250 qadınla yatan, bacısı ilə sevgili olan, məşuqəsinin qafatasında şərab içən şair

 250 qadınla yatan, bacısı ilə sevgili olan, məşuqəsinin qafatasında şərab içən şair
11 oktyabr 2019
# 15:33

Kulis.az Corc Bayronun həyatı haqqında yazını təqdim edir.

Həqiqət çox qəribədir, hiylədən də qəribə. Belə söylərdi. Bəlkə də bu kəlmələr onun həyatını, yaşamını təqdim etməkçün ən uyğun sözlərdi.

Dəli Cek deyilən birinin oğlu olması hər halda Bayronun gələcək həyatına da təsir etmişdi. Nə də olsa onun genlərini daşıyırdı. Düzdü, atasının “tərbiyəsini” görməyə o qədər də şansı olmadı. Çünki hələ üç yaşı olarkən dəli Cek içki aludəçiliyi səbəbindən ölmüşdü. Buna baxmayaraq Bayron yenə də atasına bənzəyirdi. Onsuz da anasına bənzəmək, onu sevmək kimi bir lüksü yox idi. Anası ondan nifrət edir, onu döyür, bir dəfəsə öldürməyə cəhd etmişdi. Ayaqlarındakı qüsura görə ona axsaq deyə xitab edirdi. Bayronun dayəsi isə ona doqquz yaşında təcavüz etmişdi. Bu qədər talesizliyə baxmayaraq əmisinin mirası ona qalmışdı. O da bundan sonra əmisi baron Bayronun həm adını, həm də mirasını götürdü.

Bayron böyüdükcə yaraşıqlı bir gəncə çevrildi. Atletik bədən quruluşu onun ayaq qüsurunu örtürdü. Bir problemi vardı ki, o da yeməyə və çəki almağa meyilli olmağı idi. Amma bu da zamanla yerinə düşdü. Çünki onun əsl qidası seks idi. Bayron təkcə Venesiyada yaşadığı bir il ərzində 250 qadınla yatmışdı. Bu siyahıda ledi Karolina, xalası qızı İzabella və deyilənlərə görə ögey bacısı Avqusta Ley də var idi. Bayron qadınlarla kifayətlənmir, özünə kişi sevgililər də tapırdı. Daha çox az yaşlı oğlanları seçən Bayron bununla da doymayaraq mümkün olan bütün canlı tiplərini yatağına salmağa çalışırdı. Deyilənlərə inanılsa, o bəzi heyvanlarla da sevişmişdi.

Məşuqəsinin baş skeletində şərab içirdi

Nəticədə Bayron Avropanın ən şorgöz kişisi kimi tanındı. Şeirləri onun haqqında olan dedi-qodular qədər məşhur ola bilmədi. Həyatı o qədər qəribə idi ki, başqa cür olması da mümkün deyildi. Bəzi dedi-qodulara görəsə, Bayron şərabı insan başı skeletində içirdi. Deyilənlərə görə bu baş bir keşişin, bəzilərinə görəsə keçmiş məşuqəsinin başı idi. 1815-ci ildən evli olduğu Ledi Bayron onun bu hərəkətlərinə yalnız bir il dözə bildi. 1816-cı ildəsə ondan boşandı. Bu hadisədən sonra Avropa səyahətinə çıxan şair bir daha geri dönmədi. İngilislərin dedi-qodusundan, qınaqlarından qurtulmağın tək yolu da bu idi.

Bayron həmin ilin yazını İsveçrədə keçirdi. Burada şəxsi həkimi Con Polidori ilə yaşadı. Onlar şair Şelli və nişanlısı Qodvin ilə dost oldular. Şair burada qorxunc hekayələr yazaraq həyatına daha bir əyləncə qatdı. Qodvin Frankşteyn romanını həmin ərəfədə yazmağa başladı. Polidori isə “Vampir”inə ilhamı yenə Bayrondan aldı. Bu əsər Drakula əsəri üçün bəhrələnmə mənbəyi oldu.

Yunanların qəhrəmanı oldu

İsveçrədən İtaliyaya köçən Bayron burada evli xanımlarla sevgi yaşamağa başladı. Ən yadda qalanını ərli Teresa ilə yaşayan şair 1823-cü ildə Yunanıstana səfər etdi. Yunanların Osmanlılara qarşı azadlıq mücadiləsinə dəstək verdi. Heç bir hərbi bacarığı olmasına baxmayaraq yunanlılara hərbi təlimlər keçdi, onlara maddi yardımda böyük dəstək oldu. Şair bu gün də Yunanıstanın milli qəhrəmanı sayılır.

Hər hansı bir döyüş görməyən şair ağır xəstələndi və 1824-cü ildə vəfat etdi. Bütün İngiltərəni yasa bürüyən ölümdən sonra şairin dostları Londona toplaşaraq şairin gündəliyini oxumağa başladı. Gündəlikdə qəribə seksual macəraları oxuyan dostları bundan narahatlıq keçirdi. Az qala qəhrəmana çevrilən bir adamın bu gündəliyini xalq oxusaydı əsl biabırçılıq olardı. Həmçinin, şair haqqında yaradılmış qəhrəmanlıq obrazı dağıla bilərdi. Bütün bunları nəzərə alan şairin dostları həmin gündəliyi yandırdılar.

Qıl kolleksiyası

Bayronun dövründə foto olmadığına görə şair sevgililərindən xatirə saxlamaq üçün qəribə yol seçmişdi. O, sevişdiyi hər qadının vaginasından tük götürərək zərfə qoyur, sonrasa həmin sevgilisinin adını zərfin üzərinə yazırdı. Zərflər və tüklər 1980-cı ilə qədər Londondakı Bayron nəşriyyatındakı dosyedə qalırdı. Amma həmin ildən sonra zərflərin və tüklərin aqibəti məlum deyil. Ola bilsin, hansısa kolleksionerin əlinə keçib və ya məhv edilib...

Bayronun cinsi münasibətləri arasında ögey bacısı Avqust Leyin də adı hallanır. Düzdü, Ley həmin vaxt evli idi. Amma bir qadının ərli və ya subay olması Bayron üçün elə də önəm kəsb etmirdi. Leyin qızı Medoranın əslində Bayronun qızı olduğu deyilir. Bir növ o həm dayı, həm ata, həm qardaş idi. Tüklər ürpədən bu şəxsi imic Bayron haqqında yaşayan deyimləri heç zaman əksiltməyəcək..

Ayısını universitet professorundan üstün tuturdu

Bayron ərli və gənc oğlanlarla bərabər heyvanları da sevirdi. Heyvan kolleksiyasında at, qaz, meymun, porsuq, tülkü, tutuquşu, şahin, afrika toyuğu da var idi. Şair Kembricdə oxuyarkən it saxlamaq qadağasına etiraz olaraq evində ayı saxladı. Hətta məktublarında evindəki ayının universitetdə daha yaxşı müəllimlik edə biləcəyini söyləyəcək qədər cəsarət tapmışdı.

Beppo adlı pişiyindən əlavə beş pişiyi də var idi. Səyahət edərkən onları özüylə aparmağı sevərdi. Şairin ən çox sevdiyi heyvansa Boatsven adlı iti idi. 1808-ci ildə quduzluqdan ölən itinə şeir həsr elədi, hətta ailə qəbiristanlığında ona abidə qoydurdu.

Heyvanlara olan sevgisini paylaşa bilməyən arvadı Ledi Bayron boşandıqdan sonra belə deyirdi: “Onun kimi qəddar insanın heyvanlara olan şəfqətini, sevgisini anlamaq çətindir. Əslində, heyvanlara qarşı şəfqətli olmasının səbəbi heyvanların şüursuz olmağından onun şiddətini qınaya bilməməsidir.”

36 yaşındakı ölümünün rahatlıqla qarşısı alına bilərdi. Yağışlı havada sətəlcəm olan şairin qanını həkimlər həddən artıq almışdı. Yanlış həkim müdaxiləsindən sonra şair 24 saat ərzində gözlərini əbədi yumdu.

Bayron Vestminster kilsə məzarlığında dəfn olunmaq istəyirdi. Amma keşişlər buna etiraz etdi. Səbəbsə şairin həyat yolu idi. Şair beləcə ailə məzarlığında dəfn edildi. 1938-ci ilin iyununda tam məlum olmayan səbəblərdən şairin məzarı açıldı. Cəsədi görmək üçün məzarın başına 40 nəfər toplaşmışdı. Görənlərdən biri cəsədin hələ də yaxşı qaldığını qeyd etdi. Məzarda dəfn edilməyən beyni, qəlbi, sağ ayağı xaric cəsəd 114 il keçməsinə baxmayaraq yeni görünürdü. Hətta bir nəfərin qeydisə daha qəribə idi: “ 114 il keçməsinə baxmayaraq şairin cinsi orqanı hələ də oyaq idi...”

Qeyd: Materialda "Böyük yazarların gizli həyatları" adlı kitabdan istifadə edilib.

Image result for Böyük yazarların gizli hayatları kitabı

# 13853 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #