşu. Dilənçilər də bu yazını oxumayacaqları üçün heç nə demirəm. Oxumaq duyğusundan və imkanından kasıb olduqları üçün, haqlarını çalışaraq yox, dilənərək əldə edəcəklərinə inandıqları üçün onlara sadəcə yazığım gəlir.

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #