[b]Müharibənin sonuncu şahidləri – danışır uşaqlar[/b]

[b]Müharibənin sonuncu şahidləri – danışır uşaqlar[/b]
10 may 2018
# 11:00

Rəşad Babalı

“Beləcə, 1941-ci ilin 21 iyunu… Müharibədən bir gecə əvvəl… Yəqin artıq sonuncu dəfə “Əgər sabah müharibə olarsa…” filminə baxırdıq. Kino bitsə də, heç dağılışmaq istəmirdik. Nəhayət, atamın səbri daşdı: “Bu gün yatmaq fikriniz var? Sabah bazar günüdür.””

Bu sətirlər Belarus yazıçısı, Nobel mükafatçısı Svetlana Alekseyeviçin “Sonuncu şahidlər” kitabındandır. Müəllif dünyada “Müharibə qadın simalı deyil” əsəriylə tanınır. Ədəbiyyat üzrə ən ali mükafatını da məhz bu əsərinə görə alıb. Savaşın görüntüsünü qadınların baxışlarıyla göstərməyə çalışan Alekseyeviç haqqında danışdığım əsərində isə kiçik uşaqların gözüylə nəzər salır.

Müharibə başlayarkən yaşları 2-dən 14-ə qədər olan yüz nəfər savaşın ilk günlərini anladır. Hər biri bir hekayə olan xatirələr. Əslində xatirə də demək olmaz, travmalar.

Müharibə filmlərinə baxmağı sevirəm. Savaşın gerçək təsvirini verənləri daha çox. İnsan faciəsindən tutmuş əsgərlərin cəsarətinə, dəyanətinə qədər heç bir nüansı qaçırmamağa çalışıram. Lakin uşaqların gözüylə müharibə nə olan şeydi ilk dəfədi qarşılaşıram.

Uşaqlıq yaddaşı özəldir. Həyatında ani dönüşə səbəb olan hadisələrə qarşı həssasdır. Adicə sülh şəraitində, normal həyatda böyümüş insanların mütləq uşaqlıqla bağlı hansısa travmatik olayları olur. Elə özümdən götürüm. 4 yaşım olardı. Kəndə xalamın toyuna getmişdik. Gözümün önündə dananı kəsdilər. O mənzərəni indiyə qədər unuda bilmirəm. Elə həmin yaşda həyətdə üstümə it cummuşdu. Uzun illər yuxuda itlərin üzərimə hücum etdiyini görürdüm. Bu hələ mənim sülh, sabitlik dövründə yaşadığım uşaqlığımla bağlıdı. Şəxsiyyəti formalaşmamış uşaqların müharibə travmalarını təsəvvür etmək istəsəm də mümkün olmur.

Almaniya 1939-cu ilin sentyabrın birində Polşaya soxulandan artıq İkinci Dünya Savaşı başlamışdı. Almaniyanın Polşa və Çexiyanın ərazilərinin bir hissəsini özünə qatması, buna müqabil SSRİ-nin də gizli danışıqların nəticəsi olaraq Baltikyanı üç ölkəni və Polşanın şərq əyalətlərini işğalı vəziyyəti daha da qəlizləşdirdi. Molotov- Ribbentrop paktıyla Şərqi Avropa tərəflər arasında bölüşdürülsə də etimadsızlıq davam edirdi. Ona görə də hər iki ölkə sərhədlərin böyük hərbi qüvvələr yığırdılar. Vəziyyətin gərgin olduğunu hər iki ölkənin rəhbərliyi və hadisələri izləyən hər kəs bilirdi. Amma bunu mülki əhali, xüsusilə uşaqlar bilmirdi. İki hikkəli dövlətin, ideologiyanın fəsadını daha çox uşaqlar çəkməli oldu.

Kitabda olan qeydə görə uşaqlığı müharibənin başlanğıcına düşən şəxslərin xatirələri 1978-ci ildə qeydə alınıb. Amma kitab kimi 1985-ci ildə nəşr olunub. İlk adı “Uşaqlar üçün olmayan nağıl kitabı” («Книга недетских рассказов») olub. Kitabın əsasında 2009-cu ildə Aleksey Kitayçevin rejissorluğu ilə “Müharibənin uşaqları. Sonuncu şahidlər” sənədli filmi çəkilib. Kitabı oxuyandan sonra filminə də baxdım. Eyni şeyi sizlərə də məsləhət görürəm.

Hekayələr toplusunu oxuya-oxuya bizdə də buna bənzər şeylər olubmu deyə düşündüm. İlk ağlıma gələn Xocalı oldu. Elə orada da durdum.

Kitabdan bəzi hissələri seçdim. Daha doğrusu körpə şahidlərin hekayələrindən bir neçə cümlə. Bunları da dağınıq seçdim. Lakin axtarsanız hər bir hekayədə ən azı bir belə təsirli cümlə taparsınız.

Gena Yuşkeviç-12 yaş

“… Əvvəlcə at leşi gördüm… Sonra da qadın meyiti… Heyrətə gəldim. Axı mən elə bilirdim ki, müharibədə təkcə kişiləri öldürürlər…”

Vasya Xarevski-4 yaş

“… Mənə hətta elə gəlirdi ki, böyüklərdən daha çox şey düşürəm, çünki mən ağlamıram, onlarsa ağlayırlar…”

Lida Poqorjetskaya-8 yaş

“… Bir dəfə küçədə atama çox oxşayan bir kişi ilə rastlaşdım. Arxasınca düşüb xeyli getdim. Axı atamın ölüsünü görməmişdim…”

Volodya Çistoklev-10 yaş

“…Müharibə illərində bir dəfə də olsun rastıma uşaq əşyası çıxmamışdı. Onların mövcudluğunu unutmuşdum. Uşaq oyuncaqlarının…”

Volodya Korsuk-7 yaş

“…Niyə özünə atəş açıblar? Anam elə gözəl idi ki…”

# 1499 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #