Xəbər verdiyimiz kimi bu yaxınlarda Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabı çap olunub. Kitab ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bir sıra tarixçilər, o cümlədən tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl kitab və kitabda səsləndirilən bəzi fikirlərə münasibət bildirib. Həsən Həsənov öz növbəsində Cavid İsmayılın səsləndirdiyi fikirləri cavablandırıb.
Kulis.az Həsən Həsənovun Cavid İsmayıla cavabını təqdim edir.
***
İlk növbədə tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın cavabını təqdim edirəm:
“Həsən Həsənovun Azərbaycanın qədim tarixinə işıq salmaq cəhdləri alqışa layiqdir. Ən azı ona görə ki, Azərbaycanın qədim tarixinə dair mənbələr çox azdır. Kitabı hələ oxumasam da, Həsən müəllimin müsahibəsini oxudum, özü də bir neçə dəfə. "Karxi de bet Selox" adlı Suriya xronikası və Ammian Martsellinin əsərlərinin senzura ilə tərcümə olunması haqqında fikirləri maraqlı gəldi. Mən indi bu açıqlamaya AMEA Tarix İnstitutundan və o dövrün tədqiqatçılarından münasibət gözləyirəm. Eyni zamanda etiraf edirəm ki, Həsən Həsənovun fikirləri hələ mənə inandırıcı təsir bağışlamır. Çünki bir tərəfdən özü deyir ki, dövlətin adı Adorbayqan olub, o biri tərəfdən də deyir ki, Azərbaycan adlı dövlət e.ə. VII əsrdə yaranıb. Təzad deyilmi? Fakt hələ də faktlığında qalır ki, qədim zamanlardan Atropatena, Adorbayqan, Azərbaycan kimi çəkilən ərazi adı yalnız 1918-ci ildə dövlət adı kimi rəsmiləşib ki, bu da Xalq Cümhuriyyəti sayəsində olub. Bir məsələyə də təəssüf edirəm ki, Azərbaycan tarixinin erməni iddialarının təkzibi üzərində yazılması cəhdləri davam edir və Həsən Həsənov da bu çərçivədən kənara çıxa bilməyib. Tarix təkzib üzərində yox, olduğu kimi yazılmalıdır.
Tariximizi daha da qədimləşdirməklə nəyə nail olacağıq ki? Fakt budur ki, tarix boyu ərazilərimizi qonşularımıza, o cümlədən də ermənilərə peşkəş edə-edə gəlmişik və Atatürklə Kazım Qarabəkir paşa olmasaydı, Həsən Həsənovun böyük simpatiya bəslədiyi Nəriman Nərimanov Naxçıvanı da ermənilərə hədiyyə edəcəkdi. İtirdiyimiz əraziləri bundan sonra heç kim boşqabda gətirib öz xoşu ilə bizə qaytaran deyil. Ona görə də tariximizi süni yolla qədimləşdirməkdənsə, o əraziləri qaytara biləcək müasir düşüncəli nəsil yetişdirmək və güclü ordu formalaşdırmağı davam etdirmək lazımdır.”
Moskvanın «Вече» nəşriyyatının “Всемирная история” seriyasında 2017-ci ildə rus dilində buraxılmış “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabımın təqdimatından yayılan məlumatları internet şəbəkəsində bir çox ölkələrdən izləyən oxucuların sayı artıq yüz mindən çoxdur. Onların arasında təbii olaraq müsbət və mənfi fikir söyləyənlər var. Ona görə də bəlkə həmin çoxsaylı qənaətlərdən biri kimi APA holdinqin Kulis.lent.az saytında Cavid İsmayıl imzalı izləyicinin fikirlərinə də sadəcə baxıb keçmək olardı. Lakin həmin şəxs holdinqin direktorlar şurasının üzvü olaraq özünü tarix üzrə fəlsəfə doktoru kimi təqdim edir. Deməli, bu rəy bir tarixçi alimin yanaşması kimi dəyərləndirilə bilər. Ona görə də həmin fikirlərə münasibət bildirməyi zəruri saydım.
Əvvəlcə sərlövhələrdən başlayaq
Saytda kitabımla bağlı qeydlər öncə “Həsən Həsənovun Azərbaycanla bağlı yazdıqları cəfəngiyyatdır” başlığı ilə təqdim olunmuşdu. Həmin ifadə tərzinin etik baxımdan nə dərəcədə düzgün olmasını bir kənara qoyaq. Vurğulamaq lazım gəlir ki, belə kəskin iddiamla yazısını başlayan, kimisə cəfəngiyyat yazmaqda ittiham edirsə gərək öz yazısına daha diqqətli olsun. Lakin həmin sərlövhə özü-özlüyündə cəfəngiyyat mənalıdır. Bilənlər bilir, bilməyənlər üçün də bildirirəm ki, Həsən Həsənov yarım əsrdən çoxdur ki, Azərbaycanla bağlı fikirlər söyləyir və yazır. Sərlövhə ümumiləşdirici olduğuna görə sual doğur: Həsən Həsənovun hansı fikirləri nəzərdə tutulur? Başlığın müəllifi iddia edə bilər ki, məqsədi müzakirə olunan kitabdır. Bu halda ikinci sual yaranır: Həsən Həsənovun həmin kitabında Azərbaycanla bağlı onlarla fikir əksini tapıb. Onlardan hansını nəzərdə tutursunuz?
Saytda həmin sərlövhə bir müddət sonra dəyişdirilərək “Azərbaycan adı eramızdan əvvəl yaranıb?” şəklində verilir. Buna qaş düzəldən yerdə göz çıxarmaq deyərlər. Guya kobud səslənən ifadəni daha elmi bir cümlə ilə əvəzləmək istənilib. Lakin həqiqət budur ki, yeni sərlövhə onu “tapan” şəxsin dürüst elmi məlumatlardan çox-çox uzaqda olduğunu nümayiş etdirir. Niyə? Çünki sual işarəsi guya mənim əsərimin əsas fikirlərindən biri olan Azərbaycan adlı dövlətin e.ə. 612-ci ildə yarandığını şübhə altına qoyur. Əslində isə bu sual onun müəllifinin özünün elmi biliyini sual altına qoyur. Nədən? Çünki Azərbaycan adlı dövlətin e.ə. yaranması fikrinin müəllifi mən deyiləm. Həmin fikri iki min il bundan əvvəl Strabon demişdi. Strabonun məlumatı artıq yüz ildən çoxdur ki, alimlər tərəfindən təsdiqlənməkdədir. Mən sadəcə bu hadisəni daha qədim dövrlərə aparan A.Marsellinin və “Karxi de bet Selox”-un məlumatlarını elmi tədqiqatlara cəlb etmişəm.
Beləliklə sərlövhələrdə sualların bu şəkildə qoyuluşu özü cavab verir ki, kimin yazdıqları cəfəngiyyatdır! (Əfsuslar olsun ki, sərlövhələrin müəllifinin, yaxud müəlliflərinin kim olduğu mənə qaranlıqdır
İndi isə bilavasitə Cavid İsmayılın verdiyi bəyanatda irəli sürülən fikirlərə və iradlara münasibətimi bildirmək istərdim.
1. Cavid İsmayıl yazır: “Azərbaycanın qədim tarixinə aid mənbələr çox azdır”.
[C. İsmayılın bu fikri ilə tanış olan bir filoloqun qeydləri: “İlk növbədə yazı Azərbaycan dilində olduğundan ana dilimizi incidən bir məqama diqqət yönəldirəm. Çox çoxdur, az da az. “Çox az” ifadəsi düzgün deyildir, məntiqsizdir. “Lap çox”, “lap az” deyilə bilər. Amma Azərbaycan dilinin tələblərinə, sözlərin semantikasına az-çox bələd olan alim, jurnalist, yaxud dili peşəkarcasına istifadə etməli olan istənilən şəxs “çox az” deməməli, yazmamalıdır].
Mənbələr nəinki az deyil, əksinə, lazımi qədərdir. Sadəcə onlardan düzgün istifadə etmək və düzgün nəticə çıxarmaq lazımdır. Hər halda Azərbaycanın qədim tarixinə aid mənim istifadə etdiyim iki mənbə elmə məlum idi, amma istifadə olunmurdu.
2. Cavid İsmayıl: “Kitabı hələ oxumasam da, Həsən müəllimin müsahibəsini oxudum, özü də bir neçə dəfə”.
Alimliyin, elmin, elmi diskussiyanın bəlli şərtləri, qaydaları var. Jurnalist tərəfindən verilən məlumat elmi əsərə qiymət vermək üçün əsas götürülə bilməz. Hətta müsahibə əsərin müəllifindən alınmış olsa belə. Elmi əsər haqqında müsahibə və jurnalistin verdiyi məlumat geniş kütlə üçündür, alim üçün isə həmin məlumatlar sadəcə əsərlə tanış olmaqdan ötrü bir çağırışdır. Mənə belə gəlir ki, mütəxəssis-alim hər hansı elmi əsərlə bilavasitə tanış olandan sonra fikir söyləsə, daha obyektiv ola bilər.
3. Cavid İsmayıl: "Karxi de bet Selox" adlı Suriya xronikası və Ammian Martsellinin əsərlərinin senzura ilə tərcümə olunması haqqında fikirləri maraqlı gəldi. Mən indi bu açıqlamaya AMEA Tarix İnstitutundan və o dövrün tədqiqatçılarından münasibət gözləyirəm”.
1986-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası antik müəlliflərin Atropatena/Azərbaycan haqqında yazdıqlarını toplu şəklində buraxmışdı. Kitabın girişində qeyd olunur ki, Ammian Martsellinin əsəri rus dilinə tərcümə olunub və orada Atropatena haqqında məlumat var. Lakin 41 antik müəllifin əsərlərindən parçalar verildiyi halda, A.Martsellinin əsərindən heç bir parça verilməmişdi.
1989-cu ildə İqrar Əliyev “Очерк истории Атропатены” adlı əsər yazmışdı. İqrar Əliyev bu əsərində Ammian Martsellinin əsərinə üç-dörd dəfə istinad edir. Lakin o, A.Martsellinin Atropatenanın/Azərbaycanın yaranma dövrünə aid fikrini kitabında əks etdirməyib. “Karxi de bet Selox” əsəri XX əsrin 50-ci illərində qədim Suriya dilindən rus dilinə tərcümə olunmuş və beləliklə, Azərbaycanın yaranma dövrü ilə bağlı fikir sovet elminə məlum olmuşdu. Lakin İqrar Əliyev bu məlumatı da yuxarıda adıçəkilən kitabında qeyd etməyib. Sual olunur: niyə? Bu fikrə mən ancaq cümləmin əvvəlinə, ən yumşaq şəkildə ifadə edilərsə, “güman ki”, “yəqin ki” deyərək cavab verə bilərəm. Yəqin ki, mənbələrdə deyilən bu fikirlər ya İqrar Əliyevin elmi konsepsiyasına uyğun gəlmirdi, ya da kiminsə tərəfindən onların istifadəsi ona məsləhət görülmürdü, ya da qadağa qoyulurdu. Məsləhət görməyənlər, ya qadağa qoyanlar kimlər ola bilərdi, bu, artıq ayrı sualdır.
4. Cavid İsmayıl: “Eyni zamanda etiraf edirəm ki, Həsən Həsənovun fikirləri hələ mənə inandırıcı təsir bağışlamır. Çünki bir tərəfdən özü deyir ki, dövlətin adı Adorbayqan olub, o biri tərəfdən də deyir ki, Azərbaycan adlı dövlət e.ə. VII əsrdə yaranıb. Təzad deyilmi?”
Aydınlaşdırmaq istərdim: Siz nəyi “təzad” sayırsınız? “Azərbaycan” və “Adorbayqan” sözlərinin identik olduğunu, yoxsa Azərbaycan/Adorbayqan adlı dövlətin e.ə. VII əsrdə yarandığını? Hər halda çalışaram hər iki fikrə münasibətimi bildirim. Kitabımın xüsusi bölməsində Adorbayqan/Azərbaycan sözünün 30-a yaxın fonetik versiyasını sadalayıram. Əslində isə bu versiyaların sayı daha da çoxdur. Əsərimdə bir neçə Avropa aliminin fikrini gətirirəm ki, bizim bu gün “Azərbaycan” səslənişində işlətdiyimiz söz antik dövrdən zamanımıza qədər bu sözün müxtəlif fonetik formada işlənilən versiyaları ilə tam eynidir. O ki qaldı Azərbaycan adlı dövlətin e.ə. VII əsrdə yaranmasına, bu haqda mən ehtimal deyil, mənbələr və tədqiqatçılar tərəfindən irəli sürülən faktlara əsaslanıram. O mənbələri və faktları bilmək üçün məsləhət görürəm müsahibə ilə məhdudlaşmayasınız və əsərin mətni ilə tanış olasınız.
5. Cavid İsmayıl: “Fakt hələ də faktlığında qalır ki, qədim zamanlardan Atropatena, Adorbayqan, Azərbaycan kimi çəkilən ərazi adı yalnız 1918-ci ildə dövlət adı kimi rəsmiləşib ki, bu da Xalq Cümhuriyyəti sayəsində olub”, –yazır və israrlıdır ki: “Fakt hələ də faktlığında qalır ki, qədim zamanlardan Atropatena, Adorbayqan, Azərbaycan kimi çəkilən ərazi adıdır”.
Düşünərək ki, bu dediyiniz fikirlər, elmi tədqiqatlarınızın məhsuludur, sizin həmin mövzudan olan əsərlərinizi axtardım, lakin onlara rast gəlmədim. Bəlkə də yaxşı axtarmamışam. Siz sadaladığınız “Atropatena, Adorbayqan, Azərbaycan”ın dövlət deyil, sırf ərazi adı olduğu haqda məlumat verən mənbələri tapa, göstərə, ictiamiləşdirə bilərsinizmi? Bunu edə bilsəydiniz, Sizə təşəkkür edərdim. Mən istinad etdiyim hər hansı mənbənin dəqiq ünvanını sizə təqdim etməyə hazıram.
Birinci – “Azərbaycan” sözünün “ərazi”, yoxsa “dövlət” adı olduğunu antik dövrə aid mənbələrdə izləyək. Azərbaycan sözünün müxtəlif fonetik versiyaları ilə mən yunan, Roma, Bizans, ərəb, fars (pəhləvi daxil olmaqla), Suriya, Efiopiya, erkən xristian mənbələrində rast gəlmişəm və onları əsərimdə istifadə etmişəm. Bu mənbələrin hamısı “Azərbaycan” sözünü və onun onlarca fonetik versiyasını ancaq dövlət və yaxud imperiyalar (Midiya, Əhəməni, İskəndərin, Sasani) tərkibində muxtar siyasi qurum adı kimi təqdim edir. “Azərbaycan” sözü necə ərazi adı ola bilərdi ki, antik və orta əsr mənbələri nəinki Azərbaycanın hakimlərinin adını, hətta Azərbaycanın çoxəsrlik hakim sülaləsinin mövcudluğu haqda məlumat verirlər?! Bir neçə Avropa alimi hesab edir ki, Atropatidlər sülaləsinin nümayəndələri e.ə. VII əsrdən başlayaraq hətta Sasanilər hakimiyyətə gələn dövrə qədər, yəni 8 əsr müddətində öz vətənlərini idarə ediblər (hətta imperiya dövründə də). Bir neçə antik mənbə və Avropa tədqiqatçısı belə nəticəyə gəlib ki, Azərbaycanın hakim sülaləsinin nümayəndələri hətta Ermənistanın və Parfiyanın hakimləri olublar.
İkinci – “Azərbaycan” sözünün “ərazi”, yoxsa “dövlət” adı olduğu haqda İslam dövrünün mənbələrini izləyək. VIII-XIII əsrlər müddətində fəaliyyət göstərən İbn al-Müqəffa, İbn əl-Fəqih əl-Həmədani, əl-Müqəddəsi, Yaqut al-Həməvi “Azərbaycan” sözünün dövlət adı olduğunu xəbər verirlər. Onlar dövlətin yaradıcısı olaraq Azarbaz/Atarpat adlı şəxsin adını qeyd edirlər. Müqəddəsi hətta vurğulayır ki, Azarbaz/Atarpat dövlət başçısı olaraq dövlətin sərhədlərini də müəyyənləşdirmişdi. Böyük ərəb tarixçisi Təbəri Azərbaycan sözünü dövlətin adı kimi təqdim edir və qeyd edir ki, o hələ e.ə. VII əsrdə dövlət olaraq mövcud idi. (Göründüyü kimi Təbərinin bu fikri Ammian Marsellinin və Karxi de bet Seloxun dedikləri ilə üst-üstə düşür) Görkəmli islam coğrafiyaşünasları Bəlxi, İstəxri, ibn Houqəl, Nəsirəddin Tusi və b., eyni prinsiplərə əsaslanan əsərlər yazıblar. Həmin əsərlərdə İslam dünyasının 20 regiondan ibarət olduğunu və onların sırasında bir- birindən asılı olmayan Ərəb, Fars, Azərbaycan, Cibal (keçmiş Midiya) və başqa vilayətlərin mövcudluğunu qeyd edirlər.
Üçüncü – “Azərbaycan” sözünün “ərazi”, yoxsa “dövlət” adı olduğunu türk imperiyaları dövrünə (XII-XVIII əsrlər) aid ilkin və mötəbər mənbələrdə mötəbər tarixçilər tərəfindən necə ifadə olunduğunu izləyək. Dünya praktikasında belə idi ki, dövlət ilkin adla yaranırdı. Bu ad qüvvədə qalaraq, bəzi sülalələr dövlətə öz adlarını verirdilər. Bu haqda istənilən sayda misal gətirmək olar. Səlcuqlardan əvvəl də, sonra da yaranan dövlətlərin adları bəzən sülalələrin adı ilə məşhurlaşırdı. Dövlətimizin adı bəzən sülalə adı ilə bağlansa da, Azərbaycan özünün özək/mərkəz funksiyasını saxlayırdı. Səlcuqlar imperiyasının tərkibində “Azərbaycan Atabəylər dövləti” adı ilə dövlət qurumu fəaliyyət göstərib.
Böyük tarixçi F.Rəşidəddin XIII əsrin ikinci yarısında yaşayan Hülaku sülaləsinin hökmdarlarından bəhs edərkən yazır: "Arqun xan Ən Yüksək Yaradıcının köməyi ilə...Azərbaycana gəldi və padşah taxtına oturdu". “Azərbaycana gəldi və padşah taxtına oturdu” ifadəsindən güclü daha nə deyilməlidir ki, Azərbaycan sözünün dövlət adı olması sübut olunsun?!
Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi sülalələrinin Azərbaycanda hakimlik dövrünə aid böyük tarixçilər Həsən bəy Rumlu və İskəndər bəy Münşinin əsərlərinə müraciət etsək, Azərbaycan sözünün “ərazi” deyil, “dövlət” mənası daşıdığını aydın görərik.
Həsən bəy Rumlu 1404-cü ildən 1578-ci ilə qədər təsvir etdiyi hadisələrdə dəfələrlə “Azərbaycan diyarı” ifadəsini işlədir. Lüğətləri açsanız, görəcəksiniz ki, orta əsrlərdə “diyar” sözü “ölkə” və “məmləkət” mənasını daşıyırdı.
İskəndər bəy Münşi yazır: “O zamanın padşahı İraqeyn və Azərbaycan hökmdarı olan Mirzə Cahanşah Türkman (Qaraqoyunlu) idi”. “Azərbaycan hökmdarı” ərazi hakiminə deyil, ancaq və ancaq dövlət başçısına deyilə bilərdi.
1501-ci ilin hadisələrindən danışarkən İ.Münşi deyir ki, gənc İsmayıl Şirvanda olarkən “Mühasirə əsnasında qeyb aləmindən gələn səs o həzrətə Azərbaycanın səltənət və padşahlıq taxtının müjdəsini verdi... O həzrət (İsmayıl) böyük əmirləri yanına çağırıb dedi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?” “Azərbaycanın səltənət və padşahlıq taxtı”, “Azərbaycan taxtı” ifadələri heç bir şərtlə ərazini əks etdirən ifadə ola bilməzdi. Başqa bir yerdə İ.Münşi deyir: “Sultan Səlimin çıxıb getməsi xəbəri Dərcəzinə çatdıqda Süleyman şanlı xaqan Azərbaycan darülmülkünə (Təbrizə) daxil oldu və Rum qosununun gəlişi vaxtı o diyarda baş vermiş pozuntuları aradan qaldırmaqla məşğul oldu”. Bu cümlədə İskəndər bəy Münşi Azərbaycanı – “diyar” və Təbrizi – “Azərbaycanın paytaxtı” deyə dəyərləndirir. Ümumiyyətlə, İskəndər bəy Münşi əsərində həmçinin “Azərbaycan hökmdarı”, “Azərbaycanda Şahın qulaqlarına çatdı”, “Azərbaycan
sərhədi”, “Azərbaycanın vəziri”, “Azərbaycan əmirülümərası”, “Azərbaycan bəylərbəyi”, “Azərbaycan əmirləri”, “Azərbaycan ordusu”, “Azərbaycanın və Gürcüstanın bəzi mahalları”, “Azərbaycan məmləkəti”, “Azərbaycan ölkəsi” ifadələrini işlədir. Bunlar Azərbaycanın ərazi olduğunu deyil, məhz “ölkə”, “məmləkət”, “şahlıq”, yəni dövlət adı olması şübhələrini aradan qaldırır.
Mütləq şərt ondan ibarət idi ki, XIII-XVIII əsrlərdə ərazilərimizdə yaranan imperiyaların özəyi/mərkəzi və paytaxtı Azərbaycanda olmalı idi (bircə Səfəvilərin hakimiyyətinin son dövründə məcburiyyət qarşısında paytaxt Qəzvin və İsfahana köçürülmüşdü).
O dövrlərdə dövlət adının rəsmiləşməsinə aid beynəlxalq normalar yox idi, dövlətlərin adı hər hansı mənbədə əks olunaraq rəsmiləşirdi. Sadaladığım misallar mənim və yaxud hər hansı bir tədqiqatçının düşüncəsinin məhsulu deyildir, mötəbər ilkin mənbələrdə mötəbər tarixçilər tərəfindən bildirilmiş inkaredilməz faktlardır.
Mötəbər mənbələrə istinad edərək göstərdiyim faktlara qarşı əgər yenə də
Azərbaycan sözünün ərazi adı olduğunda israrlısınızsa, dəlilləriniz nədir?
Bilirəm ki, Azərbaycan adlı dövlətin e.ə. 612-ci ildə yarandığına C.İsmayıldan başqa digər inanmayanlar da var. Onlar hələ də iddialarını irəli sürməkdə davam edir, belə düşünənləri “məsuliyyətsiz”, “elmi əsası olmamaqda” ittiham edir və “saxta vətənpərvər” adlandırırlar. Lakin onlar uydurma düşüncələrini elmi tədqiqat vasitəsilə deyil, ümumi sözlərlə “publisistika janrında heç bir elmi əsas olmadan ifadə etməkdə davam edirlər.
Azərbaycan adlı dövlətin e.ə. 612-ci ildə yarandığı haqda mənim istifadə etdiyim mənbələri və elmi tədqiqatları onlar nəinki tədqiq etmək, heç bilmək də istəmirlər. Belə adamlarda şəxsi ambisiyalar elmi nəticələrdən üstündür. Arzu edərdim ki, ciddi elmi məsələlər ətrafında mübahisələr həmişə faktlar, sübutlar əsasında, elmi müstəvidə aparılsın. Publisistika elmi fikirləri yaymaqda, sözsüz ki, mühüm rol oynayır, lakin elmi tədqiqatları əvəz eləmir. Hər hansı elmi fikir publisistik çağırışlar əsasında deyil, hərtərəfli tədqiqat əsasında formalaşa bilər.
6. Cavid İsmayılın həmin cümlədəki başqa mülahizəsi: “Azərbaycan yalnız 1918-ci ildə dövlət adı kimi rəsmiləşib”.
Dövlətin adının tarixi mənbələrdə əks olunmağı, adətən tarixçilər tərəfindən onun rəsmiləşməsi kimi qəbul olunur. İstər qədim, istər də orta əsr dövləti olsun. Azərbaycan adı antik dövrdən başlayaraq onlarca mənbədə dövlət adı olaraq rəsmiləşmişdi. Yazılı mənbələr və elmi tədqiqatlar əsas verir ki, Azərbaycan adlı dövlətin yarandığını e.ə. 612-ci ilə aid edək. Həmin müstəqillik itirildikdən sonra 321-ci ildə eyni adla yenidən bərpa edilir. Belə vəziyyətdə sual olunur ki, birinci halda 27, ikinci halda 24 əsr bundan əvvəl yaranan dövlətin adı nə şəkildə rəsmiləşməli idi Siz ona inanaydınız? Növbəti sual ondan ibarətdir ki, əgər Azərbaycan tarix boyu ərazi adı idi və “ilk dəfə 1918-ci ildə dövlət adı kimi rəsmiləşib”sə, onda tarix boyu bizim dövlətimizin adı nə olub? Əgər “Azərbaycan” dövlətimizin adı deyil, sadəcə ərazi adı olubsa, bəs Birinci Respublikamızı yaradan banilər niyə belə “əsassız” qərar qəbul ediblər? Görəsən, o banilərdən biri olan Əlimərdan bəy Topçubaşovun dövlətimizin Azərbaycan adının acı taleyi haqda dediyi fikirlərlə tanışsınızmı?
7. Cavid İsmayıl: “Bir məsələyə də təəssüf edirəm ki, Azərbaycan tarixinin erməni iddialarının təkzibi üzərində yazılması cəhdləri davam edir və Həsən Həsənov da bu çərçivədən kənara çıxa bilməyib. Tarix təkzib üzərində yox, olduğu kimi yazılmalıdır”.
Bu cümlədə irəli sürülən birinci ittiham ondan ibarətdir ki, Azərbaycana qarşı “erməni iddialarını təkzib” etmək “cəhdləri”, sən demə, “təəssüfləndirir”. Yəni C.İsmayıl tövsiyə edir ki, tariximizə aid erməni və ermənipərəst alimlərin səhv iddialarını təkzib etmək lazım deyil. Belə halda xahiş edirəm deyəsiniz ki, erməni tarixçilərinin, etnoqraflarının Azərbaycana aid yalanlarına qarşı Azərbaycan alimləri nə etməlidirlər ki, təəssüflənməyəsiniz?
İkinci ittihama geniş cavab verə bilərdim. Lakin qısa olaraq diqqətə çatdırıram ki, C. İsmayıl elmi yaradıcılığıma dərindən bələd olsaydı, “Həsən Həsənov da bu çərçivədən kənara çıxa bilməyib” sözlərini yazmazdı.
Üçüncü, nəsihətqarışıq ittiham bundan ibarətdir: “Tarix təkzib üzərində yox, olduğu kimi yazılmalıdır”. Əgər fikrinizi bilavasitə əsərimlə tanış olaraq formalaşdırsaydınız, onda görərdiniz ki, əsərimin elmi metoduna, sözsüz ki, təkzib daxildir, lakin onunla yanaşı, hər tədqiq olunan elmi problem əvvəldən sona qədər sübutlar üzərində qurulub. Tədqiqatların müqayisəli təhlilinin nəticəsi mütləq kiminsə təkzibi və kiminsə dəstəklənməsi ilə nəticələnir. Əslində tarixi tədqiqat o zaman elmi əsər sayılır ki, o, müxtəlif fikirləri tutuşdurur, yalan saydıqlarını təkzib edir və doğru saydıqlarını yeni amillərlə təsdiqləyir.
Dördüncü – görəsən, “bir neçə dəfə oxuduğunuz müsahibəmin” hansı cümləsindən nəticə çıxardınız ki, mən əsərimi “erməni iddialarının təkzibi üzərində yazmışam” və həmin “çərçivədən kənara çıxa bilməmişəm”?! Tarix elmimizi sırf erməni alimlərinin fikirlərinin təkzibi üzərində qurmaq, sözsüz ki, düzgün olmazdı, lakin əgər tədqiqat gedişində hansısa erməni aliminin fikrinin təkzibə ehtiyacı varsa, bu, mütləq edilməlidir. Proto-tarix xronika şəklində idi, yəni alternativsiz məlumatlar toplusu idi. Tarix o vaxt elmi hadisə səviyyəsinə qalxdı ki, alim metod tətbiq elədi və özündən əvvəlki tədqiqatçıların fikirlərini tədqiq, tənqid və səhvi təkzib edərək həqiqəti üzə çıxartdı.
Beşinci – “təkzib” üsuluna aid əlavə edə bilərəm ki, bu üsulsuz elmi tədqiqat qəti surətdə baş tuta bilməz. Təkzib olunan tədqiqatçı istər erməni və istərsə hər hansı bir başqa xalqa mənsub olsun! Təkzib olunacaq fikrin qarşısında milli mənsubiyyətindən asılı olmayaraq hamı eyni məsuliyyət daşıyır. Əsərimdə dəfələrlə bu üsuldan istifadə etmək məcburiyyətində olmuşam. Misal üçün, elmdə geniş yayılmış Albaniya dövlətinin və Azərbaycan adlı dövlətin yaranma tarixləri, Atarpatena və Adorbayqan xoroniminin yaranma kökləri, Albanların ölkəsində və Adorbayqanda İskəndərin olub-olmaması, Kaspiana və Sakasena diyarlarının lokallaşması, Satrapena və Sittakena toponimlərinin müqayisəli mahiyyəti, bəzi
Midiya və Alban tayfalarının etnik mənşəyi, “maq” ifadəsinin tarixi transformasiyası və b. problemləri araşdırarkən dünyanın müxtəlif ölkələrindən olan və müxtəlif dövrlərdə yaşayan bir sıra tədqiqatçıları təkzib etmək məcburiyyətində olmuşam.
Altıncı – bu əsərimdə cəmi iki erməni müəllifin (M.Xorenski və A.J.Arutyunyan) əsərlərindən istifadə etmişəm. İki halda da erməni müəlliflərin bəzi fikirlərinin mənim fikirlərimlə üst-üstə düşdüyünü qeyd etmişəm. Bu əsərimdə erməni alimlərini birbaşa təkzib etməyə ehtiyac yox idi, çünki erməni alimləri e.ə. 612-ci ildə “Azərbaycan” dövlətinin olub-olmadığı haqda heç bir fikir söyləməyiblər (bu səbəbdən onları təkzib etməyə lüzum olmayıb), erməni və ermənipərəst alimlər iddia edirlər ki, “Azərbaycan” dövlət adı deyil, sadəcə Fars dövlətinin Araz çayının cənubunda yerləşən bir əyalətinin adıdır (ermənilərin bu fikrini təkzib etməyə ehtiyac yox idi, çünki əsərimdə sübut olunur ki, Azərbaycan adlı dövlət yarananda Fars adlı dövlət hələ yaranmamışdı). Beləliklə, bu əsərimlə nəinki erməni alimlərinə, hər hansı müxalif fikirdə olan alimlərə məni təkzib etmək üçün meydan açmışam. Bacarsalar, təəssüflənmərəm, sadəcə, yeni amillər axtarışı yolunda tədqiqatımı davam etdirmək məcburiyyətində olaram.
Yeddinci – nəticə olaraq bildirməliyəm ki, bəli, əslində mən erməni və ermənipərəst alimlərin Azərbaycan tarixinə aid dediklərini öz əsərimdə təkzib edirəm. Lakin qəti surətdə onların “çərçivəsindən” deyil, bilavasitə onların adlarını çəkmədən və əsərlərinə istinad etmədən. Bunun üçün mən özüm düşündüyüm üslubdan istifadə edirəm. Bu üslubun əsas mahiyyəti ondan ibarətdir ki, bu problemləri erməni alimlərinə və onların tərəfdarlarına istinad, yəni birbaşa onların adlarını çəkmədən, sadəcə bir tədqiqat nəticəsində yaranan problem olaraq tədqiq edirəm. Erməni və ermənipərəst alimlərin fikirləri mənə yaxşı tanışdır. Onlar bu fikirlərini gizlətmirlər, dünyaya yayırlar və dünyanı inandırmağa çalışırlar. Onları Sizə də xatırlada bilərəm: Azərbaycan dövlət adı deyil, Fars dövlətinin sıravi əyalətinın adıdır; Azərbaycan adlı müstəqil dövlət heç zaman olmayıb; Azərbaycan adı heç zaman Araz çayından şimalda yerləşən ərazilərə şamil olunmayıb;
Azərbaycan adı şimal ərazilərə ancaq 1918-ci ildə, Respublika yarananda şamil olunub. Erməni və ermənipərəst alimlərin sadalanan ittihamlarının, əgər elmi tədqiqat belə bir nəticə versə, təkzib olunmasını kim istəməz?! Erməni və ermənipərəst alimlərin sadalanan ittihamlarının tədqiq etmədən Azərbaycan tarixini obyektiv dəyərləndirmək olarmı?
8. Cavid İsmayılın bu sualı isə təəccübləndirməyə bilmir: “Tariximizi daha da qədimləşdirməklə nəyə nail olacağıq ki?”
Vurğulamalıyam ki, bu suala mən tez-tez rast gəlirəm. Xüsusən xalqımızın tarixinə müxalif olan alimlər tərəfindən. Onların əsas məqsədi odur ki, biz həqiqi tariximizi üzə çıxara bilməyək, tariximiz bizim üçün də, dünya ictimaiyyəti üçün də qaranlıq qalsın. Lakin bəzən bu irad xalqımızın nümayəndələri tərəfindən də səslənir. Mən anlaya bilmirəm ki, bizimkilər bununla nə məqsəd güdürlər? Siz tarix üzrə mütəxəssis olaraq bu sualı verməklə həqiqətənmi tariximizin daha da qədim olmağında heç bir lüzum olmadığını düşünürsünüz? Mənim fikrim isə ondan ibarətdir ki, tariximizi süni şəkildə qədimləşdirmək, sözsüz ki, qeyri-elmi yanaşmadır. Tariximizi qədimləşdirmək elmi məqsəd ola bilməz. Lakin əgər elmi metodlarla aparılan tədqiqat tariximizin daha qədimliyini sübut edirsə, biz nəyə əsasən bundan imtina etməliyik?
9. Cavid İsmayıl yazır: “Fakt budur ki, tarix boyu ərazilərimizi qonşularımıza, o cümlədən də ermənilərə peşkəş edə-edə gəlmişik və Atatürklə Kazım Qarabəkir paşa olmasaydı, Həsən Həsənovun böyük simpatiya bəslədiyi Nəriman Nərimanov Naxçıvanı da ermənilərə hədiyyə edəcəkdi”.
“Simpatiya” emosional hisləri dəyərləndirən məfhumdur. Mən dövlət xadimlərini emosiyasız xidmətlərinə görə dəyərləndirirəm. N.Nərimanovun 100 illiyi ilə bağlı tədbirlərin 1970-ci ildə deyil, 1972-ci ildə qeyd olunmasının səbəbləri və ulu öndər Heydər Əliyevin N.Nərimanovun dövlətçilik fəaliyyətinə verdiyi dəyər yaxşı məlumdur.
Nəriman Nərimanov haqda monoqrafiya yazmışam və orada yazdığım hər fikrin arxasında dururam. İstərdim ki, N.Nərimanovla bağlı bir neçə fikrimi bölüşüm.
Birinci – ADR N.Nərimanovun iradəsindən və fəaliyyətindən asılı olmayan səbəblərdən süqut etmişdir.
İkinci – N. Nərimanov təkid etməsəydi, nə Bakı Azərbaycanın paytaxtı olacaqdı, nə də Qarabağ bizdə qalacaqdı.
Üçüncü – N.Nərimanov Naxçıvanı vermək haqda qərar verməmişdi, iştirak etdiyi iclasın tövsiyəsini bəyan etmək ona tapşırılmışdı. Həmin iclasda Naxçıvan məsələsi müzakirə olunanda N.Nərimanov nəinki müxalif, hətta əslində ona düşmən olan şəxslərlə əhatə olunmuşdu. Sözsüz ki, həmin zaman Qarabəkir paşanın ordusunun Naxçıvan regionunda mövcudluğu iclasda iştirak edən düşmənlərin mövqeyini zəiflətmiş, N. Nərimanovun mövqeyini isə daha inamlı etmişdir. Nəticədə Naxçıvana aid qərar deyil, sadəcə bəyanat səslənmişdi. Və sözsüz ki, bu bəyanat türk ordusunun mövqeyinə görə reallaşmamışdır. ADR hökuməti İrəvan şəhərini məcburiyyət qarşısında ermənilərə verəndə vahid komanda şəklində çıxış edirdi. Belə çıxır ki, məcburiyyət qarşısında İrəvanın hüquqi qərarla verilməsi Sizin bəyanatınızda xatırlanmır, lakin həmin məcburiyyət qarşısında Naxçıvanın verilməsinin sadəcə bəyan olunması günah sayılır? Bu suala cavabım ondan ibarətdir ki, əslində hər iki hadisə o tarixi dövrün reallıqları nəzərə alınaraq dəyərləndirilməlidir.
Dördüncü – N.Nərimanova qarşı C.İsmayılın münasibətindən belə nəticə çıxarmaq olur ki, o zaman Azərbaycana başçı şəklində N.Nərimanovun gəlişi guya ziyanlı imiş. Belə halda həmin vəzifəni üzdə olan sosialist-azərbaycanlılar, ya Mirzə Davud Hüseynov, ya da Əliheydər Qarayev icra etməli idi. Real tarixi bilənlər, həmin simaları faktlar əsasında tanıyanlar təsdiqləyər ki, o halda bizi daha dəhşətli nəticələr gözləyərdi. Yəni onlar doğrudanmı, C.İsmayılın xəyal etdiyi kimi, “ölümcül səhvlərə” yol verməzdilər? Xatırladıram ki, onların ikisi də Azərbaycanın SSRİ tərkibinə müttəfiq respublika deyil, Rusiya Federasiyasının tərkibinə muxtariyyət statusunda daxil olmağında israrlı idi. Məhz N.Nərimanov bu təşəbbüsün qarşısını aldı.
Beşinci – Ehtimallar əsasında mülahizələr yürütmək əvəzinə o dövrün real şərtlərini nəzərə alaraq “N.Nərimanovsuz 1920-1922-ci illər Azərbaycanı” mövzusu elmi şəkildə araşdırılarsa, o zaman çox həqiqətlər aşkarlanar və N.Nərimanovun tariximizdəki hörmətə layiq yeri yetərincə aydın olardı.
Altıncı – C. İsmayıl yazılarının birində N. Nərimanovu “Şaumyanın qurduğu oyuncaq hökumətdə 27-ci Bakı komissarı” adlandırır. Tarixçi alimlərin yaxşı bildiyi bir həqiqəti bir daha nəzərə çatdırıram ki, Şaumyanın qurduğu hökumətdə nə 26, nə də 27 komissar var idi. Məcazi olaraq “27-ci komissar” deyə sovet dövründə Anastas Mikoyanı Şaumyana qarşı xəyanətinə görə belə adlandırırdılar.
Maraqlıdır ki, C.İsmayıl Nəriman Nərimanovu “27-ci komissar” adlandıraraq onun Anastas Mikoyanla hansı bənzərliyini görür?
***
Qeydlərimi Cavid İsmayılın kitabımla bağlı bəyanatı ilə tanış olan bir alimin fikri ilə tamamlayıram: “Tariximiz hamımızındır. Ona görə də az-çox hər kəsin tarixlə bağlı mülahizələr irəli sürməyə mənəvi haqqı var. Amma bunun üçün “çox az”dan bir az çox bilmək, haqqında fikir yürüdülən məsələləri əvvəlcə lazımi səviyyədə öyrənmək, sonra qələm götürmək vacibdir”.