Qan Turalı: “Bu, mənim yox, Azərbaycan ədəbiyyatının davasıdır”

Qan Turalı: “Bu, mənim yox,  Azərbaycan ədəbiyyatının davasıdır”
3 iyun 2015
# 11:37

"Əli və Nino” kitab mağazası ətrafındakı qalmaqal böyüməkdədir. Belə ki, tanınmış gənc yazar Qan Turalın kitablarının sözügedən mağaza tərəfindən qəbul edilməməsi ilə bağlı səsləndirdiyi ittihamlara cavab verən mağaza sahibi Nigar Köçərli də öz növbəsində yazarı suçlayıb. Qan Turalının özünü piar etməklə məşğul olduğunu və kitablarının satılmadığını iddia edən Nigar Köçərli ittihamlardan dolayı gənc yazarı tənqid edib. Barəsində səsləndirilən fikirlərlə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış yazar Qan Turalı "Əli və Nino” ətrafında gedən proseslərə və onu narazı salan məsələlərə aydınlıq gətirib.

- Tural bəy, ilk olaraq Nigar Köçərlinin barənizdə "O, özünün piarı ilə məşğuldur” sözünə münasibətinizi öyrənmək istərdim. Sizin piara, reklama ehtiyacınız varmı?

- Nigar xanım kimi aldadır? Üçüncü sinif səviyyəsində bildiyi Azərbaycan dili ilə kimə nəyi izah etməyə çalışır? Mən faktiki olaraq kitablarımı "Əli və Nino”ya vermişəm və rəhbərliyə də demişəm ki, bunları satsın. Amma mağaza uzun müddət kitablarımın satışını həyata keçirməyib. Nigar xanımla 4-5 dəfə əlaqə saxlamışam və problemin aradan qaldırılmasını istəmişəm. Ancaq təəssüf ki, problem həll olunmayıb. Bəhanə gətiriblər ki, yerimiz yoxdur. İndi də deyirlər ki, Qan Turalı piar edir.

- Mağaza rəhbərinin sizə və kitablarınıza bu cür münasibət sərgiləməsinin səbəbi nədir?

- Mağazanın satış meneceri mətbuata açıqlama verib və deyib ki, Qan Turalın kitablarını qəbul etmək üçün kifayət qədər yerimiz yoxdur. Bu gün (dünən) həftənin ikinci günüdür. Keçən həftənin üçüncü günündən, yəni hardasa altı gündür ki, bu söz-söhbət gedir. Bəs niyə bu müddət ərzində demirlər ki, gəlin, kitablarınızı sataq. Bunu demək əvəzinə, bizi aldatmağa çalışır.

- Kitablarınızı satmaq üçün sadəcə "Əli və Nino” mağazalarına verirsiniz, yoxsa digərlərinə də paylayırsınız?

- Mən kitablarımı Bakıdakı bir çox mağazalara vermişəm və ayrı-ayrılıqda hamısının adını, ünvanını öz "Facebook” səhifəmdə yazmışam. Ancaq söhbət ondan gedir ki, "Əli və Nino”nun Bakıda 8 mağazası var. Amma digər kitab mağazalarının sayı cəmi 5-dir. Yəni "Əli və Nino”dan başqa paytaxtda kitab satan cəmi beş mağaza fəaliyyət göstərir. Bunun özü də ciddi problemdir. Həmin mağazanın satışdakı payını hesablayanda bu, 61.5 faiz edir. İnhisarlar haqqında Azərbaycan Respublikasının qanununda birmənalı şəkildə qeyd olunub ki, hər hansı bir xidmət sektorunda və ya istehsal sahəsində hansısa şirkətin payı 35 faizdirsə, o artıq inhisar sayılır. "Əli və Nino” göstərilən faizi az qala iki dəfə aşıb. Məhz ölkə qanununun belə kobud şəkildə pozulması həm "Əli və Nino”ya, həm də "Qanun” nəşriyyatına imkan verir ki, onlar kitab bazarına diktə etsinlər və bu sahəni monopoliyada saxlasınlar. Monopoliya nəticəsində Azərbaycan ədəbiyyatına, yazıçısına və ümumilikdə xalqımıza qarşı bu cür iyrənc əməllərini həyata keçirirlər. Onlar istəyirlər ki, yazarlar ancaq "Qanun” nəşriyyatının qılıncının altından keçsin və nəşriyyat heç kimə bir qəpik qonorar ödəməsin. Məqsədləri isə Azərbaycan ədəbiyyatını kasıbçılığa, yoxsulluğa sürükləmək və yazarların əməyi, alın təri üzərində səltənət qurmaqdır.

- Nigar Köçərli və Şahbaz Xuduoğlu deyirlər ki, əgər kitab satılmırsa, onu mağazada saxlamağın mənası yoxdur. Axı mağaza ayda 4-5 min kirayə pulu ödəyir...

- İnanın, bunlar boş şeylərdir. Azərbaycan ədəbiyyatı Nəsimi ilə edam kötüyünü, Hüseyn Cavidlə İrkutsk sürgününü, Mikayıl Müşfiqlə Nargin güllələrini, Nəsimiylə Əmir Teymuru, Mirzə Cəlillə Vorontsovu görüb. Məhz yazıçılarımızın böyük istedad və entuziazmı sayəsində Azərbaycan ədəbiyyatı öz mövcudluğunu saxlaya bilib. İndi Azərbaycan dövləti müstəqil olduğu halda, ədəbiyyatın güclənməsi və inkişaf etməsi üçün münbit şəraitin yaradıldığı bir zamanda heç kim başımızı bazar iqtisadiyyatı ilə aldatmasın. Bazar iqtisadiyyatının inhisar haqqında qanunları var. Amma bizim ölkədə bu qanunlar kobud şəkildə pozulur. Mən antiinhisar xidmətə rəsmi qaydada müraciət edəcəm ki, onlar "Əli və Nino” haqqında araşdırma aparsınlar və müvafiq maliyyə sanksiyaları tətbiq etsinlər. Bu təkcə mənim davam deyil, bütün Azərbaycan ədəbiyyatının davasıdır.

- Çox güman ki, bu qarşıdurmadan sonra "Əli və Nino” mağazaları kitablarınızı qəbul etməyəcək. Bəs kitablarınızı necə satdırmağı düşünürsünüz?

- Mən "Şərq” qəzetinə söz verirəm ki, Qan Turalın kitabları bir daha "Əli və Nino” kitab mağazalarında satılmayacaq. Bu ancaq o zaman mümkün ola bilər ki, "Əli və Nino” bütün kitablara qarşı qadağanı götürsün. Heç kim düşünməsin ki, bu davranış piar üçündür. Qətiyyən elə deyil. Əgər kitab satılmırsa, hansı reklamdan danışmaq olar?! Əlimdə qalan kitabları şəhərin mərkəzində bir manata sataram. Artıq kitablarla bağlı maddi təmənnam qalmayıb. "Doqquz hekayə”nin məsələsi Azərbaycan ədəbiyyatının bir probleminə çevrilib. Ona görə də onun satış problemi Azərbaycan ədəbiyyatının satış problemi ilə həll oluna bilər.

- Nigar Köçərlinin sizin kitabların satılmaması, ümumiyyətlə, Azərbaycan yazarlarının oxunmaması ilə bağlı iddiası nə dərəcədə doğrudur?

- Qan Turalın kitabının satılıb-satılmaması problemi yoxdur. Mənim istənilən kitabım çox satılıb. Satılan kitablarımla bağlı mətbuata qaimələr də təqdim etmişəm. "Mustafa” romanım 2011-ci ilin oktyabr ayında” "Əli və Nino”da ayın ən çox satılan kitabı olub. Satılmırsa, bu qədər kitabı kim alıb? Bilirsiniz, "Əli və Nino” hər cür zir-zibil ədəbiyyatları satmaqla məşğuldur. Nə bilim, ərə getməyin 49 yolu, bozbaş bişirməyin 18 yolu və s. adlı kitabları çox yaxşı satırlar. Mənim ilk kitabım, hələ dörd il bundan qabaq çıxan "Mustafa” romanı "Əli və Nino”da 2011-ci ilin oktyabr ayının ən çox satılan kitabı olub. Ona görə də "Azərbaycan yazarları oxunmur” iddiası tamamilə yanlışdır və bəhanədir. Məlumdur ki, "Əli və Nino” həm də nəşriyyat kimi fəaliyyət göstərir və "Qanun”la birlikdə kitablar nəşr elətdirir. Həmin kitabların hamısı Azərbaycan dilində çap olunur və satılır. Amma mağaza rəhbəri iddia edir ki, Azərbaycandilli kitabları alıb oxuyan yoxdur. Yaxşı, elədirsə, onda o kitabları rus dilində çap edin də, niyə Azərbaycan dilinə tərcümə edib satırsız? Ötən gün "Əli və Nino” ayın ən çox satılan kitablarını açıqlayıb və deyib ki, çox satılan kitabların içində bir dənə də olsun Azərbaycan yazarının kitabı yoxdur. Əlbəttə, məsələnin mahiyyətini bilməyənlər elə anlayacaqlar ki, ölkəmizdə Azərbaycan yazıçılarının əsərləri oxunmur. Amma həqiqətdə elə deyil. Axı siz öz mağazalarınızda Seymur Baycanı satmırsınızsa, bizi necə alıb oxuyacaqlar?!

- Çoxları Nigar Köçərlini qərəzli mövqeyi ilə ittiham edir, onun xarici dilli kitablara üstünlük verdiyini deyirlər. Sizcə, N.Köçərlinin yerinə başqası olsaydı, indiki problemlər yenə də yaşanardımı?

- "Əli və Nino” Nigar xanımın şəxsi obyektidir. Dövlətin qurumu deyil ki, onun rəhbərini başqası ilə əvəzləsinlər. Xarici dillərdə kitabların satılmasını biz gözəl başa düşürük və bunun əleyhinə də deyilik. İstənilən dildə kitab çap olunub satıla bilər. Azərbaycan əhalisinin bir faizi rusdur. Söz yox ki, onlar üçün də kitablar satılmalıdır. Amma yalandan deməsinlər ki, sizin kitablarınız satılmır. Onda biz də satılan kitabların qaimələrini ortaya qoyub onların yalanlarını ifşa edərik.

"Əli və Nino” məsələ qaldırır ki, kitablara qoyulan əlavə dəyər vergisi ləğv olunsun, ona görə ki, kitab maddi yox, mənəvi əmtəə sayılır. Əgər sən kitabın mənəvi sərvət olduğunu iddia edib əlavə dəyər vergisinin ləğvini istəyirsənsə, onda sən Azərbaycan yazıçılarının kitablarını satmalısan. Dövlət büdcəsi vergilər hesabına formalaşır. Müəllimlər, həkimlər, təqaüdçülər maaşlarını həmin büdcədən alırlar. Dövlət mədəniyyətin inkişafını təmin etməlidir, lakin büdcəyə girməyən bu pullar da Azərbaycan mədəniyyətinin inkişafına sərf olunmalıdır, nəinki hansısa ucuz bir bestsellərə. ƏDV-nin ləğvi Azərbaycan ədəbiyyatının inkişafına heç bir təkan vermirsə, onda bu ƏDV elə yerində dursa yaxşıdır.

"Şərq" qəzeti

# 1115 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #