Qismət: “Müsabiqəyə 70-dən artıq əsər gəlib”

Qismət: “Müsabiqəyə 70-dən artıq əsər gəlib”
22 may 2015
# 14:59

Kulis Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismətin müsahibəsini təqdim edir.

- Ötən aylarda “Quran motivləri əsasında hekayə müsabiqəsi” elan etdiniz. Müsabiqədə vəziyyət necədi?

- Gəl əvvəlcə bu hekayənin mahiyyəti haqqında bir balaca açıqlama verim. Çünki bir-iki yerdə gözümə dəydi ki, müsabiqənin mahiyyətini düzgün başa düşməyiblər, fərdi şəkildə sualı olanlara izah etmişəm, yenidən təkrarlamaqda fayda var. Bəlkə də 30-a yaxın adama “motiv” sözünün mənasını izah etmişəm, amma onu da yazmışam ki, mənim düşüncəmə görə müsabiqələrin faydası həm də bundadır. Yəni sən hələ heç hekayə yazmağa başlamamışdan öncə müsabiqənin adındaca özün üçün nəsə yeni bir söz görürsənsə və o sözün mənası, mahiyyəti haqqında özünə, dost-tanışına, Google-a suallar verirsən, demək mexanizm işə düşüb, proses başlayıb. Sən də çox yaxşı bilirsən ki, böyük ənənələri olan Qərb ədəbiyyatı dini, mifoloji mətnlərdən nə qədər bəhrələnib. Homerdən başlayıb XX əsrdə Toman Mannın “Yusif və qardaşları”na, nə bilim, dünənin-srağagünün hadisəsi olan Haruki Murakaminin “Kafka çimərlikdə” romanına qədər dini-mifoloji mətnlərdən qidalanan saysız-hesabsız müəllif və bədii mətn var. Bizim elan etdiyimiz müsabiqə də birinci tərəfi ilə Quran haqqında kortəbii, qulaqdandolma, ehkamçı fikirlərlə yüklənmiş, kitabın özünü oxumayan cavan-qoca adamlara mətnin özünü oxutdurmaqdırsa, ikinci tərəfi ilə istənilən mətnə önhökmsüz yanaşıb ən azı mənbə kimi baxmağı təlqin etməkdir.

Məqsədimiz nə dinin, nə də dindarlığın təbliğidir. Çünki inanıb-inanmaq individual məsələdir, amma yenə deyirəm, fikrimcə, müqəddəs kitabları toxunulmaz, müzakirə olunmaz, hərəkətsiz, daşlamış, kanonik nəsnələr kimi qəbul etməkdənsə, ən yaxşısı onlarla tanış olmaq, kontakta girmək, suallar vermək, cavablar axtarmaq, təsdiq tapmaq, inkar etmək və sairdir. Mənə teistin də yanaşması maraqlıdır, ateistin də, deistin də, aqnostikin də. Qoy proses canlı olsun, dinamik olsun, dialoqa girmək vərdişi formalaşsın, danışdığımız predmet haqqında araşdırmağı öyrənək. Kitabxanamda Quranla İncil yanaşıdır və mənim kitabxanam düşüncəmin təzahürüdür. Birini o birindən çox sevmək olar, amma kitab rəfləri dünyanın ən demokratik, tolerant yeridir.

Keçim müsabiqənin vəziyyətinə. Bildiyiniz kimi Azərbaycan Yaradıcılıq Fondu bu müsabiqəni Dini Qurumlarla İş üzrə Dövlər Komitəsi ilə birgə keçirir. Müsabiqəyə 70-dən artıq əsər gəlib. Bütün yaş qruplarından iştirak edənlər var. Necə deyərlər, yeddidən-yetmişə. Mətn göndərənlərin içində çox məşhur imzalar da var, imzasına bizim ilk dəfə rast gəldiklərimiz də. Mətnlər artıq münsiflər heyətinə təqdim edilib, qiymətləndirmə mərhələsi başlayıb. Bir neçə münsif artıq öz qiymətləndirməsini bitirib göndərib, bu ayın sonuna qədər qiymətləndirmə mərhələsi tam yekunlaşacaq, qaliblər müəyyən olunacaq. Elan etdiyimiz kimi bizim müsabiqədə 1-ci, 2-ci, 3-cü yer olmaqla üç əsas mükafatımız, üstəgəl, əlavə iki həvəsləndirici mükafatımız var. Birinci yerin qalibi 700, ikincin yerin qalibi 500, üçüncü yerin qalibi isə 300 AZN pul mükafatı ilə qiymətləndiriləcək. Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr təqdim olunacaq.

Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc edilib kitabxanalara paylanılacaq. Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, yazıçı Kamal Abdullanın tövsiyəsi ilə ölkənin ən müxtəlif qurumlarını – universitetləri, fondları, dövlət müəssisələrini də bu müsabiqəyə cəlb etdik ki, bizim mükafatlardan başqa ayrı-ayrı qurumlar da öz qaliblərini seçib mükafatlandırsınlar. Bizim fond olaraq yaradıcılığa da, təhsilə də münasibətdə də alternativlərin tapılması, üzə çıxarılmasını məqsəd seçmişik. Həmişə başqa yollar da, variantlar da var, onları tapmaq üçün ayrı-ayrı sənət növlərini təmsil edən insanlar arasında dialoq baş tutmalıdır, daxili inteqrasiya olmalıdır.

- Fondun yaxın zamanlar üçün planlaşdırılan digər layihələrindən danışaq.

- İl sonuna qədər həyata keçirməyi planlaşdırdığımız xeyli layihələr var. Şərti ardıcıllıqla deyirəm, demək belə: incəsənət bütün sahələrini əhatə edən, olduqca rəngarəng bir jurnal hazırlamışıq, redaktə prosesi bitib, artıq yaxın günlərdə çapa verəcəyik. Jurnalda çalışmışıq ki, təkcə paytaxtdakı sənət mühitini yox, bölgələri də prosesə cəlb edək. Sonra deyim ki, milli azlıqların yaradıcılığına da yer ayırmışıq, bu da fikrimcə, müstəsna hadisədir. Ölkədə nə qədər icma varsa, yəhudi icması, kürd icması, talış icması və s. hamısı ilə əməkdaşlıq etməyi düşünürük, çoxşaxəli, çoxsəsli, rəngarəng bir jurnalın təməlini qoymağı məqsəd kimi götürmüşük. Çox maraqlı vizual rubrikalar düşünmüşük, hələlik jurnal haqda bu qədər bəsdir, əsrarını itirməsin.

Jurnaldan başqa biz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Kitabi-Dədə Qorqud” dastanının dünyada tanınmasının 200 illiyi ilə bağlı ölkə prezidentinin sərəncamına əsasən “Basatın Təpəgözü öldürdüyü boy” və Fridrix Fon Ditsin müqəddiməsinin 25 dilə tərcüməsi və nəşri işinə başlamışıq. Bu dillərin sırasında ingilis, fransız, alman, ispan, hind, yapon, rus və s. dillərlə yanaşı, milli azlıqların da dilləri var, məsələn, udin, talış, kürd dili və s. Onu da deyim ki, 25 dilin içində erməni dili də var. Artıq 10-dan artıq dilə tərcümələr hazırdı, yoxlanış mərhələsindədir.

Bundan başqa artıq əməkdaşlığımızın rəsmiləşdiyi, yaxın zamanda icrasına başlayacağımız başqa proyektlər də var. Bunlardan biri Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurası ilə birgə olan “İstedadlı insanlara dəstək olmaq, onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması” adlı layihədir. Bu layihə ilə biz fondun imkanları hesabına istedadlı gənclərin üzə çıxarılmasına dəstək olmaq, eləcə də diqqətdən-qayğıdan kənarda qalmış yaşlı sənətkarlarımıza yardım etməkdir. Fondun imkanlarından istifadə edərək istedadlı, lakin imkansız gənclərə pulsuz kompüter və xarici dil kursları təşkil etmək, müsabiqələr, konsertlər, yarışlar keçirməklə istedadlı adamları həm maddi, həm mənəvi baxımdan stimullaşdırmağı düşünürük. Ardınca başqa bir layihədən danışım, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Qafqaz Albaniyasına səyahət” adlı proyektə başlayırıq. Bu layihənin məqsədi tarixi və dini Alban abidələrinin ölkə əhalisinə, xüsusən gənclərə daha yaxşı tanıdılması və Qafqaz Albaniyasına xas olan mədəni-mənəvi irsin tədqiqinə gənc araşdırmaçıların diqqətini cəlb etməkdir.

Jurnalistləri də, yazıçıları da bu tur-aksiyaya cəlb etmək istəyirik, fərqli rakurslardan, baxış bucağından bu abidələr araşdırılsın, tədqiq olunsun. Tarixi Alban abidələrindən söz düşmüşkən, bir məqam yadıma düşdü. Kamal müəllim Qazaxda səfərdə olarkən bir kilsə görüb və Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif edib ki, həmin kilsəni Multikulturalizm Muzeyinə çevrilməsinə razılıq versin. Arxiyepiskop razılıq verib, indi bu istiqamətdə işlər aparılır. Biz orda kitab bayramları, şeir şölənləri keçirməyi planlaşdırırıq. Bundan gözəl nə ola bilər ki?

- Layihələriniz ancaq ölkə daxilini əhatə edəcək, yoxsa xaricdə də proyektləriniz olacaq?

- Xeyr, layihələr yalnız ölkə daxilində olmayacaq. Kamal Abdullanın rəhbərliyi ilə Yaradıcılıq Fondu fəaliyyətini bərpa edən kimi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq sazişləri imzaladıq. Bu da bizə imkan verir ki, həm bu sazişdə öz əksini tapan şərtlərin işığında, həm də artıq kontakt yaratdığımız xarici ölkələrdəki universitetlər, fondlar, təşkilatlarla yeni yaranan əlaqələr hesabına ölkə daxilindən kənarda da layihələrə start verək.

Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xətti ilə 10-dan artıq ölkənin aparıcı universitetlərində “Azərbaycan Multukulturalizmi” fənni tədris edilməyə başlayıb, həmin universitetlərin hər biri eyni zamanda Azərbaycan Yaradıcılıq Fondu ilə birgə tədbirlərin, elmi konfransların, dəyirmi masaların, poeziya gecələrinin, rəsm sərgilərinin, musiqi gecələrinin təşkilinə razıdır, bir sözlə əməkdaşlığa hazır olan xeyli sayda xarici qurumla maraqlı layihələr olacaq.

# 1272 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #