Musiqisi səslənəndə kralın ayağa durduğu, evlənməyən dahi bəstəkar

Musiqisi səslənəndə kralın ayağa durduğu, evlənməyən dahi bəstəkar
21 iyul 2014
# 07:30

Kulis.Az bəstəkar Georq Fridrix Handel haqqında məqaləni təqdim edir.

Uşaqlığı

Georq Fridrix Handel-musiqi tarixində opera, kantata, duet kimi vokal əsərlərilə iz buraxan, barokko dövrünün ən görkəmli nümayəndələrindən biri, dahi alman bəstəkarı.

42 yaşından sonra ingilis vətəndaşı olan bəstəkar Georg Friedrich Handel adını Corc Frideric Handel olaraq dəyişdirmişdi. Heç bir ölkənin milli xüsusiyyətlərini özündə əks etdirməyən sənətkar həyatı boyunca çox böyük məşhurluq qazanıb və bu məşhurluğu ölümündən sonra da davam edib.

İohan Sebastyan Baxla eyni ildə, yəni 1685-ci ildə Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində (Baxın doğulduğu şəhərdən 80 km uzaqlıqda) dünyaya gələn Handel kiçik yaşlarından musiqiyə həvəsli idi. Musiqiyə böyük maraq duyan Handel atasının etirazına baxmayaraq, gecələr gizli-gizli musiqi ilə məşğul olurdu. O, artıq 7 yaşında atasından gizlin orqan çalmağı öyrənmişdi. Atası yaxınlarının təkidindən sonra onun şəhərin ən böyük kilsəsində orqan musiqiçisi, bəstəkar Fridrix Vilhelm Zaçaudan dərs almağına razı oldu. 11 yaşında çatanda Handel artıq orqan, skripka, piano və başqa çalğı alətlərində ifa etməyi öyrənmişdi.

Bəstəkarın yaradıcılığı

Handel 1702-ci ildə atasının istəyi ilə Halle Universitetinin hüquq fakültəsinə daxil oldu. Amma bu müddətdə kilsə orqançısı olaraq musiqiyə davam etdi. 1703-cü ildə o, Hamburq Alman Operasına skripkaçı-bəstəkar təyin edildi. 1706-cı ilə qədər qaldığı Hamburqda İohan Mattheson, Reinhard Keyser kimi bəstəkarlarla dostluq etdi. Handel 1705-ci ildə, yəni hələ 19 yaşında ikən ilk operası “Almira”nı yazdı. Opera dərhal səhnəyə qoyuldu.

Handel 1706-cı ildə çıxdığı İtaliya səyahətindən 4 il sonra geri döndü. Bu səyahət zamanı o, Arkancelo Korelli, Alassendro Skarlatti və oğul Domeniko Skarlatti kimi bəstəkarlarla dost oldu. “Agrippina” adlı operasını, müxtəlif italyan kantatalarını da elə bu dövrdə yazdı. İtalyan kantatalarında inkişaf etdirdiyi italyan dilinə uyğun melodiya axışı, onun operalarındakı müvəffəqiyyətlərinə işıq tutub.

Bir il sonra Hamqurba gedən Handel burada Dövlət Opera Orkestrinin skripka bölümünə daxil oldu.

Handel italyanca olan ilk operası “Rodrigo”nu 1707-ci ildə Florensiyada yazdı və səhnələşdirdi. Daha sonra Romada çoxlu əsər bəstələdi. “Ölümdən sonra diriliş” oratoriyasını da bu zamanlarda yazdı.

1708-ci ildə Napoliyə gedərək bir il orada yaşadığı müddətdə “Aci Galatea e Polifemo” serenadasını yazdı və 1709-cu ildə Venesiyada səhnələşdirdi. 1710-cu ildə İtaliyadan ayrılaraq Hannoverdə Elector orkestr bədii rəhbəri kimi çalışmağa başladı. Buna baxmayaraq zamanının çoxunu Hannoverdən kənarda keçirdi. Handel 1712-ci ildən etibarən demək olar ki, həmişəlik İngiltərədə məskunlaşıb. Britaniyaya gəldiyi ilk illərdə Surrey qraflığının onun yaradıcılığına pərəstiş edən Barns Elms adlı zəngin tacirlərindən birinin evində yaşayır. Sonradan iki ilə yaxın müddətdə Berlinqton qrafının London yaxınlığındakı malikanəsində qonaq qalır – bu müddətdə Handel şahzadə Anna tərəfindən 200 funt sterlinq məbləğində ömürlük təqaüdlə dəyərləndirəcəyi iki operanı bəstələyib.

1714-cü ildə kurfürist Georq Britaniya sahillərinə yaxınlaşır və tezliklə kral olur. Handel İngiltərədə qısa müddətdə özünü sarayda qəbul etdirməyi bacardı və 1713-cü ildə ingilis kraliçasına yazdığı qəsidəyə görə mükafatlandırıldı. 1714-cü ildə kraliçanın ölümündən sonra taxta çıxan I Corc onun Hannoverdəki müdiri idi. Handel yeni kralın sarayına ithaf olunan və ifası bayram günlərinə nəzərdə tutulmuş "Suda nəğmə" əsərini bəstələyir. Ona iki qat artıq maaş qazandıran bu əsər onun ən əsas bəstələrindən biri oldu. 1720-ci ildən 1728-ci ilə qədər Handel Kral Musiqi Akademiyasının direktoru vəzifəsində çalışır. 13 fevral 1726-cı ildə bəstəkar Britaniya vətəndaşlığını qəbul edir.

Handel 1741-ci ilə qədər 40 opera bəstələdi. Bəstəkarın səhhətində ciddi problem yaranır. “Aix_la_Chapelle”də yenidən sağlamlığa qovuşan bəstəkar əvvəlki kimi çalışmağa başladı. Handel sənətkar köməksevərliyi və insan sevgisiylə ingilislərin ürəyində özünə yer qazanmışdı.

İtaliya səyahətinin sonunda Hannoverə gedərək qısa müddət bədii rəhbərliklə məşğul olmuşdu. Bu vəzifədə çalışdığı müddətdə İngiltərəyə gedib “Rinaldo” operasını səhnələşdirdi. Ancaq əsərin italyanca olması ingilisləri əsəbiləşdirmişdi. Hannoverə dönəndə Şahzadə Karolina üçün duetler yazan Handel, bir tərəfdən də ingilis dilini öyrəndi. 1712-ci ildə müdiri olan Hannover qubernatorundan müvəqqəti icazə alaraq İngiltərəyə gedən Handel, oraya yaşamağa başladı və bir daha qayıtmadı.

Əsərlərini hələ italyan stilində yazmağa davam edən Handel, bir tərəfdən də ingilis musiqisinin özünə xas istiqamətlərini araşdırırdı. 1717-ci ildə ona Çandos hersoqunun malikanəsində ona bəstəkar vəzifəsi verildi. Bu vəzifədə olduğu 1717-1720-ci illər arasında Handelin ilk ingilis operası olan “Esther və Acis və Galatea” adlı əsərini yazdı.

Handel 1719-cu ildə Hallenə getmişdi. Bu zaman Bax Hallendən 32 km uzaqlıqda yerləşən Köthendə yaşayırdı. Onun Handellə görüşmək istədiyini bilən Baxın müdiri və dostu Köthen şahzadəsi Leopold atını ona borc vermişdi. Ancaq hələ də məlum olmayan səbəbə görə bu görüş baş tutmadı.

Handel 1720-1728-ci illərdə Kral Musiqi Akademiyasının rəhbəri oldu. O, bu dövrdə ən gözəl operalarını bəstələdi. 1727-ci ildə kral II Corc üçün yazdığı “Zadok the Priest” o gündən bəri İngiltərədəki bütün tacqoyma mərasimlərində çalınır.

İtalyan tipli operaların dövrü keçdikcə Handel ingilis oratoriyaları (Xor, solist müğənnilər və orkestr tərəfindən konsertlərdə ifa olunmaq üçün yazılmış dramatik mövzulu iri musiqi əsəri) yazmağa başladı. Bəstələdiyi 26 oratoriya ingilis musiqisinə uzun illərlə təsir edib. 1741-ci ildə 6 həftəyə bəstələdiyi və ilk dəfə 1742-ci ildə Dublində səhnələşdirilən “Messiah” oratoriyası ingilis musiqi dünyasının ən sevilən koral əsəri olub. İsanın həyatından bəhs edən əsər ilə Handel, geniş xalq kütlələrini də əyləndirə biləcək musiqi yarada bildiyini sübut etdi. Əsərin Londondakı nümayişində "Hallelujah xoru" hissəsində kral II Corc özünü saxlaya bilməyərək ayağa qalxdığına görə bu hissəni ayaq üstə dinləmək adət halını alıb.

Handel, bu əsərin müvəffəqiyyətindən sonra dini məzmunlu oratoriyalar və ya oratoriya tipli mifoloji operalar bəstələdi. Oratoriyalarının hər birində İncildəki bir əhvalatdan bəhs edilib. Bu cür əsərlərinin sonuncusunu 1751-ci ildə yazdı. Handel, oratoriyalarıyla birlikdə orqan konçertosu yazmağı və oratoriyanın arasında bu əsərin ifa edilməsini də ənənə halına gətirdi.

Handel həyatı boyu 50-yə yaxın opera, 23 oratoriya, çoxsaylı kilsə xoru musiqisi, orqan üçün musiqilər bəstələyib, həmçinin bir sıra əyləncə səpgili əsərlər də yaradıb. Handel evlənməyib və adı heç vaxt eşq söz-söhbətində hallanmayıb.

Bax və Handel eyni həkimin qurbanı olur

Bəstəkar 1750-ci ildə Hollandiyada keçirdiyi qəza nəticəsində ciddi zədə aldı. Sağaldıqdan sonra İngiltərəyə döndü və “Jephtha” adlı son oratoriyasını yazdı. Handel, 1753-cü ildə görmə qabiliyyətini itirmək üzrə idi. Musiqi tarixinin ironiyalarından biri də Handelin də Baxın da katarakta səbəbindən gözlərinin görməməsi və eyni göz həkimi Con Teylor tərəfindən narkozsuz əməliyyat edilmələridir.

Bax bu əməliyyatda istifadə edilən çirkli vasitələr səbəbiylə qan zəhərlənməsi keçirərək ölüb. Handelin isə əməliyyatdan sonra gözləri tamamilə kor olub, ancaq konsertlərini davam etdirib.

Bəstəkarın ölümü

Həyatının son illərini yalnızlıq içində ibadət edərək yaşadı. Alman olduğunu heç zaman unutmayan sənətkar 20 aprel 1759-cu ildə vəfat etdi. Ölümündə milli qəhrəmanlara yaraşan, üç min nəfərin qatıldığı cənazə mərasimi ilə Vedminister Abbeydə dəfn edildi.

Handel, musiqi tarixinə vokal əsərləriylə gəlsə də “Su musiqisi” başda olmaqla orkestr musiqi əsəri ilə çalğı musiqisinə də böyük qatqıları var. Barokko dövrünün bəstəkarı olan Handelin əsərlərində bəzi istiqamətlərdə klassik dövr, hətta romantik dövrün işarələri də yer alır. Əsərləri heç zaman dəbdən düşməyən Handel özündən sonra gələn Haydn, Motsart, Bethoven, hətta Brams və Reger kimi bəstəkarlar üçün də ustad qəbul edilib.

# 3901 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #