“Qanlı kaha: Başlıbelin mühasirə gündəliyi”ndən bir parça
Kəlbəcər rayonunun işğalından 26 il ötür. Əslində geridə qalan 26 il ərzində Kəlbəcərin işğalı barədə çox danışılıb. Amma Ermənistan ordusnun Kəlbəcəri necə və hansı şəraitdə ələ keçirdiyi çoxlarına bəlli deyil. Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun bir az əvvəl çapdan çıxmış “Qanlı kaha” kitabı Kəlbəcərin işğalı ilə bağlı bir çox qaranlıq məsələlərə işıq salır.
“Qanlı kaha” kitabı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatından bəhs edir. Sənədli-publisistik povestdə Kəlbəcərin işğalı Başlıbel kəndində kahalara sığınan dinc sakinlərin məşəqqətli mühasirə həyatı, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar şahidlərin xatirələri əsasında qələmə alınıb.
Xatırladaq ki, Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində mühasirədə qalan 76 nəfərdən 14 nəfəri aprelin 2-də mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin ərazisindəki kahalara sığınaraq mühasirə həyatını davam edib. 113 gün çəkən mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Ermənistan ordusunun Başlıbel kəndində köməksiz vəziyyətdə kahalara sığınmış əliyalın insanlara qarşı törətdiyi vəhşiliklər, evlərin yandırılması və talan edilməsi, bir gecədə 4 ailənin bütün üzvlərinin qətlə yetirilməsi Qarabağ müharibəsi dövrünün ən dəhşətli hadisələrindədir.
“Qanlı kaha” kitabında əksini tapmış bu dəhşətli hadisələrdən birini, ermənilərin kahalarda qətlə yetirdiyi şəxslərin hansı şəraitdə dəfn edilməsinə dair hekayəti oxucularaq təqdim edirik:
Gizli dəfn
“Portda” kahalarında qətlə yetirilənlərin dəfninin təşkili ayrıca bir hekayətdir. Ələsgər babanın tövsiyəsi ilə bu işlə bağlı hazırlıq tədbirlərinin təşkili Hümmət Əhmədova həvalə olunmuşdu. O zaman 55 yaşı olan Hümmət dayı dəfn işlərini yaxşı bildiyi üçün bu işi öz üzərinə götürüb. Əvvəlcə mühasirədə qalan gənclərdən ibarət iki qrup yaradılıb. Qrupların birinə Hümmət kişi, digərinə İsmət rəhbərlik edib. İsmətgilin qrupu həm də kəndin müxtəlif ərazilərində – evlərdə, küçələrdə qətlə yetirilənlərin yerini müəyyənləşdirməli idi. Bundan sonra hər iki qrup fürsət düşən kimi şəhidlərin dəfni üçün mümkün hazırlıqlara başlayıb.
Hələ işğalın ilk günlərində pərakəndə halda mühasirə vəziyyətində qalan kənd sakinləri arasında belə bir məlumat yayılmışdı ki, 67 yaşlı Tutu Əliyeva dağ yolu ilə rayon mərkəzinə doğru gedərkən “Başlıbel binəsi” yaxınlığında qarda ayağı sürüşərək uçuruma yuvarlanıb və elə oradaca dünyasını dəyişib.
Bu, aprelin 2-də olmuşdu. Hümmət Əhmədov qardaşı Binnət Əhmədov və qonşusu Yaqub Səmədovla bilikdə Tutu xalanın dəfni üçün Ağcaqız yaylağına yollanmışdılar. Onlar “Başlıbel binəsi”ndəki tövlədən bir qədər aşağıda qəbir qazaraq Tutu xalanı dəfn ediblər. Dəfn zamanı sal daşlar tapa bilmədiklərinə görə tövlənin dəmir qapısını sındıraraq qəbrin üzərinə qoyub sonra üstünü torpaqla örtüblər.
İşğalın ilk günlərində kəndin mərkəzində qətlə yetirilmiş 3 şəhidi dəfn etmək mümkün olmayıb. Çünki ermənilər tez-tez qarətə gəldikləri üçün kəndin mərkəzində qalan meyitlərə yaxınlaşmaq təhlükəli idi. Mühasirədə qalanlar həm də ondan ehtiyat edirdilər ki, kəndin içərisində qətlə yetirilmiş şəhidlərin meyitinin ətrafı ermənilər tərəfindən minalanmış olar. Ona görə də öz evinin qarşısındakı küçədə qətlə yetirilmiş Qənaət Ağamirovu, yaşadığı evdə güllələnmiş Pəri Ələsgərovanı (Salahova) və Xanlar adına kolxozun inzibati binasında diri-diri yandırılmış Taxtabaşı kənd sakini Hüseyn Səlim oğlu Hüseynovu dəfn edə bilməyiblər. Hümmət dayı bunları xatırladıqca göz yaşlarını saxlaya bilmir:
“Başlıbeldə mühasirədə qalarkən ermənilərin kəndin içərisində vəhşicəsinə qətlə yetirdiyi həmkəndlilərimizi dəfn edə bilmədiyimiz üçün təəssüflənirəm. Elə çətin vəziyyət idi ki, onları dəfn etmək mümkün deyildi...”
Taxtabaşı kəndindən olan Böyük Vətən müharibəsi veteranı, 76 yaşlı Hüseyn kişi hər iki ayağından əlil olduğundan qoltuq ağacı ilə yeriyirdi və buna görə işğal vaxtı doğmalarından ayrı düşmüşdü. Aprelin 2-də Taxtabaşıdan Xallanlıya, oradan isə Başlıbelə gələrək burada mühasirədə qalmış yerli sakinlərə sığınan Hüseyn kişi bir neçə gün ərzində Başlıbelin “Şırran dərəsi” adlanan məhəlləsindəki ən ucqar evlərin birində gizlənmişdi. Sonradan Binnət kişinin köməyi ilə “Portda”dakı kahalara sığınmış camaata qoşulmuşdu. Lakin Hüseyn kişi aprelin 18-də baş verən döyüşdən sonra qeyri-müəyyən şəraitdə yoxa çıxmışdı. Aradan bir müddət keçəndən sonra məlum olmuşdu ki, erməni quldurları 76 yaşlı Hüseyn kişini diri-diri yandırıblar. Onun işgəncə ilə qətlə yetirildiyini İsmət Əzizov, Səlim Mehdiyev və Mahir Cəfərov kəşfiyyat məlumatları toplamaq üçün gizləndikləri kahalardan kəndin mərkəzinə gedərkən öyrənmişdilər.
Başlıbeldə el ağsaqqalı kimi böyük hörmət sahibi olan Hüseyn Yusifov isə mühasirədə qalanlar kahalara sığınandan 6 gün sonra dünyasını dəyişmişdi. Çətin şəraitdə yaşamağa baxmayaraq, kahadakılar onu dini adət-ənənələrə uyğun şəkildə dəfn etmişdilər.
Hümmət dayı şəhidlərin dəfni barədə xatirələrini danışarkən həmin məqamı təfsilatı ilə nağıl edir:
“Çox təəssüf ki, Hüseyn kişini tez itirdik. O, yaşlı olmasına baxmayaraq, çox sağlam idi. Başımıza gələnlərdən söhbət düşəndə deyirdi ki, ermənilərin vəhşiliklərini heç Böyük Vətən müharibəsində faşistlərdə də görməmişəm, onların qəddarlığına heç cür dözə bilmirəm. Doğrudan da, dözə bilmədi, aprelin 11-də dünyasını dəyişdi. Onun ölümü mühasirədə qalan camaata çox pis təsir etmişdi. Onda cavanlar köməkləşib Hüseyn kişini də “Portda”dakı kahalara aparmışdılar. O vaxt Çiçəklə mən hələ “Portda”ya çıxmamışdıq, “Şırran dərəsi”ndə – rəhmətlik Sadıqov Məhəmmədin evində qalırdıq. Amma kahadakı camaatla hər gün əlaqəmiz olurdu, uşaqlar gəlib kənddən ərzaq aparanda bizə baş çəkirdilər. Mahirlə İsmət tez-tez gəlib deyirdilər ki, sizin burada qalmağınız təhlükəlidir, Çiçək xalanı belimizdə kahaya aparacağıq. Qardaşım Binnət isə hər gün eyni vaxtda yanımıza gəlirdi. Bir dəfə Binnət “Şırran kahası”ndan gec gəldi. Niyə gecikdiyini soruşanda dedi ki, Hüseyn kişi rəhmətə getdi, onu dəfn eləyəndən sonra gəldim. Onda Binnət qəbir qazmaq üçün “Portda”ya bel, düsər, lom da aparmışdı”.
Xasay şəhidlərin dəfni üçün çox tələsirdi. Axı, “Portda”dakı döyüş zamanı ermənilərin vəhşicəsinə qətlə yetirdiyi adamlardan 4-ü onun ailə üzvləri idi – atası Məhəmməd kişi, qardaşları Surxay və Çingiz, 19 yaşlı bacısı Aygün. O, “Nəbinin kahası”na sığınan ilk günlərdən mühasirə yoldaşlarından xahiş edirdi ki, “Portda”dakı şəhidlərin dəfni çox yubanmasın. Hamı onu çox yaxşı başa düşürdü. Ancaq ermənilərin gözü qarşısında bu işi görmək çox təhlükəli idi. Ona görə də şəhidləri yalnız gecə saatlarında dəfn edirdilər, səhər işıqlaşan kimi işi yarımçıq qoyub geri qayıdırdılar. Qorxurdular ki, ermənilər onları kənardan izləyə bilər. Hətta bir neçə dəfə qəbir qazmaq üçün “Portda”ya gedərkən yoldan qayıtmışdılar. Quldurlar Portda-Şırran-Qayabaşı zonasının lap yaxınlığında, “Şırran dərəsi” məhəlləsində tez-tez görünürdülər.
Hümmət dayı həmin epizodlardan birini xatırlayır:
“Bir dəfə axşam qaranlıq düşəndən sonra Xasayla birlikdə şəhidləri dəfn eləmək üçün “Portda”ya gedirdik. Silahlı əsgərlərdən biri – gədəbəyli Müzahim də bizimlə idi. “Nəbinin kahası”ndan keçib gəldiyimiz dərələrdə qalın qar vardı, Müzahimin çəkmələri cırılıb əldən düşmüşdü, qar ayaqlarına dolurdu. “Telmanbiçən”ə çatanda Müzahim “Ay Hümmət dayı, and olsun Allaha, yeriyə bilmirəm”, – deyib qarın üstündə uzandı. Müzahim hərbçi idi, sanki qarşıda təhlükə olduğunu hiss etmişdi. Amma bunu boynuna almadı, and içdi ki, həqiqətən, yeriyə bilmir, çəkmələrinə qar dolduğu üçün ayaqları donurdu, taqəti qalmamışdı. Onun vəziyyətini, qarşıda ermənilərin pusquda dayanma ehtimalını və düşmənlə qarşı-qarşıya gələ biləcəyimizi nəzərə alaraq Xasaya təklif etdim ki, geri qayıdaq, şəhidləri dəfn etmək üçün başqa vaxt gələrik. Xasay könülsüz də olsa, razılaşdı. Həmin gecə şəhidləri dəfn edə bilməyib geriyə qayıtdıq. “Nəbinin kahası”na az qalmış Müzahim dedi ki, “Şırran”da ermənilərin güllə səsini eşidib. Amma bizi qorxutmamaq üçün bunu deməyib, fikirləşib ki, təşvişə düşüb səs-küy salarıq. Ona görə, yeriyə bilmədiyini bəhanə edirmiş”.
Şırran-Portda-Qayabaşı zonasındakı kahalarda qalan meyitləri atışmadan düz 24 gün sonra, mayın 12-də dəfn etmək mümkün oldu. Şəhidlərin dəfninin bu qədər gecikməsinə əsas səbəb erməni quldurlarının mütəmadi olaraq Başlıbel kəndini nəzarətdə saxlamaları idi. Elə buna görə də aprelin 18-dəki atışma zamanı “Portda” kahalarında qətlə yetirilənlərin hamısı silahlı gənclərin müşayiəti ilə və gizli şəkildə dəfn olunub.
İsmət Əzizov həmin günləri belə xatırlayır:
“Ermənilər qarəti başa çatdırandan sonra kəndə az-az gəlirdilər. Həm də havalar qızırdı. Ona görə də qərara gəldik ki, bir neçə nəfər qrup şəklində “Portda”ya gedib həlak olanları dəfn etməliyik. “Portda” da həlak olanların dəfninə mayın 12-də getdik. Şəhidlərin hər biri üçün sıra ilə qəbir qazdıq, hərəsini öz yorğanlarına büküb dəfn etdik. Əhliman kişi ilə Vüqarı yanaşı qəbirlərdə, onlardan bir az aralıda isə digər şəhidləri dəfn etdik. Üç sırada qəbirlər qazmışdıq, şəhidlərin altısını bir sırada, dördünü bir, ikisini isə sonuncu sırada torpağa tapşırdıq. Onların hamısını iki gün ərzində dəfn etdik. Dəfndə Hümmət kişi, Qədim kişi, Ələkbər Sönməz, Xasay, Müzahim, Səlim, Məzahir, Mahir, Cəlləd və mən iştirak etmişik. Amma ilk dəfə dəfnə Hümmət dayı, Ələkbər Sönməz, Xasay, Qədim kişi və Müzahimdən ibarət qrup getmişdi. Biz onların dəfnə getməsindən həmin gün günortadan sonra xəbər tutduq. Ərzaq gətirmək üçün hər gün kəndə getdiyimizə görə bərk yorulurduq. Günorta Hümmət kişigilin dəfnə yollanması xəbərini eşidəndən sonra biz də getdik. Sevil və Laləzar da bizə qoşuldu. Sevilin anası və 12 yaşlı bacısı, Laləzarın atası da orada şəhid olmuşdu. “Portda”ya çatanda gördük ki, bizdən əvvəl gələn dəstə kahadakı meyitlərdən dörd-beşini dəfn ediblər. Anasının və bacısının onun iştirakı olmadan dəfn olunması Sevilə çox pis təsir eləmişdi. Hamımız köməkləşib şəhidlərdən bir neçəsini dəfn edəndən sonra “Nəbinin kahası”na qayıtdıq. Səhəri gün yenidən dəfnə getdik, bu dəfə zərdablı Vüqarı, Əhliman kişini və Gülara xalanı torpağa tapşırdıq”.
Ermənilərin Şırran-Portda-Qayabaşı zonasındakı kahalarda törətdikləri qətliamda şəhid olanların hamısı elə həmin ərazidə – kahaların alt hissəsindəki yamacda dəfn edilib. “Portda”dakı döyüşdə qəhrəmancasına şəhid olmuş zərdablı əsgər Vüqar Abdullayev və Əhliman kişi həmin hadisədən təxminən 20-25 gün sonra torpağa tapşırılıb.
Hümmət dayı “Portda”dakı atışma zamanı həlak olmuş şəhidlərin dəfnindən danışarkən xatırlayır:
“Şəhidlərin dəfni çox əziyyətli və təhlükəli idi. Ona görə də dəfndə hamımız iştirak etməyə çalışırdıq ki, bir-birimizə kömək edə bilək. “Portda”da həlak olan şəhidləri yalnız gecə saatlarında dəfn edirdik ki, ermənilər görməsin. Çiçəyi dəfn edəndə gündüz idi, kənddə çoxlu ermənilər vardı, gözümüzün qabağında evləri qarət edirdilər. Ona görə də qəbirləri qayaların arxasındakı yamacda qazırdıq ki, kənddə olan ermənilər bizi görməsin. Rəhmətlik Gülaranı səhərə yaxın dəfn etdik, işıqlaşan vaxt qayıdıb “Nəbinin kahası”na getdik. Hər dəfə şəhidləri dəfn etməyə gələndə çox vahimələnirdik. Meyitlərə yaxınlaşmaq da qorxulu idi.
Dəfn işlərini gecə saatlarında görmək daha əziyyətli idi. Bəzən bir qəbri qazmağa 8-10 saat vaxt sərf edirdik. Çünki kənardan düşmən bizi izləyirdi deyə, saatlarla oturub təhlükənin aradan qalxmasını gözləyirdik. Ona görə də gecə dəfnə gələndə cibimizdə dürmək götürürdük ki, sığınacağa gec qayıtmalı olsaq, ac qalmayaq. Səhər işıqlaşan vaxt işimizi yarımçıq qoyub dağlara çəkilirdik. Şəhidləri dəfn etdiyimiz ərazidən bir az aralıda – “Taxta yurd”dakı bulağın yanında otururub dincəlirdik, cibimizdən dürməyi çıxarıb yeyəndən sonra yolumuza davam edirdik.
“Portda”dakı atışmada qətlə yetirilən sonuncu şəhidi torpağa tapşırandan sonra buradakı yeni qəbiristanlıqda dəfn olunanların ruhlarına dualar oxuyub onlarla vidalaşdıq. Belə bir vida sözü söylədim: “Ey mənim ellilərim! Sizə çəkdiyimiz zəhmət halalınız olsun. Erməni gülləsinə tuş gəlsəniz də, öz doğma torpağımıza qismət oldunuz. Sizi müvəqqəti olaraq yiyələriniz gələnə qədər torpağa əmanətə veririk. Onlar gələndən sonra, yəqin ki, sizləri dünyadan köçmüş doğmalarınızın yanına köçürərlər”.
Şəhidlərin hamısı hər birimiz üçün çox əzizdir. Amma yetim və kimsəsiz Gülaranın faciəli ölümü məni daha çox ağrıtdı. O, tək övlad idi, yetim və kimsəsiz böyümüşdü. Gülaranı xalası Gülgəzdən ayırmadım, onları yanaşı qəbirdə dəfn etdik”.
Mayaxanım nənə isə “Portda”da qətlə yetirilmiş şəhidlərdən bir neçə gün əvvəl dəfn olunub. Ermənilər onu “Kahanın başı” məhəlləsində, “Qalaça”nın ətəyində yerləşən sonuncu evdə – Hüseynin mənzilində qətlə yetirmişdi. Təxminən 10 gün sonra oğulluğu Qədim Qədimov onu mühasirə yoldaşlarının yaxından köməyi ilə “Aşağı qalaça”da dəfn etmişdi.
İndi 83 yaşı olan Qədim dayı doğma anası qədər sevdiyi Mayaxanım nənənin nə vaxt dəfn olunduğunu dəqiq xatırlamır. Lakin həmin gün üzləşdiyi çətinliklər, keçirdikləri həyəcan olduğu kimi yadındadır:
“Aprelin 24-də “Nəbinin kahası”na yığışandan sonra Mayaxanım nənəmdən xəbər tutmaq üçün kəndə getmək istəyirdim, onun başına gələnlərdən xəbərsiz idik. Amma ermənilər kənddə olduğuna görə tək getməyə qorxurdum. Bir neçə gündən sonra Xasay, Ələkbər Sönməz və Hümmət kişi ilə birlikdə “Kahanın başı”na gəldik. Gördük ki, ermənilər nənəmi öldürüblər. Çəliyi əlinə alıb çölə çıxmaq istəyəndə qapının ağzındaca vurmuşdular. Köməkləşib meyiti nərdivanın üzərinə uzatdıq, xərək kimi götürüb “Aşağı qalaça”nın altındakı düzənliyə apardıq. Burada Hümmət kişi qəbir qazdı, arvadın üst geyimlərini çıxarıb dəfn elədik...”
Beləliklə, Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində qətlə yetirilmiş 18 nəfərdən 13-ü “Portda”da, 1-i “Qalaça”da, 1-i “Başlıbel binəsi”ndə dəfn olunub. Erməni quldurlarının kənddəki evlərdə qəddarcasına qətlə yetirdiyi 3 nəfəri isə dəfn etmək mümkün olmayıb. Bunlar Ağamirov Qənaət İsmayıl oğlu, Ələsgərova (Salahova) Pəri Əbdürrəhim qızı və Taxtabaşı kənd sakini Hüseynov Hüseyn Səlim oğludur.