Kulis.az gənc şair Tural Turanın yeni şeirlərini təqdim edir.
Səni tanrıdan istəsəm, tanrılar kiçilə bilər...
Sən gələndən ütülü köynək kimi
əynimə geyinirəm günlərimi.
Sən gələndən alın yazımın gülüşləri tökülür dodaqlarıma.
Sən gələndən
yollar ayağıma yüyürür mənim,
yollar ata deyir ayaqlarıma...
Gəldin,
dodaqların möhür oldu üzümə,
mən üzük taxmamış
nişanladın yanaqlarımı.
Baxışların fanar asdı gözümdən,
gəldiyin gün tıxadım qəbrimin qulaqlarını.
Təbəssümlərində döyünür nəbzim,
ağlama, qəbrim silkinib açıla bilər.
Ağlama, səndən başqa nəyimiz var bizim?!
Tanrı gildən Adəmi yaratdı, səndən gili.
Sonra alnıma məktub göndərdi: "sev gili!".
Sən gələndən
ovuclarıma yazıram şeirlərimi,
əllərimi açanda
tanrı dua yerinə qəbul etsin deyə...
Elçi gəlsəm, ömrünü kirayə verərsənmi?
Qorxuram tanrıdan istəməyə,
səni tanrıdan istəsəm, tanrılar kiçilə bilər...
2018
***
Gülüşlər əl açıb dilənir,
ağaclar kölgəsini döyür bu cığırlarda.
Bütün yolların qan qrupu mənfi dörd,
əlini üzüb adamlardan
Yollar qan itirir, çayır kölgələrində…
Uşaqlar qurban kəsir təbəssümlərini
qapılarını gecə yarı döyən
Tanrı qonağı gilizlərə...
Günəş doğmamış
"qara kağız"ını gətirir dan yeri.
İllər keçdi beləcə,
Yollar keçdi beləcə…
Yollar yetim qaldı ləpirsiz, izsiz.
Boyları uzanmadı, sinələri böyümədi.
Yollar yetim qaldı müharibədən sonra,
Qapıları çəkmə-çəkmə döyülmədi.
Ordan-burdan çıxan saqqalını
Payız saraltdı, qış ülgüclədi...
Yol deyirəm e sənə,
yolların ən ayaqyalını,
gah əsir düşmüş qollarını,
Gah da addım səslərini unutduğu
qohumlarını gözlədi.
Üstündə yatdığı atasından eşitmişdi:
- Bütün addım səsləri sənin doğmalarındı...
2018
Tökülüb ölümün dişi
Tökülüb ölümün dişi.
Qıçı tutulub zamanın.
Tanrı olacaq baş daşı,
sonuncu ölən adamın.
Qız qarıyacaq tabutlar,
ölümün can verdiyi gün.
Qandalı qırmış umudlar,
üstünə yeriyəcək göyün...
Tənha qalacaq göy üzü,
tanrısız o da bezəcək.
Başın qoyub ağlamağa,
göy üzü adam gəzəcək.
2018