Tarix müəllimini imtahanda zülüm-zülüm ağladan xəbər – Şərif Ağayar yazır

Tarix müəllimini imtahanda zülüm-zülüm ağladan xəbər – Şərif Ağayar yazır
23 iyul 2019
# 11:18

Kulis.az Ağdamın işğalının 26-cı ildönümü ilə bağlı Şərif Ağayarın “Ümidlər şəhəri” yazısını təqdim edir.

Universitetə test üsulu ilə qəbul olunan ilk tələbələr olaraq 93-cü ilin yay imtahanlarını verirdik. Müəllimimiz Şahlar Həsənoğlu xeyli çətin adam idi. O, vəziyyətin acınacaqlı olduğunu nəzərə almır, heç kimi eşitmirdi. Bilmədinsə, kəsiləcəkdin!

Məsələ budur ki, biz N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialına qəbul olunmuşduq və bir ildən artıq idi Şuşa düşmən işğalındaydı. Özümüz kimi universitetimiz də köçkün düşmüşdü. Ağcabədi rayon texniki peşə məktəbinin heç bir şəraiti olmayan binasına yığışmışdıq. Su yox, istilik sistemi yox, kitabxana yox, müəllimlərin çoxu Bakıda məskunlaşıb, rayon əhalisi kirayə tələbə saxlamır və s. Bir yandan da qanlı döyüşlər gedir. Hər gün rayon xəstəxanasına maşın-maşın meyit və yaralı gəlir, şəhərdə əlisilahlılar dolaşır...

Həm də Şahlar müəllim türk tarixi fənnini keçirdi və məlum səbəbdən bu sahə üzrə ədəbiyyat tapılmırdı. Bakıda, Moskvada belə yox idi, nəinki Ağcabədidə.

Şahlar Həsənoğlu Ağdamın Mərzili kəndindən idi. Yaxşı hekayələr yazırdı. Di gəl, bu ucaboy, sarıyanız, bir az da köntöy kişi yazıçıya heç oxşamırdı. Hirsli və tərs idi. Tələbələrin salamını da almırdı.

İmtahan günü Ağdamın işğal xəbəri gəldi. Şahlar müəllim əlində qiymət cədvəli imtahan otağından çıxdı, özünü koridorun o başına güclə çatdırdı, dizləri əsə-əsə pilləkəndə yerə çökdü, məhəccərdən yapışıb birtəhər tozlu daşların üstündə oturdu, alnını əlinin içinə alıb çiyinlərini ata-ata hönkürdü...

Bütün tələbələr nə baş verdiyini Şahlar müəllim kimi "əzazil" bir adamın belə uşaq kimi hönkürməsindən sonra anladı...

Halbuki bunacan Xocalı faciəsi baş vermiş, Şuşa, Laçın, Kəlbəcər işğal olunmuşdu.

Biz – uşaqlıqdan dünən ayılan yeniyetmələr müharibəyə nə qədər yaxın olsaq da baş verənləri bütün ağırlığı ilə başa düşməmişdik. Şahlar müəllimin göz yaşları bizi təkcə baş verənlərdən yox, baş verəcəklərdən agah eləmişdi. Bu xına o xınalardan deyildi!

Ağdamın işğalı Qarabağın qəlbindən vurulması idi. Üstəlik, işğal olunan doğma torpaqlara qayıtmaq inamını itirirdik. Onacan heç kim nəinki ev tikmir, heç ağac, bostan da əkmirdi. Hamı bu gün-sabah geri qayıdacağına inanırdı.

Ağdamla ümidlərimiz üzüldü!

Bu, işğalın alnımızın ortasına basılmış möhürü idi.

Uzun zaman çırpına-çırpına qalacaqdıq.

Qarabağın qeyri-rəsmi mərkəzi olan Ağdamda əsl şəhər ab-havası vardı. Şəhərin klassik formalaşma qaydası necə idi? Ətraf ərazilərin sakinləri ya heyvandarlıqla məşğul olur, ya da əkin-biçin edirdi. Heyvandarlar da, əkinçilər də öz məhsullarını satmaq üçün bir yerə yığışırdılar. Beləliklə, daha çox əhalinin toplaşdığı, daha böyük bina və dükanların tikildiyi, istehsalat sexlərinin və iaşə obyektlərinin açıldığı şəhərlər yaranırdı. Lakin şəhər o zaman əsl şəhərə çevrilir ki, onun iqtisadiyyatı ilə yanaşı mədəniyyəti də formalaşır. İqtisadiyyat şəhərin canıdırsa, mədəniyyət ruhudur. Ağdamın maddi itkiləri mənəvi itkilərinin yanında çox balacadır.

Related image

Ağdam Xudu Məmmədov, Rafiq Əliyev, Əkbər Bayramov kimi alimlər, Famil Mehdi, Şahmar Əkbərzadə, Əlfi Qasımov kimi yazıçılar, Qədir Rüstəmov, Arif Babyev, Səxavət Məmmədov kimi müğənnilər yetirmişdi...

Bunun üstünə gəl dövlət xadimlərini, el ağsaqqallarını, əmək qəhrəmanlarını, aktyorları, idmançıları...

Bunun üstünə gəl maddi-mədəniyyət abidələrini, misilsiz memarlıq nümunələrini...

Xalçalarını, atlarını...

Saymaqla bitərmi?

Vətən təkcə torpaq yox, həm də insanlardır. İllah da o insanlar tanınmış, müxtəlif fəaliyyət sahələrində sözünü demiş insanlardırsa...

Bunların hamısından əfzəl - vətənləşən şəhidlərimiz!

Ağdam ən çox şəhid verən rayonumuzdur.

Demək, ən çox qan bu torpaqlar uğrunda tökülüb.

Ağdam həm də ilk şəhidlərin vətənidir. Bəxtiyar və Əlinin.

O adamlar ki, yasında bütün Azərbaycan iştirak eləmişdi.

O yas ki, öz qara bayrağı altında bütün xalqımızı birləşdirmişdi.

Məntiqlə ilk şəhid düşən yerdə ilk peşəkar ordu dəstələri yaranacaqdı. Hərbi polkovnik Şirin Mirzəyev öz batalyonu ilə bu tarixi missiyanı başlatdı. Özü də Ağdamda şəhidlik məqamına ucaldı.

Hərdən düşünürsən, Ağdam olmasaydı, xocalıların aqibəti necə olardı? Cavab aydındır: faciənin miqyası indikindən qat-qat artıq olardı.

Ağdam rayonu Aprel döyüşlərində əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov başda olmaqla neçə-neçə igid oğlu ilə iştirak etdi. Bu səhifəyə də öz imzasını atdı.

Bu gün ağdamlıların kompakt halda rayonun işğal altında olmayan ərazilərində yaşaması, inzibati idarələrin, mədəniyyət müəssisələrinin, o cümlədən qocaman Ağdam teatrının doğma yurdda fəaliyyət göstərməsi, “Qarabağ bülbülləri”nin səsinin yenə də Qarabağ torpaqlarından gəlməsi işıqlı sabahlara inamın nəticəsidir.

Yazıçı Vahid Qazı Ağdamı haqlı olaraq Ruhlar şəhəri adlandırır. Doğrudan da bu şəhərdə çox böyük kişilərin narahat ruhu dolaşır. Lakin Ağdam həm də Ümidlər şəhəridir. Çünki Qarabağın qan sızan yarası Xocalıya, baş tacı Şuşaya, qara qapısı Laçına yol Ağdamdan gedir. Sözün həm müstəqim, həm məcazi mənasında. Demək, bu yol bir xalq olaraq həm də bizim müqəddəratımızın yoludur.

...Eşitdiyimə görə, müəllimimiz Şahlar Həsənoğlu hələ də yaşayır. Bir gün Ağdamla bağlı sevinc göz yaşları axıdacağına gəlin birlikdə inanaq!

Məxsusi olaraq “Vətən səsi” qəzeti üçün

18 iyul 2019

# 5158 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #