Tənqidçinin Facebook bombaları

Tənqidçinin Facebook bombaları
6 iyun 2016
# 11:18

Kulis.Az tənqidçi Tehran Əlişanoğlunun “Belə...” (FB düşüncələrindən passaj) məqaləsini təqdim edir. Müəllifin xahişi ilə yazının üslubuna toxunulmayıb.

Belə. “ədəbiyyat qəzeti” məni çap eləmir. “525-ci qəzet” də çap eləmir. Yadıma 1980-ci illər, ədəbi prosesə girmək istədiyim dəmləri salır... Evrika! Ümid “Kulis”ə qalır...

***

Belə. Bugün Kənan Hacıdan yazmaq vicdan işidir... Söz vermişəm ki, Kənandan yazmasam, daha yazmayım. Daha yazmıram...

***

Belə. Bir zaman durmadan yazırdım, Kəramət demişkən: “haqqımda deyirlər ki, yazılarınızda heç kəsə güzəştə getmirdiniz”... Amma heç kəs də mənə tənqidçi demək istəmirdi. İndi yazmıram, sadəcə susuram; üç tənqidçidən biri kimi adımı çəkirlər... İradə xanım Musayeva da qəzəblənir...

***

Belə. Şərifin “Gülüstan”ı haqqında yazını təxmini belə başlamışdım: “Şərif Ağayar cəsarətli bir roman yazmışdır, amma nədənsə tənqidin bu barədə yazmağa cəsarəti catmadı...” Və eskizlər...

***

Belə. “Fələk qırmancı”ndan da heç kəs yazmadı. Kim yazdısa da, Qanturalıdan yazdı. Bir az da Mehdi Bəyaziddən... Hə, Qanturalı da bunu deyir: roman susmaq barədədir... Mən də şərik olmaya bilmirəm: Qanturalı çox irəli getmiş, romançılığı isə yox...

***

Belə. Bir yazımda 60-cılar ədəbiyyatı üçün klassisizmin üç vəhdət prinsipini bucür yozmuşdum: “dünya mehmanxanədir” (anar), “dünya föhşxanədir” (ə.əylisli), “dünya oyunxanədir” (elçin)...

***

Belə. Təzə ədəbi əsrin cəngavərləri: qanturalı-şərif-m.ağaoğlu, bir də qismət... Üç müşkötyor və d`artanyan. Onda r.qaraca kim olur: yəqin ki, don kixot... n.kamal da janna d`ark!

***

Belə. Bizdə “qadın tənqid”in gəlişməsinə sevinənlərdən birincisi mən olmuşam: Elnarə Akimova, Nərgiz Cabbarlı, Mətanət Vahid... Feminina! Amma xanımlar Ədəbiyyatdan yazmırlar ki; Ədəbiyyata münasibətlərini yazırlar... Sevinməyə tələsmişəm.

***

Belə. Üstündən xeyli keçmiş Qismət şeirə qayıtmağa cəhd etdi... Məncə, tələsdi. Gərək gözləyəydi. Şeirin özü qayıdıb gələnəcən...

***

Belə. Biz yazırıq, c.yusifli təftiş edir. Biz yazırıq, c.yusifli təftiş edir. Biz yazırıq, c.yusifli təftiş edir. Biz susuruq, c.yusifli deyinir...

***

Belə. Ki, M.köhnəqala giley edib: “Yuxularım”da yenilik icadını heç kəsin duymadığını iddia eləyir. Doğrusu, ha çabaladım, mən də duymadım. Muradsayağıdır, vəssalam. Mənimcə, m.köhnəqlanın icadları qaldı iki əsrin arasında, sıxıldı, sıxıldı, “yuxular”a çıxdı...

***

Belə. Ki, tənqidçinin küsməyi də olur. Gəncləri aktiv izlədiyim uzaq zamanlarda Aqşinin tez-tez “ictimai kürsülərə dırmanmağını” (TV-lərə çıxmağını) yozmağa çalışmışdım. Dərhal yazılı reaksiya vermişdi. Bəs: “yekə kişidir (?!)... mənim hara dırmaşmağımla nə işi. Mətnlərimdən yazsın...” O gündən yazılarımda Aqşin adına yasaq qoydum...

***

Belə bir yazı başlamışdım haçansa: “Boşluğu hayqıran qadın...” Sonrasını çatışdıra bilmədim. Kim bacarırsa, buyursun. Söhbət, təbii ki, Hədiyyə Şəfaqətdən gedir...

***

Belə. Ədəbiyyatın sözünü dediyim vaxtlar idi. Bir gün “sənət qəzeti”nin redaksiyasında üç nəfərə qənşər: s.sədaqətoğlu, i.fəhmi və k.hacı... – qəfil kükrədim: bugün t.əlişanoğludan keçməyən azərbaycan ədəbiyyatına girə bilməz! Çox təəccüb elədilər. İndi olsa, özüm də təəccüblənərdim. Amma sanki elə belə də olmuş. Samir teatra getdi, ilqar – YB-yə... qalan elə kənandır...

***

Belə. Bir günün içində bütöv bir dövrün Ədəbiyyatı köhnələ bilir... 1-2 Aprel hadisələrindən sonra mən bunu qəfil yaşadım. Müstəqillik illəri ədəbiyyatı dediyimiz ədəbiyyatdan innən belə nə deyib, nə danışasan... Yazıçılar özləri bilmədim bunu duyub fərq etdilərmi?

***

Belə. Deyəsən, təzə bir “vəzifə janrı” yaranıbdı. Elçinin “Ədəbi düşüncələr”i, Anarın “Gecə düşüncələri”ndən sonra İ.fəhmi də Qapalı dairə və ya, bitmək istəməyən XX” opuslarını “ədəbiyyat qəzeti”ndə dərc etdirməyə başladı. Təqribən bizim “fb düşüncələri” kimi bir şeydir. İntəhası “vəzifəlilər”in qələmində...

***

Belə. Məni bəzən əbəs havadarlıqda qınayanlar olub... Amma axı hər Ədəbiyyatın avanqardı, “canlı klassikası”, orta qurşağı, imitatorları və s. olduğu kimi, sadə-vicdanlı-iddiasız zəhmətkeşləri də olur; məsələn: aliq nağıoğlu kimi, rövşən yerfi kimi, şakir xanhüseynli kimi... mən kiməm ki; hər yazı əhli Ədəbiyyatdan öz haqqını istəyir...

***

Belə. “Ədəbiyyat qəzeti”ndən az olardı getmişdim. Ədəbiyyatda daim kölgəmi qılınclayan r.qaracaya şəhərdə rastlaşıb: indi necəsiz? – dedim: - “köşə”lərimi ayo-nun tənqidindən başlayıb, döşəyə-döşəyə gəlirdim, sonda bircə cümləlik ayb-nin şəninə tostla bitirirdim. Siz başda idiz, yb – ayaqda... İnsafən, bir söz demədi, gülümsədi...

***

Belə. Mübariz Örən yazısına gec başlamışdı, yaxşı başlamışdı. Onu çaşdırdılar. O şeyi küyə saldılar ki, mübariz özü orda yoxdu; istedadı ordaydı... Yanlış xərcləyəndə istedad küsə bilir.

***

Belə. “ədəbiyyat qəzeti”ndə təzə çalışan vaxtlarımda, kimin kitabı çıxırdısa, yazmağı borc bilirdim. Uzun zaman “Cavanşir” romanından yazammadım. Hər görəndə “mən borclu...” – deyib, müəllifinə guya ümid verirdim. Axır ki, dözməyib Davud Nəsib mərdanə: sənin heç kəsə borcun yoxdur... – dedi. Ruhu şad! odur-budur, kimin yanında desən, şax gəzirəm...

***

Belə. MKM müsabiqəsində ekspert olaraq Varisi 20-liyə düşməyə qoymayanda elə bildim “müqəddəs Ədəbiyyat kəbəsi” qarşısında olmazın hünər göstərmişəm. Az qala ultimatumla dedim: indeyski göz yaşlarını çıxsaq, bilmədiyimiz nəsə varmı bu “əsər”də?!.. sağ olsun, r.rövşənin qardaşı yaşarı. İroniya ilə də olsa: Varisə görə bir professorun xətrinə dəyməyəcəyik ki... – dedi.

***

Rəşid Abdullayev dedi, fb-yə gəl, hamı səni sevənlər burdadır... Gəldim. Pah! Elə bilirdim, hər “belə” deyəndə, neçə paylaşma olacaq... Demə, burda da tənqidin bazarı kasadmış... Oxucularımın sayı 25-30-u keçmir...

***

Belə. s.xəlilov tənqidi fəlsəfənin “ən aşağı yarusu”nda yerləşdirir... İ.kant isə onu ən universal metoda yüksəltmişdi: ”sırf şüurun tənqidi”, “rasional şüurun tənqidi”, “mühakimə qabiliyyətinin tənqidi”... Bilmirəm, iki əsr yarıma filosofiyamı çox ucalara pərvazlanmış, ya tənqidmi aşağı-aşağı-aşağı sürüklənmişdir...

***

Belə. Azər-turançılıq... Anar-izm hərəkatı, Ayo-çuluqdan sonra ədəbi prosesdə gəlib-gəlişən növbəti ciddi dalğa...

***

Belə. Az tv elə ki, xəbərləməyə: Məqsəd... – deyə başlayır, qabaqlayıb tələsik: ...Nurdur! – pıçıldayıram... Belə bir yazıçı vardı bir azdan: Məqsəd Nur. “Şəhər meri”nin müəllifi...

***

Belə. Ədəbiyyatda iki yanaşma. Yazılarımdan birində Cəlilabadın Alar kəndində bütöv bir ədəbi mühit yaratmağı bacarmış b.alarlının passionariliyini qabardanda, r.qaraca ironiya ilə guya yanıltmac düzəltmişdi: bilal alarlı, bilal alarlı, bilal alarlı... Uzun unutqanlıqdan sonra azad qaradərəli imzasını israrla ədəbi mühitə xatırladanda isə tənqidçi həmkarlarımdan biri: azad qaradərili... – deyə ucuz şəbədə qoşmuşdu...

***

Belə. Ədəbi proses poeziya işığında: Ramiz Rövşən – rövşəni – Rövşən naziroğlu - rövşən danyeri...

***

Belə görünür ki, Şərif Ağayar yaradıcılığının Sənət mərhələsini başa vurub, şöhrət Mərtəbəsinə qədəm qoyubdur... Belə görünür. Qəti belə görünür.

***

Belə. Onlar tənqidə yox dedi. Amma biz vardıq: v.yusifli, c.yusifli, bir də mən... Onlar tənqidə yox dedi. Biz bir az da çoxaldıq: v.yusifli, c.yusifli, ə.cahangir... bir də mən. Onlar tənqidə yox dedi. Biz yenə də vardıq: v.yusifli, c.yusifli, ə.cahangir, b.əlibəyli, nər.cabbarlı... və mən. Onlar tənqidə yenə yox deyir... R.kamal: “Azərbaycanda şairlər nə qədər desən, tənqidçi istedadı isə tək-təkdir...” v.yusifli, c.yusifli, e.akimova, nər. cabbarlı, i.musayeva... bir də mən.

***

Realizmin gücü. “Danabaş”da Xudayar bəy, “Gülüstan”da Xudayarov... Və acizliyi: şəhid atası Xudayar və “Dağa dönən arzular”...

# 1390 dəfə oxunub

Müəllifin son yazıları

# # #