Türklər bizi niyə bəyənmir?

Türklər bizi niyə bəyənmir?
24 yanvar 2015
# 15:11

“O səs Türkiyə” yarışmasında məşhurlaşan Elnur Hüseynov haqqında bir xəbər diqqətimi çəkdi və açıb (türklərin fikirlərini öyrənmək üçün) oxudum. Hərənin bir fikri var idi.

Təbii ki, səs müzakirə olunmayacaq qədər möhtəşəm olduğu üçün Elnur haqqında danışmayacam. Mənə maraqlı olan türklərin bizimkilərə yanaşma şəkliydi. Və yanılmadım. Bu şöhrətdən narahat olan və mövzunu millət məsələsinə çevirən o qədər insan rəyi var idi ki, nə qədər neqativ fikirlərə özümü hazırlasam da oxuduqlarım mənə yaxşı təsir eləmədi. Elnuru sevmədiklərini başa düşməyə çalışıram hardasa, çünki musiqi zövq məsələsidir və hər kəsin eyni tərz musiqini, eyni tonda səsi sevməyi mümkün deyil. Bu başa düşülən haldır. Bəs millətimizə qarşı bu kin hardandı, nədəndi? Niyə türk deyəndə ürəyi gedən bir millətə türklər bu şəkildə davranır, niyə sevə bilmirlər bizi? (Təbii ki, istisnalar var).

Deməli, saytda xəbəri gördüm açdım oxudum. Xəbərin altındakı şərhlər daha çox diqqətimi çəkir həmişə. Kim nə istəyir yazır, hamı fikrini acıqca bildirir. Klavyatura arxasında daha cəsur olur hamı. Hardasa statistika kimi bir şeydi mənə görə şərhlər. Çoxluğun fikriylə yola çıxıb qənaətə gəlmək mümkündür. Mənim o şərhlərdən gəldiyim nəticə ögey qardaş “müamelesi” oldu. Hərə bir şey yazmışdı. Biri yazmışdı: “Necə qardaşsız ki, türk dilində filmləri (başa düşdüyünüz halda) tərcümə edirsiniz? Dilinizin korlanacağından qorxursunuz?” O biri yazıb: “Azərilərin bura gəlmək səbəbi bizi sevdiyindən deyil, öz millətlərinə, öz ölkələrindən kənara çıxa bildiklərini göstərməkdir”.

Bu kimi ifadələr çox idi. Hamısını bir-bir təhlil etməyə ehtiyac yoxdur. Ən təsirlisi isə bu idi: “ANTALYALI: TÜRKTEN KARINI, AZERİDEN PARANI KORUCAN”. Deməli, hardasa özlərini də tənqid edən bir oxucu, bir türk vətəndaşı azərbaycanlını belə qələmə verdi. İndi siz fikirləşin, o adam azərbaycanlıdan nə çəkib ki, ümumi şəkildə bu ifadəni işlədir. Gəlin qəbul edək ki, həmin portreti özümüz cızmışıq onların ağlında. Gör neçə Azərbaycanlı pul problemi yaşadıb, neçəsi onlara atıb qaçıb ki, bu qənaətə gəliblər.

Türkiyədə təhsil alıram. Öncədən gedib-gəldiyim müddətdə aşırı sevgi görməsəm də, bir nifrət, ya da sevgisizlik də hiss eləməmişəm. Sadəcə, soyuq olmasa da, sərin bir münasibət olub. Çox az istisnalarla, bizi görəndə bildikləri tək söz - “yaxşı”nı tələffüz etməyə çalışıblar. “Azərbaycanlılar qardaşımızdı, yenə gəlin” - deyiblər. Sadaladıqlarım restoran-kafelərdə olub. Müştəri diqqəti çəkmək xətrinə. Səmimiyyətdən çox məqsəd görmüşəm. Siz baxmayın Anadolu tərəfin bizi sevdiyinə. Dili, mədəniyyəti azca bənzədikləri üçündür. Onlara da böyük şəhərlərin müasir insanlarının “birtəhər” baxdığına görədir. Müasir türk gənci geridə qalmış mentalitet düşkünü olan azərini bəyənmir, qardaş!

Burda on nəfərin içində hörmət sahibi olan müğənnilərimiz gedib orda verilişlərə-filan elə bir tərzdə çıxırlar ki, ya qarderoblarında ən dəbdən düşmüş paltarı geyinəcəklər, ya müasir ritmə ayaq uyduran mahnılarını qoyub keçmişdən arxivi qurdalayıb nəsə tapacaqlar. Ya “Sarı gəlin”i oxuyacaqlar, ya da başqa bir xalq mahnısını. Və dolayısıyla, türk gəncinin gözünə və qulağına xitab eləməyəcək.

Zaman həmişə gənclərin əlində olur. Özünün və işinin PR- nı quran sənətçi oynadığı, çıxdığı auditoriyanı tanımalıdır. Bu, mütləqdir, şərtdir! Necə ki, Elnur müasirliyi olduğu üçün bu gün gündəmdədir.

Yanlış işlər görürlər, sonra da deyirlər, türklər bizi istəmir, alınmır. Onların gözündən baxanda ciddi anlamda problemli millətik. Bir az özümüzə tənqidi yanaşaq ki, bəlkə düzələk. Türklərdə o fikirləri biz yaratmışıq. Dəyişməyə çalışsaq yaxşı olar.

# 1122 dəfə oxunub

Müəllifin son yazıları

# # #