Həmkarlarının “axmaq” adlandırdığı məşhur rus bəstəkar

Həmkarlarının “axmaq” adlandırdığı məşhur rus bəstəkar
28 dekabr 2015
# 09:00

Kulis Modest Musorqski haqqında yazını təqdim edir.

Bəstəkarın uşaqlığı

Modest Petroviç Musorqski 21 mart 1839-cu ildə Rusiyanın Karevo kəndində anadan olub. Məşhur və varlı ailənin övladı olan Modestin atası böyük torpaq sahibi idi. O, musiqi ilə altı yaşında tanış olur. İlk piano dərslərini peşəkar pianoçu olan anasından alır. Musorqski yeddi yaşında olarkən Lizstin bəzi əsərlərini ifa edə bilirdi. Amma atası onun hərbçi olmağını istəyirdi. Bu səbəblə 1849-cu ildə Sankt-Peterburq hərbiyə hazırlıq məktəbinə yazdırır. 13 yaşında isə o, artıq hərbi məktəbə daxil olur. 1856-cı ildə, 4 çətin ildən sonra məzun olan Musorqski (bəziləri düşünür ki, Musorqskinin sonu olacaq alkoqolizmin mənşəyi də elə hərbi məktəbdəki şiddət dolu intizam idi) o zamanlar Rusiyanın ən məşhur alaylarından biri olan Preobrajenski Mühafizə Alayına qatılır.

Bəstəkarın karyerası

Alaydakı musiqisevər zabitlərlə dostluq edən Modest digər məşhur rus bəstəkarı A.Borodinlə də burada tanış olur. Həmin il o, həmçinin Qlinkadan sonra ən əhəmiyyətli rus bəstəkarı hesab olunan Aleksandr Sergeyeviç Darqomıjskidən musiqi dərsləri almağa başlayır. Bu dövrdə Musorqski səliqəli saç düzümü və aristokrat rəftarı, danışığına qatdığı fransız sözləri və qeyri-adi piano ifası ilə qadınların diqqətini çəkən, alqış qazanan, ancaq hələ də özünü tam olaraq sənətə həsr etməyən yeniyetmə idi.

Musiqiçilərin yığışdığı məkana çevrilən Darqomıjskinin evində o, Rusiya musiqisinin yenilənməyi üçün çalışan C.Cui və A.Borodinlə daha yaxından tanış olur. Daha sonra musiqi təhsilini Balakirevin yanında davam etdirən Modest onun təsiri ilə də bəstəkar olmağa qərar verir.

O, 1858-ci ildə özünü tamamilə musiqiyə həsr etmək üçün ordudan ayrılır. 1861-ci ildə təhkimçiliyin ləğvindən sonra onun ailəsi sərvətini itirir. Buna görə, o, dövlət işində çalışmaq məcburiyyətində olur və ömrünün son günlərinə qədər az maaşı olan məmur vəzifəsində işləyir.

1861-1862-ci illərdə Rimski-Korsakov, Balakirev, Borodin, Cui və Musorqski “Rus Beşləri” qrupunu yaradır. O, ilk opera sınağını Floberin “Salammbo” və Qoqolun “Jenitba” (“Evlənmə”) əsərlərinə bəstə yazmaqla edir.

Musorqski öz fəaliyyətində, yaradıcılığında hər zaman vətəninə, millətinə sədaqətini təsdiq edirdi. O, əsərlərində haqqı, ədaləti, həqiqəti üzə çıxarmağa çalışırdı. Musiqilərində ritm, quruluş olaraq rus xalq musiqilərinin təsiri hiss olunurdu.

1868-ci il onun tam olaraq musiqiyə başladığı dövr sayılır. Modest bu dövrlərdə yazdığı “Uşaq otağı” musiqi ilə məşhurlaşır. Amma o, əsl şəxsiyyətini və böyük istedadını 1868-1872-ci illərdə yazdığı “Boris Qodunov” operası ilə ortaya çıxardı. Puşkinin eyni addakı əsərinə yazdığı opera, bəzi mənbələrə görə, musiqidə empresionizmin başlanğıcı kimi göstərilir. Operada xor hissələrində kiçik, amma bir-birinə bənzəyən köhnə kilsə mahnılarından alınma motivlərin təkrarlanmasıyla əldə edilən melodik toxunuş əsərin əsas temasını təşkil edir. Daha sonralar Rimski-Korsakov tərəfindən yenidən işlənərək orkestr hissəsi dəyişdirilən əsər üzərində bir müddət sonra Şostakoviç də çalışıb. Son illərdə isə əsər Musorqskinin yazdığı forma ilə səhnələşdirilir.

Əsərlərinin müvəffəqiyyət qazanması ilə maddi vəziyyətini də düzəltmək istəyən Musorqski sələmçilərdən borc aldıqdan sonra daha da yoxsullaşır və içkiyə qurşanırdı.

1873-cü ildə o, yarımçıq qalan operası “Kovançina”ya başlayır. Bu opera daha sonra Rimski-Korsakov tərəfindən tamamlanır. 1874-cü ildə isə rəssam dostu Viktor Hartmanın ölümü səbəbilə ən məşhur əsərlərindən biri olan “Bir sərgidən tablolar” piano suitini bəstələyir. Bu əsərində bəstəkar memar və rəssam Hartmanın xatirəsinə, onun sərgisindən ən məşhur 10 tablosundan bəhs edib. Bu əsər 1922-ci ildə Ravel tərəfindən orkestrə uyğunlaşdırılıb.

Rus və dünya bəstəkarlarının heç biri ilə qarşılaşdırılmayacaq dərəcədə müstəqil xarakterə sahib olan Musorqski musiqi qaydalarına hər zaman qarşı çıxırdı. O, musiqilərində öz qaydalarından istifadə edirdi. Bəzilərinə görə, bunun səbəbi musiqi sahəsində təhsilinin zəif olması idi.

Həqiqətən də Musorqski məşhur bəstəkarlar arasında texniki cəhətdən ən zəif olan musiqiçi idi. Amma bu, heç zaman onun istedadına, musiqisinin gücünə təsir edə bilməyib. Cəmiyyətin eybəcərliklərini, iç üzünü cəsarətlə açıb göstərən bəstəkar çox zaman acı gülüşdən, istehzadan, satiradan güclü vasitə kimi istifadə edib. "Seminarist", "Keçi", "Birə" kimi vokal musiqiləri, "Unudulmuş" vokal ballada, "Ölüm mahnıları və rəqsləri" silsiləsindən olan "Serenada", "Trepak" kimi romanslar, "Kalistrat", "Yeryomuşkanın laylası" buna misaldır.

Musorqskinin ən böyük problemlərindən biri “Rus Beşləri”nin digər üzvləri ilə konflikt yaşaması idi. Musiqisi ən yaxın ətrafı tərəfindən belə anlaşılmır, Balakirev tərəfindən davamlı və şiddətli tənqid olunurdu. Bu səbəblə bir çox əsərini yenidən işləməli olan Musorqski, bir tərəfdən də açıq və ya qapalı şəkildə təhqirlərə məruz qalırdı. Hətta bir dəfə Balakirev Musorqskini “axmaq” adlandırmışdı.

Rimski-Korsakov isə ona daha çox sahib çıxırdı və bəstəkarın problemlərini açıq şəkildə izah edirdi: “Musorqski bəstə yazarkən tam olaraq maraqlanmadığı üçün bir-birindən qopan harmoniyalar, təəccübləndirən hissələr, insanı heyrətə salacaq dərəcədə məntiqsiz “ton keçidləri" ortaya çıxırdı. Ehtiyac duyulan şey isə əsərlərini daha tənzimli şəkildə hazırlamaq, beləliklə də Musoqrskininn dahiliyinin dəyərini anlayacaq, amma sənətə qarşı işlədiyi günahları dinləmək istəməyəcək insanlar üçün icra edilə biləcək hala gətirilməsidir”. Rimski-Korsakov, digərlərinin əksinə bu məsələni həll etmək üçün əlindən gələni əsirgəməyib, onun bir çox əsərlərini istifadə edilə biləcək hala salıb.

Əsərləri Rimski-Korsakov və başqaları tərəfindən tamamlandıqca Musorqskinin bəstələrinin təsiri artır və bütün dünyada, xüsusilə də Sovet İttifaqı dövründə rus klassik musiqisində ən əhəmiyyətli ilham qaynaqlarından biri olub. Şostakoviçin simfoniyalarında və Prokofiyevin operalarında onun təəccübləndirici ton keçidləri özünü göstərir. Musorqskinin əsərlərinin çoxu 2 və 4 əlli fortepiano üçün yazılıb.

Musorqskinin “Boris Qodunov” əsərindəki Boris, Marfa kimi mürəkkəb xarakterlər, həmçinin "Günəşsiz" silsiləsinin romansları onun psixoloji dərinliyi ilə seçilən faciəvi obrazlar yaratmaq məharətini də nümayiş etdirir.

“Rus Beşləri”nin dağılması ilə melanxoliyaya qapılan Musorqski bu dövrdən sonra başladığı hər əsəri demək olar yarımçıq saxlayıb. 1879-cu ildə Musorqski Darya Leonova ilə birgə Cənubi Rusiya və Krıma böyük konsert turuna çıxır. Geri dönəndə isə Sankt-Peterburqda kiçik musiqi məktəbində dərs deməyə başlayır. 1880-ci ildə dövlət məmurluğundan qovulan bəstəkar yoxsulluqdan az qala dilənəcək hala gəlir. Son zamanlarında dostlarının yarımçıq əsərlərini tamamlayaraq pul qazanır. Bu hal dörd dəfə epilepsiya tutub xəstəxanaya düşməyinə qədər davam edir. Modest Musorqski 28 Mart 1881-ci ildə, 42 yaşında olarkən böyük rus rəssamı İlya Repinin onun vəziyyətini tam açıqlığı ilə izah edən məşhur tablosuna poza verdikdən bir neçə gün sonra içkidən irəli gələn epilepsiya tutması ilə hərbi xəstəxanaların birində yoxsulluq içində gözlərini həyata əbədi yumub.

# 3201 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
#
#
# # #