Qoç heykəllərini məhv etmək üçün ermənilərin yaydığı şayiə

Qoç heykəllərini məhv etmək üçün ermənilərin yaydığı şayiə
29 may 2018
# 17:30

Kulis.az Sədrəddin Daşkörpülünün “Şingədilan qəbiristanlığında qoç heykəllər” yazısını təqdim edir.

...Bir az o tərəfdə də bir qəbiristanlıq var, onu da özümüz öldürmşük... Üstü at heykəlləri, qoç heykəlləri... hələ qəbirüstü dəvə heykəli də var. Heykəllərin çoxunun başı yoxdu, hamısını öz əlimizlə özümüz qırdıq, çöllərə düşüb qızıl axtaranda..

...Biz də, əlimizdə külüng, daraşıb bütün Qafqaz boyu heykəl başımızı sındırırdıq ki, içindən qızıl çıxacaq... biz bununla tariximizi yeyirdik... Tarixsə həzm olunmur... Ona görə indi tarixdən ögüyə-ögüyə, qusa-qusa danışırıq. Həmişə də belə olacaq çünki öz tariximizi özümüzə yedirdiblər... (M.Süleymanlı)

Qoç heykəllərin tarixi min illərlə ölçülür. Bunu bugünkü mütəxəssislər elmin bugünkü hünəri ilə çox dəqiq hesablaya bilər (əgər araşdıranlar bizimkilərdisə, vicdanı özgələşməyibsə, araşdırmağa gücü çatırsa, yəni obyektiv araşdırmaya imkan verirlərsə). Bunu onlara həvalə etməklə Mirzə Cəlil demiş, qəlbimdən səslər gəlir və bu pak və təmiz vicdanımın səsi olan bu səs deyir ki, məntiqə və sağlam şüura istinad etsək, deyə bilərik ki, qoç heykəllər harada varsa, ora neçə minillik bizim babaların doğma yurdudur. Ən azı ona görə ki, bizim ən böyük düşmənlərimiz bizi və babalarımızı çoban adlandırırlar. Özləri də bilmir ki, bizim milli varlığımızın neçə minillik tariximizi təsdiq edir, çobanlığımıza rişxənd eləməklə də öz cahilliklərini üzə çıxarırlar. Çobanlıq ÇOBANLIQ olsaydı Allahın peyğəmbərlərinin çoxunun əvvəli ÇONANlıq olmazdı. Babalarımızın çoban olması ilə fəxr eləyən M.Süleymanlı “çobanlıqdan keçməyən bir millətin dövlət qura bilməsinin mümkünsüzlüyünü” sübut eləmişdir. Böyük arqumentlərə, güclü zəkaya ehtiyac yoxdur bu məsələdə. Çünki çobanlıq böyük bir mədəniyyətdir. Təbiətin dilini bilməkdir, fəsilləri hesablamaq, aranın, dağın köç vaxtını bilmək, nə zaman haranı otarmaq, sürünü nə zaman dağa, nə zaman arana çıxarmaq, yağış nə zaman yağacaq; küləyin səmtini dəqiq hesablayıb qurd-quşdan, xəstəliklərdən qoruya bilmək elminə və təcrübəsinə sahib olmaq lazımdır. Köç bir təşkilatçılıq işidir və elə-belə bəsit bir məsələ deyil. Burada sürüdən tutmuş, yaşamaq üçün lazım olan nəsnələrin tədarükünə, ailə, uşaq, onların sağlamlığı, sürünün və köçün mühafizəsi xırda işlər deyil. Çobanlıq qlobal kültür məsələsidir. Ağartı məhsullarının istehsalından tutmuş, bu gün çox şeyimiz kimi ermənilərin özlərinə çıxdıqları lavaşa, basdırmaya qədər, ondan dəri, yun istehsalı, keçə və çadır, araba mədəniyyəti, əyirmə, toxuma, boyama, xalçaçılığa qədər bir çox məsələləri ehtiva edir özündə ÇOBANLIQ. Xana quraşdırmağın özü ayrı bir texnoloji kəşf, darağından, cəhrəsindən xanasına və sonda xalı-xalçasına qədər. Xalça rəssamlıq, mühəndislik, boyakarlıq və s. kimi bir çox sahələri əhatə edir. Bunları saymaqla bitən deyil. Bunlar səviyyə tələb edir, intellekt tələb edir. Təkcə onu deyim ki bu gün dünyada pendir sahəsində hegemonluq eləyən hollandlar belə çeçil-tel-tel (çeçil deyil, çil-çildir. Yəni üzərinə xal düşən, göyərən. Göyərmiş pendirin ayrı dadı var. -Murad Adçı demiş, yovşan ətrini bilməyən qıpçaqdan bir şey anlamaz. Elə çobanlıq dünyasından xəbərsiz bir adam da göyərmiş pendirin dadını bilməz.- Tel-tel isə burulub hörülmüş saça bənzəyən pendirdir. Üzlüdən (yağı alınmayan) fərqli yeganə pendirdir ki, süd bişmədən hasil olmaz) pendiri istehsal edə bilmir. Bunu ancaq Anadolunun Qars və Ərzurumluları, bir də Qafqazın Ağbaba-Amasiyalıları bacarır. Saxlamaq üçünsə motaldan istifadə edir. Aşıq Ələsgər “axtarma motal” deyəndə bunu nəzərdə tuturdu. Axtarılmış, yəni çevrilmiş dəri. Tüklü üzü deyil, dəri hissəsi. Çobanlıq bununla bitmir, özünün ədəbiyyatını, musiqisini də yaradır. Qara zurnası, davul-nağarası, bu gün ermənilərin sahib çıxdığı tütəyi, neyi ilə. Qoyunçuluq həyat idi. “Qoyunun oldu yüz, gir içində üz” və ya “Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər” kimi deyimlər çobanlığın məhsuludu. Çobanlığın bizdəki estetik dərki və ifadəsi özünü sayaçı sözlərdə, oturaq həyatınkı isə holavarlarda öz bədii həllini tapıb. Yoxdur belə nümunə başqalarında. Bunları yaşayan da, yaradan da bizim ulu babalarımız idi. Kim deyirsə biz tarix yazmadıq, yalan deyir. İftiradır. Bunlar hamısı tarixdır, həm də ən doğru tarixdir. Aristotel boşuna deməyib ki, poeziya tarixdən daha ciddi və fəlsəfidir. Sayaçı sözlər də holavarlar da poeziyanın ən gözəl nümunələridir. Babalarımız bir də daşları, ağacları yonaraq ora həkk elədilər öz estetik duyumlarını, dünyadərklərini.

Qoc heykəllər də bunlardan birisi. Bizim ulu tariximizin canlı şahidi olan bu heykəllər yayıldı babalarımızın ayaq basdığı hər yerə. Düşmənlər bunun nə demək olduğunu bizdən yaxşı bildiklərindən yağmalamağa, mənimsəyib özününkiləşdirməyə, bu da baş tutmayanda, (axı bu həyatı yaşamayan bir millətin nəyinə lazım qoç heykəlləri) məhv etməyə başladılar. Bunu da öz əlimizlə, xüsusən də sovet dövründə həyata keçirdilər. M.Süleymanlı “Erməni adındakı hərflər” əsərində bunu çox gözəl işıqlandırır. Ermənilər şayiə yayır ki, at və qoç heykəllərin içində qızıl var, sərvət yatır. Varlanmaq azarına tutulan bizlər isə qırıb dağıtdıq hamısını. Yəni düşmənə gərək qalmadı. Bizim öz əlimizlə keçmişimizi baltalatdılar və istəklərinə nail oldular. Ancaq nə qədər silsələr də tam bitirə bilmədilər.

Şəklini gördüyünüz bu heykəllər Zuvatli və ya Zuvand bölgəsinin-indiki Lerik rayonunun Şingədilan kənd qəbiristanlığındadır. Qəbirlərin baş daşlarıdır bu heykəllər. Yerli sakinlərin dediyinə görə bunlar üç dənə olub. Biri kiçik olub. Quzu desək buna; bu quzu heykəli yəqin ki, körpə uşağın qəbrinin üstünə qoyulub. Son bir neçə ilə qədər burada imiş. Amma indi yoxdur. Hara yox olduğunu kimsə bilmir. Bəlkə də “Qorqud dağının ətəyində açıq səma altında İlkəl sənət muzeyinin ... ekspozisiyasına Lerikdən yeni tapılmış daş at, qoç heykəlləri əlavə edilib.” (Anar. “Ağ qoç, qara qoç”). İndi bunları yaza-yaza qorxuram ki, xəbər tutub o biri ikisini də aradan götürələr. Əslində o balacanı götürən kimdisə, bunları da bilir, yəqin ki, aparmaq planındadı. Zamanını gözləyir. Bu yazının yayılmasında itirəcəyimiz o olar ki, başqa maraqlılar da xəbər tutar, bunları mənimsəməyə, ya da yox etməyə çalışar; qazancımız o olar ki, dövlət yetkililəri də xəbər tutar, xalqımızın bu minillik sərvətinin tədqiqi və qorunması ilə məşğul olar. Əlbəttə, güman eləmirik ki, Mədəniyyət Nazirliyinin bundan xəbəri yoxdur. Biz sadəcə yada salmaq və xalqımıza bu sahədə bilgi vermək istədik.

Şingədilan Zuvat bölgəsinin ən qədim kəndlərindəndir. Havası saf, suları tər-təmiz. Lənkərandan çox da uzaqda deyil. Zuvat toponimi bu bölgənin 1936-cı ilə qədər ümumi adı olub. Ancaq bu ildən şeytan Stalin dövləti Zuvat sözünü Leriklə əvəz edib. Lerik olub cənub zonasının dağlıq bölgəsində rayon mərkəzinin adı. Rəsmiyyətdə “Zuvat” unutdurulsa da, yerli əhali hələ də buranı Zuvand kimi tanıyır.

Biz arxeoloq da, etnoqraf da deyilik. Bu sahənin çox gözəl mütəxəssisləri var. Bundan sonra axtarmaq, araşdırmaq, xalqın daş yaddaşını onun özünə qaytarıb öz malı etmək də əlaqədar mütəxəssislərin işidir. Sonda bir xəbərdarlığı da edim. Nəbada aldanıb içində qızıl var deyə bu qoç heykəllərə əl qaldırasınız. Kül də eləsəniz içindən heç nə çıxmayacaq. Dəyər onun özündə, mahiyyətində, varlığında, keçmişimizin canlı şahidi olub bu günə qədər onu gətirib çatdırmağındadır. Düşmənləriniz əslində onlarda qızıl var deyəndə düz deyiblər. Amma biz yuxarıdakı mənanı qavraya bilməmişik. Qızıldan qiymətli bu varlıqları qorumaq, tədqiq etmək əvəzinə sındırıb dağıtmışıq. Bu keçmişin yadigarları idi. Gedən getdi, qalan qaldı...

Bu isə bu günün “qoçları”. 1990-cı ilin məlum hadisələrindən sonra Bakının Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin kollektivi düşünüb daşınır və 20 Yanvar şəhidlərinin xatirəsinə bir abidə ucaltmaq qərarına gəlir. Fikirləşirlər, bunu elə yerdə edək ki, daim göz önündə olmasın. Həmişə göz önündə olan dəyərini itirir. Bu haradasa qapalı bir yerdə olsun, ürəyi istəyən gedib baxsın, yad eləsin; həm də belədə yaxşı qorunar.

Məktəbin bağı binanın tam ortasında, hər tərəfdən qabalı bir vəziyyətdə olduğundan bura ideal bir yer kimi seçilir, amma kollektivlə rəhbərlik arasında bir məsələ problem yaradır. Rəhbərliyə görə bağın ortasında hovuz var və bu hovuz təhlükəsizlik məqsədi ilə tikilib, ona toxunmaq olmaz. Hovuz da tam nəzərdə tutulan yerdə-bağın ortasındadır. Kollektiv deyəndə ki, hovuz onsuz da çatlayıb, su saxlamır, həm də bağ üçün çox böyükdür, yəni simmetriyanı, ümumi görüntünü pozur. Rəhbərlik yenə də etiraz edir ki, layihədə göstərilən hovuza toxunmaq olmaz. Belədə kollektiv çıxış yolunu abidə layihəsinə hovuzu da əlavə etməkdə tapır. Qurulacaq abidənin rəsmi çəkilib rəhbərliyə təqdim olunur. Onlar da özlərindən yuxarıdakı rəhbərlərə göstərir. Təbii ki, dövr elə idi ki, kimsə şəhidlərin adı gələndə etiraz etmək istəmir. Bir də Fövqəladə Vəziyyət şəraitində. Həm də kimsə başını bəlaya salmaq istəmir. Ancaq təklif edilən layihə o qədər düşünülmüş və gözəl idi ki, sonda kollektivin dediyi olur. Abidə tikilir. Köhnə hovuzun yerində, söküldükcə tullantılar yeni tikintiyə istifadə olunur, o vaxt fəalların dediyi kimi “bez atxodnıy proizvodstvo” üsulu və məktəb kollektivinin köməyi ilə abidə ucaldılır, özü də FV-in gözü önündə. Açılışı da tam dünya Azərbaycanlılarının həmrəyliyi gününə düşür. İndiki texniki imkanlar o vaxt olmadığından təəssüf ki, sadəcə bəzi fotolar qalıb yadigar olaraq o günlərdən. Bağın quruluşu elə idi ki, Qapının birindən bir mərtəbə yuxarıdan müəllimlər, digəri aşağıdan isə şagirdlər daxil olub hər hansı böyük tədbiri keçirə bilərdi. Boş yerlərdə ağac əkildi. Bağ ortasında gözəl bir kompleks, mükəmməl bir kompozisiya yaradıldı.

Əlbəttə, bu gündən baxanda bu deyilənlər adi bir tarixi hadisə kimi görünə bilər. Amma o vaxt, FV şəraitində, Moskvanın-20 Yanvarın xofu başımızın üstündə asan başa gələn deyildi. Bunun tutuklanmağa, işin baş tutmamasına qədər hər cür çiləsi vardı. O vaxt hünər tələb edirdi. Biz indi burada kimlər idi o abidəni tikənlər, rəssam-memarı kim idi, müdiriyyət kimlər idi, şagirdlər nə qədər fəallıq göstərdilər, daha kimlər nə kimi dəstək oldu, kimlər mane oldu və s. kimi olmuş-keçmişi canlandırmaq niyyətində deyilik. (Allah hamısından razı olsun. Tərəfdardan da, qarşı durandan da, dəstək olandan da, bu işi görənlərdən də) İndi bu abidə necə qorunur və təyinatına görə nə səviyyədə istifadə olunur? sualları da deyil məsələmiz. Nəzərə çatdırmaq istədiyimiz odur ki, burada əski türk əlifbası ilə verilən yazı, məşəl, naxışlar, yazılar və oradakı bayatıda qeyri-adi bir nəsnə də yox idi. Bunlar hər kəsin ağlına gələ bilərdi və fövqəladə bir yenilik də yox idi. Qeyri-adilik ilk dəfə 3-4 müəllimin kollektivə arxalanıb belə bir “cəncəl” işə girişməsi, xüsusən də hovuza bərkidilən qoç heykəlində idi. Su onun başından axıb hovuza tökülürdü. O vaxt, “niyə qoç?” deyiləndə “qoç döyüşünə qoç dözər” kimi qarşılıq verirdi bu işin memarları. Əlbəttə, bu, sualın tam cavabı deyildi. Niyəsini özləri də bilmirdi…

O vaxt M.Süleymanlının “Erməni adındakı hərflər” romanı yazılmamışdı, millətin də o kitabdakı qoç heykəllərlə bağlı fikirlər haqqında bir təsəvvürü yox idi. Qan yaddaşı, gen yaddaşından da xəbərsiz idik. Bu xəbərsiziklə birgə millət bir tərəfdən yaddaşsızlaşıb “içində qızıl var” deyə qoç heykəlləri məhv edirdi, bir tərəfdən də başına müsibət gələndə şüuraltından qan yaddaşı QOÇu yada salırdı və şəhidlərə ucaltdıqları abidə kompleksinə onu da əlavə edirdilər. Özü də bu abidə 20 Yanvar şəhidlərinə ucaldılan ilk abidə idi. Onu ucaldanlar da bu işin əhli deyildi. Rəssamı da ölkənin adlı-sanlı rəssamı deyildi. Amma Allah bu “naşıların” əli ilə belə gözəl bir iş ərsəyə gətirdi və gen yaddaşımızı tərpətdi, silkələdi, oyatdı. Oyatdı, ancaq Şingədilandakı “qoçlar” və onu kimi neçələri hələ də öz həqiqi qeyrətli sahibini gözləməkdədir. Gözləyir ki, gəlsin, araşdırsın, xalqın ruhunu təkrar özünə qaytarsın.

O heykəlləri orada görməyimizə və yazının yazılmasına səbəb olan Lənkəran sakini Yadigar bəyə, qızı Aynurə xanıma və nəvələri Kənanla Urfana da ayrıca minnətdarlığımızı bildiririk. Bunların adlarını bir də ona görə çəkdim ki, bu yazının davamı olaraq yazılacaq başqa mühüm tarixi olaylara işıq tutdular.

# 2528 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #