Rəsulzadənin qürbətdə ölən, Novxanıda dəfn olunan sonbeşiyi

Rəsulzadənin qürbətdə ölən, Novxanıda dəfn olunan sonbeşiyi
29 noyabr 2013
# 12:50

Cavid Zeynallı

Mehdi Hüseynzadənin dost sədaqəti

Məmməd Əminin oğul yadigarı 71 yaşında özünə qəsd etmək istəyirdi. Ömrü boyu əzabın-məşəqqətin qolları arasında çırpınan, taleyinə sürgün dərdi, doğmalarını-əzizlərini itirmək acısı yazılan bu əzabkeş adamın başına nə gəlsə yaxşıdır: ömrünün ağsaqqal çağında ciyərlərində serroz tapılmışdı. Ağrıları dözülməziydi, dəhşətliydi, tab gətirmək olmurdu. Bu əzablardan yaxa qurtarmağın bircə yolu vardısa, o da gecənin bir aləmi qalxıb, hamıdan xəbərsiz canına qıymaq idi. Səhəri diri gözlü açıb evə molla çağırtdırır, saatlarla söhbət edirlər, canına-ruhuna sakitlik çökür, toxtaqlıq tapır. Özünə qıymaq fikrini başından atır, bu günah əməldən əl götürür.

Ölümündən iki il əvvəl – 1991-ci ildə Qazaxıstandan Bakıya gəlmişdi. Uşaqlıqda gəzdiyi yerlərə baş çəkir, xəyalı o uzaq illərə uçurdu. “Nizami” metrosunun yerində ana babasının evi vardı, həmin həyətə baş çəkər, uşaqlıq dostlarını xatırlayardı. Və ən dəhşətlisi nə idi, bilirsinizmi? Azəri burda xatırlayan yox idi: aradan 54 il keçmişdi. O sürgün ili – 1937, bu da Bakının ocaq kimi alovlandığı 91... Kim, necə xatırlaya bilərdi? Azərin isə hər şey lap yaxşı yadında idi. Dostlarını sevgiylə, ehtiramla anardı. Adı əfsanəyə dönmüş Mehdi Hüseynzadənin sədaqətini, uşaqlıqda bir yerdə rəsm çəkdikləri, gələcəyin xalq rəssamı, yazıçı Seyid Hüseynin oğlu Oqtay Sadıqzadəni xatırlayardı.

Seyid Hüseynlə qohum idilər. 13-14 yaşları olanda Oqtayla şəkil çəkməyə maraq göstərirdilər. Günlərin birində Əzim Əzimzadə onların rəsmlərini görür. Seyid Hüseynə məsləhət görür ki, uşaqları rəssamlıq məktəbinə yazdırsın. Bir müddət sonra Azər sürgünə göndərilir, Oqtaysa rəsm müsabiqəsində birinci olur. Və... və bu dəfə elə Əzim Əzimzadənin təkidi ilə Oqtaya birinci yeri vermirlər, üstəlik, Oqtayı məktəbdən xaric edirlər.

İkinci xatirə: Azərlə Mehdi Hüseynzadə dost olublar. Günlərin birində şərikli iş götürürlər ki, tez təhvil versinlər, pulu almaq ləngiməsin. Azər əziyyətini çəkdiyi işin haqqını ala bilmir, yağışlı noyabr günündə sürgün olunur. Mehdi Hüseynzadə pulu alan kimi Azərin sürgündəki ünvanını öyrənir, pulun tən yarısını dostuna göndərir...

Bakıda xəstələnir. Mərkəzi Klinik Xəstəxanada bir müddət yatandan sonra Novxanıya gedir ki, babalarının məzarlarını ziyarət eləsin. Oğlu Raisə işarə edir: məni burda dəfn edərsiniz.

Heydər Əliyevlə təsadüfi qarşılaşma

91-dən əvvəl – 1988-ci ildə də Bakıya gəlmişdi. Bəri başdan bir məsələyə aydınlıq gətirək, qaranlıq qalan nəsə olmasın. 1959-cu ildə - Xruşşov dövründə sürgün olunanlara ümumi bəraət verilir. Azər isə bu kağızı yalnız 1991-ci ildə, Sovetlər Birliyi dağılandan sonra ala bilir. Bunun da qəribə tarixçəsi var. Azərbaycandan Azəri Qazaxıstanda - Karaqandada tapan ilk adam Teyyub Qurban olub. Onun xatirələri çox maraqlıdır: “1989-cu il idi. Müstəqillik havası vardı. Ağlıma bir fikir gəldi: dedim, görəsən, Rəsulzadədən kimlər qalıb? Getdim «Vicdan» Cəmiyyətinə. Sədri Murtuz Sadıqov idi. Dedim, Murtuz müəllim, bilmirsiniz, Rəsulzadənin Qazaxıstana sürgün olunan ailəsindən kimlər qalıb? O vaxt hələ Raisi tanımırdım. Dedi, onun oğlu Azər Karaqandada rəsm müəllimi olub. Mənə rəsmxətdən dərs deyib. Bunu eşidincə, Yazıçılar Birliyinə getdim. Anardan xahiş etdim ki, mənə yaradıcılıq ezamiyyəti versin. Orada yaşayan həmyerlilərimizdən əsər yazmaq istəyirəm. Oljas Süleymenov onda Qazaxıstan Yazıçılar Birliyinin sədri idi. Dedim, bilmək istəyirəm ki, məşhur azərbaycanlılardan Karaqandada kimlər var? Onun vasitəsilə oranın pasport-stoluna getdim. Siyahını alıb baxdım. Gördüm yazılıb: Rasulov Azer Mamed oqlı... Seyfulin küçəsi-155... Məhəccərli həyət evi idi, qapısını nə qədər döydümsə, açan olmadı. Hava soyuq idi, hər tərəfi qar tutmuşdu. Səsə gələn qonşu qadın dedi ki, burada bir rəssam yaşayır. Yəqin, bərk yatıb, o üzdən qapının döyülməsini eşitmir. Bir də gördüm ki, həyətin o başından ucaboy, yaraşıqlı bir kişi ayaqyalın, qarı tapdaya-tapdaya mənə tərəf gəlir. Məndən rusca soruşdu ki, kiməm? Cavab verdim: “Ya iz Baku!...”

Eşitdiklərinə inanmadı, çaşıb qalmışdı, qəhər onu boğurdu. Dedi, sən məni Bakıya dəvət edirsən, amma mənə hələ də bəraət verilməyib. Mən Bakıya necə gedə bilərəm? Eşitdiyimə inana bilmədim. 1989-cu ilədək SSRİ-də bütün siyasi dustaqlara bəraət verilmişdi. Gəldim Bakıya, yenə Murtuz müəllimin yanına getdim. Dedim, Azəri tapmışam! Ona indiyəcən bəraət verilməyib. O da inanmadı. Murtuz müəllimin qardaşı DTK-da işləyirdi, ona zəng vurdu, o da Əbdürrəhman Vəzirova vəziyyəti bildirdi. Deyilənə görə, Vəzirov bunu biləndə çox əsəbiləşib və o üzdən də bəraət məsələsi tez həll olundu. Mən bəraət kağızını alıb ikinci dəfə Karaqandaya –Azərin yanına getdim...”

88-də Bakıya gələndə Əbülfəz Elçibəylə məktublaşır, tez-tez deyərmiş ki, mən sovet hökumətini yaxşı tanıyıram, bunun axırı pis olacaq. Elçibəy prezidentliyi dönəmində təyyarə göndərir, göstəriş verir ki, Rəsulzadənin qohumlarına Ankarada Məmməd Əminin məzarını ziyarət etməyə imkan yaradılsın.

91-də Bakıya dönəndə iki il əvvəl dediyi sözləri xatırlayır və “Şəhidlər Xiyabanı”na yollanır. Nəcibə Bağırzadənin “AZƏRbaycan həsrəti” kitabından: “Təsadüf burda onu Heydər Əliyevlə görüşdürdü. Oğlu Raislə məzarları bir-bir ziyarət edirdilər. Uzaqdan bir dəstə göründü. Heydər Əliyevi əhatəyə almışdılar. Amma Heydər Əliyev qəfil dəstədən aralanıb onlara sarı gəldi. Güclü yaddaşıyla tanımışdı Azər bəyi. 1946-cı ildə Azər Bakıya gəlmişdi. İçərişəhərdə Qumral Sadıxzadənin evində qonaq qalmışdı. Bu, o vaxtlar idi ki, onlara hələ bəraət verilməmişdi və təbii ki, DTK-nın bu gəlişdən xəbəri vardı. İllər sonra xeyli söhbətləşdilər. Heydər Əliyev Bakıda Milli Məclisdə çıxış etmək üçün gəldiyini deyir:

- Naxçıvanda Rəsulzadənin ucaltdığı bayrağı başımızın üstündən asmışıq. Sizə hər cür köməklik etməyə hazıram.

Azər qəfildən soruşur ki:

- 70-ci illərdə hakimiyyətdə olduğunuz illərdə gəlsəydim, necə?

Heydər Əliyev bir an belə düşünmədən və inamla “əlbəttə” cavabını verir. Xatırlayır ki, o illərdə “Qlavlit”ə rəhbər təyin etmək lazım idi. Bir nəfəri təqdim elədilər və dedilər, Rəsulzadənin qohumlarındandır. Tərəddüd etmədən razılıq verdim.

Bir xeyli söhbətləşəndən sonra sağollaşırlar. Azər bəy xoş təəssüratla ayrıldığı bu adamla bir daha görüşməyə macal tapmır. Amma bu adam Azər bəyin vətənə son və əbədi dönüşünə yardımçı olur”

* * *

... Ölümlə əlləşən ata, onun ağrılarını unutdurmaqdan ötrü söhbətə tutan oğul...

- Məni Bakıya apar...

- Apararam. Hazırlığımızı görək...

Hər şey hazır olanda fikrini dəyişir:

- Yox... yox, getmirəm.

- Niyə getmək istəmirsən?

- İstəmirəm, amma məni orda dəfn eləyərsiniz.

- Axı fikrini niyə dəyişdin, nə oldu?

- Orda məni istəyən də var, istəməyən də. Qoy məni zəif görməsinlər.

Və hərdən deyərmiş: vətəndə ölmək necə xoşbəxtlikdir...

Xəzərin sularını öpmək

1993-ün 8 iyulunda hər şey bitdi. Bakıya xəbər göndərilsə də, onu Bakıya çatdıracaq təyyarə nədənsə gecikirdi: “Sonradan məlum olur ki, xəbəri Heydər Əliyevə çatdırmayıblar. Hadisəni eşidər-eşitməz təyyarə göndərir. Heyətdə Hidayət Orucov, rayonun icra başçısı və Pedaqoji Universitetdən bir neçə nəfər olur. Azər Rəsulzadəni Fəxri Xiyabanda dəfn etmək təklif olunsa da, tələbəsi, professor Murtuz Sadıqov “necə vəsiyyət eləyibsə, elə də edin” deyir. Məmməd Əmin ailəsindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız ona nəsib oldu.

***

Ailəyə qarşı repressiyalar başlananda ilk qurban Məmməd Əminin böyük oğlu Rəsul olur. Onu həbs edirlər ki, atana qarşı təbliğat aparmalısan. İstədiklərini ala bilməyəndə Rəsulu NKVD divarları arasında məhv edirlər. Gözətçilərdən biri deyirmiş ki, onu güllələdilər, amma qəbri hardadır, bilinmir. Azər danışarmış: Rəsul dərsdən gələndən sonra çantasını bir tərəfə atıb deyərdi ki, bunlar yenə başlayıblar Məmməd Əmin elə, Məmməd Əmin belə... xalq düşmənidir.

Sürgün həyatı Gəncə türməsindən başlanır. Daha doğrusu, ailəni əvvəlcə Bayıl türməsinə gətirirlər. Kameralar doluymuş. Əmin bəyin bacısı Xalidə etiraz edir ki, bizə ayrıca kamera verin. Ailəni Gəncəyə - onların yolunu gözləyən boş kameraya yola salırlar. Bir ay sonra qatara mindirilib uzaq Qazaxıstan çöllərinə göndərildilər. Düşdükləri yer Aral gölü ətrafında ekoloji cəhətdən ən yararsız sahə olan Çolak-Kurqan oldu. Bura təkcə dəmir yolundan yox, hər şeydən, hamıdan uzaq idi, çox vaxt qadınlar barmağındakı üzüyü bir çörəyə dəyişərdilər. Bir müddət sonra onları Taldı-Kurqan deyilən əraziyə köçürdülər, Kirov sovxozunda məskunlaşdırdılar. Azər burda rəsm və idman müəllimi kimi işləməyə başladı. Ən çox Stalinin portretlərini çəkdirərdilər ona. Yaxşı dərs dediyi üçün Qazaxıstanda ona əməkdar müəllim adı vermək istəyirmişlər. Mane olan bircə səbəb varmış: “xalq düşməni”nin oğluydu, ona görə, olmazdı, qəti olmazdı... Elə sürgündəcə Şölə adlı xanımla ailə qurmuşdu. Xanımını tez itirir, 1950-ci ildə bir məktəbdə işlədiyi qadınla – Mariya Yefimovna ilə evlənir. Yefimovnanın xatirələrindən: “Azər yaxşı üzgüçüydü. Bir dəfə ilk gəncliyində üzüb uzaqlara gedir. Hamı onu axtarmağa başlayır. Azər də tamam başqa bir tərəfdən sahilə çıxıb nigaran-nigaran dolaşan adamlara yaxınlaşır ki, kimi axtarırsınız? İllər sonra onu sahildə axtarıb-gözləyən olmadığı vaxtda yenidən Xəzərlə qucaqlaşır. 1956-cı ildə Bakıya gedəndə Krasnovodska çatan kimi elə geyimli-keçimli özünü suya atır. Xəzərin sularını öpmək, içindəki həsrəti soyutmaq üçün...”.

Oğlu Rais Rəsulzadənin dediklərindən: “Atam Azərbaycanın ilk Azəriydi… Özü sonralar demişdi. Mən nə isə şübhə altına alırdım. Amma sonra gördüm ki, ondan qabaq Azər adına heç yerdə rast gəlinmir. Ailədə danışırdılar ki, babamı həbs eləmişdilər. Onu Stalin həbsdən qurtardı, Moskvaya apardı. Məhəmməd Əminin fikri vardı ki, ailəsini də aparsın, amma mümkün olmayıb. Bakıdakı evinə gəlib. Ailəsi ilə görüşüb. Alıb 2 aylıq körpəni qucağına, başının üstünə qaldırıb. Qulağına pıçıldayıb ki, adı Əliheydər yox, Azərdi, Azər...”.

Hönkür-hönkür ağlamaq...

Yaxşı tar çalmağı vardı və tara olan sevgisi ömrü boyu azalmadı. Hətta 37-nin noyabr axşamında evdən götürə bildiyi iki-üç əşyadan biri də tar idi. Və 43-cü ildə onu özüylə bərabər əsgərliyə də aparmışdı. Günlərin birində... günlərin birində Azəri tar çalmağa dəvət edirlər. Həmin məclisdə bir nəfər ona yaxınlaşıb deyir:

- Sən Məmməd Əminin oğlusan, səni tanıyıram.

- ...

- Səni atanla görüşdürmək istəyirəm. Daha doğrusu, bu görüş üçün kömək edə bilərəm.

- ...

Azər görüşdən imtina edir. Bir müddət sonra bu söhbət Məmməd Əminə çatır və o, oğlunun görüşə gəlməməyinə haqq qazandırır. Heç kim zəmanət verə bilməzdi ki, bu müəmmalı təklifin axırı necə olacaq.

Və nəhayət son... 1955-ci ilin martında atasının ölüm xəbəri dünyaya yayılanda onu Dövlət Təhlükəsizlik Komitəsinə çağırıb rəsmi şəkildə məlumat verirlər. Bu xəbəri sakitcə qarşılayan Azər onların Türkiyəyə getmək icazəsini və təklifini də qəbul eləmir. Evə qayıdanda isə... evə qayıdanda isə hönkür-hönkür ağlayır...

İstifadə olunan ədəbiyyat:

Nəcibə Bağırzadə, “AZƏRbaycan həsrəti”, Bakı, 2013.

Azadlıq.org (“Azadlıq” radiosu, “İz” proqramının mətni; müəllif: Sevda İsmayıllı)

ANS, Məmməd Əmin Rəsulzadə, sənədli film.

Nəcibə Bağırzadə, “Gecikmiş etiraf kimi”, Bakı, 2007.

# 7396 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #