Heç vaxt evlənmədi, teatrdan qovuldu, ruhi dispanserdə yatdı – Səməndər Rzayevin oğlu niyə intihar etdi?

Heç vaxt evlənmədi, teatrdan qovuldu, ruhi dispanserdə yatdı – Səməndər Rzayevin oğlu niyə intihar etdi?
8 oktyabr 2021
# 13:31

Xalq artisti Səməndər Rzayev hələ uşaqlıq illərindən teatr və kinoya maraq göstərir. Ancaq on dörd yaşı olanda körpüdən yıxılır və on yeddi yaşına qədər Mərdəkanda sanatoriyada ayağından müalicə almağa başlayır.

Dərslərini də həmin sanatoriyada oxuyur.

Orda radioda "Arxiv baba və Lyonka" əsərində Ələsgər Ələkbərovla, Barat Şəkinskayanın səslərini eşidir. Onlara qulaq asandan sonra Səməndərdə aktyorluq sənətinə həvəs yaranır.

Aktyorun ailəsində iki övlad dünyaya gəlir. Bir qız, bir oğlan. Sənətkarın uşaqlarının hər ikisi sənətə meyl edir.

Qızı Rübabə teatrşünaslıq təhsili alır, oğlu Rəşid Səməndər isə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini başa vuraraq, Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayır.

Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən Rəşid teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayır.

İşlədiyi illər ərzində o, N. Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B. Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, A. Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi rollar ifa edir.

Heç bir zaman ailə qurmayan Rəşidin taleyi bir az narahat olur.

O, nə öz istədiyi kimi, nə də atasının arzuladığı kimi ola bilmir.

Xatırladaq ki, Səməndər Rzayev oğlunun aktyor olmasını heç vaxt istəməmişdi. O, Rəşidi diplomat, qızı Rübabəni isə həkim görməyi arzulayıb.

Rəşid daha çox anasının istəyi ilə aktyor olur. Bu peşə üçün onun yetəri qədər şansı da vardı. Əvvəla, faktura və səs etibarı ilə aktyorluq tələbatına cavab verir, üstəlik səsi də atasının səsinə çox bənzəyir.

Digər tərəfdən, Səməndər Rzayevin oğlu kimi də sənət mühitinə bələd olur. Ancaq bacısı Rübabə xanımın sözlərinə görə Rəşidin şəxsi həyatındakı sarsıntılar sənət həyatına ciddi şəkildə mane oldu.

Bütün bunlarla yanaşı Rəşid, 2006-cı ildə əməkdar artisti fəxri adına layiq görülür.

2013-cü ildən başlayaraq aktyorun teatrdakı işləri qaydasında getmir, onun adı teatrdakı qalmaqallarda hallanır və Rəşid Səməndər teatrdakı işindən uzaqlaşdırılır.

O, bununla bağlı mətbuata açıqlamasında deyir:

“İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq. Guya mən idarə olunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nə. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “g” bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər, məcəllədə belə bir bənd yoxdur”.

Mətbuatda yayılan xəbərlərə görə səhhətində yaranan problemlərə görə Rəşid Səməndər bir müddət ruhi dispanserdə yatıb müalicə olunur.

Akademik Milli Dram Teatrında olan işindən də bu səbəbdən çıxır.

Rəşid sonradan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyət göstərmək üçün teatra müraciət edir və işə düzəlir. Elə ilk olaraq da Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsəri əsasında hazırlanan tamaşada Rəşid obrazını oynayıb.

O, eyni zamanda vaxtilə atası Səməndər Rzayevin səsləndirdiyi “Bulaq" verilişinin aparıcısı olur, uzun illər bu verilişdə gedən mətnləri səsləndirir.

Sonralar bir neçə dəfə yenidən Akademik Dram Teatrına bərpa olunmaq istəyən aktyor buna nail ola bilmir.

Teatrın direktoru Azər Paşa Nemət onun səhhətində və psixikasında ciddi problemlər olmasını əsas gətirərək, Rəşidi işə götürməyib. Rəşid bu barədə son müsahibələrinin birində deyir:

“Teatrın baş rejissoru və bədii-rəhbəri Azər Paşa Nemətə müraciət etmişdim. Ondan xahiş etdim ki, mənə iş versin. O, teatrda boş yerin olmadığını dedi. Heç nə demədim, çıxıb getdim. Sonra eşitdim, deyib, Rəşid xəstədir, ona görə də işə götürə bilmərəm. Bir sözlə, məni teatra qəbul etmədilər”.

Xalq artisti Ramiz Novruz mətbuata açıqlamasında Rəşid Səməndəri qoruya bilməməsi üçün özünü bağışlamayacağını deyir:

"Rəşid Səməndər məşqlərin birində teatrın aktrisalarından biri ilə böyük dava salıb. Əsəbiləşib, aktrisaya ağzından çıxanı deyib. Küçə söyüşləri söyüb. Teatrda da bundan qorxdular. Dedilər, birdən onun əlindən xəta çıxar, nəsə edər. Onun teatrdan çıxarılması buna görə oldu. O, aktyor kimi çox talantlıdır. Nə Nurəddin Mehdixanlı, nə də mən onun oynadığı rolları oynayası deyilik, aramızda yaş fərqi var. O, mənə teatrın Fəzlullah Nəimisi deyirdi. Münasibətimiz də yaxşı idi. Çox təəssüf edirəm ki, mən onu qoruya bilmədim. Bəlkə də həmin vaxt orada olsaydım teatrdan çıxarılmasına mane olardım. Yenə deyirəm, Rəşid çox talantlı aktyordur".

Bacısı Rübabə Səməndər qardaşı haqqında deyir:

“Qardaşım faktura baxımından atama çox az oxşayır. Atama daha çox mən bənzəyirəm. Həm xasiyyətcə, həm də zahirən. Amma səsi onun səsinə çox bənzəyirdi. İstedadlı da insan idi. Onun həyatında müəyyən sarsıntılar oldu ki, görünür, bu onun sənət həyatına mane oldu. Həm də sənət mühiti çox çətin mühitdir. Orda hər adam baş çıxara bilmir. Bunun üçün gərək bir az möhkəm adam olasan. Təkcə istedad bəs eləmir”.

26 iyun 2020-ci ildə Südabə Rzayeva 70 yaşında dünyasını dəyişir. Anasının ölümündən beş ay sonra 20 noyabr 2020-ci ildə Binəqədi rayonunda Mir Cəlal küçəsi, bina 123 ünvanında yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edir.

Onun intiharından sonra tanınmış teatrşünas-tənqidçi Anar Bürcəliyev deyib:

“Rəşid sakit təbiətli bir insan idi. Son illər ona qarşı çox haqsızlıqlar oldu. Sənətdə heç bir iz qoya bilməyənlərin oyununa düşmüşdü. Sonu da intihar oldu. Yaşadığı binadan özünü atdı. Bu xəbər məni çox sarsıtdı”.

# 14529 dəfə oxunub

Oxşar xəbərlər

Aktrisa:  "Heç teatrda bilmirəm kimin neçə uşağı var"

Aktrisa: "Heç teatrda bilmirəm kimin neçə uşağı var"

09:24 26 noyabr 2024
Musiqili Teatrın dekabr repertuarı

Musiqili Teatrın dekabr repertuarı

09:35 25 noyabr 2024
Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

09:26 21 noyabr 2024
Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

17:20 20 noyabr 2024
Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

10:38 15 noyabr 2024
"Cəhənnəm sakinləri"  tamaşası Şəkidə nümayiş olundu

"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olundu

17:40 12 noyabr 2024
#
#
# # #