“Qarabağ şikəstəsi”nə görə şikəst edilən azərbaycanlı

“Qarabağ şikəstəsi”nə görə şikəst edilən azərbaycanlı
6 dekabr 2014
# 17:00

Valeh Hüseynov. Sizə heç nə demədi bu ad? Dünənə qədər mənə də heç nə deməzdi. Dünən təsadüfən Litva kinorejissorunun Xocalı faciəsindən film çəkməsi və bu sənədli filmdə erməni əsirliyində olmuş Xocalı sakininin öz yaşantılarını danışması barədə informasiya aldım. Filmin adı “Sonu olmayan dəhliz”dir, hazırda yaradıcı proses gedir, o barədə danışmayacağam. Diqqətimi filmin qəhrəmanı çəkib. Bizimlə eyni dövrdə yaşayıb, taleyi ilə tarix yazan qəhrəman. Film qəhrəmanı olmaq əslində kimlərinsə arzusudur, amma Valeh belə qəhrəman olmaq istəməzdi yəqin, belə qəhrəman olmağı heç kim istəməz...

Görəsən niyə bu qədər laqeydik? Görəsən nədəndir çiyin-çiyinə yaşayıb, eyni havanı udduğumuz, 20 faizindən çox ərazisini itirdiyimiz bu vətən torpağında bu qədər laqeyd, soyuqqanlıyıq bir-birimizə, yanımızdakılara?

Niyə Valehi bizə Litva kinematoqrafiyası tanıtdırmalıdır? Niyə onu dünyaya biz yox, dünyadan kimsə bizə car çəkməlidir ki, ay millət, görün başınıza nə oyunlar gəlir?

Nə isə, keçək Valehin “dastanına”. O dastana ki düşmənə də arzu eləməyə ürəyim gəlmir. 21-22 yaşlı gənc 27 gün düşmən əlində əsir qalıb. Yaşadıqları isə 27 ildən xəbər verir.

“Sarıköynəklə Valehin nağılı”

“Almaniyadan əsgərlikdən gələndən sonra çox az bir müddət Mingəçevirdə yaşayıb, işləyirdim. Xocalıda vəziyyət gərginləşdikcə özümə yer tapa bilmədim Mingəçevirdə, köçdüm ora, ailəmin yanına. Bank sektorunda işləməyə başladım, çünki axşamlar növbə çəkirdik səngərlərdə. Orda evləndim də, bacımla bir sinifdə oxuyan qız yolumu gözləmişdi, lap sonralar-Xocalının sanılı dəqiqələrində mənə öz gündəliyini oxudu həyat yoldaşım, onda gördüm ki, yazdığı şeirlərin hamısında mən varam, gündəlik bütünlüklə mən idim. Bir-birimizə vaxtında hisslərimizi də bildirə bilməmişik, başqa cür tərbiyə almışdıq. Cəmi beş ay bir yerdə yaşadıq. Xocalı yağmalanan gün, onu da başqa qadınlara qoşduq ki, qaçıb xilas olsunlar, biz əlimizdəki yarıtmaz silahlarla tanka qarşı vuruşurduq, həm də əhalini xilas eləməyə çalışırdıq. Statistikada ölən Xocalı sakinlərinin sayını 600-dən bir az çox göstəriblər, elə deyildi, insanlar ətrafımızda qarışqa kimi qırılırdı, nə 600? Ölənləri sonradan üst-üstə xəndəklərə töküb üstünü örtmüşdü ermənilər, kütləvi basdırmışdılar.

Ağdama gəlib çıxanda gördüm yoldaşım yoxdur. Soruşdum, dedilər, meşədə görmüşük son dəfə. Qayıtdım, güllə yağışının altında bir neçə nəfərlə tapdım onu, arxamca salıb onları müdafiə edə-edə yönəltdim Ağdama tərəf. Neçə nəfər olduqlarını bilmirdim, amma xilas elədim onları, Tərtər çayı ilə Qarqar çayının qovuşuğundan keçirdim, ömür boyu unuda bilmərəm-yoldaşımı xilas eləyə bilmədim, güllə dəydi ona, qanı dayanmadı, öldü. Aldım çiynimə ki, özümlə çıxardım, gətirib öz əllərimlə dəfn eləyim, qoymazdım meyiti də erməniyə əsir düşsün, amma bacarmadım. Adamlar yalvardılar ki, at onu gedək, Qaraqayadı mövqelərimizə 300-400 metr qalmışdı, o yanda da Ağdamın Şelli kəndidir. Gülləm də qurtarmışdı, özümə qalmamışdı, bir də gördüm əlisilahlı, saqqallı ermənilərin əhatəsindəyəm. Atıldım birinin üstünə ki, vursunlar məni, alçaqlar arxadan avtomatın qundağı ilə başımdan vurdular huşumu itirdim.

Əsirliyin ilk üç günü dayanmadan döydülər bizi, növbə ilə, bir qrup yorulurdu, o biri qrup başlayırdı döyməyə. Dəfələrlə huşumu itirirdim, özümə gələndə bir də döyürdülər. Üç gündən sonra ayılanda gördüm həbsxana kamerası kimi bir yerdəyəm. Harda, niyə olduğumu anlamağa çalışırdım ki, qapı açıldı – gitaraçı Valeh kimdir burda?-soruşdular. Dedim, mən. “Hə, sənsən “Qarabağ şikəstəsi”ni gitarada çalıb oxuyan, gəl indi o barmaqlarını bir hala salım ki, bir daha gitara çala bilməsin”.

Əsirlikdə olan Xocalıların hamısı barədə ermənilərin məlumatı vardı. Kimin kim olduğunu deyib, ona uyğun cəza verirdilər. Məni onlara döyüşdə topçu, həyatda musiqiçi kimi qələmə vermişdilər. əslində topçu-filan deyildim, mən yalnız gecələr avtomatla səngərdə keşik çəkərdim.

Apardılar məni, barmaqlarımı bir-bir qırdılar, sonra da qollarıma stulun ayağı ilə o qədər vurdular ki, nə qollarımı hiss edirdim, nə də əllərimi. Yıxıldım isti peçin üstünə, qaldırdılar məni, dedilər indi aşırdığın peçi düzəlt. Qırıq-qırıq olmuş qollarımla tutub isti peçi düzəltdilər, müqavimət belə göstərə bilmirdim artıq. Sonra da qızarmış peçin üstündə əllərimi tutub saxladı, əllərimdən yağ əriyib axdı peçin üstünə.

Gətirib kameraya atandan sonra dəhşətli ağrıdan qurtulmaq üçün soyuq bir şey axtardım, sürünüb soyuq radiatorun üstünə qoydum qırıq əllərimi. Orda da huşumu itirmişəm, ayılanda əllərimi çəkib qoparda bilmirdim.

Gündüz gəlib mənə xəbərdarlıq elədilər ki, sabah dilini kəsəciyik, hazırlaş. Həmin gün və gecə səhərə qədər bütün saçım ağarmışdı, səhər erməni baxıb saçlarıma gülürdü ki, ara, bütün saçın ağarıb sənin.

Həkim gəlmişdi, əsirlərə guya yardım eləməli idi, qoymurdu ermənilər. Mənim yaralarım saysız idi, həkimi yaxın qoymadılar, amma həkim imkan tapıb radiatorun arxasına yod, dərman qoydu və mənə işarə elədi ki, sonra yarama vurum onları. Sağalan yaralar deyildi, indi də qan verir bədənimdəki yaralar, şəkərim yüksək olduğundan tam sağalmır. Həbləri atdım yodun içinə ki, içib öləm, sabaha çıxmayam ki, onlar öldürməli olmasınlar məni, amma iki qurtum içməmiş öskürək tutdu, boğazımı yandırdı, içə bilmədim.

Məni satın alınacağım barədə məlumat xilas elədi , Azərbaycan tərəfdən onlara belə məlumat gəlmişdi, onları pul, benzin maraqlandırırdı. Hər gün başıma, ürəyimə avtomatı dirəyib öldürürdülər məni. Orda Dürdanə adında qız vardı, bunların hamısının şahididir. Onu ermənilər dəyişmək istəmişdilər, qız qardaşı da orda olduğu üçün getmədi, dedi, ya burda öləcəm, ya da qardaşımla gedəcəm.

Bir dəfə bizimkilər hücuma keçib oralara gəlib çıxmışdılar, dəhşətli anlar idi, o vəziyyətdə idim ki, uzandırmışdılar məni yerə, qalxa bilmirdim. Yaxınlıqdan bizimkilərin səsini eşidirdim, qışqırmağa da nə səsim vardı, nə taqətim. Doğma səsləri yaxından eşidirdim, amma əlim çatmırdı onlara, xilasım həm yaxında idi, həm də çox uzaqda.

Məni ora ölü bilib atmışdılar ermənilər. İlqar adlı bir oğlanı da gətirib üstümə atanda mənim sağ olduğumu gördülər. “Ara, bu it ölməyib ki”- deyə təkrar başladılar işgəncəyə.

Ələmdar, Məhəmməd, Qaraş adlı əsirlər vardı mənimlə, uzaq qohumlarım idilər, amma məni tanımırdılar, çünki tanınmaz hala salınmışdım. Bir yaşlı kişini o qədər döymüşdülər ki, su deyib zarıyırdı. Dedim, ona su verin noolar, ölür onsuz da. Dedilər bir şərtlə, ona veriləcək suyun hər qurtumu üçün səni döyək sonra, razılaşdım. Məni möhkəm döyüb ona iki qurtum su verdilər.

Sonra bir erməni əlində mənim uşaqlıq şəklim yaxınlaşdı ki, bu sənsən? Dedim mənəm. “Gəl arxamca” dedi. Dedim, yəqin öldürməyə aparır, gətirib bir UAZ-a oturtdular məni. Qabaqda cavan oğlan oturmuşdu, bir əlində avtomat vardı, o biri ilə qranatı sinəsinə sıxmışdı. Sonralar öyrəndim ki, Ağdamdan Zahid adında oğlandır, həyatının riski bahasına əsirlərin dəyişdirilməsi ilə məşğul olur. İndiyə qədər tapa bilməmişəm onu ki, təşəkkür eləyim. Mənə baxıb bircə kəlmə dedi: “Qorxma, sən qurtardın”. Məni Allahverdi Bağırov üç erməni əsirinə dəyişmişdi.

Həkimlər məni yedirtməyə, yuyundurmağa qoymadılar, bədənim o vəziyyətdə idi ki, su vurmaq da olmazdı. Əynimdə nə vardı cırıb çıxardıb yandırdılar, tam çılpaq qaldım. Marqanslı su ilə pambığı isladım silirdilər bədənimi. Ümid yox idi yaşayacağıma. Yaşadım, illər keçdi, evləndim, üç qızım var, amma mən əsirlik həyatından başqa həyat yaşaya bilmirəm, hələ də o yaşadıqlarımla yaşayıram.”

Bu qədər bəsdir, inan ki, oxucum, Valehin yaşantılarının ikidə birini yazdım. Nə sizə, nə də özümə bundan artıq işgəncəni yaşada bilmərəm. Düşünəndə ki, bu yalnız Valehin taleyi deyil, minlərlə Xocalı sakinin, sizin, onun, mənim taleyimdir, yazıya köçürmək də işgəncədir bunları.

Valeh ailəsi ilə birlikdə Goranboyda qaçqın şəhərciyində yaşayır, atası yataq xəstəsidir, 7 nəfərlik ailəyə baxan Valeh cəmi 140 manat məvacib alır. 45 manat da veteran təqaüdü, müharibə veteranı kimi. Ağlayıb, sızlamır, yox, gitarası əlində el şənliklərinə gedir hərdən. Özü də dediyi kimi bunu da həmişə eləyə bilmir, çünki o həyatı yaşayan adam toy-büsata gedəsi ovqatda olmur. Ətrafdakı şənlik ona vəhşilik təsiri bağışlayır. Özünün ikinci evliliyini bacısının onu Ağdam torpağında uyuyan doğmalarının qərib məzarlarına and içməsinə borcludur.

Yaxşı insanlar Valehin Caz mərkəzində konsertin təşkil ediblər. Qızları da musiqiçidir, onların ailəvi konserti dekabrın 23-nə planlaşdırılıb, yığılan vəsait Valehin şəkərdən müalicəsinə və atasının iynə-dərmanına xərclənəcək.

Mən hamısını dedim, qalanı sizin vicdanınıza həvalə olunur, əziz oxucum.

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #